Bazar , Noyabr 18 2018
azfa

Əjdər Tağızadə: “Şah Abbasın tövləsində cəza çəkmişəm”

“Sərhəddə sovet zabiti məndən soruşdu ki, Ququş necədir?”
Əslən Azərbaycanın güneyindən olan, artıq 34 ildir İsveçdə yaşayan Əjdər Tağızadə redaksiyamızın qonağı oldu. Rahat Avropa həyat tərzinə qədərki zindan, işgəncə dolu ömür yolu keçən müsahibimiz çox ilginc xatirələrini bölüşdü. Bütöv Azərbaycan Birliyi, mərhum Əbülfəz Elçibəylə Bakıdakı, Kələkidəki görüşləri, sənədsiz-filansız Türkiyədən Naxçıvana keçərək Bəyin görüşünə getməsindən elə şeylər danışdı ki, bəlkə də bütün bunları ssenariləşdirib maraqlı bir film çəkmək olar…
Bir neçə ay əvvəl yaratdıqları Güney Azərbaycan Demokratik Türk Birliyinin rəhbəri olan Ə.Tağızadə ilə söhbətimizin gedişində bildik ki, noyabrın 1-də onun 66 yaşı tamamlanacaq. Dedik elə bu söhbət də ad günü hədiyyəmiz olsun.

– Əjdər bəy, bildiyimizə görə Ərdəbil əsillisiniz…
– Ərdəbil tərəfdə, Nəmin mahalının Kanaza kəndində dünyaya gəmişəm. Atam Astarada cəmi 6 ay dərsə gedib, sonra atası dünyasını dəyişdiyi üçün məktəbə getməyib. Şah dönəmində zindandan çıxıb atamla bərabər kəndə qayıdırdım. Ətraf kəndləri soruşdum. Dedi Abbəylidir, Xanəgahdır, Ciyərkəndidir, özü də hamısı türklərdir. Amma Piləçayda kürd qatışığı da var. Kələvəz dağının o üzündəki Xəşeyranda isə sənin bibinin əri var, o, talışla qatışıqdır. Dedi, bala, biz təmiz türkük… Atamın atası Bakıda yaşayıb, müsavatçı olub. Kommunistlər hakimiyyətə gələndə kitablarını vurub qoltuğuna, deyib “daha bura kafirlər diyarı oldu”, çıxıb gedib. Mən onu görməmişdim, amma cicəm (ata nənəsi-E.P.) həmişə “Bakı” deyərdi və ağlardı. Bacısı burada qalmışdı. Ağlamaqdan da gözü kor oldu.

– Ailədə neçə nəfər idiniz?
– 8 bacı-qardaş olmuşuq. Bir bacım rəhmətə gedib, 1 qardaşım ABŞ-dadır, İsveçdə olanlarımız da var.

– İranda qalan varmı?
– Hə, kiçik qardaşım qalıb. Bir dəfə Bakıda görüşmüşük. Sonra tutub aparıb döymüşdülər. Hansı ki, İran-İraq savaşında olub, 3 il Səddam rejiminin zindanında işgəncə altında saxlanılıb. Rəhmətə gedən bacım da bir dəfə gəlib-qayıtdı. Qayıdandan sonra binəvanı gözübağlı aparıblar Ərdəbilə, sorğu-suala çəkiblər. Heç savadı da yox idi. Atam da bir dəfə bura gəldi, Əbülfəz Elçibəy hakimiyyətdə olanda. Dedi, bala, İsveçə gedəndən sonra səni hey televiziyada göstərirlər, çox qorxuruq. Dedim, yadındadır, yolla gedirdik, soruşdum, sən də dedin onlar da türklərdir, bizlər də. Mən də onu deyirəm də, biz türkük. Dedi, nə oldu, o qədər söz demişdim, hamısı yaddan çıxdı, bir dənə o sözümü yadda saxladın? (gülür)

– Əjdər bəy, bilirik ki, başınıza çox müsibətlər gəlib, hətta tələbəlikdə İran şahının bacısı ilə mübahisəniz də olub…
– Hə, olub. Fatimə Pəhləvi şahın göz bəbəyi idi. Əri Hatəmi hava qüvvələrinin generalı idi. Fatimə də İsfahan Universitetinin elmi heyətinin fəxri başçısı idi. Oturub yemək yeyirdik. Bir də gördüm ki, hamı ayağa durdu. Mən də dostumla oturmuşdum. Baxdım ki, şahın bacısı içəridədir. İndiki vaxtım olsa, əlini öpərdim. Onda biz partizan idik, Çe Gevara ovqatına köklənmişdim, şahı imperialist sayırdıq. Fatimə xanım də gəlib oturdu mənim yanımda, çox gözəl idi. Mənsə çox kobud, saqqal saxlamışam Çe Gevara kimi, üst-baş da…(gülür) Şahın bacısı vəziyyəti soruşdu, ağzımıza nə gəldi dedik. Xan oğlu olan dostum qayıtdı ki, sizin dövlət necə dövlətdir ki, bir qələmi belə istehsal etmir, Çindən gətirir? Mən də dedim ki, bunlar oğurluqla məşğuldurlar, 4 min nəfər tələbə burda yemək yeyir. Fatimə xanım dedi, səni sabahdan buranın məsulu elədim, nəzarət elə.

– Neçənci ildə olub bu əhvalat?
– 1971-ci ildə. Mən də 1 ay nəzarət elədim. Ancaq nə qədər solçu, kommunist, Çe Gevaraçı var idisə, pul-paraları olmadığı üçün aşpaza deyirdim bunların hamısına pulsuz yemək ver. Bu zaman 16 Azər – Tələbə günündə çıxdım masanın üstünə, üzərində yemək olan ağır sinini tulladım yuxarı, “Ölüm olsun şaha!” qışqırdım. 4 min nəfər yemək yeyirdi, Ququş da radioda oxuyurdu. Ara qarışdı, tələbələr nə var idisə, vurub dağıtdılar. Qvardiya töküldü universitetə, qaçhaqaç, tuthatut.

– İlk dəfə onda həbs olundunuz?
– Yox, mən qaçdım. Gəldim Ərdəbilə, evdə sağollaşdım, qayıdanda tutdular. “SAVAK”ın zindanında yatdım, burdakı “KQB”-nin oxşarıydı, amerikalılar yaratmışdı. Şah bir az güzəşt elədi. Çox adam edamdan qurtuldu. İndiki xalq mücahidlərinin rəisi var, Rəcəbi, o da edamdan xilas oldu. Mən də 1-ci maddə ilə ittiham olunurdum, 10 illik həbs düşürdü. Ancaq maddəm yüngülləşdi, 1 il yarımdan sonra çıxdım. Şah Abbasın bir tövləsi vardı, ala qapının altında. Həmin tövləni bunlar zindan eləmişdilər. Mən Şah Abbasın tövləsində cəza çəkmişəm. İsraillilər İsfahan çöllərində bir zindan tikib, “Evin”dən pisdir. Çox işgəncələr verdilər. Nadiri adlı biri var idi, deyirdi Sasanilər hökumətində Şapur padşah çiyinləri deşərmiş, amma mən sizin topuqlarınızı deşəcəyəm. Deşirdi də köpəyoğlu… Bir dəfə bizi döyürdü, arvadı zəng elədi ki, gəl, yemək ye. Dedi, yox, yemək yesəm, yuxu basacaq, bu köpək uşağını döyə bilməyəcəyəm. (gülür) İndiki hakimiyyətdə olanların çoxu bizimlə zindandaydılar. Bir dəfə məni döyəndə dedi sən istəyirsən Qulam Yəhya olasan. Mən heç onda Qulam Yəhyanın adını eşitməmişdim. Zindandan sonra kənddə əmimdən soruşdum, Pişəvəri hərəkatında olmuşdu, Qulam Yəhya haqda danışdı. Bildim ki, bütün kənd əhli fədai olubmuş.

– Şah dövründə iki dəfə həbsə düşdünüz, eləmi?
– 3 dəfə. Amma qısamüddətli çox tutulmuşam.

– Şah devriləndə daha çox sevinən siz olarsınız…
– İnqilabın iştirakçısı idim. 26 yaşım var idi. O vaxt şah bütün universitetləri qızlarla doldurmuşdu. Çoxları gözəl qızla dost olmaq həsrətindəydi, amma biz “Kalaşnikov” avtomatının həsrətini çəkirdik. Amma “quyruqsuz” avtomat arzulayırdıq ki, gəzdirmək rahat olsun. Həm də arzumuz bu idi ki, bizi tutanda səhər tezdən öldürsünlər, özü də gözümüz bağlı olmasın.

– Avtomat həsrətinizə yetişdiniz?
– Yox, mən 45 kalibrli tapança gəzdirirdim. Çox ağır idi, atanda adamın əlini tullayırdı.

– Amma siz iştirakçısı olduğunuz inqilabdan sonra həbsdə yatdınız…
– Hə, bunlar da məni bir neçə dəfə tutub buraxdılar. İran adlanan yerdə vətəndaş müharibəsi gedirdi, 1981-ci ildə. Rejim də insanları qırmağa başladı. Məni də təsadüfən tutdular, guya ki, Təbrizdəki xal fədailərinin başçısıdır. Ancaq mən heç Təbrizdə olmamışdım. Məni “Evin” zindanına saldıqları gün 230 nəfəri güllələdilər. Onda şəhərlərdə “güllələmə yarışı” gedirdi, hansı vali çox öldürdü, deyə. 1 ildən sonra məni Ərdəbilə yolladılar. Dedim yaxşı oldu, mən ordan qaça bilərəm. Amma gəldiyim gün 23 nəfəri güllələdilər. Bir dəfə zindanın bacasından qaçmaq istədim, olmadı. Anam Ərdəbil şəhərinin Quran oxuyanı idi. Hər gün gəlirdi ki, “uşağımı verin!” Mənimlə bağlı heç nə sübut eləyə bilmədilər, 1 il sonra zəmanətə buraxdılar, bacımın evi girov qaldı. Hətta bir dəstə yığışıb getdi ki, “bizim uşaqlar zindandadır, bu kafiri, cinayətkarı buraxdınız”. Gördüm məni ya tutacaqlar, ya da öldürəcəklər…

Müsahibim deyir ki, bu arada Lerik tərəfdən bir neçə nəfəri sərhədin bu tayına keçirmək istəyərkən yenə yaxalanır. Onda İrandan qaçmağa qərar verir. Onu qolubağlı vəziyyətdə zindana aparanda, Qəzvin istiqamətində gecə ikən əvvəlcə əllərini, sonra qapını açıb özünü maşından atır, ardınca atəş açılsa da, xilas ola bilir:

– Hər yerdə şəkillərimi yaymışdılar. 4-5 ay gizləndim, axırda dostlar məsciddə gizlətdilər. Ancaq gördüm ki, pul-para yoxdur, yaşamaq mümkün deyil, Lerikin yuxarısından teli bu tərəfə keçdim. 80-ci illərin ortaları idi. Şindan qalası tərəfdən keçdim sərhədi, mən, həyat yoldaşım, bir uşağım. Sovet zabiti məni görən kimi, düşündüm ki, yəqin hədələyəcək. Tərcüməçiyə baxaraq qayıtdı ki, “Ququş necədir?” Dedim, dəlidir bu? Çünki İran adlanan yerdə hamı Ququşa nifrət edirdi, çünki şahın yanındaydı. Məni Lənkərana, ordan da Buzovnaya gətirdilər. Sonrakı illərdə burada Səttarxan zavodunda işlədim. Onda Nemət Pənahlı hələ uşaq idi. Ancaq mən gördüm ki, sovet dövləti boş şeydir, burda yaşaya bilməyəcəyəm. Ona görə də qaçmağa qərar verdim. Yük maşını ilə qaçdım, amma Muğan tərəfdən tikanlı məftillərə çırpıldım, tutdular. Bir aya yaxın saxladılar Prişibdə. Rus generallar gəldi, dedilər hara qaçırsan, sən yaxşı kommunistsən. O vaxt sərhədi pozduğum üçün 10 illik Sibirə göndərə bilərdilər. Amma məni Sumqayıtda gizlətdilər. “KQB”-dən gəlmiş bir general qayıtdı ki, “Əjdər, biz azərbaycanlıyıq, müsəlmanıq, səni rusların əlinə vermərik”. Mən çox heyrətləndim.

– Ancaq sonrakı məkanınız İsveç oldu.
– Mən 34 ildir İsveçdə yaşayıram, Avropa vətəndaşıyam.

– Amma Azərbaycanda tez-tez olursunuz.
– Çünki ikinci həyat yoldaşım Azərbaycandan, Tovuzdandır. Mənə qız verməyiblər. 1991-ci ildə qızı burdan, sovetlərdən qaçırmışam, aeroportdan pasportsuz-filansız. Xanıma da deyirəm ki, bu kənddən o kəndə qız qaçırardılar, amma mən səni 5 ölkədən qaçırmışam. (gülür)

– Bəs birinci ailəniz?
– Birinci ailəmdən ayrılmışam. O da 2 uşağımla İsveçdə yaşayır.

– İş-gücünüz nədən ibarətdir?
– Təqaüdçüyəm.

Nə qədərdir təqaüdünüz?
– Tək pensiya deyil. Məbləği desəm, yazarsınız, camaat deyər bizə niyə 150 manat verirlər. (gülür) Həm də bəzi xəstəliklərimə görə ildə yalan olmasın, 40-50 min dollarlıq dərman qəbul edirəm, bu, pulsuzdur. Özü də mən İsveç vətəndaşı olanda ali təhsilli və siyasi aktiv kimi qəbul olundum. Gedib dedim iş verin, işləyim, hər işi bacarıram. Dedilər sən ali təhsillisən, özü də siyasi aktivsən, hər işə yollaya bilmərik. Hamı istər ki, orda pensiyaya çıxsın, amma onlar məni güclə pensiyaya çıxartdılar.

– Əjdər bəy, yeni təşkilat yaratmısınız. Bu barədə nə deyə bilərsiniz?
– Güney Azərbaycan Demokratik Türk Birliyi təşkilatıdır. Biz iki illik müzakirələrdən sonra təşkilat yaratmağa qərar verdik. ABŞ, Kanada, Avstraliyadakı dostlarımız da bu təşkilatdadır. Avstraliyada, Türkiyə, Quzey Kipr, Kərkük, Azərbaycan, İsveç, Norveç, Kanadada, ABŞ-da təmsilçimiz var. Düzü, başqanlıq etməyimə dostlarım israr etdi. Dedim, ağır məsuliyyətdir. Mən də bir missiyanı qəbul etdimsə, onu axıra kimi aparmalıyam. Yaxın günlərdə bütün sıxıntılara rəğmən, otellərin birində press-konfrans keçirməyə qərar verdik. Çünki bu məsələyə həssas münasibət var. Mən 29 il bundan əvvəl solçuluğa vida edib milliyyətçi olmuşam. Zamanında İran adlanan yerdə birgə zindanda yatdığımız adamlar var ki, mənim adım çəkiləndə deyirlər ki, “o faşistdir”. Çünki mən türklüyümlə fəxr edirəm. Hətta Bəhreyn dövlətini dövlət kimi qəbul edən İran şovinistləri Azərbaycan dövlətinin varlığını qəbul etmirlər. Mən Məhəmməd Əmin Rəsulzadə, Qaspralı, Ağaoğlu, Cavid Əfəndi mənim favoritlərimdir. Rəsulzadə fenomendir.

– Güney Azərbaycanla əlaqələriniz varmı?
– Çox genişdir. İnternetlə hər an əlaqə saxlaya bilirəm. Baxmayaraq ki, çətinlik var, Tehran rejimi tez yaxalayır, amma əhalidə qorxu hissi yoxdur. Çünki zaman bizim xeyrimizə işləyir.

– Heç ata yurdunuza getmək istəyirsiniz?
– Əlbəttə. Amma orada mənə qarşı ölüm hökmü çıxarılıb. Neçə dəfə də Azərbaycan dövlətindən məni istəyiblər. İki il əvvəl də nota vermişdilər. Amma mən millətimdən razıyam. Vaxtilə məni burda cəzalandırsaydılar, bəlkə də sürgündə çürüyənlərdən biri olacaqdım.

– Heç gedib o taya baxırsınız?
– Hə, gedib Yardımlıdan, Demanın üstündən Savalan tərəfə baxmışam. İlk dəfə Savalanı üzbəüz görəndə hönkürməyə başladım. Döndüm ki, sürücü də ağlayır, Sabir bəyin (xalq şairi Sabir Rüstəmxanlının-E.P.) dayısı Hacı Tağı da ağlayır… Sürgün nədir, onu hər kəs bilməz, onu yaşayanlar bilər. Mən İran adlanan ölkədə heç pasport da almamışam, bir doğum haqqında şəhadətnamə ilə qaçmışam… Təsəvvür edin ki, 30-40 xalaoğlum var, çoxunu heç tanımıram. Bir də görürsən fajebookda yazırlar ki, xala oğlu, biz filankəsik…
Elşad PAŞASOY,
Foto: “YM”

 

Həmçinin yoxlayın

Suriyada minlərlə döyüşçü Türkiyədən əmr gözləyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azad Suriya Ordusunun tərkibindəki “Həmzə” briqadası Türkiyənin Fəratın …

Ahıska türklərinin soyqırımı: “Sovet hakimiyyəti ölənlərin sayını azaldıb”- Müsahibə

GADTB: Tarixin sürgün və işgəncələrinə məruz qalan xalqlarından biri də Ahıska türkləridir. Stalin siyasətinə “xəyanət” …