Cümə axşamı , Mart 28 2024
azfa

15 sentyabr; Türkiyə Azərbaycanı xilas etdi!..

GADTB: Rusiya Çar İmperatorluğu 1917-ci ilin fevral ayında yerlə-yeksan oldu. Amma bu imperiyanın xərabələri üzərində Bakıda Stepan Şaumyanın başçılığı ilə bolşeviklər hakimiyyətə gəldilər. Zülm ədalət taxtını işğal edəndə tarixin ən böyük faciələri başlar. 1918-ci ilin mart ayının əvvəlləri idi. İran-Türkiyə sərhədində yerləşən erməni monastrlarının birində Bakı Xalq Komissarları Sovetinin sədri Stepan  Şaumyanın göstərişi ilə Bakı və Bakıətrafı bölgələrdə (Şamaxı, Quba),  Güney Azərbaycan şəhərləri: Urmiya, Xoy, Səlmas və Makuda Azərbaycan türklərinin say çoxluğuna son qoyub bu əraziləri erməniləşdirmək planları müzakirə olunurdu.

Bu görüşdə daşnak hərbi liderləri, ABŞ, Fransa, Rusiya, İngiltərə xristian missionerləri, dünya erməni diasporlarının rəhbərləri də iştirak edirdilər. Şaumyanın şəxsi nümayəndəsi Bakı daşnak qərargah rəisi polkovnik Avetisovla  (Libarik Avetisyan) Stepan Şaumyanın göndərdiyi məktubu müzakirə edirdilər.  Məktubda müsəlmanlar yaşayan əraziləri tezliklə erməniləşdirmək planlarını  gerçəkləşdirmək tələb olunurdu: Fürsəti əldən vermək olmaz. Belə ki, generallardan Andranik Ozanyan və Dro Güney Azərbaycanda vaxt itirmədən  fəaliyyətə başlasınlar. Hamazaspla Lalayan təcili Bakıya gəlsinlər. Bu ümumerməni lideri Stepan Şaumyanın göstərişidi.

Missionerlərin biri dedi:

-Nə qədər ki, türklər Bakını almayıblar yubanmaq olmaz.

Avetisov:

-Biz də Stepan Georgiyeviçlə bu fikir

dəyik, – dedi. Bakıdakı təmizləmə əməliyyatı üç günə başa çatmalıdır. Bölgələrdə problem çıxmaz. Amma Bakıda təmizləmə işi zor məsələdir.

Mütləq biz bəhanə kəşf etməliyik. Bakıda döyüş əməliyyatlarına başlamaq üçün ümumerməni liderimiz Qafqazın Lenini – cənab Şaumyan fövqəladə bir plan tərtib edib, müsəlmanları tərk-silah edib, Bakı qoçularından biri-birilərini gözü götürməyənləri qızışdırıb bizimlə atışmağa təhrik edəcəyik. Onlar bizim bu aksiyamızı ona görə təqdir etdilər ki, gələcəkdə  Azərbaycan bolşevik Rusiyasının tərkibinə daxil olanda ermənilər Bakıda say çoxluğu əldə etsinlər. Belə olduğu təqdirdə biz Suriyada və Livandakı erməni mühacirlərinin hesabına Bakını tamamilə erməniləşdirmək üçün hakimiyyət hüququ əlimizdə olsun. Bakını tamamən erməniləşdirib bitib tükənməz sərvətinə sahib çıxaraq cəfakeş millətimizi nəhayət ki, ağ günlərə çıxaracağıq – deyir ümummilli erməni liderimiz Stepan Georgiyeviç.

Erməni monastrındakı iclasda qərara alındığı kimi generallar Lalayanla Hamazasp Bakıya Şaumyanın sərəncamına yollandılar…

17 mart gecə yarısından başlayaraq, 24 gün ərzində Andranik və Dronun hərbi birləşmələri Urmiya, Maku, Xoy şəhər və kəndlərində qırğın törətdilər. Yüksək və qalın divarlarla hörülü Xoy şəhərinə girə bilməsələr də bir çox kəndlərini viran etdilər. 30-31 mart və 1 aprel 1918-ci ilin Bakı qırğını, 30 min Azərbaycan türklərinin vəhşicəsinə qətli bəlkə də bəşər tarixində dünya yaranandan bəri görünməmiş bir qətliam idi…

