Şənbə , İyul 20 2019
azfa

Artsax (Arsax) toponimi haqqında yeni yozum

GADTB: Ermənilərin Dağlıq Qarabağı dünya ictimaiyətinə tarixi Erməni torpağı kimi tanıdıb Azərbaycandan qoparmaq üçün həyata keçirdiyi tədbirlərdən biri də, 2016 – cı ilin noyabrında referendum keçirərək, Dağlıq Qarabağ adını Artsax adı ilə əvəz etməsidir. Lakin Artsax adının nə qədim, nə də müasir Erməni dilində heç bir mənası yoxdur. Artsax adını Erməni dilində mənalandıra bilməyən ermənilərin onu Yunan dilində mənalandırmaq cəhdi də uğursuz olmuşdur (Bax: Artsax. Vikipediya). Q. Qeybullayev də, bununla bağlı yazır ki, ,,erməni tarixçiləri çox baş sındırdıqdan sonra yazmışlar ki, Arsak ermənicə deyil” (Qiyasəddin Qeybullayev. Qədim türklər və Ermənistan. Bakı – 1992, s. 94).

Belə olan halda sual meydana çıxır: bu adın Erməni dilində mənası yoxdursa, bəs Artsax hansı dilə məxsus sözdür, etimologiyası nədir və onu əvəz edən ad niyə məhz Qarabağ olmuşdur ?

Artsax adının mənası haqqındakı mövcud yozumlar.

Azərbaycan alimlərinin Artsax adının mənası haqqındakı diqqətəlayiq yozumları aşağıdakılardır:

İqrar Əliyev: ,,… ehtimal edirlər ki, Qarabağın qərb hissəsi Urartu mənbələrində Urtex – Urtexini adlandırılmışdır. Artsax adının Urtexdən əmələ gəlməsi ehtimalı doğrudursa, onda bir sıra erməni müəlliflərinin iddia etdiklərinin əksinə olaraq, Artsax erməni adı deyildir, çünki nə həmin vaxt, nə də xeyli sonralar ermənilər hələ bu ərazidə yaşamırdılar. Güman etməyə əsas vardır ki, Artsax İran mənşəlidir və ,,Dünyanın qərb hissəsi” deməkdir” (İqrar Əliyev. Dağlıq Qarabağ: Tarix. Faktlar. Hadisələr. Bakı – 1989, s. 16).

Q. Qeybullayev: ,,M. Seyidov bu toponimi doğru olaraq Artsax yox, Arsak kimi götürmüş və onun əvvəlində qədim türkcə ər ,,igid”, ,,döyüşçü” durduğunu, bütünlükdə ,,igid sak” mənasınl verdiyini yazmışdır. Lakin bu mülahizə nə qədər ürəyəyatan olsa da, inandırıcı deyil. Ona görə ki, Ermənistanda və Azərbaycanın hər iki hissəsində yaşayan sakların nəyə görə yalnız bir hissəsinin sonradan Artsax adlanan ərazidə yaşayanları ,,ər”, ,,igid” adlandırılmışdır ? Həm də ki, toponimdəki ,,t” səsini atmağa haqqımız yoxdur. Son araşdırmalar göstərir ki, ,,Artsak” adını izah edərkən Balasakan toponimi müqaisəyə cəlb edilməlidir. Balasakan həm Arazdan cənubda, həm şimalda düzən sahənin qədim adıdır. İlk dəfə ııı əsrə aid fars mənbəyindən məlum olan bu toponimin biz türkcə pala ,,düzən”, ,,səhra” və Sak etnonimindən ibarət olduğunu yazmışıq. Əgər bu fikir düzdürsə, onda ,,Artsak” toponimini də qədim türkcə art ,,dağlıq ərazi” sözündən və Sak etnonimindən ibarət olması qəbul edilə bilər və belə nəticəyə gəlmək olar ki, düzən və dağlıq ərazilərdə yaşayan saklar müvafiq olaraq Balasakan ,,düzən sakları” və Artsak ,,dağlıq ərazi sakları” adlanmışdır (Qiyasəddin Qeybullayev. Qədim türklər və … s. 94 – 95).

Q. Qeybullayevin gəldiyi son nəticə: ,,Qədim ermənı mənbələrində Artsax kimi yazılan bu ad türkcə art – ,,dağlıq ərazi”, ,,yüksəklik” sözündən və ,,sak” etnonimindən ibarət olub, ,,Sak yüksəkliyi”, yaxud ,,sak dağlıq ərazisi” mənalarını verir” (Qiyasəddin Qeybullayev. Azərbaycan türklərinin təşəkkülü tarixindən. Bakı – 1994, s. 169).

Mirəli Seyidovun gəldiyi nəticə: Arsax adı burada yaşamış Arsak türk sülaləsinin adı ilə bağlıdır. Ancaq o, həm də, qeyd edir ki, arsakilərin türk olması ehtimalını da sübut etmək lazımdır. Çünki Arsakın mənşəyi haqqında Antik müəlliflərin verdiyi məlumatlar olduqca ziddiyətlidir (Bax: Mirəli Seyidov. Azərbaycan xalqının soykökünü düşünərkən. Bakı – 1989, s. 36 – 47). Belə ki, bu müəlliflərdən Pompey Troq yazır ki, parfiyalıları itaət altına alan Makedoniyalı İskəndər fars əyanlarından Andraqoru onların üzərində satrap təyin etdi. Sonrakı Parfiya çarları da onun nəslindəndir (Pompey Troq. Filippin tarixi. XII. 4, 12). Strabonun verdiyi məlumata görə isə, Arsak, Selevki Kallinikanın təqibindən Parf tayfalarından olan apasiakların ölkəsinə qaçmaqla xilas olmuşdu (Strabon. Coğrafiya. XI. 8, 8). Strabonun verdiyi bu məlumat əsasında isə, Arsakın mənşəyi haqqında hansısa dəqiq nəticəyə gəlmək qətiyyən mümkün deyildir və Fars olması ehtimalı daha güclüdür.

Rəşid Göyüşov: ,,III – IV əsrlərdən etibarən Qarabağın dağlıq hissəsi Arsax adlanır. Bir çox orta əsr erməni tarixçiləri Arsax adı altında ayrıca ölkə, və ya xüsusi hökmdarlıq nəzərdə tutmuşlar. Arsax sözünün etimologiyasına gəlincə, bir çox tədqiqatçılar onun … türk Ağhun tayfalarından birinin adı olduğunu iddia edirlər. Yeri gəlmişkən göstərməliyik ki, ilk orta əsrlərdə Arsaxın bir hissəsində türkdilli Ağhun adlanan tayfa yerləşmişdir” (Rəşid Göyüşov. Qarabağın keçmişinə səyahət. Bakı – 1993, s. 7).

Fəridə Məmmədova: ,,Arsax (erməni müəlliflərində) tarixi vilayəti, Orxistena (antik müəlliflərdə) sağsahil Albaniyasının ən mühüm vilayətlərindən biri olmuş (hazırkı Dağlıq Qarabağın dağlıq hissəsinin və Mil düzünün bir hissəsi), … 12 xırda inzibati vahidə bölünmüşdü. Vilayətin əhalisini qarqarlar, utilər, hunlar, xəzərlər və basillər təşkil edirdi.

Mənbələrdə Arsax ,,möhkəmlənmiş vilayət”, ,,möhkəm ölkə” adı ilə tanınır (Bax: Fəridə Məmmədova. Azərbaycanın (Albaniyanın) siyasi tarixi və tarixi coğrafiyası. Bakı – 1993, s. 94 – 95). Moisey Kalankatuklu da, Arsaxda çoxlu istehkamların olduğunu göstərmişdir (Moisey Kalankatuklu. Albaniya tarixi. Bakı – 1993, s. 51).

F. Məmmədovanın bu monoqrafiyasında təqdim etdiyi xəritələrdə də, Dağlıq Qarabağın e. ə. III – eramızın II əsrlərdəki adı Orxıstena, III əsrdən başlayaraq isə Arsax kimi göstərilmişdir (Bax: Yenə orada. S. 134 – 144, 1 – 6 – cı xəritələr)

Beləliklə, tədqiqatların hazırkı səviyyəsində yazılı mənbələrdəki məlumatlara görə, Dağlıq Qarabağın Artsaxdan (Arsaxdan) əvvəlki adları Urtex və Orxistena, onunla birlikdə işlənmiş adları isə, Ağvan və Qarabağ olmuşdur və heç biri də Erməni dilinə məxsus söz deyildir.

Artsax (Arsax) toponiminin yaranışı ilə bağlı etnos hansıdır: arsakilər sülaləsi, saklar, yoxsa massagetlər ?

Mövcud mülahizələrdən belə bir nəticə çıxır ki, Azərbaycanın alim və tədqiqatçılarının da əksəriyyətinin fikrincə, Artsax (Arsax, Arsak) toponiminin əsasında Parfiya dövlətinin yaradıcısı Arsak (Arşak) sülaləsinin, və ya Sak tayfasının Qarabağda yaşamış hissəsi dayanır. Lakin problemin daha dərindən tədqiqi göstərir ki, yazılı mənbələrdəki məlumatların təhlilinə görə də, e. ə. III minillikdən etibarən bu ərazinin daimi sakinlərinin əsas hissəsi əvvəlcə Kuti, sonra Massaget (Ağ Hun), daha sonra isə Qıpçaq adı daşımış qədim türklər olmuşdur. Bəzi qədim müəlliflər onları Saksin (Sakabənzərlər) də adlandırmışdır. Massagetləri Arsak sülaləsi və ya saklarla eyniləşdirmək tarixi həqiqətə uyğun deyildir. Təsadüfi deyil ki, vaxtilə Herodot da, skiflərin həyat tərzinə oxşar həyat tərzi keçirdiklərinə görə, bəzilərinin massagetləri də Skif (Sak) tayfası hesab etməsinə qarşı çıxmışdı (Herodot. Tarix. I kitab. 201). Üstəlik də, yazmışdı ki, skifləri Asiyadan qovan massagetlər olmuşdur (Bax: Tofiq Əzizbəyli. Skiflər, saklar, massagetlər, talışlar və azərilər. Avrasiya info. Saytı; Tofiq Əzizbəyli. Yeddicildlik ,,Azərbaycan tarixi”nin I cildində Saqarti tayfası haqqında İqrar Əliyevin yazdıqları və tarixi həqiqət. BAO. AZ saytı). Roma tarixçisi Dion Kassinin verdiyi məlumata görə, albanlar da mənşəcə Massaget olmuşdur (Roma tarixi. 69, 15).

Beləliklə, Artsax (Arsax) toponiminin yaranışı ilə bağlı etnos massagetlərdir.

II Kirin massagetlər tərəfindən öldürülməsi haqqında Herodotun verdiyi məlumat.

Qədim yunan tarixçisi Herodotun bu hadisə ilə bağlı verdyyi məlumatlara (Herodot. Tarix. I kitab. 201 – 214) görə, II Kir Babili işğal etdikdən sonra massagetlərin də ölkəsini ələ keçirmək fikrinə düşür və məqsədinə asanlıqla nail olmaq üçün əvvəlcə belə bir hiyləyə əl atır: massagetlərin hökmdarı Tomrisi aldatmaq üçün ona onunla güya evlənmək istədiyi haqqında xəbər göndərir. Massagetlərin mərhum hökmdarının arvadı olmuş Tomris II Kirın gizli qara niyyətini anlayır və təklifini rədd edir. Onda hiylə ilə məqsədinə çata bilməyən II Kir massagetlərlə müharibə etmək üçün Arazın şimalına keçməkdən ötrü çayın üzərində körpülər düzəltməyi əmr edir. Tomris elçi göndərib II Kiri müharibə etməməyə, qayıdıb öz ölkəsinə getməyə çağırır və deyir ki, razılaşmasa əziyyət çəkib körpülər düzəltdirməsin. Əgər bizim torpaqda vuruşmaq istəyirsə, Araz çayından 3 günlük məsafə qədər uzağa çəkilək, çayı rahatca keçsin və belə də olur. Ordusu ilə Arazın o tayına keçən II Kir bir günlük məsafə qədər irəliləyir, sonra Krezin məsləhət etdiyi kimi, burada düşərgə salır. Bu düşərgədə ən zəif döyüşçüləri ilə çoxlu yemək və şərab qoyub, güclü döyüşçüləri ilə bir qədər geri çəkilib gizlənir və baş verənləri izləməyə başlayır. Massaget ordusunun üçdə bir hissəsi hücum edərək II Kirin döyüşçülərini qırır, sonra da onlara məxsus yeməkləri yeyib, şərabları da içərək sərxoş olub yatırlar. Hiyləsinin baş tutduğunu görən II Kir qoşunu ilə geri qayıdıb, yatmış Massaget döyüşçülərinin bir hissəsini öldürür, Tomrisin oğlu Sparqapis başda olmaqla digər hissəsini əsir tutur. Baş verənlərdən xəbər tutan Tomris II Kirə elçi göndərir ki, Sparqapisi azad etsin, Massaget döyüşçülərinin üçdə birini məhv etsə də, sakitcə, sağ – salamat çıxıb öz ölkəsinə getsin, yoxsa onu qanla doyurar. II Kir Tomrisin istəyinə əhəmiyyət vermir. Yuxudan ayılan Sparqapis isə, baş verənlərdə günahkar olduğunu anlayır, qollarının açılmasını xahiş edir və özünü öldürür. Oğlunun ölüm xəbərini eşidən Tomris II Kirin üzərinə hücüm edir. Baş vermiş döyüşdə II Kir məğlub olur və öldürülür. Tomris II Kirin meyidini tapdırıb, başını kəsdirərək qanla dolu tuluğa atdıraraq: ,,Səni qanla doyuraram demişdim, doyunca ic” – deyir (Bax: Herodot. Tarix. I kitab. Klio. 205 – 214). Herodot sonda bu nəticəyə gəlmişdir: ,,Kirin ölümü haqqında çoxlu hekayətlər içərisində bu mənə daha gerçək göründü” (Herodot. Tarix. I kitab. 214).

II Kirin Qarabağda öldürülməsi ehtimalını daha da gücləndirən əlavə faktlar.

Artsax (Arsax) və ona bitişik və yaxın ərazilərdə Aran, Ağvan, Sisakan, Qarabağ, Qaradağ toponimlərinin, Araz və Kür hidronimlərinin də varlığı onların bu və ya digər dərəcədə, e. ə. 530 – cu ildə II Kirin massagetlər tərəfindən öldürülməsi hadisəsi ilə bağlı yarandığı ehtimalını da irəli sürməyə ciddi əsaslar verir. Məncə, onları aşağıdakı kimi yozumlamaq tarixi həqiqətə daha çox uyğundur:

1. Aran – farslar üçün II Kirin başının kəsildiyi ,,Utanc, xəcalət, əskiklik yeri”; Əran- yerli əhali üçün II Kirə tabe olmayıb, onun başını kəsən ,,Ərlərin – igid massagetlərin yurdu”. ,,Ar” – əskiklik, xəcalət; ,,Ər” – igid; ,,-an” – yer, məskən, məkan deməkdir.

2. Sisakan – farslar üçün II Kirin başını kəsdiklərinə görə, qara niyyətli sakların – ,,Qara sakların məskəni” deməkdir. ,,Si” fars dilindəki siyah (qara) sözünün qısaldılmış formasıdır.

3. Si – Sü – Su, həm də, qədim türk dilində ,,Ordu” deməkdir (Bax: Cavad Heyət. Türklərin tarix və mədəniyyətinə bir baxış. Bakı – 1993, s. 52). Bu halda isə, Sisakan yerli əhali üçün , ,,Ən güclü, döyüşkən sakların – massagetlərin məskəni” deməkdir. Bu, həm də, o deməkdir ki, Parfiya hökmdarı Vologez (50 – 76) tərəfindən Albaniyaya (Ağvan ölkəsinə) təyin edilmiş ilk hökmdar – Sisak nəslindən olan Aran (Bax: Moisey Kalankatlı. Albaniya… s. 17) mənşəcə Massaget olmuşdur.

4. Ağvan. M. Kalankatuklu yazır: ,,Aran Araz çayından başlayaraq Hunan qalasına qədər uzanan Alban ölkəsinin düzənliklərini və dağlarını miras olaraq almışdır. Onlar öz ölkələrinə Ağvan (Alban) adını ona görə vermişlər ki, Aranın özünü, yumşaq xasiyyətinə görə, ,,ağu” (,,Mehriban”) deyə çağırırdılar” (Yenə orada. S. 17). M. Çamçyan isə, 1784 – 1786 – cı illərdə yazdığı ,,Erməni tarixi” adlı əsərində Ağvan adınının qədim erməni dilindəki mehriban mənasında olan ,,ağu” sözündən yarandığını və ,,Mehriban insanlar ölkəsi” mənasında olduğunu yazmışdır.

Əslində isə, Ağvan adının Ağuan formasındakı ağu sözü qədim erməni dilinə yox, Türk dilinə məxsus sözdür və Ağuan II Kir burada öldürüldüyünə görə, farslar üçün ,,Ağu (ağı), fəryad, ah – nalə yeri”, ,,Qara məskən” – ,,Qarabağ” deməkdir.

5. Aras (Araz) çayının adını antik müəlliflərdən Peney ,,Araksay” formasında vermiş və ,,parçalamaq” (разорвать) kimi mənalandırmışdır (Стефан Византийский. Описание племен). Bu halda Araz çayının adını massagetlərin sahilində II Kirin başını bədənindən ayırdığı çay kimi yozumlamaq daha doğru olar.

6. Yerli əhali üçün Aras (Araz) ,,İgid massagetlərin çayı” deməkdir. Ər (Ar) ,,igid”; -as, – az ,,dağ gövdəli nəhəng adamlar – massagetlər”.

7. Araz farslar üçün ,,Böyük xəcalət çayı” deməkdir.

8. Herodot II Kirin massagetlərin üzərinə yürüşündən bəhs edərkən, Araz (Aras) çayının mənbəyinin Matien dağlarında (müasir Türkiyə ərazisindədir) olduğunu, şərqə doğru axdığını və Kaspi (Xəzər) dənizinə töküldüyünü yazmışdır (Herodot. Tarix. I kitab, 202; IV kitab, 40).

9. Qədim farslar II Kirin məqbərəsinin olduğu Persepol şəhərindən keçən çayı da Araz adlandırmışdılar (Strabon. Coğrafiya. XV, III, 6) və bu güman ki, II Kirin onun sahilində öldürülməsi hadisəsi ilə bağlıdır.

10. Kür çayı. Əslində çayın adı Kür yox, qədim Türk dilinə məxsus Gur sözüdür və mənası da böyük, coşqun deməkdir. Təsadüfi deyil ki, Kürə Dəli Kür də deyilmişdir. Strabon yazırdı ki, Böyük Kir (Kuruş) öz adını Kür çayının adından götürmüşdür (Strabon. Coğrafiya. XV, III, 6).

Artsax (Arsax) toponiminin yeni yozumu.

Artsax. ,, Art” – 1. Arka, geri. 2. Bir şeyin öbür yüzü (Bax: TÜRK DİL KURUMU. TDK. Gov. Tr.); Art niyyət gizli, pis niyyət deməkdir. – sax saxlanc yeri sözünün qısaldılmış formasıdır. Yəni, Artsax (Arsax) toponimi farslar üçün II Kiri öldürən qara, pis niyyətli massagetlərin gizləndiyi, saxlandığı məkan mənasında olmuşdur. Fars dilində saxteman bina deməkdir. Yerli əhali üçün isə Urtex uca boylu, dağ gövdəli massagetlərin, Orxistena isə II Kirə tabe olmayıb onun başını kəsən igid massagetlərin – Ər sakların gizləndiyi saxlanc yeri mənasında idi.

Yazdıqlarımı şübhə altına almağa cəhd edəcək alim və tədqiqatçılara isə, irəlicədən Albaniya çarlarından birinin adının Oroys olması, ,,Kitabi Dədə Qorqud” dastanındakı Aruzun kimliyi və Qarabağ xanlığının mərkəzi Şuşa qalasının Artsaxda (Arsaxda) yerləşməsi faktlarını xatırladıram.

İpu

Mirəli Seyidov yazırdı: ,,Dil faktına əsaslanaraq belə demək olar ki, ermənidilli və erməni qaynaqlarındakı Artsax(q) Savir – Xəzər dilləri ilə bağlıdır. Görünür ki, V – VII yüzilliklərin erməni və ermənidilli qaynaqları Savir – Xəzərlərdəki fonetik variantı (ilkin variantı) o çağlar yazıya aldıqlarından söz – adların Savir – Xəzər səslənməsi bizə gəlib çatmışdır” (Mirəli Seyidov. Azərbaycan xalqının soykökünü … s. 37)

Tofiq Əzizbəyli. Tarixçi, arxeoloq.

Həmçinin yoxlayın

ABŞ irqçi fars rejimin quldurluğuna qarşı “Keşikçilər” adlı hərbi əməliyyatı hazırlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ-ın Mərkəzi komandanlığının bəyanatında deyilir ki, ABŞ Yaxın …

Şumerlərin türk mənşəli olmasını sübuta yetirmiş ilk ekspedisiya

GADTB: Belə nəticəyə gəlmək olar ki, tarixdə türk tayfalarının ilk böyük axını şumerlərə, ikincisi isə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir