Çərşənbə , Mart 20 2019
azfa

1918-ci ildə Cənubi Azərbaycanda soyqırım törədən erməni-aysor dəstələrinin kürdlərlə birləşmə cəhdləri və onun nəticələri

GADTB: Ermənilər 1918-ci ildə türklərin yaşadığı Osmanlı dövlətinin şərq hissəsi və tarixi Azərbaycan (Cənubi və Şimali Azərbaycan) ərazisində yüz minlərlə türkü soyqırıma məruz qoyublar. Bunda məqsəd isə Xəzər dənizi sahillərindən Cənubi və Şimali Azərbaycan ərazisinin böyük hissəsini, eləcə də Şərqi Anadolunu əhatə etməklə Qara dəniz və Aralıq dənizləri sahillərinədək uzanan böyük bir ərazidə ermənilərə dənizdən dənizə “Böyük Ermənistan” yaratmaq idi. Lakin bu ərazilər Azərbaycan və Türkiyə ərazisi olduğu üçün burada yaşayan əhalinin böyük əksəriyyəti də türklərdən ibarət idi. Bu ərazinin yalnız çox az hissəsində ermənilər zaman-zaman dağınıq halda köçüb yaşayırdı və heç bir şəhər və bölgədə onlar çoxluq təşkil etmirdilər. Ona görə də burada yaşayan azərbaycanlılar və türkləri qırmaq və nəticədə demoqrafik dəyişikliyə nail olmaqla ermənilərə dövlət qurmağa real şərait yaratmağa çalışdılar. Bunun nəticəsində isə Şərqi Anadolu və Azərbaycan ərazilərində türk-müsəlman əhaliyə qarşı soyqırım törədildi.

Ermənilər soyqırım törətmə planlarının icrası istiqamətində Qərb və Rusiyanın yardımı ilə aysorlarla birlikdə birləşmiş erməni-aysor silahlı dəstələrini yaradandan sonra kürdləri də özlərinə birləşdirməyi qarşıya məqsəd qoydular. Lakin kürd dəstələri onlara birləşməsələr də, həmin kürdlərinin başçısı İsmayıl ağa Simitqo azərbaycanlıların soyqırımında mənfi rol oynamışdır. O özünün törətdiyi qətl və qarətdən əlavə birləşmiş erməni-aysor silahlı dəstəsinin başçılarından biri olan B.Marşimonu 1918-ci ilin mart ayında öldürməklə Azərbaycan türklərinin xristianlar tərəfindən qisas məqsədilə qətliam edilməsinə səbəb olmuşdur.

Ümumiyyətlə İ.Simitqo  XX əsrin birinci yarısında Güney Azərbaycanın qərb bölgəsində baş verən faciədə əsas simalardan biri olmuşdur. İ.Simitqo və onun ətrafında birləşən kürd dəstələri xarici qüvvələrə arxalanaraq Güney Azərbaycanın qərb bölgəsində sabitliyin pozulmasında mühüm rol oynamışlar. Çar Rusiyası Cənubi Azərbaycana daxil olandan sonra İ.Simitqo onlarla əlaqə qurmuşdur.  (1, s. 585)

Osmanlı dövləti I Dünya müharibəsinin ilk illərində müsəlmanların dini hisslərini coşdurmaq məqsədilə cihad elan etdi. Bu cihadın təsiri altına düşən kürdlər və onların başçıları Osmanlıların tərəfinə keçsə də,  Osmanlı qoşunundan əvvəl Güney Azərbaycan ərazisini işğal etdilər. Onlar 1914-cü ildə oktyabr ayının sonunda Osmanlı qoşunu gəlməmişdən öncə Güney Azərbaycanda, xüsusilə Güney Azərbaycanın qərb bölgəsində qətl və qarətlər törətdilər (2, s. 73). Kürd tayfa başçılarının bəzisi Osmanlıların xeyrinə, bəzisi isə rusların xeyrinə döyüşürdülər. Nəticədə isə Güney Azərbaycanın qərb bölgəsində günahsız azərbaycanlılar qətlə yetirildi və  əmlakları qarət edildi.

Çar Rusiyasının qoşunlarının  Güney Azərbaycanın qərb bölgəsində erməni və aysorların döyüşə hazırlanmasında böyük rolu var idi. Onlar buna qarşı çıxan azərbaycanlıları və ümumiyyətlə “şübhələndikləri hər kəsi yaxalayıb İrəvan və Tiflis zindanlarına göndərirdilər. Hətta özlərinin bəzi tərəfdarlarını, o cümlədən Hacı Həsən Tacirbaşı, Qulaməlixan Ağasını və İ.Simitqonu da yaxalayıb Tiflisə aparmışdılar. Lakin Simitqonun varlığı Rusiyasının gələcək planları üçün faydalı olduğu müəyyənləşdirildi və onu sərbəst buraxaraq, hətta aylıq məvacib də müəyyənləşirdilər”  (3, s. 454).

Rusiyanın I Dünya müharibəsi illərində Urmiyadakı konsulu B.Nikitin özünün xatirələrində kürd başçılarını verdiyi söz və içdiyi anda vəfalı qalmayan əxlaqsız şəxslər kimi xarakterizə edir. Həmçinin çar Rusiyasının Xoy şəhərindəki konsulunun təqdimatı ilə İ.Simitqoya çoxlu hədiyyə və nişanların verildiyini qeyd edir (4, s. 229-230).

İ.Simitqo bütün mənfi rolları ilə yanaşı erməni və aysorları müdafiə edən rusların əlində alətə çevrilib və rus işğalına qarşı mübarizə aparan azərbaycanlıların tutulub dara çəkilməsində yaxından rol oynayıb. Belə ki, Osmanlı qoşunu tərəfinə keçib, çar Rusiyasına qarşı döyüşən və döyüşdüklərinə görə ruslar tərəfindən dara çəkilən Qoçəli və Şirəlixanın qardaşı Bəxşəlixan Yekani də İ.Simitqonun vasitəsilə tutularaq ruslara satılır. Hadisə belə baş verir ki, Bəxşəlixan Yekani osmanlılar geri çəkiləndən sonra Güney Azərbaycanda qalır və bir gün İ.Simitqonun evinə qonaq gedir. İ.Simitqo onu yaxşı qarşılayır, lakin gecə yataqda onu yaxalayaraq ruslara xoş gəlmək məqsədilə, Xoya aparıb çar Rusiyasının qoşununa təhvil verir. Ruslar isə onu Xoy şəhərinin meydanında dara çəkirlər (3, s. 455).

Çar Rusiyasının qoşunu oktyabr çevrilişindən sonra Güney Azərbaycanı tərk edəndə isə erməni və aysorlarla yanaşı kürdlər də çox sayda silah ələ keçirdilər (1, s. 487). Oktyabr çevrilişindən sonra çar Rusiyasının qoşununun Güney Azərbaycandan çıxması regionda birləşmiş erməni-aysor silahlı dəstələrinin yaradılmasını sürətləndirdi. Əslində hələ illər öncədən erməni və aysorlardan ibarət xristian ordusunun yaradılması planlaşdırılırdı. Ruslar İ.Simitqo ilə yanaşı, aysorların başçısı və ermənilərlə də danışıqlar aparırdılar. “2 yanvar 1916-cı ildə  Marşimon 1915-ci ilin yayından idarəsinə çevirdiyi Salmasdakı iqamətgahında Tiflisdə rus komandanı olan Nikolay Qrandovdan Rusiya nümayəndələri ilə görüşmək üçün dəvət aldı. Marşi­mon bu təklifi qəbul edərək bir dəstə yoldaşı və tərcüməçi ilə birgə Culfa yolu ilə Tiflisə getdi. Bu səfər zamanı ruslar aysorlardan ibarət bir briqada yaratmağı təklif etdilər. Ruslar iki il qabaq kürdlərə də eyni təklifi etmiş­dilər. Onlar Xoy və Salmasda qoşunlarını möhkəmlətmək istəyirdilər. Bunu özlərinin yaratdıqları «erməni və aysor» birliyinin köməyi ilə yerinə yetirmək istəyirdilər.