Bütün bu vəhşiliklər ildırım sürətilə dünyaya yayıldı. Avropa mediası hər zaman olduğu kimi,  yalanlar yarışına girərək insanlığın üz qarası bu dəhşətləri ört-basdır edir, “məzlum” ermənilərə havadar çıxırdılar. Dünyanı müstəmləkələrə çevirən Avropadan daha nə gözləmək olardı ki? Yüz illərcə Qoca Şərqi  zülm girdabında boğan Avropa dövlətləri erməni zülmünü görməzlikdən gəldi. Xəbər Türkiyəyə çatanda Osmanlı İmperiyasının hərbi naziri Ənvər Paşa türk  qəhrəmanlarından biri olan Əli Ehsan Paşanı 20 minlik ordu ilə Güney Azərbaycana göndərəndə:

-Sən – dedi – bu ordu ilə Güney Azərbaycanda Andranik və Dro ordusunu darmadağın edib ermənilərdən təmizlə. Nuru Paşanı Gəncəyə göndərdim, Nuru Paşa da Quzey Azərbaycanı erməni daşnaklarından və rus bolşeviklərindən xilas edərək  bu qardaş ölkəni vahid və müstəqil edə bilərsiniz. Nuru Paşa Bakını, sən də Təbrizi alıb, oralarda qayda-qanun yaradın. Azərbaycanda əmin-amanlıq bərpa olunana qədər… Uğur olsun!

Əli Ehsan Paşa Karsdan çıxıb ildırım sürətilə Urmiya, Xoy, Səlmas bölgələrində erməniləri kəlbətin kimi məngənəyə aldı. Andraniklə Dro arvad paltarı geyinərək yaxın kəndlərin camatına qarışaraq aradan çıxıb Şimali Azərbaycana qaçdılar. Türk ordusunun gəlişini eşidən Təbriz və başqa şəhərlərdə  qalan terrorçu ermənilər  Ənzəlidə gəmilərə doluşub Rusiyaya qaçdılar.

Birinci Dünya savaşının Türkiyə üçün ən ağır və təhlükəli anında Osmanlı imperiyasının hərbi naziri  Ənvər Paşa (əsl hərbi rütbəsi general) və onun qardaşı Nuru Paşa komandanlığında Qafqaz İslam ordusu Azərbaycanı xilas etməsəydi, tarixdə nə Azərbaycan  Demokratik Cümhuriyyəti var olacaq, nə də bugünkü Azərbaycan türkləri adında bir milləti qalacaqdı.

Azadlıq və dövlət tacı azadlıq uğrunda tökülən qanların bahasına başda  gəzdirilir. Və bu tac da  Türkiyədəki qardaşlarımızın qanı bahasına Azərbaycanın başına qoyuldu. Ənvər Paşanın  iradəsi və Nuru Paşanın qəhrəmanlığı ilə 1918-ci ilin  15 sentyabrında Azərbaycan tarixdən yox olmaq təhlükəsindən xilas oldu…

-Bəs Ənvər Paşanın atabir qardaşı Nuru Paşa kim idi?

Nuru Paşa dünyada hürriyyət uğrunda  müharibələr tarixinin şah əsəri olan  Çanaqqala zəfərinin (1915-ci il) iştirakçısı, əsgərlik həyatı 1911-1912-ci illərdə Osmanlı-İtalyan savaşından başlamış, 1912-ci ildə Türk-Balkan müharibəsinin  odlarından cəsarətlə çıxmış, Birinci Dünya hərbi və Türk Qurtuluş savaşlarının  qəhrəmanlarından biridir. (1918-1922-ci illər).

Turan ideyası və vahid Azərbaycan dövlətinin yaranması arzusu ilə yaşayan general Ənvər Paşa hələ otuz yaşlarına çatmamış gənc qardaşı Nuru Paşanı general-leytenant rütbəsi ilə  şöhrətləndirib, onu beşinci türk diviziyası ilə quzey Azərbaycanı və Bakını erməni daşnak və bolşeviklərdən  təmizləyib azad etməyə, Əli Ehsan Paşanı isə  20 min ordu ilə  Güney Azərbaycana göndərib Təbrizi almağa və qardaş ölkəni vahid  müstəqil bir dövlətə çevirmək istəyirdi.

