Cümə axşamı , Mart 28 2024
azfa

Ədəbiyyat və repressiya; xarakteri, genezisi və yanaşma meylləri

GADTB: 30-cu illər ictimai-siyasi prosesinin ən böyük hadisəsi, heç şübhəsiz, Azərbaycan ədəbi mühitindən də yan keçməyən repressiyadır. Özlüyündə siyasi hadisə olan repressiya bir çox sahələr kimi, ədəbi prosesi də ağuşuna almış və tarixdə ilk dəfə Azərbaycan yazıçı, şair, tənqidçi, elm və maarif adamlarının kütləvi (!) həbsi və məhvi ilə nəticələnmişdir. Bununla da siyasi iradə, qərar və qətnamələrlə idarə olunan ədəbi prosesə ölüm xofu, həbs qorxusu çökmüşdü. Avtoritar rejimin və ona rəhbərlik edən diktatorlar İ.V.Stalin və L.Beriyanın repressiya “sunamisi” bütün Sovetlər Birliyində, eləcə də Azərbaycanda yüzlərlə mütəfəkkiri, alimi, şair və yazıçını, folklorşünası, tənqidçini, heykəltəraşı, aktyoru həyatdan vaxtsız apardı: yalnız onların deyil, ailələrinin də faciəsinə səbəb oldu. Lakin bu gün 30-cu illər repressiyasını obyektiv araşdırmaq əvəzinə fakta əsaslanmayan, daha çox sağ qalanların mənəvi terroruna yönəlmiş ittiham və tənqidlərlə qarşılaşırıq.

Bəs, əslində məsələnin mahiyyəti necədir? Repressiyanı dəyərləndirmədə hansı metodoloji meyarlar əsas götürülməlidir? Doğrudanmı, kütləviliyi ilə anoloqu olmayan bu hadisə bu qədər sadə mexanizm üzərində (“kimsə kimisə satıb”, “filankəsin donosu əsasında güllələnməyə məhkum edilib”, “yeni quruluşu qəbul etməyənlər həbs olunub, qəbul edənlər sağ qalıb”, “filankəsi satdığı üçün sağ qalıb” və s.) qurulmuşdur?!

Bu sualları istənilən qədər artırmaq da olardı, lakin bütün bunlar tam dolğunluğu ilə repressiyanın mahiyyətini ifadə etmir. Ona görə ki:

  1. Repressiya- bir fərdin digərinə qarşı törətdiyi lokal hadisə deyil, sovet dövlət aparatı tərəfindən törədilmiş ictimai-siyasi məzmunlu kütləvi hadisədir.
  2. Repressiya- ədəbi hadisə deyil, cəmiyyətin bütün təbəqələrini əhatə edən siyasi aksiyadır.
  3. Repressiya- milli hadisə olmadığı üçün onun nədənlərini yalnız milli coğrafiya ilə məhdudlaşdırmaq düzgün olmazdı.
  4. Bu gün mötəbər sənəd kimi istinad etdiyimiz istintaq sənədləri tamamilə yalan və saxta faktlara əsaslandığından oradakı ifadələrin doğrudanmı həmin şəxsə mənsub olub-olmadığı, ona məxsus olsa belə hansı yollarla alındığı nəzərə alınmalıdır.
  5. Hər hansı bir hadisəyə qiymət verərkən siyasi-ideoloji deyil, tarixi, mənəvi kontekstdən çıxış etmək lazımdır.
  6. Həmin dövrün mətbuatında çap olunan yazıların (repressiya zamanı, eləcə də, əvvəl və sonra!) hamısına ucdantutma istintaq üçün xammal materialı kimi baxmaq və bu yöndən təhlil etmək obyektiv nəticəyə gəlməyə imkan vermir.

Repressiyaa ilə bağlı istintaq işləri ilə tanış olarkən məlum olur ki:

  1. İstintaqçıların iddia etdiyi kimi Sovet hakimiyyətini yıxmaq üçün heç bir iş, hərəkət mövcud olmayıb.
  2. Müstəntiqlər onlara verilən siyahı üzrə insanları həbs ediblər və istintaq zamanı çəkilən adları onlar ya özləri yazmış, ya da ağır cəza tədbirlərindən sonra boyunlarına qoymuşlar.
  3. Terroru ayrı-ayrı adamlar deyil, zor və terror aparatı dövlət özü etmişdir.
  4. ”Vahid türk-tatar dövləti”nin yaradılması, yaxud Azərbaycanın SSRİ-dən ayrılmasına təşəbbüs (halbuki bağlanmış müqavilədə buna formal olaraq icazə verilirdi) ilə bağlı iddiaları tarixi sənədlər təsdiq etmir.
  5. Ümumiyyətlə, Azərbaycanı SSRİ-dən ayırmaq, silahlı üsyana hazırlaşmaq, təxribat və terror hazırlamaq və s. onlarla ittihamların heç biri başqa mənbələrdə yazılı sənədlərlə təsdiq olunmur və yalnız kiminsə şifahi, ya yazılı “xəbərçiliyinə” (bu isə təşkil edilirdi) əsaslanırdı.
  6. Silahlı üsyana hazırlaşmaq, SSRİ-dən ayrılmaq kimi siyasi aksiyalar siyasi təkilatlanmanı zəruri edirdi; ancaq birpartiyalı sistemdə bunu etmək mümkün deyildi, başqa bir partiyanın yaradılmasına isə nə əvvəlki, nə də bir il əvvəl qəbul olunan və daha da irticalaşmış SSRİ Konstitusiyası imkan vermirdi.
  7. İstintaq sənədlərinin əksəriyyətində insanların böyük bir qismi Mərkəzdə Stalinə, yerlərdə (Azərbaycanda M.C.Bağırov) 1-ci katiblərə olunan sui-qəsdlərdə iştirakına görə günahlandırılırdı.

Buna baxmayaraq istintaq zamanı dindirmələr, demək olar ki, bu aspektdə gedir və repressiya karuselinin tipik əsasını təşkil edirdi.

O ki, qaldı şair və yazıçılara, xalq içərisində məşhur olan sənətkarlara, onlarla da eyni metodla istintaq aparılmış, saxta ittihamlarla günahlandırılmışlar.

Yuxarıda qeyd etdiyimiz repressiya faktları on minlərlə istintaq işini özündə ehtiva edir; lakin istintaq daxilində o qədər subyektiv amillər olmuşdur ki, onların təfərrüatına getmək böyük və sistemli bir araşdırma tələb edir. Təkcə bunu demək kifayətdir ki, hər bir işdə olan bütün informasiyaları olduğu kimi qəbul etmək çətindir. Araşdırmalar göstərir ki, bütün bu ittihamların əsasında saxta və yalançı şahidlər, təsdiq olunmayan müstəntiq xəyalının məhsulu olan “faktlar” dayanırdı. 1956-cı ildə bəraət sənədlərində həmin şahidlərin verdiyi ifadədə 37-ci il ifadələrinin müstəntiq tərəfindən yazıldığı, yaxud saxtalaşdırıldığı qeyd olunurdu.

Araşdırmalarımıza görə, repressiyadan qurtulmanın ayrıca düsturu olmadığı kimi, onu həyata keçirmənin və qurbanların istintaqa cəlb edilməsinin də vahid bir resepti olmamışdır. Bəzi xatirələrdən də aydın olduğu kimi, sağ qalanların böyük əksəriyyəti “veş-meşoku” hazır vəziyyətdə hər axşam aparılacağını gözləyirdi . Yaxud bu gün repressiya maşınının sükanı arxasında oturanın özü bir neçə gün sonra repressiya meyvəsini dadmalı olurdu. Hətta ən yüksək səviyyədə repressiya maşınını idarə edənlərin ya özləri, ya da ailə üzvləri qurban gedirdilər. Kommunist partiyasının görkəmli üzvlərinin bu aqibəti yaşaması ilginc faktlardan biridir. Yaxud repressiyanı birbaşa həyata keçirən orqanın (NKVD-nin) başında duran Yejovun cəmi bir-iki ildən sonra (1939) göndərdiklərinin dalınca getməsi repressiyanın anatomiyasının nə qədər mürəkkəb olduğunu göstərir. Bütün bu mürəkkəbliklər repressiyanın xarakterini açmağın, Azərbaycan ədəbi prosesində oynadığı məşum rolu ortaya çıxarmağın asan olmadığını göstərir.

Birdən-birə 1937-ci ildə siyasi hərarətin bu qədər qalxması, cəmiyyətdə “kim kimi” məsələsinin qarşıda kəskinliklə dayanması cəmiyyətin özünün deyil, siyasi hakimiyyətin problemi idi. Bu gün dost olan sabah “düşmən”ə və yaxud əksinə çevrilə bilərdi. Dünən “nazir”, MK katibi olan bu gün “terrorçu”, yaxud “imperalizm agenti”, “müsavatçı”, “millətçi”, “pantürkist” və ya “panislamist” kimi damğalanırdı. Bu istiqamətdə keçirilən tədbirlər yalnız şəxsiyyətlərə qarşı yönəlmir, xalqın milli-mənəvi, mədəni genosidinə səbəb olurdu; tarixi mədəniyyət abidələri dağıdılır, yüz illərlə yaşı olan məscidlər, minarələr, abidələr uçurulur, qiymətli əlyazma və kitablar yandırılır. Kommunist S.M.Kirova qarşı terror ölkədə “əksinqilabçılar”a, “millətçilərə” (müxalifət yox idi) qarşı mübarizəni bir qədər də gücləndirir. “Xalq düşmənləri”nin aşkarlanması prosesi Azərbaycanın bütün ərazisində həyata keçirilir və xalqın başı üzərində “qara kabus” dolaşmaqda davam edir. Əvvəlcə, elə Azərbaycanda sovet hakimiyyətinin yaradılmasında “müstəsna” xidmətləri olan Ə.Qarayev, S.M.Əfəndiyev, Q.Musabəyov, H.Sultanov, D.Bünyadzadə, R.Axundov həbs edilir, mətbuatda onların “xalq düşməni” obrazı yaradılırdı. Ayrı-ayrı şəhər, rayon zəhmətkeşlərinin bütün detallarına qədər hazırlanmış mitinqlərində bu insanlara “lənətlər yağdırılır”, onların məhkum olunmasını tələb edir, yaxud əgər həbs olunmuşsa, bu hərəkəti “alqışlayırdılar”. Bütün ölkə üzrə fasiləsiz mitinqlər gedir, hər gün yeni məhkəmələr qurulurdu…

Yaradıcılıq təşkilatlarında da eyni ab-hava davam edirdi; ittifaq üzvləri bir-birinə qarşı qaldırılır, iclas və plenumlarda yaradıcılıq işindən daha çox siyasi mövqe ortaya qoyulurdu. Azərbaycan ədəbi mühitində repressiya hərarəti 1937-ci ilin əvvəlindən yüksəlir. Yazıçılar İttifaqının iclası (28 yanvar) özünün siyasi fonunun kəskinliyi ilə əvvəlkilərdən fərqlənir. Yazıçılar “antisovet trotskiçi, ziyançı, diversiyaçı, cəsus” və s. haqqında danışaraq bu cür hadisələrə nifrət hisslərini bildirirlər. Eyni zamanda Azərbaycanda onların havadarları olan müsavatçılara, eləcə də “gənc yazıçıları sovet hökumətindən iyrəndirməyə çalışan xain” R.Axundova qarşı kəskin çıxışda bulunurlar. İclasın axırında qərar qəbul edilir. Qərarda deyilirdi: “Biz insan ruhunun mühəndisləri (bu ifadə İ.V.Stalinə məxsus edilirdi – B.Ə.) olan yazıçılar Stalin adı ilə nəfəs alır, Stalin epoxası ilə qidalanırız.

Biz Stalinizmi canımızdan artıq seviriz, ona qarşı qalxan xain, murdar və çirkin əllərin kəsilməsini onun həyatına terror hazırlayan zəhərli ilanların başının kəsilməsini tələb ediriz.

Biz yazıçılar gələcək əsərlərimizdə sinfi düşmənlərin bu həyasız metodlarını bədii obrazlarla ifadə edərək onların bütün qalıqlarını ifşaya qalxışacağız”2.

Həmin ilin martında Yazıçılar İttifaqında keçirilmiş plenumda dörd məsələ müzakirəyə qoyulmuşdu. 1. H.Cavid məsələsi. 2. M.Müşfiq məsələsi. 3. Ə.Cavad məsələsi. 4. Y.Vəzir məsələsi.

Plenum üç gün davam etmiş, demək olar ki, bütün yazıçı və şairlər özünütənqid ruhunda çıxış etmişlər. Şübhəsiz, əsas tənqid hədəfləri H.Cavid, M. Müşfiq, Ə.Cavad və Y.Vəzir olur. Bu da plenumun gündəliyindən irəli gəlirdi. H.Cavid haqqında tənqidi fikirlərdən biri belə idi: “Yazıçılar içərisində Azərbaycanın həyatı ilə daha az maraqlanan və Azərbaycan əməkçilərinin mübarizəsinə yad olan əsərlər yazmaqdan əl çəkməyən Hüseyn Caviddir. Biz bilirik ki, Hüseyn Cavid burjua romantizminin məktəbində yetişmişdir. Bununla bərabər, o, Azərbaycan sovet və partiya təşkilatlarının onun üçün yaratdığı imkanlara və hətta əsərinə verdiyi mükafatlara baxmayaraq, yenə Azərbaycan əməkçilərinin mübarizəsinə dair bir şey yazmamışdır”1.

Bütün çıxışlar əsasən tənqidi notlar üzərində qurulsa da, sənətkarlar haqqında müsbət fikirlər də səslənirdi: “Bununla belə Cavidin ikinci əhəmiyyətini qeyd etmək lazımdır. O, bizim kinoya gəlib qeyd etmiş ki, o, “Koroğlu” teması (burada H.Cavidin yazmaq istədiyi “Koroğlu” nəzərdə tutulur – B.Ə.) üzərində işləmək istəyir. Söz ustası Cavid kino üçün müəyyən iskeleti olan inqilabi nöqteyi-nəzərlə bizim xalqın inqilab mübarizəsini göstərən bədii əsərin üzərində danışmaq istəyirəm…”2

Maraqlıdır ki, bütün tənqidlərə baxmayaraq ədəbi cameənin Cavidə şəxsi münasibəti həmişə yaxşı olub, ona böyük hörmətlə yanaşılıb.

Y.V.Çəmənzəminli “Studentlər” romanını “kontrevolyunsion” mahiyyətli əsər hesab edənlərə özünümüdafiə məqsədilə deyirdi: “İndi bu gün Oktyabr inqilabının XX illiyinə aid iki əsər hazırlayıram. Birisi Vaqif dövrünə aid 15 peçatlıq list romandır (sonralar ‘Qan içində” adı ilə dərc olunan əsərini nəzərdə tutur-B.Ə.) . İkinci, Mingəçevir məsələsi barəsində ən aktual məsələdir. Mən zənn edirəm ki, aktual sahədə nə qədər əsər yazmışam, hamıdan yaxşı olacaqdır”3.

Çıxış edənlərin əksəriyyəti H.Cavid, Ə.Cavad, Y.Vəzirə olan münasibətdən fərqli olaraq M.Müşfiq yaradıcılığına qayğı ilə yanaşmağın vacib olduğunu vurğulamışlar. Hətta plenumda iştirak edən MK nümayəndəsi Ayna Sultanova özü Müşfiq haqqında müsbət fikirlər söyləmişdi. Plenumun ikinci günü (19 mart) M.Müşfiq öz çıxışında “dərin bir səmimiyyətlə” özünün keçmiş səhvlərini “etiraf etmiş” və özünü yenidən qurmaq istədiyini (dövrün epitetidir!) söyləmişdir. Çıxışının sonunda o yeni yazdığı “Duyğu yarpaqları” şeirini oxumuşdur:

Nə bir həsrətim var, nə bir qəmim var,

Dostlarım bilir ki, nə aləmim var.

Stalin əsrinə ithaf etməyə

Bir şair ürəyim, bir qələmim var.

Ən maraqlı cəhətlərdən biri-plenum iştirakçılarının həmin gün axşam xalq xanəndəsi Xanın konsertinə birgə getmələridir. Göründüyü kimi, Yazıçılar İttifaqının bir neçə gün (18-21 mart) davam edən plenumu qərəzli tənqidlər, ittihamlarla yanaşı mədəni tədbirlərlə də müşayiət olunur. Daha bir neçə ay keçir, ədəbi təşkilatda repressiyanın aparılması üçün məqam gözlənilir. Belə bir məqam Azərbaycan K(b)P XIII qurultayında reallaşır.

İyunun 3-də M.F.Axundov adına Opera və Balet Teatrının binasında öz işinə başlayan qurultayda M.C.Bağırov S.M.Əfəndiyev, H.Sultanov və başqalarını “əksinqilabçı”, “xalq düşməni” elan edir. O, öz nitqində Yazıçılar İttifaqını da yaddan çıxarmır: “Bir baxın, Yazıçılar İttifaqında kimlər əyləşmişdi: hazırda ifşa edilmiş Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq, Əli Nazim, Böyükağa Talıblı, Tağı Şahbazi, Əhməd Triniç və başqa əclaflar!

Xalqın qəddar düşməni Ruhulla Axundov nüfuzundan istifadə edərək Yazıçılar İttifaqını bərbad vəziyyətə salmışdır”5.

Qurultayda adı çəkilən yazıçılar artıq NKVD əməkdaşları tərəfindən həbs edilərək ağır işgəncələrlə sorğu-sual edilirdi. Yazıçıların ağır itkisi barədə isə qəzetlər düşmən obrazında yazılar dərc edirdi. Hakim partiyanın orqanı olan mətbuatda kəskin məqalələr yazılır. “Ədəbiyyat qəzeti” də bu “yarışdan” geridə qalmır, “Azərbaycan Sovet Yazıçılar İttifaqını hər cür əksinqilabi millətçi, müsavatçı tör-töküntüdən təmizləyəlim!” hökmü verilirdi. “Təmizliyə başlanmalıdır”, “Sonadək ifşa etməli”, “Səhvlərimiz haqqında”, “Sıralarımızda düşmənə yer yoxdur”, “Amansız olmalı” məqalələrində isə NKVD-nin həyata keçirdiyi təmizləmə işləri təqdir olunaraq ictimai rəy formalaşdırılırdı. Q.Rıklinin “Pravda” qəzetində (8 iyun 1937) dərc olunan “Düşmənin hiylələri” baş məqaləsi (!) isə bütünlüklə Azərbaycan Yazıçılar İttifaqına həsr olunmuşdu. Ölkənin bir saylı mətbuatının Azərbaycana, eləcə də Yazıçılar İttifaqında düşmən axtarışına məqalə həsr etməsi komandanın MK-dan verilməsini göstərirdi. Məqaləni yazmaqda əsas məqsəd İttifaqda nifaq yaratmaq, yaxud mövcud nifaq alovunu daha da alovlandırmaq idi: “Trotskiçi və müsavatçı Ruhulla Axundov (qatı kommunist, antitürkçü R.Axundov hara, müsavatçılıq hara?-B.Ə.) mədəniyyət cəbhəsində uzun zaman nəzarətsiz olaraq istədiyini etmişdir. O, Elmlər Akademiyasının Azərbaycan filialının başçısı olmuş, İncəsənət İşləri komitəsinə rəhbərlik etmiş, Yazıçılar İttifaqına ağalıq etmişdir. O, bütün bu təşkilat və idarələri öz adamları ilə gizli və açıq düşmənlə zibilləmişdir”.

Milliyyətcə rus olan müəllif Yazıçılar İttifaqında olan ziddiyyətləri o qədər “dərindən bilirdi” ki, İdarə Heyətində mövcud olan iki qruplaşmadan bəhs edir və onların tezliklə birləşərək müsavatçıları ifşa etmələrini məsləhət görürdü. Burada, əsasən, S.Vurğun hədəfə götürülür və onun “Bakı olimpində” birinciliyi əldən vermək qorxusu altında olduğu bildirilir. Bir neçə gün sonra yazıçıların baş tutan yığıncağında isə ittifaqın rəhbərləri S.Şamilov və S.Vurğun, sabiq rəhbəri M.K.Ələkbərlinin işləri qənaətbəxş hesab edilməmişdir. S.Vurğun isə “sinfi sayıqlığını itirməsi”, “siyasi korluğu”, “çürük liberalizmi” sayəsində xalq düşmənləri yapon-alman-faşist agentləri, trotskisist, nasional-uklonist, müsavatçı, pantürkist ünsürləri himayə etdiyinə (!) görə ittiham edilirdi. İttifaqın sədri S.Şamilov və katibi S.Vurğun “Onlara tapşırılan işi aparmağı bacarmadıqlarına görə (və ya “xalq düşmənlərini ifşa etmədiklərinə görə? – B.Ə.) vəzifələrindən azad olunurlar. Azərbaycan Sovet Yazıçılar İttifaqının üzvləri və namizədlərinin ümumi yığıncağı isə S.Vurğunun tərəfindən partiya orqanı “Kommunist” qəzetinə etdiyi kobud iftiranı bütün kəskinliyi ilə rədd edir… İclas ona təklif edir ki, ictimai-müzürr millətçi elementlərlə öz əlaqəsini qəti surətdə kəssin”6.

S.Vurğuna qarşı repressiya sonrakı illərdə də davam edir. Bu dəfə S.Vurğunun “məsələsi” SSRİ Yazıçılar İttifaqının müzakirə (1937, 26 noyabr) obyekti olur. Müzakirə M.C.Bağırovun şəxsi ərizəsinə əsasən aparılır. S.Vurğun yeganə Azərbaycan şairidir ki, onun məsələsi respublikada deyil, SSRİ Yazıçılar İttifaqında müzakirə edilmiş, müşavirə onun İttifaqın üzvlüyündə qalmasında israrlı olmuşdu. İclasda S.Vurğunun keçmişi təftiş olunmasına rəğmən “Rus poeziyası antologiyası”nın tərcüməçilərindən biri olması, Lenin ordeni alması və s. bağlı yazıçıların onu müdafiə etməsi müzakirənin müsbət sonuna gətirib çıxarır. Bununla belə, repressiya olunmaq təhlükəsi S.Vurğunu ömrünün sonlarına qədər tərk etməmişdir. M.C.Bağırovun məhkəməsi zamanı məlum olmuşdur ki, 1941-ci ildə Daxili İşlər naziri M.C.Bağırova göndərdiyi məktubda S.Vurğunun hələ ifşa edilməmiş, salamat qalmış kontrrazvedkanın üzvü olduğunu xəbər verirdi.7 Respublikanın 1-ci şəxsi Azərbaycan KP-nin 19-cu qurultayında (1952) yüksək tribunadan S.Vurğunun sözünü kəsərək “Sən ləngimədən kommunizmin əlifbasından başlamalısan, yoxsa məhv olacaqsan” deməsi şairə qarşı repressiyanın sovuşmadığını göstərirdi. (Bu barədə ətraflı bax: B.Əhmədov. Ömrümün nə yazıq günləri varmış.”Ədəbiyyat və incəsənət”, 1991, 5 aprel).Yada salaq ki, cəmi iki il əvvəl görkəmli filosof Heydər Hüseynov M.C.Bağırovun göstərişi ilə məhv edilmişdi.

Ümumiyyətlə, Yazıçılar İttifaqında “düşmən axtarmaq” (həm də tapırdılar!), “agent”, “pantürkist” tapmaq, “müsavatçı” aşkara çıxarmaq tendensiyası bir müddət davam etmişdir. Repressiya olunan şair və yazıçıların istintaq sənədlərini araşdırarkən sağ qalan yaradıcıların bəzilərinin adının bu sənədlərdən keçdiyini görmək olur. Onların da təşkilatın üzvü olduqları iddia edilir. Lakin hansısa səbəblərə görə onlar repressiyadan yaxa qurtara bilmişlər. Ancaq repressiyadan yaxa qurtarmalarını onlara qarşı ittiham aktına çevirmək nə dərəcədə doğrudur? Ü.Hacıbəyovu sağ qaldığına görə necə günahlandırmaq olar? Halbuki, onun sağ qalmasını möcüzə hesab etmək olar: keçmiş Cümhuriyyətçi, AXC-nin rəsmi qəzeti “Azərbaycan”ın bir müddət baş redaktoru bu günə qədər yeni quruluşu qəbul etməsi haqqında bəyanat da verməmişdi ( mənim bildiyim qədər!). Qardaşı Ceyhun bəy Hacıbəylinin mühacirətdən Sovetləri tənqid edən yazıları, yenidən Azərbaycanın öz müstəqilliyinə qovuşacağı barədə bəyanatları mərkəzi və yerli hakimiyyətin nəzərlərini Ü.Hacıbəyova yönəltməmiş deyildi!..

Belə bir mülahizəni də tamamilə doğru hesab etmək olmaz ki, Oktyabra, Leninə, Stalinə əsərlər həsr edən sənətkarlar repressiyadan yaxa qurtara bilmişlər, dövrü, zamanı tənqid edənlər isə repressiyaya uğramışlar. Onlarla misallar göstərmək olar ki, yeni cəmiyyəti öz əsərlərində təqdir edənlər repressiya qasırğasının qurbanı olmuşlar. Böyükağa Talıblı, Tağı Şahbazi Simürğ, Hacıbaba Nəzərli və başqalarının yaradıcılığında hansı antisovet meyldən danışmaq olar? “Molla Nəsrəddin”i “Allahsız” edən və onun redaktoru olan Vəli Xuluflu hansı millətçiliyinə görə repressiya olunub? Üstəlik onlar Kommunist Partiyasının üzvü idilər və cani-dildən bu sistemə xidmət etmişdilər. M.Müşfiqin onlarla poetik şeirlərində və poemalarında dövrün və sistemin hadisələri təqdir olunurdu… Ə.Cavad kimi Cümhuriyyətçi şair sovet dövründə zamanın diqtəsindən kənar bir əsər belə yazmadı (“Göygöl” şeirini və bəzi sətiraltı mənaları çıxmaq şərtilə), əksinə “Moskva”, “Oktyabr”, “Pambıq dastanı” və başqa dövrü təqdir edən şeirlər yazsa da, repressiyadan yaxa qurtara bilmədi. Bununla Ə.Cavad yaradıcılığına qətiyyən xələl gətirmək fikrimiz yoxdur. Maraqlıdır ki, müasirləri Ə.Cavadı onu tənqid hədəfi edərkən “Göy göl”dən başqa bir şeirinin belə adını çəkmirlər, yalnız Cümhuriyyət dövrü yaradıcılığnı təftiş edirdilər. Ə.Cavad özü bir çıxışında qeyd edir ki, mən “Oktyabr” şeirini yazıram, ancaq mənə redaksiyada “bunun səmimi olmadığını” irad tuturlar.

Bəlkə Hacı Kərim Sanılının poeziyasında hansısa antisovet meyllər olmuşdur? Yaxud yeni dövrü və siyasəti yaradıcılığında ən çox tərənnüm edənlərdən biri M.Müşfiqin repressiyasını onun əsərləri, yaxud olmayan siyasi fəaliyyəti ilə necə əlaqələndirmək olar? Bu fikirlərlə mən onların yaradıcılığının mahiyyətinə zərrə qədər də xələl gətirmirəm. Bu, ayrı bir söhbətin mövzusudur.

Yaxud mətbuatda repressiya olunmuşlar barədə şeir, məqalə yazanların sağ qalması fikri də özünü tam doğrultmur. Bu cür məqalə müəlliflərinin özü belə repressiyaya tuş gəlmişlər.

Bütün bunlar 30-cu illər repressiyasının dövlət səviyyəsində keçirilən analoqu olmayan son dərəcə mürəkkəb siyasi aksiya olduğunu deməyə əsas verir. Burada hər hansı bir şəxsin “əl izlərini” axtarmaq rejimi, sosialist sistemini təmizə çıxarmaq deməkdir. Mətbuatda gedən şeirlərin, yaxud məqalələrin onların repressiyası üçün hər hansı bir əsas olduğunu da birmənalı şəkildə söyləmək doğru yanaşma olmazdı. Araşdırmalar göstərir ki, bu məqalə və şeirlər onların həbsindən sonra yazılmışdı. Lakin həbsdən çox əvvəl yazılmış məqalə və şeirlərin də zaman-zaman ittiham aktına çevrildiyinin şahidi olmuşuq. Yeri gəlmişkən, bir çox tədqiqatçılar repressiya olunmuşlar haqqında araşdırmalar apararkən bu məqalələrə istinad etmək və onu sonrakı istintaq materialları ilə əlaqələndirmək tendensiyasına daha çox üstünlük verirlər. Məsələn, H.Cavidin repressiyasının izlərini sənətkar yoldaşlarında axtarır və bu zaman S.Vurğunun

Nədən şeirimizin baş qəhrəmanı

Gah Turandan gəlir, gah da İrandan

Bəs mənim ölkəmin varlığı hanı

Böyük bir şairin yazdığı dastan

Gah Turandan gəlir, gah da İrandan,-

sətirlərinə diqqəti yönəldirlər. Lakin unudurlar ki, bu sətirlər repressiyadan bir neçə il əvvəl yazılmış və sırf yaradıcılıq baxışlarını sənət və sənətkar, sənətkar və mövzu kateqoriyalarını özündə ehtiva edir. Hətta bu misraların özündə belə gənc Vurğunun Cavidə olan sonsuz sayğısını görməmək olmur (“Böyük bir şairin…”).

Bu cür yarışmalar o dövrün mətbuat səhifələrində çoxdur, sadəcə olaraq H.Cavid repressiya olunduğundan bu sətirlər də siyasi mahiyyət kəsb edir. Əkrəm Cəfərin bundan bir neçə il öncə Moskvadan yazdığı “Cavidə açıq məktub”unda (1930) bu cür “ittiham”ların izlərini görmək mümkündür. Komsomol təfəkkürlü gənc şair Şimaldan gələn poetik düşüncənin təsiri ilə H.Cavidə müraciətlə “Şeirlərim şeirlərinlə vidalaşdı, gedib girdilər komsomola!”-deyə yeni poetik yol təklif edirdi. Komsomolçu şair H.Cavidi “köhnə şair” adlandıraraq gözündəki köhnə eynəyi endirməsini tələb edir və bu yolda “dahi Stalin”in qapısında süpürgəçi olmağa belə razı olurdu:

İnsanların içində,

Görməmək üçün,

Nə burjuy, nə dilənçi

Olacağam o rəhbərin qapısında dilənçi.

Poetik yolunda H.K.Sanılı və Ə.Cavad poeziyasının izlərini axtaranlara qarşı gənc S.Vurğun repressiyadan bir neçə il əvvəl “Mən nə Sanılıyam, nə də Cavadam, Onlara düşmənəm, onlara yadam” deyərkən sözün həqiqi mənasında düşmənçilikdən yox, poeziyada özünün müstəqil yolunun olmasını, onların yolunu təkrar etmədiyini çatdırırdı. Halbuki müxtəlif məqalələrdə və televiziya verilişlərində bu misralarda repressiv elementlər axtarmanın az şahidi olmamışıq! Bu, nə dərəcədə doğrudur?! Şair bununla onu Cavada və Sanılıya bənzədənlərə etirazını bildirirdi, “düşmən” sözü isə burada cəbhə mənasını verir. Bu gün də mətbuat səhifələrində yaşlılarla cavanlar, yaxud müxtəlif “izm”lər arasında oxşar sərt ifadələrə rast gəlmək mümkündür.

Bu cür misalların sayını artırmaq da olardı…Ancaq demək istədiyimiz odur ki, ədəbi tənqidin bu dövr ədəbiyyatı barədə araşdırmalarında repressiv elementlər axtarmaq, daha çox sənət mübahisələri zəminində ortaya çıxan yazılara müstəntiq kimi yanaşmaq metodoloji səhvlərə aparıb çıxarır.

Doğrudur, bu yazılarda bəzi sərt ifadələr var, ancaq bunun o dövrün leksikonunda adi hal hesab olunduğunu da yaddan çıxarmaq olmaz. Aydındır ki, H.Cavidi ədəbi tənqid çox zaman böyük bir sənətkar olaraq dəyərləndirmiş, lakin yeri gəldikcə tənqid etməkdən də çəkinməmişlər. Belə tənqidi məqalələrdən birini sonralar repressiya olunmuş tənqidçi H.Zeynallı 1923-cü ildə yazmışdır. H.Cavidin “Peyğəmbər” dramına həsr olunmuş bu məqalə həm həcminə, həm də Cavid yaradıcılığını zamanında obyektiv dəyərləndirməsinə görə özünə qədər və sonra yazılan ən yaxşı məqalələrdən biri hesab olunmalıdır. Bu araşdırmaya səhv yanaşma nəticəsində şairin həbsindən on dörd il əvvəl yazılmış bir məqalənin tənqidi yerlərindən sitatlar gətirib (kontekstdən çıxararaq!) onu repressiya ilə əlaqələndirmək (?!) heç bir məntiqə sığmır (halbuki bunlar bir tədqiqatçı tərəfindən o cür dəyərləndirilib) . Yaxud, H.Cavid haqqında ən kəskin tənqidlərdən birinin zamanını və müəllifini gizli saxlayıb onu ədəbi cameəyə təqdim etsək, o, birmənalı şəkildə qınaq obyekti olacaq, bu çıxışın müəllifi onun repressiyasında günahlandırılacaq. Halbuki, bu çıxış repressiyadan üç il əvvəl Azərbaycan Yazıçılar İttifaqının 1-ci qurultayında (1934) C.Cabbarlı tərəfindən edilmişdi.

Əgər biz istintaq sənədlərinin doğruluğuna inanmalı olsaq, repressiya olunanların işində onun ifadəsi zamanı alınan adlardan ibarət siyahıları necə başa düşək? Doğrudanmı onlar (həbs olunanlar!) öz sənətkar yoldaşlarının adlarını çəkmişlər? Həbs olunanların demək olar ki, əksəriyyəti ifadələrində müstəntiqə uzun bir siyahı verirlər. Bunu kiminsə ələ verilməsi kimi başa düşmək olarmı? Əliabbas Müznibin istintaqı zamanı “pantürkist təşkilatın üzvü” kimi qardaşı Əmin Abidin adını çəkməsini onu satması kimi qiymətləndirmək olarmı? Hələ gənc yaşlarından Sibir sürgününün acısını dadmış bu millətçi şairin ahıl yaşında öz qardaşını ələ verməsini necə düşünmək olar? Halbuki bunlar istintaq sənədlərində öz əksini tapmışdır…(Ətraflı bax: Bədirxan Əhmədov. Bir istiqlal yolçusu…B., 2003).

Fikrimizcə, bütün bunlara istintaq materialları kimi baxmaq və onlara hüquqi qiymət vermək ədəbi materiallara metodoloji cəhətdən düzgün yanaşmamağın nəticəsidir. Bu cür faktlar çoxdur, biz yalnız onlardan bəzilərinə toxunduq. Həqiqətdə isə repressiyanın anatomiyası çox mürəkkəbdir və onu bir-iki faktla məhdudlaşdırmaq və dərhal nəticələr çıxarmaq düzgün olmazdı.

30-cu illərin anoloqu olmayan repressiya kabusu təkcə istedadlı, vətənpərvər adamları tragik şəkildə həyatdan, sevdiyi sənətindən ayırmadı (bu maddi, statistiklərin hesablayacağı itkidir), həm də on minlərlə oxuma və yazma savadı olmayan adamları belə ağuşuna alaraq xalqın şüurunu dəyişdi, onu tərəqqidən saxladı, mənəviyyata, tarixi-etnik düşüncəyə ağır zərbə vurdu (bunu isə artıq statistiklər heç cür hesablaya bilməz!). Neçə-neçə bədii düşüncə, mənəvi-əxlaqi dəyərlər məhv oldu, nəticədə ən böyük ziyanı xalq çəkdi. O xalq ki, onun adı ilə bu təmizlənmə “alqışlandı”, “satqınların”, “xalq düşmənləri”nin mühakiməsi “tələb edildi”. Bunu isə hər hansı bir fərdin kimisə satmasının, yaxud danos yazmasının üzərinə qoymaq olmaz. Bunu bütövlükdə sistemin, hakimiyyətin, avtoritar rejimin adına yazmaq lazım gəlir. Mətbuatda, arxiv sənədlərində qalmış (hələ nə qədər bizə gəlib çatmayan sənədlər də olmuşdur) məqalələrə, fikirlərə isə metodoloji cəhətdən düzgün yanaşmaq ən doğru yoldur.

Müqayisə üçün qeyd edək ki, səksən ilə yaxın bir zamandan sonra başqa ictimai formasiyada, başqa siyasi şərtlər altında yaşadığımız bu günümüzdə mətbuat səhifələrini bəzəyən oxşar qarşılıqlı ittihamlar, mülahizələr, məqalələr, fikirlər müəyyən zaman keçdikcə tamamilə başqa məzmun daşıyacaq…lakin bu yazılar repressiya ilə müşaiyət olunmadığından (və nəticələnmədiyindən!) təbii olaraq, bu mülahizələrə “donos” materialları kimi baxılmayacaq və hər hansı bir şəxsin “əl “ izləri də axtarılmayacaq!..

Ədəbiyyat və repressiya; xarakteri, genezisi və yanaşma meylləri

30-cu illər ictimai-siyasi prosesinin ən böyük hadisəsi, heç şübhəsiz, Azərbaycan ədəbi mühitindən də yan keçməyən repressiyadır. Özlüyündə siyasi hadisə olan repressiya bir çox sahələr kimi, ədəbi prosesi də ağuşuna almış və tarixdə ilk dəfə Azərbaycan yazıçı, şair, tənqidçi, elm və maarif adamlarının kütləvi (!) həbsi və məhvi ilə nəticələnmişdir. Bununla da siyasi iradə, qərar və qətnamələrlə idarə olunan ədəbi prosesə ölüm xofu, həbs qorxusu çökmüşdü. Avtoritar rejimin və ona rəhbərlik edən diktatorlar İ.V.Stalin və L.Beriyanın repressiya “sunamisi” bütün Sovetlər Birliyində, eləcə də Azərbaycanda yüzlərlə mütəfəkkiri, alimi, şair və yazıçını, folklorşünası, tənqidçini, heykəltəraşı, aktyoru həyatdan vaxtsız apardı: yalnız onların deyil, ailələrinin də faciəsinə səbəb oldu. Lakin bu gün 30-cu illər repressiyasını obyektiv araşdırmaq əvəzinə fakta əsaslanmayan, daha çox sağ qalanların mənəvi terroruna yönəlmiş ittiham və tənqidlərlə qarşılaşırıq.

Bədirxan Əhmədov,

filologiya elmləri doktoru, professor

Həmçinin yoxlayın

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Güney Azərbaycanda molla rejimin insan haqlarının pozmasına dair illik hesabat yayıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, azərbaycanlı fəallar və Abbas Lisani adına açılmış sosial …

Bir cavab yazın