Cümə , Aprel 19 2024
azfa

Aydın Mədətoğlu: Xəzər Türkləri Kas ( Kassi, Kassit) İmperatorluğu dövründə

GADTB: Türk İmperatorluqları içərisində Birinci Kas ( Xəzər ) və İkinci Xəzər İmperatorluqlarının xüsusi yeri vardır.

Kasların ( Xəzərlərin ) tarixi həm də Azərbaycan Türklərinin tarixi ilə qırılmaz tellərlə bağlıdır.Belə ki,bir çox tarixçilər Azərbaycan və Yaxın Şərq xalqlarının tarixində mühüm rol oynayan “Kas,(Kassi,Kassit), Kaspi,Azər “lərin Xəzərlərlə eyni xalq olduğunu irəli sürmüş və göstərmişlər ki,tarixdə bir yox, məhz iki Xəzər- Türk İmperatorluğu olmuşdur.

Bunlardan birincisi,bizim eradan əvvəl II minilliyin sonu, I minilliyin əvvəllərində Kas (Kassi,Kassit,Xəzər) Türklərinin yaratdıqları Kas  İmperatorluğudur.Yunan mənbələrində bu dövlət “ Kaspiana “kimi qeyd edilmişdir.

Bəzi tədqiqatçılar ( Bax :Met Çünatko Yusif İzzet Paşa,Kafkas tarihi, I cilt,Ankara 2002;Martin Bernal,Kara Atena,İstanbul 1998 ; Zafer Süren,Çipxe-Kafkas Aile Damgaları,İstanbul 2001 ) Kasları “ Kassit “ adı ilə Adıgey-Abxazlara bağlasalar da bunun heç bir elmi əsası yoxdur.

Kasları Qobustan Xəzər Türklərinin xələfi, İkinci Xəzər İmperatorluğunun sələfi hesab edən tədqiqatçılar isə göstərirlər ki,”Kas”, “Kaspi “, “ Xəzər “ və “ Azər “ sözlərinin kökündəki “kas,xəz və az” sözləri eyni mənanı ifadə edir.Orxon-Yenisey yazılı abidələrində adı çəkilən  “Az xalqı “ elə “Xəzərlər” in və qarşılıqlı olaraq Azərbaycan Türklərinin özü, onların qurduqları “Kas”( Xəzər ) dövləti də məhz Azərbaycan Türklərinin dövlətidir.

Bəzi tarixçilər bir az da irəli gedərək göstərirlər ki, eradan əvvəl II minilliyin ortalarında Babilistanda hakimiyyətə Kassi sülaləsi gəlmişdi.Onlar “Kassi”etnonimini sonrakı “Kaspi” tayfa adı ilə eyniləşdirmiş və buna əsaslanaraq Kassilərin Xəzər ( Kaspi ) dənizi sahillərindən gəldiklərini irəli sürmüşlər.

Kassilər həm də Elam ərazisində olmuş,Zaqros dağının şərqə uzanan qolunu “Kassi dağları”adlandırmışlar.Bəzi mülahizələrə görə, Kassilər Urmu gölü hövzəsinə qədər yayılmışdılar  (Bax:Azərbaycan tarixi,Z.M.,Bünyadovun və Y.B.,Yusifovun redaktəsilə, Azərbaycan Dövlət Nəşriyyatı,Bakı 1994,səh.85).

Kaslar ( Xəzərlər ) təqribən 1300 il Yaxın Şərqin tarixində aparıcı rol oynamışlar.Qədim mənbələrdə “Kas,Kassi,Kaspi,Kaş (Kaşş)” adı ilə tanınan bu qədim Azərbaycan Türkləri IX-XII əsr ərəbdilli tarix kitablarında eradan qabaqkı tarixdən bəhs edərkən “Xəzər” adı ilə xatırlanmışlar.Dilçilik baxımından da “Kas,Kaspi,Xəzər,Quz” sözlərinin də eyni kökdən olması özünü doğruldur.

Bəzi tədqiqatçılar “Kaspi=Xəzər dənizi”nin adını da bu Kaspi tayfa ittifaqının adı ilə bağlayırlar. Azərbaycanın qədim əhalisindən olan bu Kas və ya Kassi Türkləri eradan əvvəl  III minilliyin başlanğıcında Azərbaycanın cənub-qərbindən,Urmu gölü ətrafı və Zaqros dağlarından Mesopotamiyaya da yayılmış,dinc yolla bu ərazidəki dövlətlərin içərisinə daxil olmuş,oradakı müxtəlif peşə və sənət sahələrində,xüsusilə hərbi işlərdə xidmət etmişlər.

Belə bir ardıcıl tarixi proses nəticəsində əkinçi oturaq əhalinin yaratdığı dövlətlər bir müddət keçəndən sonra döyüşkən və güclü elat tayfalarından öz ordularına gənc döyüşçülər qəbul etmişdilər ki,bu heç də hər hansı bir hökmdar və ya əyanın istəyi ilə deyil,ictimai-siyasi şəraitin tələbindən irəli gəlmişdir.Bəllidir ki,oturaq həyat şəraiti fərdin və dövləti təmsil edən topluluğun döyüş qabiliyyətini zəiflədir.Ona görə də oturaq təsərrüfata əsaslanan bir çox dövlətlər köçərilərin ani bir hücumuna dözməyib tezliklə öz yerlərini onlara tərk etmək məcburiyyətində qalmışlar.Tarix göstərir ki,siyasətdə daha ayıq və uzaqgörən olan oturaq xalqlar hərbi cəhətdən həmişə köçərilərdən geri qalmışlar.Ona görə də,Dəclədən şimal-şərqdəki ərazilərdə,bugünkü Kərkük və Urmu boylarından Araz çayına qədərki ərazilərdə yurd salan Kaslar (Xəzərlər) eradan qabaq  III minilliyin sonlarında Mesopotamiyaya dinc yolla yayıldıqları halda artıq eradan əvvəl  II  minilliyin başlanğıcında,təqribən eradan əvvəl 1741-ci ildə güclü bir hücumla orada mövcud Babil dövlətini yıxmış,öz hakimiyyətlərini bütün Mesopotamiyaya yaymışlar.

Kaslar (Xəzərlər)Azərbaycanda üstün mövqe qazandıqdan sonra  II  minilliyin 1750-ci illərində hökmüdarları Qandaşın başçılığı altında Mesopotamiyanı fəth edərək tez bir zamanda Yaxın Şərqdə böyük bir İmperatorluq qurmuşlar.

Kasların ən qüdrətli hökmdarlarından biri olan  II Ağum kitabələrdə özünü “Kaşşın,Akkadın və geniş Babilistan ölkəsinin hökmdarı “ adlandırmışdır. Digər bir Kas hökmdarı olan Qaraindaş bunlara “Sumer hökmdarı”sözünü də əlavə etmişdir.

Bu dövrdə Dəclədən şərqdə hələ də öz mövcudluğunu qoruyub saxlamış digər bir Türk dövləti olan Qut dövləti də Kaslara tabe olmuşdu.Kaslar öz Türk sələfləri və xələfləri kimi yerli ictimai-iqtisadi və dini məsələlərə toxunmamış,əksinə,onları qoruyub saxlamışdılar.

Tədqiqatçılar göstərirlər ki,Kaslar Azərbaycanın güney-batı və Mesopotamiyanın güney bölgələrində hakimiyyəti ələ alıb eradan əvvəl 6 əsrə yaxın ( XVII-XII əsrlər ) buralarda hökmranlıq etmişlər ( Bax:Balkan K.,Die Sprache der Kassiten, New –Havin 1954,səh.2 ).

Vaxtaşırı Assur və Elamla müharibə edən Kaslar eradan əvvəl XIV əsrin sonunda Elamı məğlub edərək onun ərazilərini ələ keçirmişdilər.Eradan əvvəl XIII əsrin sonlarından başlayaraq Kaslara qarşı Assur-Elam hücumları başlamış və nəhayət eradan əvvəl 1157-ci ildə Kas sülaləsinin Babildəki hakimiyyətinə son qoyulmuşdu.

Kasların varisləri nədənsə “Kaşşu hökmdarı” adını qeyb etmişlər.Bizim eradan əvvəl  I  minilliyin ilk əsrlərində Azərbaycanın cənubunda,Xəzər dənizindən qərbə,ta Zaqros dağları da daxil olmaqla oralarda yaşayan bütün elat və yarımoturaq tayfalar Midiya (Maday) Türk dövlətini yaratmış, Mesopotamiyadakı Kaslar da Midiya dövlətinin tərkibinə daxil olmuşdular.

Tədqiqatçılar göstərirlər ki,Kaslar eradan əvvəl  III  minilliyin sonlarından eradan əvvəl VIII əsrə qədər Azərbaycanda yaşayan Türk tayfalarından biri olmuş,həmin dövrlərdə Xəzər dənizindən Dəclə çayına qədər ərazi “Kaspiana”adlanmışdır (Bax:Elçibəy,Azərbaycandan başlayan tarix,Bakı 2003,səh.26 ).

Kasların hakimiyyəti dövründə Kas sənətkarları müxtəlif silahlar,bəzəkli qab-qacaqlar düzəltmiş,cizgi-rəsm sənətində “an” üslubunun ilk nümunələri yaradılmış, metal işləmə sənəti inkişaf etmiş, gözəl bəzək əşyaları hazırlanmış, bir sözlə,Kas Türkləri İkiçayarasındakı mədəniyyətə əliboş qoşulmamışdılar.

Mesopotamiyada Kaslardan öncə mövcud olan “kudurru”( dikili daş ) gələnəyi Kaslar çağında daha geniş yayılmışdı.” Kudurru “ bölgə bəylərinə və iri torpaq sahiblərinə aid ərazilərin sərhəddinə qoyulan sınır bəlgə daşları idi.Üzərinə müxtəlif simvol və damğa həkk olunan “küdürü” ların özləri qalmasa da xeyli miqdarda kopyaları qalmışdır. Bu “küdürü”lardan birinin üzərindəki müxtəlif simvollarla yanaşı,qabal və saz çalanlar dəstəsi diqqəti cəlb edir.( Seçmələr bizimdir-A.Q.Bax : Günaltay Ş.,Türk tarihinin ilk devirlerinden Yakın Şark ( Elam ve Mezopotamiya ),Ankara 1987,səh. 530,555,556 ).

KAS TÜRKLƏRİNƏ AİD “KUDURRU” ÜZƏRİNDƏKİ MÜXTƏLİF SİMVOLLAR, QABAL VƏ SAZ ÇALANLAR DƏSTƏSİ

Digər bir “kudurru” üzərində Akkadca yazılı hədiyyələr içərisində “sattuk”sözü və Şamaş= Günəş tanrının xanımı türkcə “Ay” sözü ilə verilmişdir.Sumercə “Utu”,Akkadca “Şamaş”adlanan Günəşin xanımı (arvadı,həyat yoldaşı) “Nanna” Mesopotamiyanın güneyində olan Sippar şəhərində də “Ay-a”adlanmışdı ( Seçmələr bizimdir-A.Q.Bax:İstoriya drevneqo Vostoka,Moskva 1983,səh. 281,433 ).

Atçılıqla bağlı bir Kassi yazısında “Kaşakti,Urziqadadi,Kurukşe-buqaş,Timiraş,Aqkriyaş,Xam- atti “sözləri işlənmişdi.Kassilər bir neçə əsr tabeliyində saxladığı İkiçayarası xalqlar olan Sumer və Akkad dillərinə müəyyən qədər təsir etsə də tam təsir edə bilməmiş,əksinə,həmin dillərdə yazıb oxumağa məcbur olmuşdular.Ona görə də,Kassi dövrünə aid yazılar azlıq təşkil edir.Bu yazılarda Qandaş,Aqum(Ağum),Kaştiliaş,Kadaşman,Urşiqurumaş,Karaindaş və s.kimi Kas hökmdarlarının, həmçinin Burra-Alban,Buritaş,Karintaş,Sibar-Buqaş,Ulam Buriyaş,Karzi-Yabku,Me-Turqu,Kuri- Turqu,Amma-ana Marduk,Albada və s. kimi şəxs adlarının tərkibində Türk antroponimiyasında işlədilən Alban-alp-ata,Karintaş-qardaş,Sibar-subar,Yabqu,Buri-börü,Ulam,Kuri –qoru,Turqu-turuq kimi sözlər vardır.Buradakı”alban,subar,boru.turaq” etnonimləri, “alp,ata,ana,qardaş” sözləri və Yabqu titulu buğun belə hər bir Türk üçün aydındır.”Ulam Buriyaş”(Buriyaşın dayağı) adındakı “ulam” sözü də qədim Türk dillərində “dayaq,arxa”anlamında işlənmişdir ( Bax:Balkan K.,Die Sprache der Kassiten,New-Haven 1954,səh.70; Drevnetyurkskiy slovar,Leninqrad 1969,səh.608 ).

Bir sıra tədqiqatçılar göstərirlər ki,Kaslarla Xəzərlər eyni kökdəndir,daha doğrusu,eyni xalqdır. Burada bir ad uyğunluğu da vardır.Xəzərlərdən bəhs edən bir sıra tarixi mənbələrdə və ədəbiyyatlarda bəzi yerlərdə “Xəz-ər”sözü “Kas-ər”sözü ilə eyni götürülür.Bu hal Türk dilləri üçün çox səciyyəvidir. Hətta “Xəzər” sözündə “x” səsinin düşməsinə də rast gəlinir:”Xəzər qalası”na “Azər qalası” da deyilir (Bax:Pletnyeva,S.A.,Xazarı,Moskva 1976,səh.29).

Bəzi tarixçilərin fikrincə,Kaslar sonradan Skiflərə qarışaraq bir qədər arxa plana keçmiş,sonradan “Xəzər” adı ilə daha çox tanınmışlar.Daha doğrusu,bir mənbədə “Kas-ər” kimi yazılan etnonim, başqa bir mənbədə “Xəzər” kimi yazılmışdır ki,bu da o məmbələrin müxtəlif dillərdə,müxtəlif dövrlərdə yazılması ilə bağlı olmuşdur(Seçmələr bizimdir-A.Q.Bax:Elçibəy,Azərbaycandan başlayan tarix,səh.27).

Şəmsəddin Sami Bəy Xəzərlərdən bəhs edərkən göstərir ki, qədim Yunan mənbələri Skiflər haqqında məlumat verərkən onların “Akasarus=Ağasurus”tayfasını da xatırladırlar ki,bunlar “Ak-Kasar =Ağ-Xəzər”lər olmuşdur (Seçmələr bizimdir-A.Q.Bax:Şemseddin Sami,Qamus,”Xəzər” sözü)

“Tövrat”da göstərilir ki,Cumər,Macuc,Maday,Yavan,Tubal,Maşak və Tiras Yafəsin oğulları idi. Əşkənaz,Rifas və Tuxarma (Tuqarma) isə Cumərin oğulları idilər (Bax:Tövrat (ərəbcə),Əl-ishah əl-aşir, Qahirə 1963,səh.16).

Ərəbdilli mənbələrdə isə Türk və Xəzər Cumərin deyil,Tirəşin oğulları kimi göstərilir (Bax:Təbəri, I cild,səhh.70-76; İbn əl- Əsir, Əl-Kamil fi-t-tarix, I cild,səh.79-80).

İbn əl-Əsir eradan əvvəl  II- I minilliklərdəki Mesopotamiya tarixindən bəhs edərkən Türklərin tarixinə də tez-tez toxunur və onların Babilistanı tutduqlarını qeyd edir.Əsərinin başqa bir yerində o, Farslarla Türklərin bir müharibəsindən bəhs edərkən göstərir ki,Farslar Türklərin ölkəsinə dörd bir yandan hücuma keçmiş,Əfrasiyab qoşun toplayaraq onlara qarşı vuruşmuş,əvvəl qalib gəlmiş,sonra isə məğlub olaraq Azərbaycana çəkilməyə məcbur olmuşdu.Fars hökmdarı Azərbaycanda Əfrasiyabla döyüşmüş,sonra isə döyüşü uduzaraq Azərbaycandan uzaqlaşmışdı.Əfrasiyaba kömək üçün bir qoşun da Xəzərlər tərəfindən göndərilmişdi (Seçmələr bizimdir-A.Q.Bax:İbn əl-Əsir, Əl-Kamil fi-t-tarix, I cild,səh.165-167,207,248,249).

İbn əl- Əsirin bu məlumatından görünür ki,Türk Xaqanının ordusu Xəzərlərdən,Azərbaycandan və digər Türk ərazilərindən toplanan Türk tayfalarından ibarət olmuşdur ki,bu döyüşdə Xəzər Tarxanları da mühüm rol oynamışdılar.

“Tövrat”və ərəbdilli mənbələrdən gətirilən bu misallar sırf tarixi məlumat olmasa da,onlarda bir həqiqət var ki,Türk,Xəzər (Kasar),Bulqar,Cumər (Sumər) və s.bir-biri ilə eyniyyət təşkil edir,biri o birindən törəmədir. Bu,özünü min illərlə, bütün tarix boyu göstərmişdir.Bir yerdə bütün Türk boyları adından Qutlar,Kaslar (Xəzərlər) çıxış etmişsə,başqa bir vaxt, başqa bir yerdə,başqa bir şəraitdə İskitlər,Hunlar,Göytürklər,Oğuzlar,Qıpçaqlar,hətta son orta əsrlərdə Səlcuqlular,Osmanlılar,Səfəvilər, Əfşarlar və Qacarlar adı altında onlarla Türk tayfaları birləşərək bir adla çıxış etmişlər.

Görkəmli Azərbaycan alimi Məhəmmədtağı Zehtabi Kirişçi göstərir ki,Kassilərin dili iltisaqi olub,Elam,Quti və Lulubilərin dilinə yaxın bir dil olmuşdur.Bu da onu göstərir ki,Kassilər,Elam,Quti və Lullibilərlə eyni kökdəndirlər.

Kassilərin yaşadığı indiki Loristan ərazisindən 1920-1930 –cu illərdə aparılmış arxeoloji qazıntılar nəticəsində buradan II minilliyin ortalarına aid xeyli miqdarda qiymətli materiallar əldə edilmişdir.Çox təəssüflər olsun ki,omların xeyli hissəsi ya məhv edilmiş,ya da Avropaya aparılmışdır.

Tədqiqatçı Ali Marçin Kasların maddi və mənəvi mirasından bəhs edərkən yazır:” İnanılmaz, ama Türkiyədəki muzeylər də daxil,dünyanın müxtəlif muzeylərində arxeoloqlar tərəfindən üzə çıxarılan tabletlərin çoxu tərcümə ediləcəyi günü gözləyir.Bu mühüm uyqarlıqla ilgili tabletlərin nədən təcili şəkildə çözülmədiyinə anlam vermək çətindir “( Bax : Ali Marçin, A-dan Z-ye Sumer, İstanbul 2007,səh. 227 ).

Kassilərə aid bir çox maddi mədəniyyət nümunələri, o cümlədən at yəhəri,noxta,əsləhə,müxtəlif zinət və dini mərasimlərə aid əşyalar əldə edilmişdir.Qədim Kassi maddi mədəniyyətinə aid əldə edilmiş araba və ona gərəkən müxtəlif vəsaitlər ümumiyyətlə,Yaxın Şərq və xüsusilə,Sumerlərə aid əşyalarla eyniyyət təşkil edir ki,bu da onların vahid bir mədəniyyətə malik olduğunu göstərir.

Loristandan əldə edilmiş qiymətli vəsaitin mühüm hissəsi zinət,sehr-cadu və allahlarla əlaqədar qəribə naxışlı əşyalardır.Bu əşyalar dağ keçisi,pələng,aslan,öküz,at,qartal başı,at qulağı, balıq pəri (qanadı) və s.şəkillərlə naxışlanmışdır.Bütün bunlar Kassi sənətkarlarının öz işlərindəki məharəti və bu heyvanları dəqiq tanıdıqlarını göstərir ( Seçmələr bizimdir-A.Q.Bax:Prof.Dr. Məhəmmədtağı Zehtabi (Kirişçi),İran Türklərinin əski tarixi, I cild,Ən qədim dövrlərdən İskəndərə qədər,Təbriz,hicri 1378,səh.92).

Bəzi tədqiqatçılar Elam-Kassi ortaq sözlərinə əsasən bu dilləri qohum saymışlar.Azərbaycan alimi Firudin Ağasıoğlu göstərir ki,həmin paralellərə Türk sözlərini də əlavə etmək olar.Belə ki, Kassi çağında yazılmış Akkaddilli sənədlərdə Azərbaycanla bağlı bəzi məlumatlar vardır.Ona görə də, Kassi-Türk paralellərinin müqayisəsi Azər Türklərinin( protoazərlərin ) dili baxımından maraq doğurur.Belə ki,Kassi dilində önqoşma olsa da,sözlərdə bitişkən( iltisaqi ) quruluş görünür,şəkilçilər söz kökünə qoşulur.Müəllif “kuri və kaş”kökünə qoşulan şəkilçiləri örnək olaraq göstərir (Bax:Firudin Ağasıoğlu,Doqquz bitik,Azərbaycan Türklərinin İslamaqədər tarixi, I bitik,Bakı 2014, səh.200 ).

Kassi dili üzrə məşhur tədqiqatçı K.Balkan göstərir ki,Kassilərin köçüb yerləşdikləri ərazilərin toponimləri sırasında “Akriyaş,Bit-Buritaş (Burutaş),Bit-Albada” yer adları, “Arman,Kaştila” və “qartal”anlamı daşıyan “Xaşmar”dağları vardır.Kassilər, Sumeri “Kardunyaş”(Karadun-yaş) adlandırırdılar.Kassi çarı Kuriqalzunun adı ikidilli sözlükdə “Kassi çobanı” kimi tərcümə olunmuşdur ki,burada Kassicə “qalzu”Akkadca “kaşşu”adı ilə verilmişdir (Seçmələr bizimdir-A.Q.Bax:Balkan K, göstərilən əsəri,səh.96,2).

Tədqiqatçılardan Q.Ksenofontov göstərir ki,Kassi dilində işlənən “Şuriyaş” və “Sax” teonimlərindın “Sax” həm də Saxa (Yakut) Türklərinin baş tanrısıdır ( İqtibas Firudin Ağasıoğlunun göstərilən əsərindən götürülmüşdür.Bax: Göstərilən əsəri,səh.203 ).

Kassi teonimlərindən “Gidar”Azərbaycanda “Gidarçay” adında qalmış,”Alban” isə Azərbaycandakı “Alban” boylarının soy babası sayılmışdır.Kassilərin “Xudha” teonimini Elam ərazilərinə gəlib yerləşən Perslər alıb Kassi formasına uyğun olaraq “Xoda” kimi işlətmişlər  (Seçmələr bizimdir-A.Q.Bax:F.Ağasıoğlu,göstərilən əsəri, I bitik,səh.203 ).

Kasların şəxs adlarında “-taş,-daş” kimi həmrəylik bildirən şəkilçilər geniş şəkildə işlənmişdir. Məsələn : Nazimatut-taş,Marut-taş,Karain-Hatru-taş,Hambani-taş və s. Digər Türk etnoslarının da şəxs adlarında bu komponent geniş şəkildə işlədilmişdir.Məsələn, Uyğur Xaqanlığında “Kinq-Daş”, XI əsrdə Səlcuqlu nəslindən “Ər-Taş Yabqu”,Xarəzmdə XII əsrdə Altuntaş,Qazax Türklərində “Buydaş”, Oğuzlarda “Su-Taş”, Quzey Kıbrıs Türk Cumhuriyyətinin qurucusu Rauf Denktaş və s.

Kassilərdə çoxallahlılıq(politeistlik)olmuşdur.Onlar Kaşşunu babalarının,Şamalunu Zirvələrin,Şumu yeraltı Odun,Saxı ilə Suriaşı Günəşin(Babillərdə Şamaş-A.Q.), Şipakı (digər adı Şihunu) Ayın, Buriaşı Havanın, Hutha və Uburyaşı (Buryaşı) İldırım və Yağışın(Babildə Abad-A.Q.),Qidar və Marataşı Müharibənin(Babildə Nərqal-A.Q.)tanrıları saymışlar.Bunlarla bərabər onların ən önəmli  tanrıları Şukamuna və eşi Şimaliyə, tanrıça Mirizir və tanrılar panteonunun başçısı Harbə idi (Bax: Michael Roaf,Mezopotamiya ve Eski Yakındoğu,İstanbul 1996 ;Məhəmmədtağı Zehtabi,göstərilən əsəri,səh.92 ).

Uqaritdə tapılan bu tanrılar hökmdar ailələrinin qoruyucuları sayılırdı.

Kasların inancına görə,bu tanrılar həm də dünyanı idarə edirdilər.Lakin onlar da əbədi qanunauyğunluğa tabe olraq dünya hadisələrinin axarına müdaxilə edə bilmədiklərindən bu əbədi qanunauyğunluq hər şeydən yüksək və müqəddəs hesab edilmişdi.

Kasların ən ulu tanrısı və himayəçisi Kaşşunu olmuşdur.Kaslar regiondakı başqa xalqları,o cümlədən də Babilləri özlərinə tabe etdiklərindən öz baş tanrıları olan Kaşşunu digər tanrılardan daha güclü hesab etmişdilər.O dövrlərdə savaşlar zamanı məğlub olan tərəflərin tanrıları da məğlub hesab hesab edilmişdi.Buna baxmayaraq,Kaslar məğlub etdikləri xalqların,o cümlədən də Babillərin məbədlərinə,bütlərinə,inanclarına toxunmamış,əksinə,onları qoruyub saxlamışdılar.

Kaslar da Babillər kimi Yeri Göyün əksi kimi təsəvvür etmişdilər.Yəni,Göydə olanlar həqiqi, Yerdəkilər isə onların obrazları,simvollarıdır.Onlar belə düşünürdülər ki,Göy hadisələrini tədqiq edərək Yerdəki hadisələri anlamaq və proqnozlaşdırmaq olar.Kasların Babillərdən əxz etdikləri astrologiya da bunun üçün qəbul edilmiş və daha da inkişaf etdirilmişdi.

Kaslarda da Babillərdə olduğu kimi hökmdarlar müqəddəs sayılmış və onların şərəfinə qurbanlar kəsilmişdi

Bütün Mesopotamiyada olduğu kimi Kas məbədləri də ən geniş ictimai sahələri əhatə etmişdi. Bu məbədlər,eyni zamanda,mədəniyyət,maarif və tədris mərkəzləri olmuşdular.Bu məbədlərdə məktəblərlə yanaşı kitabxanalar da fəaliyyət göstərmişdi.

Kaslar məğlub etdikləri Babillərdən müxtəlif elmləri,o cümlədən riyaziyyat,həndəsə,təbabət, kimya,coğrafiya və s.kimi elmləri əxz edərək onlardan yararlanmışlarsa da onlardan Babil kahinləri kimi cadugərlikdə,falçılıqda,ofsunçuluq və sehrdə istifadə etməmişlər.

Bütün bu məlumatlara əsaslanaraq göstərmək olar ki,Kassi Türklərinin yaratdığı Kas dövləti digər Türk dövlətləri ilə yanaşıYaxın Şərqin bütün ölkə və dövlətləri ilə ictimai-siyasi və mədəni münasibətlərində fəal rol oynamışdır.

Kaslar daha sonralar tarix səhnəsinə “ Kaspi” və “ Xəzər “adları ilə çıxmışlar

Azərbaycan Türklərinin soykökündə digər Türk boyları ilə yanaşı Kaspilər də mühüm rol oynamışlar.Tarixi mənbələrə görə,Kaspilər şərqdə Kaspi (Xəzər) dənizi,cənubda Midya və Atropatena, şimalda isə Kaspi Keçidi sınırlarını əhatə edən geniş bir coğrafi ərazidə yaşamışlar.Bəzi tarixçilərə görə,Kür və Araz çaylarının birləşdiyi yerdən cənuba doğru uzanan ərazilər də məhz Kaspi   əraziləri idi.Hətta bəzi qaynaqlarda indiki Gürcüstanın şərq ərazilərində də Kaspilərin məskunlaşdıqları  qeyd edilmişdir.

Kaspilər haqqında ilk məlumat verən eradan əvvəl V əsrdə yaşamış Herodot öz “Tarix” əsərində 4 dəfə Kaspilərin adını çəkmişdir.Onun məlumatına görə,Kaspilər XI satraplık ərazisində olan Pavsiki,Pantimaf və Daritlərlə bərabər, Əhəməni xəzinəsinə 200 talant, XV satraplıkdakı Kaspilər isə Saklarla (Skiflərlə) bərabər 250 talant gümüş vergi verməklə yükümlü idilər.Kaspilər Əhəməni xəzinəsinə təkcə vergi verməmiş,həm də savaş dönəmlərində Əhəməni ordusunun tərkibində savaşmışdılar.

Müxtəlif mənbələrdə Kaspilərdən başarılı savaşçılar kimi bəhs edilsə də,onların gələnəksəl məşğuliyyətləri barəsində geniş məlumatlara rast gəlinmir.Qaynaqlardakı bilgilərdən anlaşıldığına görə,Kaspilər əkinçilik,heyvandarlıq,balıqçılıq və ticarətlə yanaşı danizçilik və gəmiçilik sənətləri ilə də məşğul olmuşlar.Kaspilərin gəmiçilik sahəsində bacarığı onların Əhəməni donanması üçün Memfis (Misir) gəmiqayıranları sırasında olması ilə də sübut olunur (Bax :Aliyev İ.,Oçerk istorii  Atropatenı,Baku 1989,səh.9-10; Azərbaycan tarixi ,Uzaq keçmişdən 1870-ci illərə qədər,Süleyman Əlyarovun redaktəsi ilə,Bakı 1996,səh.49 ).

Tədqiqatçılar göstərirlər ki, Əhəmənilər eradan əvvəl V əsrin ortalarında Misirdəki Elefantin adasında hərbi maraqlarını təmin etmək üçün müxtəlif ölkələrdən,o cümlədən də Azərbaycandan oraya müxtəlif etnoslardan olan insanlar köçürmüşdülər ki,Elefantində kaloniya şəklində yaşayan bu insanların içərisində yəhudi,pers və Kaspilər də vardı ( Bax :Volkov İ. M.,Arameyskiye dokumentı iudeyskoy kolonii na Elefantine V veka do R.X.,Moskva 1915 ; Cowley A.E.,Aramaic papyri of The fifth centuri B.C.Oxford 1923;Grelot P.,Dokuments arameens d”Egypte,Paris 1972 ).

Eradan əvvəl  V əsrdə “Elefantin yazıları”nda Kaspilərlə bağlı maraqlı bəlgələr vardır.Papirus üzərində aramey dilində yazılmış bu sənədlərin əksəriyyəti ev alqı-satqısı və müxtəlif hüquqi aktlarla  Barbari(Varvari),Anan,Azar və s. kimi Kaspilərə məxsus bir sıra insan adları öz əksini tapmışdır. Tədqiqatçılar göstərirlər ki,bu yazılarda bir Kaspi ailəsindən ev alan Azərin oğlu Anani bir yəhudi kimi göstərilmişdir.Bu onu göstərir ki,İbrahim Peyğəmbər çağından başlayaraq Azər (Azari) adı yəhudilər arasında da geniş yayılmışdı( Bax:Firudin Ağasıoğlu,Doqquz bitik,III bitik, səh.443 ).

Tədqiqatçılardan Ovidey göstərir ki,Dunay çayının deltasında “ Eqis “ adlı qədim qalanı Kaspi soylu  “ Eqis “ adlı bir bəy tikdirmiş və öz adını bu qalaya vermişdir ( Bax : Ovidiy, Skorbnıye eliqii. Pisma s Ponta,Moskva 1978,səh.100 ).

Təqribən min il –eradan əvvəl  V  əsrdən bizim eranın  V  əsrinə qədər böyük bir ərazidə məskunlaşmış Kaspi Türkləri bu dövrlərdə baş verən bir sıra tarixi hadisələrin inkişafında mühüm rol oynasalar da,bu vaxta qədər dövlət qurmamış,ona görə də onların yaratdıqları bütün maddi və mənəvi mirasları tabe olduqları İmperatorluqların adına yazılmışdır.

Həmçinin yoxlayın

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır Bu barədə …

Molla rejimi daha iki azərbaycanlı fəalı prokurorluğa çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycan Milli Hərəkatının fəallarından …

Bir cavab yazın