Ənvər Paşa Nuru Paşanı Azərbaycana yola salanda  panturanizm  ideyasının banilərindən  biri Azərbaycanın məşhur publisisti və gələcəkdə Mustafa Kamal Paşanın  “Mətbuat naziri” olacaq Əhməd bəy Ağaoğlu ilə  tanış etdi və  dönə-dönə ona tapşırdı ki, dövlət məsələlərində Əhməd bəy Əfəndisiz Azərbaycanda  bir addım da atmayasan.

Osmanlı imperiyasının hərbi naziri Ənvər Paşa ilə bu görüşdən sonra 1918-ci ilin iyun ayının 4-də Əhməd bəy Ağaoğlu və Əli bəy Hüseynzadənin iştirakı ilə  Türkiyə Osmanlı dövləti ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında  Batumda “Dostluq və əməkdaşlıq” müqaviləsi imzalandı. Müqavilənin hazırlanmasında  və danışıqların  aparılmasında  Məhəmməd Əmin  Rəsulzadə ilə birlikdə Əhməd bəy Ağaoğlu və Əli bəy Hüseynzadə iştirak edirdilər. Batum görüşündən sonra 1918-ci ilin iyulunda onlar Azərbaycan Cümhuriyyətinin müvəqqəti paytaxtı Gəncəyə döndülər. O vaxt Əhməd bəy Ağaoğlu  artıq Nuru paşanın rəsmən siyasi müşaviri idi və Azərbaycan ziyalıları ilə birlikdə başda Əli bəy Hüseynzadə olmaqla Cümhuriyyətin quruluşu ilə bağlı müzakirələr aparırdı.

Nuru Paşa komandanlığında Mürsəl və Xəlil paşalar Gəncədə qayda-qanun yaradaraq, Qafqaz İslam Ordusunun döyüş hazırlıqlarını tamamladıqdan sonra  daşnak-bolşevik ermənilərdən təmizləmək üçün Bakının üzərinə qoşun yeritdilər. Türklərin yolu üzərində erməni-daşnak və rus bolşevik orduları Göyçay, Qara Məryəm, Kürdəmir, Şamaxı, Ələt bölgələrində ciddi müqavimət göstərsələr də darmadağın oldular. Türk ordusunun ildırım sürətli irəliləyişi Bakıdakı bolşeviklər ilə quzey İrandakı (Ənzəlidə) ingilislər çox ciddi bir təhlükə ilə qarşılaşdıqlarını gördülər. Yəni türklər Bakını ələ keçirərsə bolşeviklər və ingilislər Bakının neft xəzinələrindən məhrum olacaqdılar.

Bakı Soveti ordusunun  əsas qüvvəsini erməni daşnakları təşkil edirdi. Daşnaklar İranda olan ingilis generalı Denstervilleyə bir heyət göndərərək yardım istədilər. İngilis generalı 1800 kazakdan ibarət bolşevik düşməni olan rus polkovniki Biçeraxovu Azərbaycana göndərdi.

Biçeraxov 5 iyulda Ələtə ulaşaraq, bu bölgədəki döyüşlərə qatıldı. Amma Kürdəmir və Şamaxı  cəbhəsində məğlub olaraq geri çəkildi.

Elə bu sıralarda Bakıda siyasi durum ildırım sürətilə  başqa cür  cərəyan etməyə başladı. Türk ordusunun zəfər yürüşləri qarşısında Bolşevik hökuməti  başda Şaumyan olmaqla  31 iyulda istefa etmək məcburiyyətində qaldı.

Sentrokaspi diktaturası hakimiyyətə gələr-gəlməz ilk icrası türk hücumunun qarşısını almaq üçün Ənzəlidəki  general Denstervilleyi rəsmən Bakıya dəvət etdi. 4 avqust 1918-ci ildə min əsgərdən ibarət ingilis taburu şəhərə daxil oldu.

Onların əsas məqsədi Bakı neftinə sahib çıxmaq və türk hücumunun qarşısını almaqdı. Amma ingilislərin Bakıya gəlişindən qeyzlənən rus Biçeraxov min əsgərdən ibarət birliyini Biləcəri vağzalında vaqonlara doldurub qatarla Şimali Qafqazın qapısı Dərbəndə hərəkət etdi. Türklərin Bakıya doğru hücumu davam edirdi.

Ənvər Paşa Türkiyə Şərq orduları qrup vəkili Əsəd Paşaya göndərdiyi şifrəli teleqrafda Bakının fəthi üçün Nuru Paşaya lazımi qədər əsgər, silah-sursat, maliyyə göndərilməsini və Bakının bir an əvvəl düşmənlərdən təmizləməsini tələb edirdi. Zira Bakının alınmasındakı gecikmə Ənvər Paşanın narahatçılığına  iki mühüm səbəb vardı. Birincisi: bolşevik və erməni hərbi birləşmələrinə yardım gələ bilməsi ehtimalı, ikincisi: Almanlar Bakını işğal etmək və neft xəzinələrinə sahib çıxmaq iddiasında olduqları üçün özlərinin  hərbi birliklərini Bakı üzərinə göndərmək ehtimalı.

Şəhərdə türklər Bakını alacaqları təqdirdə bolşeviklərin neft mədənlərini yandıracaqları barədə şayiələr gəzirdi. Bu almanlarda bərk narahatlıq doğurmuşdu. Onlar Bakı neftindən məhrum olacaqları təqdirdə  cəbhələrdə məğlubiyyətə uğrayacaqlarının qorxusu ilə Türkiyəyə təzyiqləri gündən-günə artırırdılar. Məhz elə ona görə Osmanlı dövlətinin hərbi naziri Ənvər Paşa rəsmi yazışmalarda Bakıya Qafqaz İslam Ordusunun komandanlığına, yəni qardaşı Nuru Paşaya əmr göndərirdi ki, Bakı istiqamətində hücum dayandırılsın. Mənim əmrim olmadan heç bir hərbi əməliyyat keçirilməsin (Türkiyə hərbi nazirliyin teleqrafxanası alman müşavirlərinin nəzarəti altında olduğu üçün). Digər tərəfdən Ənvər Paşa gizli şifrələrlə Bakını və Azərbaycanı rus bolşeviklərindən və erməni daşnaklarından xilas etmək üçün Qafqaz İslam Ordusuna zəruri olan əsgər və hərbi sursatın təmin edilməsi barədə təlimatlar verir və Nuru Paşadan dərhal Bakının düşməndən azad edilməsini tələb edirdi.

Bir neçə gündən sonra Qafqaz İslam ordusu Bakı qapılarında idi. Bakı hər tərəfdən: Qurd qapısı, Biləcəri, Binəqədi, “Çornıy qorod” deyilən qara şəhər və Əhmədli istiqamətlərində üzük qaşı kimi mühasirəyə alındı.

Bakıda durum ağır idi. İngilislər “Kursk” və “Abo” adlı gəmilərlə talan etdikləri  saysız-hesabsız sərvətlərlə Ənzəliyə, Sentrokaspi hakimiyyəti isə taladıqları xəzinələrlə Dərbəndə qaçmağı planlaşdırırdılar.

Rus əsgərləri və matroslar erməni daşnak birləşmiş qoşunları ilə Bakıda meydan sulayırdılar. Bu qüvvələr  İslam ordusundan qat-qat üstün idi.

Binəqədi yüksəklikləri türklər tərəfindən ələ keçirildi.  Erməni əsgərlərinin cəbhədən qaçdıqlarını görən ingilis generalı Densterville: “Dünyada heç bir güc Bakını türklərdən ala bilməz” – dedi. Türklərin Bakıya hücumu elə bir fırtına idi ki, ruslar qorxudan təlaşa düşdülər. Moskva Brest-Litovsk anlaşmasına qeyri-ciddi yanaşmalarına görə almanları günahlandırdı. Və ruslar Türk Qafqaz ordusunu durdurmaq üçün almanların Türkiyəyə  təzyiqini tələb edirdilər. Almanlar da Ənvər Paşadan türk hücumunun durdurulmaması təqdirdə iki dövlət arasında, yəni Türkiyə və Almaniya arasında ixtilaf çıxacaqları barədə şantaja əl atdılar. Yəni almanlar Odessadan gətirdikləri və Tiflisdə  yerləşdirdikləri əsgəri  birlikləri Türk Ordusu ilə  birlikdə Bakıya girmələrini tələb edirdilər. Digər tərəfdən türklərin təkbaşına  Bakını almaq iqtidarında olmadıqları barədə şayiələr yaymağa başladılar. Almanların təzyiqləri Ənvər Paşanın kəskin etirazlarına səbəb oldu və Nuru Paşaya göndərdiyi 24  avqust 1918-ci teleqrafında deyirdi:

“Bakıya göndərilən əlavə hərbi qüvvələr üç-dörd gün gecikə bilər. Onları gözləmədən bir gecə hücumuyla Bakının alınması mühümdür”…

Moskva da Bakının türklərin əlinə keçməməsi üçün almanlara güzəşt gedərək 27 avqust 1918-ci ildə “Brest-Litovsk” anlaşmasına əlavə ikinci bir  anlaşma imzalamışdı. Anlaşmanın ana maddələrindən biri belə idi: Rusiya hökuməti neft hasilatını artırmaq üçün əlindən gələni edəcək və hasil olan neftin dörddə-biri almanlara veriləcəkdir. Moskva və Almaniya arasında  bu xəyali sövdələşmələr davam edərkən  Nuru Paşanın ikinci Bakı hücumu davam edirdi. 13-14 sentyabr günləri idi. Bakı uğrunda qızğın döyüşlər davam edərkən ingilis komandanı general Densterville saat 17:00 sıralarında  ingilis əsgərlərini Bakını boşaltmasını əmr etdi. İngilis ordusunun Bakıdan çəkilməsi həm Qafqaz İslam ordusu komandanlığından, həm də  Sentrokaspi diktatorluğundan gizli bir şəraitdə baş verdi. Bakı diktaturası ingilislərin bu hərəkətindən xəbər tutunca Denstervilleyə etirazlarını bildirib mane olmaq istədilər.

İngilis generalı: “Mənim əsgərlərim türklərə qarşı döyüşdə on altı saat boyunca sizdən zərrə qədər yardım görmədən vuruşdular. Bu vəziyyətdə sizin hakimiyyətiniz uğruna ingilis əsgərlərinin həyatını təhlükəyə ata bilmərəm” – dedi. İngilis birliklərini daşıyan gəmilər gecə saat 22-də  Bakı limanını tərk etdi.

15 sentyabr 1918-ci il saat 04 radələrində Nuru Paşa türk əsgərlərinə xitab etdi. Dağları belə lərzəyə gətirəcək bu parlaq nitqdən sonra hansı türk əsgərinin qəlbində fırtınalar qopmazdı ki?! Ölü dənizləri belə şahə qaldıracaq bu nitq ilə 1918-ci il 15 sentyabr günü türk əsgərləri ildırım sürətilə Bakıya axın etdi. Rus bolşevikləri və erməni daşnak orduları darmadağın edildi. Bakı və Azərbaycan yüzillik Çar Rusiyasının əsarətindən xilas oldu.

Bu tarixi zəfər  çoxəsrlik ziddiyyətli və çox vaxt faciəli Azərbaycan-Osmanlı münasibətləri tarixində ən parlaq qızıl bir səhifə idi. Türk tarixinə şərəf qazandıran bu zəfər ölməz türk qəhrəmanlığına və qəlbi Azərbaycan sevgisi ilə yoğrulmuş Ənvər Paşanın iradəsi, Nuru Paşanın dağları belə dizə gətirəcək əzmi və türk  əsgərlərinin qəhrəmanlığı sayəsində  Türkiyə Azərbaycanı xilas etdi. Amma üzü dönük taleyin nə acı və amansız oyunları  idi ki, iki ildən sonra İngiltərə  “Mondros” sülh  anlaşmasından sonra  məğlub Türkiyə Qafqaz  İslam ordusunu geri çağırmaq  məcburiyyətində qaldı.  Və 100 illik Rus Çarizminin zülmündən və  əsarətindən xilas olmuş  Azərbaycan yenidən istiqlal və hürriyyətini 70 ildə dünyanın ən amansız,  yırtıcı bir imperiyasının, Stalin diktaturasının zülmət və dəhşət saçan  hökmranlığına  məruz qoydular və zaman-zaman ərazilərimizi ermənilərə bəxş edərək indiki nasist Ermənistanı yaratdı.

1918-ci ilin 15 sentyabr gününə. Nuru Paşanın nitqi:

“Ey türk əsgəri!