Marşimon bu təklifi qəbul etdi. Qərara alındı ki, lazım olan silah-sursat Qafqaz dəmir yolu vasitəsilə Tiflisdən Təbrizə və Vana  göndə­rilsin.” (5, s. 84)

Digər tərəfdən isə “İngiltərə və Fransa çar Rusiyasında qeyri-sabitliyi hiss edib, qərara gəlmişdilər ki, İran və Qafqaz ermənilərindən, eləcə də aysorlardan ibarət qoşun yaradıb, İngiltərə və Fransanın əlaltıları vasitəsilə idarə etsinlər. Onun üçün aysorların dini başçısı B.Marşimon və ermənilərin başçıları ilə danışığa başladılar. Bununla bağlı ingilis və fransız zabitləri Culfa yolundan daxil olub Urmiyaya getdilər. ABŞ da həmin dövrdə onlarla əlbir fəaliyyət göstərirdi. Urmiyada məktəb, xəstəxana və s. mərkəzlər açan ABŞ missionerləri illər öncədən bölgəylə tanış idilər və İngiltətrə, eləcə də Fransa ilə əlbir idilər.” (2, s. 73)

Rusiya və Qərb dövlətlərinin Qərbi Azərbaycandakı nümayəndələrinə göstərişlə erməni-aysor silahlı dəstələrin yaradılması tapşırıldı. Xristian qoşunu yaradılandan sonra kürdlərin də bu qoşuna qatılması planlaşdırıldı. Çünki, yerli Azərbaycan türkləri əhalinin böyük əksəriyyətini təşkil edirdi və az sayda xristianın bu bölgədə dövlət qurması real görünmürdü. Məhz buna görə, azərbaycanlıların sayını soyqırımı yolu ilə azaldıb və öz xeyirlərinə demoqrafik dəyişikliyə nail olmaq qarşıya məqsəd qoyuldu.

Azərbaycanın qərbində – Urmiyada erməni-aysor silahlı dəstələrin təşkilindən sonra 1918-ci il yanvar ayının 25-dən 28-dək polkovnik Çardiqni köçəri kürdlərin başçıları və Erməni Komitəsinin başçısı Aharuyan arasında görüşlər keçirildi, birləşmə və əməkdaşlıq üçün anlaşma əldə edildi. (6, s. 339)

Hələ İ.Simitkonun həmin xristian qoşununa daxil etmədən erməni və aysorlar Urmiya şəhərini tutmaq üçün şəhərdə qətliama başladılar. 1918-ci il fevral ayının 22-25 günlərində yəni 3 gün müddətinə on minlərlə əhalini qətliam edi  (7, s. 23), Urmiyada azərbaycanlıları təslim olmağa vadar edə bildilər. Şəhər əhalisi təslim olandan sonra azərbaycanlıların “silahlarının 48 saat müddətinə yığılması və dərhal təhvil verilməsi” (8, s. 183) bəndi barışıq planına salındı və icra edildi.

Güney Azərbaycanın qərb bölgəsinin böyük bir ərazi olması və əhalinin böyük əksəriyyətinin Azərbaycan türklərindən ibarət olması xristian dövlətlərini düşündürürdü. Onlar erməni və aysorlardan ibarət xristian ordusunun bütün bölgəni işğal edib xristian dövləti yarada biləcəyinə şübhə ilə yanaşırdılar. Ona görə də regionda kürdlərin başçısı İ.Simitqo ilə danışığa girdilər. Digər tərəfdən də təcrübə göstərmişdi ki, Azərbaycanın qərb bölgəsinə köçüb əsasən də köçəri həyat tərzi keçirən kürdlər rahatlıqla xarici qüvvələrin fitnəkarlığına alət olmağa hazırdırlar. Elə həmin məqsədlə Simitqonun başçılığında regionda kürd qruplaşmasının aysor-ermənilərə birləşməsi üçün qərar verildi.

Eyni zamanda “1918-ci ilin yanvar ayında kapitan Qrasi ermənilərin təhlükəsizliyini təmin etmək və buradakı işlərə nəzarət etmək üçün Urmiyaya gəldi və o, burada toplantı təşkil etdi. O, buraya general Ofley Sorenin əmri ilə gəlmişdi.” (5, s. 96)

«Qrasi o cümlədən İsmayıl Simitqonun da yanına gedib onun aysor qoşunu ilə birləşməsini istədi. Marşimon buna qarşı idi. Lakin ingilislərin xətrinə bu fikri qəbul etdi və beləliklə Simitqo aysorların müttəfiqi oldu» (5, s. 96). Əslində İ.Smitqo kimi ciloların müttəfiqi olan bir şəxslə görüşüb birləşmək adi məsələ kimi görünürdü. Lakin aysorların digər başçıları B.Marşimonun gedib İ.Simitqo ilə birləşməsinə qarşı çıxdılar. Ona görə də, İ.Smitqonun görüşə dəvət edilməsi məsələsinin müzakirə edilməsi üçün Aysor Mərkəzi Şurasının (Muttva) iclası da keçirildi və aysor başçıların kürdlərlə birləşmə məsələsinə görə xəbərdarlığına baxmayaraq, B.Marşimona məhz rusların və ingilislərin mənafeyi üçün kürdlərlə birləşməyə müsbət cavab verdi. (6, s. 354)

Bunun üçün aysorların başçısı və erməni-aysor silahlı birləşməsinin komandanlarından olan B.Marşimon “Urmiya kimi böyük şəhəri rahatlıqla nəzarət altına aldıqdan sonra bir qrup aysorla birlikdə Salmasa doğru hərəkət etdi. O Salmasda İ.Simitqo ilə görüşüb, onu da xristianlara tərəf çəkmək istəyirdi. B.Marşimon eyni zamanda həmin əraziləri də tutmağı planlaşdırırdı. Ona görə də, özləri ilə top, minik və piyada qoşun birləşmələri apardı”. (2, s. 76)

B.Marşimonun Salmasa daxil olmasından sonra İranın Naxçıvandakı konsulu Vüsuqəlməmalik Mərəndi Urmiya məsələsini müzakirə etmək məqsədilə Təbrizdən gəlib Marşimonla görüşmək üçün 15 mart 1918-ci ildə 6 nəfər İran kazakı ilə Dilməqana daxil oldu.

Marşimon öz qardaşı Davudu onu qarşılamaq üçün göndərdi. 1918-ci il mart ayının 15-də Marşimon Vüsuqəlməmaliki görmək üçün Dilməqana gəldi və hökumət binasında onunla görüşdü. (9, s. 595)

B.Marşimon 1918-ci il mart ayının 14-də İ.Simitqoya görüşmə niyyətini çatdırdı. Ona görə də “İsmayılağa Simitqo Marşimonun dəvətini qəbul edib görüş üçün Köhnəşəhrə gəlməsini istədi”. (10, s. 365) Bununla bağlı 1918-ci mart ayının 16-da B.Marşimon İ.Simitqodan məktub da aldı. Həmçinin İsmayılağa Simitqo Vüsuqəlməmalikin gəlməsindən də xəbərdar olmuşdu və təsəvvür edirdi ki, dövlət (İran dövləti – H.S.) bu tezlikdə Marşimon məsələsi ilə məşğul olmayacaq. Vüsuqəlməmalikin gəlməsi və Marşimonla görüşü İsmayılağa Simitqonu cəsarətləndirmişdi. (9, s. 596)

Güney Azərbaycanın qərb bölgəsində yaranmış qarışıq vəziyyətdə həm erməni və aysorlar, həm də kürdlərin başçısı İ.Simitqo özlərinə dövlət qurmaq istəyirdilər. İ.Smitqo B.Marşimonun da belə bir niyyətinin olmasını və əslində kürdlərin yalnız gücündən öz məqsədləri üçün istifadə etmək istəyini anlayır. Ona görə də, B.Marşimonu ortadan qaldırmaqla özünü rəqibsiz görmək istəyirdi. Məhz buna görə, B.Marşimonu görüşə dəvət edib və öldürməyi planlaşdırdı.

Vədələşməyə uyğun olaraq 1918-ci il martın 16-da axşam vaxtı B.Marşimon təntənə ilə yola düşüb faytonuna oturdu. Eyni formalı geyim və silahlarla onu əhatə edən 140 atlı aysor döyüşçüsü ilə Köhnəşəhrə tərəf getdilər. Marşimon faytondan düşüb içəri girdi. Atlılar da atdan düşüb, atın noxtasnı tutub durdular. O tərəfdən isə İ.Simitqo özünün seçilmiş atlıları ilə gəldi. Lakin tapşırmışdı ki, arxadan bir dəstə qoşunu da gəlsin.  (11, s. 301)

Hər ikisi də oturdular və Marşimon danışmağa başladı. Simitqonun dediyinə görə, Marşimon ona deyib ki, “Hazırda Kürdüstan adlanan bu ərazi bizim vətənimiz olub. Lakin din fərqi bizi bir-birimizdən ayırıb və bu günə salıb. İndi isə birləşib bu yurdu ələ keçirməli və birlikdə yaşamalıyıq. Marşimon deyib ki, biz qoşun səfərbər etmişik, lakin Təbrizə doğru hərəkət edib, oranı tutmağımız üçün minik dəstələrimiz yoxdur!”. (2, s. 77)

“Bu vaxt Şəkkak minikləri yoldan yetişib damlarda yerləşdilər. Marşimon sözlərini sona çatdırandan sonra Simitqo ona birləşməyə söz verdi. Marşimon qalxdı çıxsın və Simitqo onu gülərüz şəkildə yola saldı. Oturduqları otağın pəncərəsi həyətin qapısına baxırdı. Marşimonun faytonu isə qapının ağzında saxlanılmışdı. Marşimon faytonuna minəndə Simotqo tüfənglə onu vurdu. Güllə Marşimonun kürəyindən dəydi və o yerə yıxıldı. Həmin an damlarda dayanan şəkkak atlıları atəş açmağa başladılar. Atlarının yanında dayanan aysor döyüşçülərinin əksərinə güllə dəydi və çox az döyüşçü salamat qaldı. İ.Simitqonun açdığı atəş nəticəsində Marşimon yaralanmışdı. Simitqonun qardaşı Əliağa atəş açaraq onu öldürdü”. (2, s. 78)

Zahirən İ.Simitqo müsəlmanların düşmənini öldürsə də, ancaq onu kürdlərin yox, məhz Azərbaycan türklərinin yaşadığı əraziyə çəkib qətlə yetirməsi və dərhal qoşunu ilə qaçması qabaqcadan düşünülmüş hərəkət idi. O ən azından “əgər bu hadisələrdən sonra onların (xristianların – H.S.) təşkilatının yerləşdiyi Xusrovabada gedib B.Marşimongilin silah-sursatını tutsaydı, bəlkə onların gücü zəiflərdi və daha az günahsız əhali qətliam edilərdi. (9, s. 598) Beləliklə əslində həmin düşünülmüş hərəkət nəticəsində “xristianların əli kürdlərə çatmadığına görə bunun acığını Urmiya müsəlmanlarından almaq qərarına gəlmişdilər.” (12, s. 55)

“Həmin gün axşam İsmayılağa Simitqo Çehriqdə öz evinə qayıtdı. Digər tərəfdən isə aysorlar dini liderlərinin ölümündən hiddətlənib və Köhnəşəhərdən bir nəfər erməninin məsləhəti və yol göstərməsi ilə şəhərə daxil olub və Marşimonun ölüsünü tapdılar. Qarşılarına çıxan əhalini də öldürüb və yanğın törədib gecə ilə şəhərdən çıxdılar”. (2, s. 79)

Məhz İ.Smitqodan qisas almaq üçün Urmiyadan başqa azərbaycanlıların yaşadığı Köhnəşəhər və Salmas xristian qoşununun hücumuna məruz qaldı. Belə ki, Marşimonun qətlinin sabahısı gün aysorlar “silahlı şəkildə şəhərə hücuma keçdilər. Köhnəşəhər əhalisi özlərini müdafiə etməyə başladılar. Lakin aysorlar şəhərin bir hissəsinə nüfuz edib və bir qrup əhalini öldürdülər. 1918-ci il mart ayının 20-də aysorlar yenidən həmin şəhərə hücuma keçdilər və şəhəri ciddi şəkildə təzyiq altında saxladılar. Heç yerdən yardım yetişmədiyi üçün çarəsiz qalan əhalinin əksəri övladları və ailəsini götürüb Dilməqan və Xoy şəhərlərinə qaçmağa məcbur oldular. Qalanlar isə aysorların əlinə keçib güllələndilər. Minlərlə günahsız qadın, uşaq və kişi qətlə yetirildi”. (2, s. 79)

1918-ci il mart ayının 19-da ilaxır çərşənbə axşamı Marşimonun qətl xəbəri Urmiyaya çatdı. Xristianlara təslim olub və onların işğalına keçdiyinə görə nisbətən sakit buraxılan şəhərə İ.Simitqonun B.Marşimonun öldürməsinin acığını çıxmaq üçün xristian silahlıları axışdılar. Əhali isə hər şeydən xəbərsiz ilaxır çərşənbə axşamı mərasimlərini həyata keçirməyə başlamışdılar. Xristianlara təslim olmuş, silahlarını təhvil vermiş günahsız əhali qətliama məruz qaldı. Səhər açılandan şəhərdə kütləvi qətliam daha da kəskinləşdi və xristianlar evlərə hücum edib uşaq, böyük, yaşlı, qadın, kişi fərq qoymadan gördükləri hər kəsi güllələdilər. (13, s. 514-515)

Erməni və aysorlardan ibarət xristian qoşununu təşkilatlandıran və azərbaycanlıların soyqırımında əsas rol oynayan şəxslərin biri olan çar Rusiyasının Urmiyadakı konsulu B.Nukitin Marşimonun İ.Simitqo tərəfindən öldürülməsindən sonra aysorlar bu bölgədə (Urmiya və ətraf qəsəbə və kəndlər –m.) qaçıb canını qurtara bilməyən bütün sakinləri əqtl və qarət etdiyini, o cümlədən böyük kənd olan Əsəgərabadın hasarı olduğu üçün ətraf ərazilərin müsəlmanlarının (Azərbaycan türkləri – m.) həmin qalaya sığındığını və oranın əhalisinin xristianlar tərəfindən tamamilə qətliam edildiyini yazır. (4, s. 312-313)

İlaxır çərşənbədə Urmiyada İ.Simitqonun Marşimonu qətlə yetirməsi üzündən 10-15 min azərbaycanlı qətliam edildi. Hadisələrə canlı şahid olan Qulamxan Hişmət həmin qətliamda Urmiyada 10-12 min nəfərin qətliam edildiyini qeyd edib. (14, s. 63) Azərbaycanlıların həmin gün tələfatının sayını bəzi mənbələr 10 min göstərib, digər mənbələr isə “Urmiyada qətlə yetirilən azərbaycanlıların sayını 15 min (3, s. 470)” göstərməkdədir.

Xristianların İ.Simitqodan qisas məqsədilə qətliam törətdiyi şəhərlərdən biri də Dilməqandır. Xristian qoşunu 1918-ci il mart ayının 20-də Dilməqana hücuma keçdi. Şəhəri 2000-ə yaxın Xoy və Ənzabdan gəlmiş təcrübəsiz silahlı mühafizə etməyə çalışdı. Lakin onlar xristianların qoşununun çoxsaylı və yaxşı təchiz edildiyi üçün axşam məğlub oldular. Şəhərin əhalisinin üçdə biri canını götürüb qaça bildi. Əhalinin əksəri çarəsizlikdən qapılarını bağlayıb qətliam edilmələrini gözlədilər. Xristianlardan xüsusilə cilo adlanan aysorlar qətlə yetirilən liderlərinin cənazəsini gözləri ilə gördükləri üçün şəhərə daxil olan kimi xüsusi qəddarlıqla müdafiəsiz əhalini qətliam edirdilər. Qətlə yetirilən bəzilərinin bədən üzvlərini kəsirdilər. Dilməqandan və ətraf ərazilərdən 40 min nəfəri əsir götürüb, cənazələrin üzərindən keçirməklə bir həftə Nəftvan və Qalada ac saxladıqdan sonra ac-yalavac səhralığa buraxdılar. Çoxu Nəftvan xarabalıqlarında aclıqdan və soyuqdan öldü. Diri qalanlar qürbət diyara – Güney mahalına doğru irəlilədilər. Lakin çöldə ayaqyalın və çarəsiz hərəkət edən həmin azərbaycanlıları isə kürdlər hücuma keçib geyimlərini soyundurub talamaqla qətliam etdilər. (15, s. 349)

Azərbaycan xalqının başına gətirilən dəhşətli soyqırımdan sonra Osmanlı qoşununun Azərbaycana daxil olması ilə nisbi sakitlik yarandı. Bir sıra xarici missionerlər də qayıtdı və yenə öz zərərli fəaliyyətlərinə davam etdilər. Lakin bu dəfə azərbaycanlıların soyqırımına bəhanə yaradan İ.Simitqo əhalinin əsas probleminə çevrildi. “1919-cu ilin yanvarından 1922-ci ilin avqust ayına qədər təxminən 3.5 il müddətinə Cənubi Azərbaycanın qərb hissəsində İ.Simitqonun əhalini qətl və qarət etməsi davam etdi” (3, s. 491).

Beləliklə,  kürd silahlı birləşmələrinin başçısı İ.Simitqo həm özü bədnam dəstələri ilə Güney Azərbaycanın qərb hissəsinin əhalisini qətl-qarət edib, həm də bölgədə oynadığı mənfi rolla Azərbaycan türklərinin digər silahlı birləşmələr tərəfindən soyqırıma məruz qalmasına bəhanə yaratmış olub.

İstifadə edilmiş ədəbiyyat siyahısı:

Doktor Həsən Səfəri

Həmçinin yoxlayın

Azərbaycanda “Sarı gəlin” abidəsinin layihəsi hazırlandı – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Bakıda “Sarı gəlin”ə abidə qoyulacaq. Türk Ölkələrinin Beynəlxalq …

Azərbaycan folklorunda Novruz adətləri: İlaxır çərşənbə-Torpaq çərşənbəsi

GADTB: Torpaq çərşənbəsi-ilaxır çərşənbələrdən sonuncusu… Torpaq çərşənbəsi Novruzun müjdəçisi olduğu üçün bizə daha əzizdir. Novruz …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir