Avstraliya azərbaycanlıları Ermənistanın son təxribatı ilə bağlı Birləşmiş Millətlər Təşkilatına müraciət ediblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycanlıları Assosiasiyasının rəhbərliyi iyulun 12-də və 13-də Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribatla bağlı Birləşmiş Millətlər Təşkilatının rəhbərliyinə müraciət ünvanlayıb.

Assosiasiyanın sədri Mikayıl Oyta tərəfindən imzalanan müraciətin mətnində Ermənistanın Azərbaycana qarşı uzun illərdir davam edən işğalçı siyasətindən bəhs edilir. Bütün dünyanın COVID-19 pandemiyasına qarşı mübarizə apardığı bir dövrdə Ermənistan rəhbərliyinin bu təxribatının yolverilməz olduğu vurğulanır. Qeyd edilir ki, Azərbaycanın Dağlıq Qarabağ regionu ilə yanaşı, daha yeddi rayonu işğal altında saxlayan Ermənistan Azərbaycana qarşı təxribatlardan əl çəkmir. İyulun 12-də artilleriya silahlarından hücuma məruz qalan Azərbaycanın Tovuz rayonunun Dağlıq Qarabağdan 100 kilometr aralı olduğu xüsusi qeyd edilir. Bildirilir ki, bu hücum birbaşa Ermənistan ərazisindən Azərbaycana qarşı törədilib və bu ölkənin əsrlər boyu davam edən işğalçılıq siyasətinin mahiyyətini bir daha ortaya qoyur.

Məktubda qeyd edilir ki, bütün dünya erməni xalqının Paşinyan hökumətindən narazılığını və onun istefa vermək tələbini başa düşür. Bu hücumun da arxasında Ermənistan hökumətinin məhz diqqətin daxili problemlərdən uzaqlaşdırılması strategiyasının dayandığı, bununla da vahid düşmən olan Azərbaycana qarşı birliyə nail olmağa çalışdığı bildirilir. Vurğulanır ki, Ermənistan ordusu tərəfindən Azərbaycanla sərhəddə gərginliyin artırılması, mülki obyektlərin, evlərin atəşə tutulması beynəlxalq qanun və normalara zidd olmaqla yanaşı, bu dövlətin işğalçı mahiyyətini bir daha göstərir.

Qeyd edilir ki, BMT Təhlükəsizlik Şurasının, BMT Baş məclisinin və digər beynəlxalq təşkilatların Ermənistan qoşunlarının Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını tələb edən qətnamələrinə baxmayaraq, Ermənistan dövləti öz işğalçı siyasətini davam etdirir.

Vurğulanır ki, Ermənistanın Azərbaycanın Tovuz rayonu ilə sərhəddə törətdiyi təxribat COVID-19 pandemiyası ilə əlaqədar BMT Baş katibinin bütün hərbi münaqişələri və müharibələri dayandırmaq barədə çağırışını dəstəklədiyini bildirən Ermənistan dövlətinin ikiüzlü siyasətinin bariz nümunəsidir.

Qeyd edilir ki, Ermənistan tərəfindən törədilən təxribatlara baxmayaraq, Azərbaycan dövləti sülhü həmişə dəstəklədiyini bəyan edib. Bununla yanaşı, o, öz ərazilərini işğaldan azad etmək və vətəndaşlarının təhlükəsizliyini təmin etmək kimi hüquqlarını da saxlayır. Buna görə də Ermənistanın törətdiyi təxribatlar daim Azərbaycan ordusunun müvafiq cavab tədbirləri ilə qarşılanacaqdır.

Məktubda bir daha qeyd edilir ki, Tovuz rayonunda törədilən təxribat bir qrup erməninin öz maraqları naminə bütün erməni xalqını faciəyə sürükləməsinin nəticəsidir. Ermənistan dövləti və erməni xalqı başa düşməlidilər ki, Azərbaycan ordusu hər zaman düşmənin təxribatlarının qarşısını layiqincə almağa qadirdir.

Məktub dünyanın müxtəlif guşələrində yaşayan və sayı 55 milyona çatan bütün azərbaycanlıların öz hökumətini dəstəklədiyi və Azərbaycan ərazilərinin işğalını, xalqımıza qarşı törədilən istənilən təxribatı pislədiyi barədə fikirlə başa çatır.

Azərtac

Həmçinin yoxlayın

Zərşuran kəndində əhali etiraza qalxıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Qərbi Azərbaycan əyalətinin Zərşuran kəndində azərbaycanlı əhali martın …

İran Araz çayının radiasiya ilə çirklənməsini inkar edir

GADTB: “Arsheh Online” saytı xəbər verir ki, Araz çayı çirklənib və Ərdəbil əyalətin xərçəng xəstəliyinə …

Bir cavab yazın