Bakı deyilən qarşınızdakı milyardlar şəhərinin qapıları önündə  günlərdən bəri zəfər quşunun qanadını yaxalamaq istəyən türk ordusuna!

Bu gözəl könül qapısı şəhəri əgər siz də azad etməsəniz, türkün və ordusunun şərəfini indi içində bulunduğumuz xəndəklərə göməcəksiniz. Əgər siz bu sərvət və altun şəhərini zəbt etməsəniz, sevgili böyük vətənimizə ən qiymətli bir hədiyyə etmək fürsətini qaçırmış olacaqsınız. Əgər siz yaşıl dənizin bu məşhur şəhərini zəbt etməsəniz, Qafqaz türkləri və Türküstan müsəlmanlarının qəlbinə saplanmış olacaq  zəhri-xəncərin üzərinə “eyvah ki, türk bizə imdada gəlmədi” cümləsi yazılmış olacaqdır. Əgər siz bu böyük İslam şəhərini zəbt etməsəniz, Allah deyənlərin varlığını ortadan qaldırmaq istəyən düşmənlər öndən  və arxadan sizi saracaq və qıcırdayan dişlər  yeni zülmlər üçün bilənmiş olacaqdır. Əgər siz dəmir oyuqlardan dünyaya dövlət axıdan və sülhün tərəzisində çox ağır basacaq olan bu hərb şəhərini zəbt etməsəniz, tarixin hüzurunda məhcubanə yerə baxacaqsınız. Düşmənlər bir zəfərin açarını əllərinə keçirmiş olacaqlar.

Ey türk əsgəri! Əgər sən bu şəhəri almasan İslam gəlinlərinin duvaqlarını kafirlər yırtacaq, mübarək İslam qanları vəhşi işgəncələr uğruna axacaqdır. Sənin zəfərin üçün duaya qalxan əlləri zalimlər kəsəcəkdir.

Fəqət sən, ey türk əsgəri, ingilislərin gücünü kəndi qüdrətinlə Çanaqqalada qırdın. Ən böyük hərb gəmilərinin böyük güllələrinə aylarca sinə gərdin. Kütülamarədə min dörd yüz ingilis əsgərini əsir aldın. Qarşımızdakı düşməni  rusları, erməniləri Azərbaycandan, Qarsdan bəri önünə qataraq ta bu şəhərə qədər sürüdün. Türk adını şərəfləndirən Çanaqqala, Kütülamarə, Qalisiya və  Rumıniyadan sonra Qafqaz gələcək və Bakı şəhəri də igidlik tacının bir alması olacaqdır. Al Bakını! Vətəninə bir altun ərməğan apar!”

1918-ci il 15 sentyabr günü Qafqaz İslam Ordusu komandanı Nuru Paşa şəhəri zəbt etmək  əmrini verdi. 15 sentyabr sabahı güclü topçu atəşilə  birlikdə irəliləyən türk ordusu qurd qapısından şəhərə daxil oldu. Gəmilərlə qaçmaq istəyən düşmən əsgərləri topçu batareyalarla  atəş altına alındı. Şəhəri yanğınlar bürümüşdü. Mazot tankları düşmən  tərəfindən yandırılırdı. Türk əsgərlərinin müdaxiləsi ilə yanğınlar söndürüldü. Ordunun bir qismi Ermənikəndin güneyindən başlayan hücumla Bakının “Çornıy qorod” deyilən qərb qismi zəbt etdi.

Türk ordusunun 15-ci tümənin 38-ci Binəqədi alayı hələ 14 sentyabrda saat 15-də  Binəqədi təpələrini ələ keçirmişdi və 15 sentyabrda isə artıq  hücum bu istiqamətdə  davam edirdi. Alayın  şiddətli və qızğın döyüşdə az bir qüvvəylə (düşmənin atəş üstünlüyü türklərdən qat-qat üstün idi) kiçik çaplı toplarla düşməni darmadağın edərək qazandığı qələbə bir qəhrəmanlıq dastanı idi.  Bakının Şimal cəbhəsinin şərq tərəfində döyüşən ordu hissələri Sabunçu ərazilərini ələ keçirərək  Əhmədli istiqamətindən şəhərin mərkəzinə doğru irəliləyirdi.

Nəhayət, düşmən ordusu müqavimət göstərməyi davam edərsə tamamən məhv olacaqlarını dərk edərək hər iki cəbhədə, (5-ci Qafqaz tümən komandanlığı cəbhəsində saat 10:30-da; 15-ci piyadə tüməni cəbhəsində isə saat 16:00) radələrində atəşkəs elan etdilər və təslim olmaq istədiklərini bildirdilər. Türklərin Bakı zəfəri tamamlandı. Qafqaz İslam ordusunun Azərbaycana gəldiyindən  bəri şəhidlərin sayı 30 zabit, 1130 əsgərdir.

Türk ordusu Bakıya gəldiyi 15 sentyabr günü şəhər xalqı tarixinin ən həyəcanlı, xoşbəxt və unudulmaz günlərini yaşadı. Xalq erməni-daşnakların və bolşeviklərin zülmündən  qurtulmuş, rusların yüz illik əsarətindən xilas olmuşdu.

Ənvər Paşa türk ordusunun Bakı zəfərinin xəbərini alınca Nuru Paşaya ayrı-ayrı iki teleqraf çəkmişdi: “Bakı ruslara veriləcək, nefti almanlar alacaqdı. Nədən Bakıya hücum etdiniz? Nədən bu barədə Baş komandanlığa xəbər vermədiniz? Sizin yeriniz Karstır. Bakıda nə işiniz var? Dərhal Karsa dönün…”

Bu əmr hərbi nazirliyin  teleqrafxanasından çəkilmişdir. Aradan 3 saat keçməmiş Ənvər Paşa evindəki teleqrafxanadan Bakıya  ikinci bir teleqraf göndərir. “Böyük Turan imperatorluğunun Xəzər sahilindəki zəngin bir konak yeri olan Bakı şəhərinin zəfər xəbərini eşidincə dünyalar mənim oldu. Türk və İslam tarixi sizin bu xidmətinizi hər zaman  yad edəcəkdir. Qazilərimizin gözlərindən öpər, şəhidlərimizə Allahdan rəhmət dilərim. Fatihalar ithaf edərim”.

Birinci şifrə Alman imperatorluğunun  müttəfiqi olan Osmanlı imperatorluğunun  Baş komandanı Ənvər Paşa tərəfindən; ikinci şifrə də  Ənvər Paşanındır. Gəncədə keçici olaraq  bulunan Fətəli  xan Xoyskinin  rəhbərliyindəki “Milli Azərbaycan hökuməti” 20 sentyabr 1918-ci ildə Bakıya nəql edildi. Təqdiri ilahi olaraq ingilislər Bakıya “təşrif”  etdikləri zaman (Sentrokaspi diktaturasının təkidiylə) həbs etdikləri bolşevik liderlərini   “Türkmən” adlı bir gəmiyə mindirib Həştərxana yola salındı. Yolda gəminin kapitanı Həştərxana deyil, əsirləri ingilis işğalında olan Türkmənistanın  Krasnovodsk liman şəhərində ruslara təslim etdilər.

Türklərin Bakı zəfərindən sonra Nuru Paşanın  ünvanına çeşidli yerlərdən teleqraflar gəlməyə başlandı. İstanbulda Osmanlı hökuməti ilə danışıqlar aparan Məhəmməd Əmin Rəsulzadə 17 və 25 sentyabr tarixlərində Nuru Paşaya çəkdiyi teleqrafda belə yazırdı: “Qafqaz ordusu komandanı Nuru Paşa  həzrətlərinə: Bakımızı bolşevizmin zülmətindən qurtardığınızdan dolayı zati alilərini təbrik edirik, Turanın qapısını açmaq uğruna canını fəda edən şəhidlərin böyük ruhu qarşısında baş əyirik..! Yaşasın Mücahidin-i İslam”.

Qoca Şərqdə ilk dəfə yaranan Azərbaycan Demkratik Respublikasının  Baş naziri Fətəli xan Xoyski 18 sentyabr 1918-ci ildə çəkdiyi teleqrafda öz minnətdarlığını və təbriklərini bu sözlərlə ifadə etmişdir: “Qafqaz İslam ordusu komandanı səadətli Nuru Paşa həzrətlərinə: Komandanı olduğunuz cəsur türk əsgərlərimizlə Azərbaycanın paytaxtı Bakının düşməndən azad etməsi  münasibətiylə millətim, zati hamiyyət pərvarənələrinizə və dünyanın ən cəsur və soylu əsgəri olan türk oğullarına  cani könüldən minnətdar olduğumu ərz etməklə iftixar edərim…”

Bakıda rus, erməni, ingilis ordularını darmadağın edən rəşadətli türk əsgərinin  qəhrəmanlığı türk mediasında böyük qürur  və iftixarla qarşılanmışdır. İstanbulda çıxan “Tan” qəzetinin 21 sentyabr 1918-ci il tarixli xəbərində türk İslam ordusunun  Bakı zəfəri belə  dəyələndirilmişdir: “Bakının fəthi xəbəri Qafqaz İslam əhalisində xilafət mərkəzinə (yəni İstanbula) şükran və başarı duaları etdikləri Bakı  zəfərini gerçəkləşdirən  türk birliklərinin  göstərdikləri fədakarlığı türk dünyasında şükür, sevinc və minnətlə karşılandığı, o cümlədən Nuru Paşanın komandasındakı türk əsgərinin  ingilislərlə köküs-köküsə saatlarla sürən  ölüm-qalım döyüşləri ilə  Bakı qurtarılmışdır”.

İstanbulda nəşr olunan “Sabah” qəzetinin  17 sentyabr tarixli xəbəri isə belədir: “36 saat sürən şiddətli döyüşlərdən sonra  Bakı zəbt edilmiş, bütün Petrol kaynakları sağ-salamatla ələ keçirilmişdir”. Həmin qəzetin 24 sentyabr tarixli xəbərində Türk İslam ordusunun  Bakı zəfərinə  sovet və ingilis mediasında çıxan xəbərlərə yer verilərək Bakının əllərindən çıxdıqları üçün bütün xain, qəsbkar planları alt-üst olduqları qeyd edilirdi. Türk İslam aləmi Bakı zəfərini  toy-bayram kimi  kutlarkən, Avropa mediası bu hürriyyət zəfərini yalan və iftira fırtınaları ilə qarşıladı. Avropada yalan yarışı tüğyan edirdi…

Həqiqət isə onların yazdıqlarının  tam tərsi idi! Şərq orduları qrup komandanı  Xəlil  Paşa xatirələrində – Türk ordusu Bakıya girəndə aylardan bəri  Azərbaycan türklərinin  məruz qaldıqları erməni vəhşətini gördükdə biz  dəhşətə gəldik  və göz yaşlarına hakim ola bilmədik, – deyə yazırdı… “Şəhərin hər məhəlləsində ermənilər Azərbaycan  türklərinin  meyitlərindən “cəsət qalaları” qurmuşdular. Küçücük azəri yavrularından qala bürcləri yapmışlardı…” Bu dəhşətli mənzərəni ömrüm boyunca unutmadım…”.

İstanbulda isə Dolmabağça sarayında  Osmanlı Dövlətinin hərbi naziri  Ənvər Paşa Azərbaycan heyətini Məhəmməd Əmin Rəsulzadə, Xəlil bəy Xasməmmədov və Aslan Səfikürdü Sultan VI Mehmet Vəhdəddinin hüzuruna çıxardı.

Türk sultanı Azərbaycan heyətini öz övladları kimi  bağrına basdı. Görüşün sonunda Məhəmməd Əmin Rəsulzadə: Azərbaycanı yüz illik  rus əsarətindən qurtaran Türkiyə,  Azərbaycanın  istiqlaliyyətini və hürriyyətini qorumaqla da Azərbaycanın  arxalandığı yeganə qardaş Türkiyədir, – deyə Sultan VI Mehmet Vəhdəddinə xitab edərkən  Türkiyə Sultanı demişdi:

—Qardaş Azərbaycan türklərinin istiqlaliyyətini eşitdiyim dəqiqələr ömrümün ən xoşbəxt dəqiqələridir. Əsarətdən xilas olmuş Azərbaycan türklərinin  istiqlaliyyətini və hürriyyətini qorumaq  və təmin etmək mənim dövlətimin ən müqəddəs  vəzifəsini təşkil edəcəkdir.

Oqtay ALTUNBAY,

“Respublika”.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın