Aydın Mədətoğlu QASIMLI: Orta əsr Türk milliyyətçisi Fəxrəddin Mübarəkşah

GADTB: Oğuz Türkləri Qəznəliləri məğlub edib Qəznə şəhərini tutduqdan sonra Qəznəlilər zəifləmiş, Türküstandan Hindistana çəkilərək 1187-ci ilə qədər orada öz hakimiyyətlərini davam etdirmişdilər. Bundan istifadə edən Qorlular Qəznəli ərazilərinin ayrı-ayrı yerlərinə hücumlar edərək zəbt etmiş, Oğuzların əlindən Qəznə şəhərini də aldıqdan sonra Hindistan səfərinə başlamış və nəhayət 1187-ci ildə Hindistandakı sonuncu Qəznə sultanı Xosrov Maliki də məğlub edib oğlu Şah ilə birgə edam etdikdən sonra Qəznəli Türk dövlətinin yerini tutmuşdular. Lakin aradan az bir müddət keçdikdən sonra Qorlular dövləti digər bir Türk dövləti olan Xarəzmşahların hücumları nəticəsində parçalanmış, Hindistandakı Türk komandirləri özlərini müstəqil elan edərək ayrı-ayrı yerlərdə kiçik Türk dövlətləri qurmuşdular ki, bunlardan biri də Dehli Türk sultanlığı idi. Dehli sultanlığı qısa zaman kəsiyində bu kiçik Türk dövlətlərini öz hakimiyyəti altında birləşdirərək böyük əraziyə malik 207 illik bir Dehli Türk dövlətinin əsasını qoymuşdu. Böyük Türk milliyətçisi Fəxrəddin Mübarəkşah belə bir qarışıq dövrdə yaşayıb yaratmışdır.

Fəxrəddin Mübarəkşahın anadan olduğu il və yer haqqında dəqiq məlumat olmasa da, məşhur tədqiqatçı Osman Turan onun doğum tarixini 1148-ci ilə, vəfat tarixini isə 1215-ci ilə aid etmiş (Bax: Prof.Dr. Osman Turan, Türk Cihan hakimiyeti mefkuresi tarihi. I cilt, İstanbul, “Boğaziçi yayınları”, N-167, səh. 45), onun məşhur əsəri olan “Şəcəreyi-ənsab”ı “Tarixi-Fəxrəddin Mübarəkşah” adı ilə 1927-ci ildə Londonda nəşr etdirən tanınmış Şərqşünas alim Rossi isə Mübarəkşahın Səlcuq sultanı Sultan Səncər dövründə Səlcuqlu Türklərin paytaxtı Mərvdə anadan olduğunu göstərmişdir. (Bax: Tarixi-Fəxrəddin Mübarəkşah. London, 1927, səh. 34).

Fəxrəddin Mübarəkşahın atası Həsən Mənsur öz dövrünün elmli adamlarından olmuşdur. Mübarəkşah haqqında müxtəlif mənbələrdən əldə etdiyimiz məlumatlara görə, o, Qorlular sarayında nüfuzlu bir dövlət xadimi, elm adamı və şair kimi məşhur olmuşdur. Olduqca dindar bir müsəlman olan Fəxrəddin Mübarəkşah həm də Türk olması ilə qurur duymuş, milliyətçi bir düşüncəyə sahib olmuşdur.

Fəxrəddin Mübarəkşah ilk öncə Qorlu hökmdarları Sultan Qiyasəddin Məhəmmədin, onun ölümündən sonra yerinə keçən qardaşı Muizəddin Məhəmmədin, daha sonra Muizəddin Məhəmmədin Quzey Hindistana vali təyin etdiyi və onun ölümündən sonra isə Quzey Hindistan hökmdarı olmuş Türk komandanı Qütbəddin Aybəkin sarayında çalışmışdır.

Tədqiqatçılar orta əsr mənbələrinə əsaslanaraq göstərmişlər ki, Fəxrəddin Mübarəkşah ərəb və farsca yazdığı qəzəl, qəsidə və rübailəri ilə dövrünün məşhur şairlərindən olmuşdur. Belə ki, onun müasiri olan və “Lübab-əl-bab” adlı ilk İslami təzkirənin müəllifi Əvfinin (1171-1233) yazdığına görə, “Fəxrəddin Mübarəkşah qəzəl, qəsidə və rübailərinin gözəlliyi və axıcılığı ilə məşhur bir şairdir”. Bunlardan əlavə, Mübarəkşah müxtəlif elm sahələrinə aid əsərlər də yazmış, lakin onun nə bu elmi əsərləri, nə də ərəbcə və farsca yazdığı şeirlər Türk dili və ədəbiyyatı baxımından mühüm əhəmiyyət kəsb etmir. Onun Türk və İslam böyüklərinin şəcərələrini toplayaraq meydana gətirdiyi “Şəcəreyi-ənsab” adlı əsəri isə Türk dili və ən başlıcası, Türklərin ədalətə dayanan Cahan hakimiyyəti məfkurəsi baxımından çox böyük önəm daşıyır.

“Şəcəreyi-ənsab” adlı elmi-tarixi əsərində müəllif İslamiyyətdən öncəki Peyğəmbərlərin, Şam və Yəmən hökmdarlarının nəsəbləri də daxil olmaqla, Həzrəti Məhəmməd Peyğəmbərin (s), Onun əqrəba və yaxınlarının, Əməvi və Abbasi xəlifələrinin, digər İslam böyükləri və əmirlərinin, cahilliyə dövrü və İslam dövrü şairlərinin, bir sıra İslam dövlətlərinin, İran və Turan hökmdarlarının və ən başlıcası, Qəznəlilərin və Qorluların şəcərələrini ehtiva edən 136-ya qədər tarixi və əfsanəvi şəxsiyyətlər haqqında məlumat vermişdir. Bu əsərin böyük bir qismi zaman-zaman yıpranmış, itib batmış, günümüzə sadəcə əsərin əvvəlində yer alan 84 vərəqlik farsca müqəddimə gəlib çatmışdır. Müəllif bu əsərini yazarkən Qorlu hökmdarı Muizəddin Məhəmmədin 1184-cü ildə Hindistanın Lahur şəhərini fəth etdikdən sonra bu şəhərdəki gərəkli əlyazmaları incələyərək yazmağa başlamış, 1196-cı ildə əsəri tamamlayaraq 12 il sonra, yəni 1206-cı ildə Quzey Hindistanda taxta çıxan Türk Qütbəddin Aybəkə təqdim etmişdir.

Əsərdə soy bilgiləri ilə yanaşı, Türk xarakteri, Türk dili, Türk mədəniyyəti və bunlara bənzər bir çox mövzular haqqında da gərəkli məlumatlar verilmişdir. Müəllif bir çox tarixi dəlillərə əsaslanaraq Türklərin İslamiyyətin yayılmasında göstərdikləri xidmətlərdən bəhs etmiş, Türk millətinin digər millətlərdən üstün cəhətlərini ön plana çəkmiş, hətta yeri gəldikcə aşırı bir milliyətçi üslüb işlətmişdir.

Fəxrəddin Mübarəkşahın adı çəkilən “Tarix” əsərinə istinad edən Osman Turan yazır ki: “Fəxrəddin Mübarəkşah (1148-1215) Türklərin yazıları və kitabları olduğunu, bunları uşaqlarına öyrətdiklərini, əlifbalarının birinin 25 hərfli Soğdi yazısına bənzər, digərinin də sağdan-sola yazılan və 28 hərfi bulunan Doqquz Oğuzca olduğunu və bitişik yazılmadığını bildirir… Müəllifin “Doqquz Oğuz əlifbasının bitişik yazılmaması və 28 hərfi bulunması” ifadəsindən görünür ki, o, Uyğur əlifbasından daha çox Orxon yazısını (Türk Runik yazısı – A.M.) nəzərdə tutmuşdur”. (Bax: Osman Turan. göstərilən əsəri, səh. 45).

Bu əsərində Mübarəkşah həmçinin Xəzər Türklərinin də “Kiril əlifbasına bənzər, soldan-sağa yazılan bir əlifbaları olduğunu” və bu əlifbada əsərlər yazdıqlarını qeyd etmişdir. (Bax: Tarixi-Fəxrəddin Mübarəkşah. London, 1927, səh. 46).

Bir çox orta əsr müəllifləri kimi Mübarəkşah da bir çox Türk boylarının günəşə, ulduzlara, böyük dağ və çaylara məbud kimi baxmaları, Türküstanın xüsusi keyfiyyətə malik çeşidli möcüzəli daşları və bu möcüzəli “Yada Daşları”nın yağışı yağdırma gücünə malik olmaları haqqında müxtəlif məlumatlar vermişdir. (Bax: Tarixi-Fəxrəddin Mübarəkşah. London, 1927, səh. 41, 42, 43).

Mübarəkşah bu əsərdə Türklərin məziyyətlərindən danışarkən göstərir ki: “Başqa millətlər müsəlmanlığı qəbul etdikləri zaman yeni dinin onların qəlbinə yerləşməsi üçün uzun zaman lazımdır. İçlərindən çoxu təkrar öncəki dinlərinə dönərlər. Ancaq türklər müsəlman olduqdan sonra bu yeni dinə elə bağlanırlar ki, onu heç vaxt atmazlar. Türklər arasında İslamiyyətdən dönən heç kimsə görünməmişdir”. (Fəxrəddin Mübarəkşah. Tarix, London, səh. 43).

Müəllif əsərinin başqa bir yerində yazır ki: “Ərəbcədən sonra Türkcədən daha gözəl və məğrur bir dil yoxdur. Qədim zamanlardan bəri əmir və komandanların çoxu Türkdür. Dövlət, nemət, altun və gümüş Türklərin əlindədir. Böyük əsil-nəsəblilər və bütün xalqlar (Türklərin – A.M.) xidmətindədirlər. Onlar Türklərin dövləti sayəsində sayqı və səadət gördüklərindən bu gün (Müəllif yaşadığı dövrü nəzərdə tutur – A.M.) insanlar əvvəlkindən daha çox Türkcəyə rəğbət edirlər”. (Fəxrəddin Mübarəkşah. Tarix. London, 1927, səh. 44). Müəllifin “Ərəbcədən sonra Türkcə” deməsinin əsas səbəbi İslam dininin müqəddəs kitabı olan “Qurani-Kərim”in bu dillə enməsi ilə bağlıdır.

Əsərin Türk dili baxımından digər bir önəmli cəhəti isə Türklərdən bəhs edildiyi hissələrdə tez-tez Türkcə sözlərin işlədilməsi, Türkcə ilə yazılmış rübai örnəyini əsərinə əlavə etməsidir. Bu rübai sayəsində XII əsrdə Qorlular dövründə Hindistanda belə Türkcə klassik bir ədəbiyyatın yaranmasının şahidi oluruq. Əsərdə bu rübainin Türkcə ilə yanaşı, farscası da verilmişdir. Müəllifə görə, bu rübai öncə Türkcə yazılmış, sonra farscaya tərcümə edilmişdir. (Bax: Tarixi-Fəxrəddin Mübarəkşah. London, 1927, səh. 55).

Fəxrəddin Mübarəkşahın əsərini farsca yazmağının əsas səbəbi Türkcə bilməyən Qor ziyalılarına Türkləri tanıtmaq və Türk dili haqqında onlara məlumat vermək olmuşdur.

Əsərin böyük bir hissəsinin əldə olunmamasına baxmayaraq əldə olan hissədən çıxardığımız məlumatlar istər Mübarəkşahın şəxsiyyəti, istərsə də dövrün ictimai-siyasi və elmi vəziyyəti haqqında çox önəmli bir qaynaq sayılmaqdadır.

Müəllif əsərinin başqa bir yerində göstərir ki: “Əgər biri soruşsa ki, ululuq və dövlətin Türklərə nəsib olmasının dəlili nədir? Ona bu cavabı verirlər: – Cahan xalqlarının hamısı öz əhalisi və qəbiləsinin arasında, öz şəhərində olarkən əziz və möhtərəm olur, qürbətə, yabançı yurda gedərsə, xar və zəlil olur, hörməti qalmaz, adam sayılmazlar. Yalnız Türklərin vəziyyəti bunun əksidir. Türklər öz yurdlarında ikən digər Türklərdən fərqsizdirlər. Lakin öz yurdlarından ayrılıb müsəlman ölkələrinə gəldikləri zaman orada sayqı və təqdir görür, qədir-qiymətləri artır, komandan və əmir olurlar. Digər bir dəlil isə Həzrəti Adəm Peyğəmbərdən bu günə (XII əsr nəzərdə tutulur – A.M.) qədər para ilə satın alınan kölələrin “Sultan” olduğu heç bir yerdə görülməmişdir. Yalnız Türklər istisna təşkil edirlər. Müəllif bu fikri tarixi faktlara əsaslanaraq yazmışdır. Belə ki, istər Hindistana, istərsə də Misirə aparılan, tarixdə “Məmlük” adlanan bu Türklər müəyyən bir dövrdən sonra adı çəkilən ölkələrdə uzunmüddətli xanədanlıqlar qurmuş, bu ölkələri idarə etmişlər. (Seçmələr bizimdir – A.M. Bax: Tarixi-Fəxrəddin Müğbarəkşah. səh. 35; Köprülü Mehmet Fuad. Türk dili və edebiyatı hakkında araştırmalar. İstanbul, 1934, səh. 144-145; Nihad Sami Banarlı, Türk edebiyatı tarihi, I cilt, İstanbul, 1971, səh. 257; Prof.Dr. Zekeriya Kitapçı. Hz.Peyqamberin hadislerinde Türk varlığı. İstanbul, 1989, səh. 258).

Fəxrəddin Mübarəkşah əsərində əfsanələşmiş Türk hökmdarı Əfrasiyaba (Alp Ər Tonqa, Oğuz Xaqan – A.M.) aid bir rəvayəti nəql edərkən göstərmişdir ki: “Əfrasiyab demişdir: “Türk dənizdəki sədəf içində bulunan inciyə bənzər. Dənizdə ikən qədri bilinməz. Lakin dəyərinin qiymətləndirilməsi üçün dənizdən çıxarıldıqdan sonra hökmdarların tacı, gəlinlərin ziynəti olur” (Bax: Tarixi-Fəxrəddin Mübarəkşah. London, 1927, səh. 36; Prof.Dr. Laszlo Rasonyi. Tarihte Türklük. Ankara, 1971, səh. 64).

“Əgər Türklərin heç bir məziyyəti və mövqeyi olmasa belə, Sultani İslamın Türk olması onlara qürur və öyünmə vəsiləsi üçün kifayətdir” – deyən Fəxrəddin Mübarəkşah bu fikirləri ilə öz ölkələrindən ayrılan Türklərin İslam və digər ölkələrdə dövlətlər qurmalarını nəzər-diqqətə çatdırmaq istəmişdir.

Fəxrəddin Mübarəkşah Türklərə, onların dünya nizamına və Cahan hakimiyyəti məfkurələrinə dair maraqlı bilgilər verərkən Türklərin coğrafi yayılışını da buna dəlil göstərmişdir. Müəllif Çindən Rum ellərinə, şimalın buzlu bölgəsindən Hindistan da daxil, bütün məmləkətləri siyasi anlamda “Türküstan” adlandırmış və Yer üzündə “Türküstan” qədər böyük bir ölkənin bulunmadığını söyləməklə Türkün əzəmət və qüdrətini nəzər-diqqətə çatdırmaq istəmişdir.

Fəxrəddin Mübarəkşah bir orta əsr Türk milliyətçisi olaraq bu siyasi-coğrafi durumu da Türklərin XII-XIII əsrlərdəki üstünlüklərindən biri kimi bəyan etməyi özünə borc bilmişdir.

Ruhu şad olsun!

Aydın Mədətoğlu QASIMLI

Filologiya üzrə fəlsəfə doktoru, dosent

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın