Cümə axşamı , Mart 28 2024
azfa

Azərbaycan Xalq Cümhuriyyəti dövründə qaçqınlar problemi

GADTB: XX əsrdə Azərbaycan xalqı üç dəfə – 1905-1906, 1918-1920 və 1988-1989-cu illərdə qaçqınlar problemi ilə üzləşmişdir. Üstəlik, Ermənistanın ərazilərimizin işğalı nəticəsində yeni bir problem – öz ölkəsində dogma yer-yurdlarını tərk etmək məcburiyyətində qalan soydaşlarımızın üzləşdiyi məcburi köçkünlük problemi 20 ildən artıqdır ki, həll olunmamış qalır. Qaçqınlar problemi Azərbaycan Xalq Cümhuriyyətinə Birinci Dünya müharibəsindən və 1918-çi il mart-may aylarında Bakı, Gəncə (Yelizavetpol) və İrəvan quberniyalarında ermənilərin törətdikləri kütləvi qırğınlar və etnik təmizləmə siyasətini həyata keçirmələri nəticəsində miras qalmışdı.

Birinci Dünya müharibəsi dövründə Şərqi Anadolu, Balkanlar və s. yerlərdə mövcud olan münaqişə və müharibə ocaqlarından Bakı və Gəncə quberniyalarına, xüsusən də Bakı şəhərinə minlərlə qaçqın pənah gətirmişdi. İlk dövrlərdə Bakıya gələn qaçqınların əksəriyyətini qeyri-müsəlmanlar təşkil edirdilər. Həmin dövrdə Bakıda Müsəlman Xeyriyyə Cəmiyyəti ilə yanaşı, Erməni Qaçqınlarına Yardım Komitəsi, Latış Qaçqınlarına Yardım Komitəsi, Müharibə Nəticəsində Dağılmış Polyak əhaliyə Kömək Komitəsi, çar II Nikolayın qızı knyagina Tatyana Nikolayevanın müharibədən zərər çəkənlərə yardım məqsədilə təsis etdiyi komitənin Qaçqınların Qeydə Alınması üzrə Bakı Komitəsi, Qafqaz Cəbhəsində Qaçqınların Yerləşdirilməsi üzrə Baş Müvəkkilliyin Bakı şöbəsi və s. cəmiyyət və komitələr fəaliyyət göstərirdi. Bakı şəhər qradonaçalnikinin 1917-ci il dekabrın 31-də Petroqrada göndərdiyi məlumatında göstərilirdi ki, Bakıda 2568 qaçqın, o cümlədən 1763 erməni, 276 latış, 169 rus, 157 yəhudi, 95 yunan, 84 polyak, 13 aysor, 7 macar, 3 çex, 1 bolqar qeydə alınmışdır. Bakı Qradonaçalniki ayrıseçkilik edərək müsəlman qaçqınlarını qeydə almamışdı. Əslində isə həmin dövrdə Şərqi Anadoludan, xüsusən də Qars vilayətindən minlərlə türk qaçqını Bakıda, Gəncədə və quberniyaların digər bölgələrində sığınaçaq tapmışdı. Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti onları himayəyə götürmüşdü. Bu cəmiyyət Qars vəlayətinin müxtəlif qəzalarında şöbələrini açmışdı. Cəmiyyət rəsmi qeydiyyatla 22.000 hərbzədəyə 1917-ci ilin sonuna qədər yardıma davam edib, onları aclıqdan və labüd ölümün pəncəsindən xilas etmişdi. Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin vəsaiti hesabına İsmailiyyə binasının (indiki Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin binası) alt qatında Şərqi Anadoludan gətirilən yetim uşaqlar üçün 200 yerlik yataqxana təşkil edilmişdi. Bakıdakı müxtəlif yetimxanalarda cəbhə bölgəsindən gətirilən 1000-ə qədər uşaq və kimsəsiz qadınlara baxılırdı.

1918-çi il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (AXC) elan edilən zaman qaçqınlar problemi bir nömrəli problem kimi qarşıya çıxmışdı. Bu problem dəfələrlə Nazirlər Kabinetinin və Parlamentin iclaslarında müzakirə edilmişdi. İyunun 16-da AXC hökuməti Gəncədə yerləşdikdən sonra Cənubi Qafqaz Seyminin Müsəlman Milli Şurasının nəzdindəki qaçqınlar şöbəsi əsasında Səhiyyə və Himayəçilik Nazirliyi (Umuri Xeyriyyə) yaradılmış, Xudadat bəy Rəfibəyov nazir təyin edilmişdi.

AXC hökuməti oktyabr ayında Bakıya köçdükdən sonra bu nazirlik 2 yerə – Səhiyyə Nazirliyinə və Himayəçilik Nazirliyinə ayrılmışdı. Himayəçilik Nazirliyinə doktor Musa bəy Rəfiyev başçılıq etmişdi. 1919-cu ilin aprel ayından etibarən əvvəllər Himayəçilik Nazirliyinin qaçqınlar şöbəsinin rəisi işləmiş parlamentdəki rus-slavyan fraksiyasının üzvü Viktor Klenevski himayəçilik naziri təyin edilmişdi.

Himayəçilik Nazirliyinin qarşısında 2 əsas vəzifə dururdu:

  1. Qaçqınlar məsələsi. Qonşu ölkələrdən – Ermənistan və Türkiyədən didərgin salınan qaçqınları qəbul etmək, onları ilkin zəruri ərzaq və qida məhsulları ilə təchiz etmək, əkin üçün toxum və işçi heyvanları ilə təmin etmək, bəzi kənd icmalarında fərdi təsərrüfatları dirçəltmək üçün faizsiz kredit vermək və qaçqınları işlə təmin etmək.
  2. Himayəçilik məsələsi. Azyaşlı yetim uşaqların saxlanması üçün yetimxanalar və düşərgələr təşkil etmək, kasıblar üçün ucuz qiymətlə yeməkxanalar, qida məntəqələri açmaq, fərdi və ictimai xeyriyyəçilik fəaliyyətinə nəzarət etmək, onun inkişafına yardım göstərmək.

Bu vəzifələri həyata keçirmək üçün nazirlikdə üç şöbə – himayəçilik, qaçqınlar və təsərrüfat şöbələri yaradılmışdı. Nazirlik yerlərdə məsələləri qaydasında həll etmək üçün 6 dövlət himayəçiliyi dairəsi təşkil etmişdi: 1) Bakı dairəsi (Bakı şəhəri, Bakı, Quba qəzaları daxil idi), 2) Gəncə dairəsi (Gəncə şəhəri, Gəncə və Qazax qəzaları), 3) Şamaxı dairəsi (Şamaxı və Göyçay qəzaları), 4) Nuxa dairəsi (Nuxa, Ərəş qəzaları, Zaqatala quberniyası), 5) Qarabağ dairəsi (Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəzaları), 6) Lənkəran dairəsi (Lənkəran və Cavad qəzaları). Bu dairələrdə işlərə himayəçilik müfəttişləri rəhbərlik edirdilər.

Qaçqınlara yardım məsələsi Himayəçilik Nazirliyində üç əsas istiqamətdə qurulmuşdu: 1) Bakıda və onun mədən rayonlarında, 2) Ölkənin digər yerlərində, 3) Xarici dövlətlərdə. Azərbaycan ərazisinə daxil olan və qaçqın kimi qeydə alınan hər bir ailəyə qaçqın kitabçası təqdim edilirdi. Həmin kitabçada qaçqın ailəsinin yerləşdiyi ünvan, ailə tərkibi, onun maddi vəziyyəti, nə kimi ev əşyalarına malik olduğu, aldığı yardımların növü və miqdarı ayrıca qeyd olunurdu. Xüsusi komissiya vasitəsilə həmin qeydlər aparılır, bununla da imkanlı və imkansız qaçqın ailələri bir-birindən fərqləndirilirdi. Yardımlar ucdantutma deyil, imkansız ailələrə və kimsəsizlərə verilirdi.

1919-cu ildə qaçqınlar, kimsəsizlər və qocalar üçün Suraxanı, Ramanı, Maştağa, Bülbülə, Ermənikənd və Bayılda yeməkxanalar açılmışdı. Ümumiyyətlə, 1919-cu ildə bu cür yeməkxanaların sayı 17-yə çatmış, 2 ərzaq paylanması məntəqəsi, 5 çayxana fəaliyyət göstərmişdi. 1919-cu ilin yanvarından etibarən yeməkxanalarda pulsuz yemək yeyən əhalinin milliyyətinə görə hesabatı aparılmışdı. Həmin vaxtdan oktyabrın 1-dək ermənilər 428214, ruslar 319019, müsəlmanlar 300936, almanlar və polyaklar 2847, ləzgilər 296, gürcülər 248, isveçlilər 225, yəhudilər 154 dəfə pulsuz yemək yemişdilər. Beləliklə, bir il ərzində Bakı şəhərində aclıq keçirən əhaliyə milliyyətindən asılı olmayaraq ərzaq paylanması məntəqələrindən 10069253 manatlıq yardım edilmişdi. Yerli xeyriyyə cəmiyyətlərinin himayəyə götürdükləri yetimxanalara, kimsəsiz uşaqlara qayğını gücləndirmək məqsədilə bu cəmiyyətlərə Himayəçilik Nazirliyi tərəfindən maddi yardımlar edilirdi.

Xeyriyyə cəmiyyətləri bir büroda birləşdikdən sonra Himayəçilik Nazirliyinə müraciət etmişdilər. Nazirlik öz fondundan hər yetim uşağa əvvəlcə 60 manat ayırmış, sonralar isə bu rəqəmi 200 manata çatdırmışdı. Ehtiyacı olanlara yardımlar milliyyətindən asılı olmayaraq bərabər miqdarda edilmişdi. Xeyriyyə cəmiyyətləri və milli şuralar arasında 2114501 manat yardım aşağıdakı qaydada bölüşdürülmüşdü: 1. Müsəlman Qadın Xeyriyyə Cəmiyyətinə – 220 yetim uşaq üçün; 2. Erməni Milli Şurasına – 2 yetimxanada 517 nəfər üçün; 3. Rus Xeyriyyə Cəmiyyətinə – 527 nəfərlik yetimxana üçün; 4. “Uşaq evi” cəmiyyətinə – 80 nəfərlik yetimxana üçün; 5. Doqquzuncu sahə komitəsinə – 30 nəfərlik yaşlılar evinə; 6. Yəhudi Xeyriyyə Cəmiyyətinə – qocalar və yoxsullar üçün. Bundan başqa, Nuxa və Ərəş qəzalarından olan erməni qaçqınlarına kömək üçün hökumət tərəfindən görülən tədbirlər haqqında parlamentdəki erməni fraksiyasının sorğusuna himayəçilik naziri belə cavab vermişdi: “Nazirlik tərəfindən teleqraf vasitəsilə Nuxaya 350000 manat vəsait köçürülmüşdür. Həmin vəsaitdən 48000 manatı erməni uşaq evlərinə veriləcəkdir”.

1920-ci ilin təkcə yanvar ayı ərzində Bakıda sığınacaq tapan qaçqınlara, yoxsul əhaliyə müxtəlif qida məntəqələrindən 103000 isti xörək verilmişdir. Həmin yeməklərin 30 faizi pulsuz, qalan 70 faizi isə bir nahar üçün əvvəlcə 50 qəpiyə, sonra isə bir manata satılmışdı. Ümumiyyətlə, 1920-ci il ərzində bu şöbə əhaliyə 3082000 manat maliyyə yardımı etmişdi.

Himayəçilik Nazirliyi Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin vasitəçiliyi ilə Qars vilayətindən didərgin salınmış və Ermənikənddə məskunlaşmış təqribən 700 qaçqının gündəlik çörək ehtiyacı xərclərini öz üzərinə götürmüşdü. Bu məqsədlə 1919-cu ilin noyabrından 1920-ci il yanvarın 1-nə qədər müddətdə 526195 manat vəsait ayrılmışdı.

1919-çu ildə qaçqın dairələri üzrə mənzərə aşağıdakı kimi olmuşdu: 1. Gəncə dairəsində – qaçqınların sayı 21098 nəfər, 5 qida məntəqəsi, üç yetimxana, bir xəstəxana açılmış, 18244 pud taxıl məhsulları paylanmışdı. 2. Şamaxı dairəsində – qaçqınların sayı 26877 nəfər, 13 qida məntəqəsi, iki yetimxana, bir erməni uşaq evi, bir xəstəxana açılmış, 18244 pud taxıl məhsulları paylanmışdı. 3. Nuxa dairəsində – qaçqınların sayı 5100 nəfər, bir qida məntəqəsi, bir müsəlman, 2 erməni uşaq evi açılmış, 2623 pud taxıl məhsulları paylanmışdı. 4. Qarabağ dairəsində – 20 mindən artıq qaçqına yardım edilmiş, 3 ay ərzində Zəngəzur qaçqınlarına 187500 manat kredit ayrılmışdı. 5. Lənkəran dairəsində 3205 nəfərə ərzaq yardımı edilmiş, bir qida məntəqəsi, bir yetimxana açılmış, 4 min puddan artıq taxıl məhsulları paylanmışdı.

1919-cu ildə Gəncə dairə müfəttişinin verdiyi məlumata görə, Gəncədə müsəlman qaçqınlarla yanaşı, 3928 nəfər erməni (o cümlədən 1818 nəfər Türkiyə ermənisi), Gədəbəyin Saratovka və Novo-İvanovka kəndlərindən erməni silahlı qüvvələri tərəfindən didərgin salınan 427 nəfər rus qaçqınları sığınacaq tapmışdı. Himayəçilik Nazirliyi üstəlik, Gəncədə erməni qaçqınları üçün lazaret (hərbi xəstəxana) açmışdı.

1918-ci ilin aprel ayında erməni-rus birlikləri Şamaxı qəzasında törətdikləri qırğınlardan sonra Nikolayevka, Maryevka, Astraxanka və Çuxuryurd kəndlərində yaşayan rus icması Stavropol quberniyasına köçmüşdü. 1919-cu ilin iyun ayında rus icmasının üzvləri (37 ailə, 194 nəfər) Azərbaycanın Tiflisdəki Diplomatik Nümayəndəliyinə müraciət etmiş, Şamaxıya qayıtmaq üçün Tiflisdən Bakıyadək pulsuz dəmiryol bileti verilməsini xahiş etmişdilər. AXC hökuməti rus qaçqınlarının maneəsiz olaraq Şamaxıya qayıtmalarını təmin etmişdi.

AXC parlamentinin 1919-cu il iyulun 19-da keçirilən iclasında qaçqınlara yardım edilməsi məqsədilə idarələrarası komissiya yaradılmışdı. Bu komissiya Gəncə quberniyasının Zəngəzur, Cəbrayıl, Cavanşir və Şuşa qəzalarında müvəqqəti məskunlaşmış qaçqınların iqtisadi vəziyyətini yüngülləşdirmək, onları boş torpaqlarda daimi məskunlaşdırmaq məqsədilə yaradılmışdı. Komissiyanın tərkibinə torpaq, daxili işlər və dövlət nəzarəti nazirliklərinin, “Əhrar”, “Müsavat” və “İttihad” partiyalarının nümayəndələri, Himayəçilik Nazirliyinin dairə inspektorları və s. daxil edilmişdi. Komissiyanın qarşısında duran vəzifəni həyata keçirməsi üçün 18 milyon 750 min manat vəsait ayrılmışdı.

Qeyd etdiyimiz kimi, Himayəçilik Nazirliyinin fəaliyyət istiqamətlərindən biri də xaricdə yaşayan soydaşlarımıza, müsəlman qaçqınlara kömək etməkdən ibarət olmuşdu. AXC hökuməti 1919-cu il iyunun 4-də İrəvandakı diplomatik nümayəndəsi Məhəmməd xan Təkinskiyə tapşırıq vermişdi ki, İrəvan quberniyasının və Qars vilayətinin erməni silahlı qüvvələri tərəfindən dağıdılmış kəndləri, orada öldürülənlərin ad-familiyaları, əsir götürülənlər, oğurlanmış sürülər haqqında statistik rəqəmləri toplayıb Bakıya göndərsin. Azərbaycan hökuməti bu faktları Paris sülh konfransının işində iştirak edən Azərbaycan nümayəndə heyətinə göndərmək istəyirdi. İrəvan Müsəlman Milli Şurası da öz növbəsində bu faktlardan böyük dövlətlərin Qafqazdakı missiyalarının başçılarına müraciətində istifadə etmişdi.

Ermənistandakı azərbaycanlı qaçqınların problemini həll etmək üçün 1919-cu il iyulun 8-dən etibarən vəkil Zülfüqar bəy Makinski himayəçilik Nazirliyinin İrəvanda müvəkkili kimi işə başlamışdı. AXC dövründə Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin Qarsda fəaliyyət göstərən şöbəsi əsasında nümayəndəlik açılmışdı. Qarsda yaradılan Cənubi-Qərbi Qafqaz hökuməti 1919-cu ilin yanvarında Azərbaycan hökumətinə müraciət edərək qaçqınların problemini həll etmək üçün maddi yardım və məmurlar istəmişdi. Azərbaycan hökuməti Çıldır və Ağbaba nahiyələrinin əhalisinə, İrəvan quberniyasının kəndlərindən qaçıb həmin ərazilərdə sığınacaq tapan qaçqınlara köməklik göstərilməsi üçün diplomatik toxunulmazlığı olan bir neçə şəxs vasitəsilə xeyli miqdarda qızıl pul göndərmişdi. Azərbaycandan göndərilən zabitlərdən İsmayıl bəy Yadigarov, Yusif Kənan bəy, İsmayıl Nəzərəliyev yerli müsəlman əhalinin erməni silahlı qüvvələrinə qarşı müqavimət göstərmələri üçün həm də onların hərbi təlimini öz üzərlərinə götürmüşdülər.

1918-1920-ci illərdə Ermənistandan və Qars vilayətindən qaçqın düşən azərbaycanlılar əsasən İrəvan-Gümrü-Tiflis, Qars-Gümrü-Tiflis dəmir yolu vasitəsilə Gürcüstan sərhədinə gəlmiş, oradan isə Tiflis-Gəncə-Bakı dəmir yolu vasitəsilə Azərbaycana yola salınmışdılar. 1919-cu ilin əvvəlindən etibarən Gürcüstan ərazisindəki Sadaxlı və Sənain stansiyalarında Himayəçilik Nazirliyinin nümayəndəlikləri təsis edilmiş, qaçqınlara ilkin ərzaq və tibbi yardım göstərildikdən sonra Azərbaycan Yollar Nazirliyinin bu məqsədlə Gürcüstan Yollar Nazirliyinin hesabına köçürdüyü vəsait əsasında qaçqınlara pulsuz biletlər verilmiş, sonra Azərbaycana yola salınmışdı. Ümumiyyətlə, 1919-cu il ərzində Ermənistandan və Qars vilayətindən Tiflisə gəlib çatan qaçqınların Azərbaycana yola salınması üçün Azərbaycanın Gürcüstandakı Daimi Nümayəndəliyi Gürcüstan Yollar Nazirliyinə 171 vaqon sifariş vermişdi.

Azərbaycanın Ermənistandakı Daimi Nümayəndəliyindən verilən məlumata görə, təkcə 1919-cu ildə Novo-Bəyazid, Eçmiədzin və İrəvan qəzalarında erməni silahlı qüvvələri tərəfindən evləri dağıdılmış, didərgin salınmış müsəlman əhalinin sayı 200 minə çatırdı. Himayəçilik Nazirliyinin Ermənistandakı nümayəndəsinin verdiyi məlumatlar əsasında nazirlik Ermənistandakı əhaliyə yardım göstərilməsi üçün AXC parlamentinə qərar layihəsi təqdim etmişdi. 1919-cu ilin iyulunda bu məqsədlə (3 milyon manat) vəsait ayrılmış və bu vəsait hesabına Ermənistana 15 vaqon un, taxıl və arpa göndərilmişdi. Bundan əlavə, 1919-cu il sentyabrın 1-dən etibarən İrəvanda müsəlmanlar üçün ambulatoriya açılmış, orada 85 nəfərlik uşaq evi təşkil edilmişdi. Hansı ki, sonralar bu uşaq evi Amerikanın Uşaqlara Yardım Komitəsinin sərəncamına verilmişdi. Ermənistandan və Qars vilayətindən qaçqın düşən müsəlmanlara yardım göstərilməsi üçün onların keçdiyi yolların üzərində səyyar qida məntəqələri (pulsuz yeməkxanalar açılmışdı) Himayəçilik Nazirliyinin göstərişi ilə belə qida məntəqələri Aşağı Saral stansiyasında və Tiflis yaxınlığında açılmışdı.

Ümumiyyətlə, 1920-ci ilin əvvəlindən Himayəçilik Nazirliyi AXC parlamentinə qaçqınlar və digər problemlərlə bağlı 10 qanun layihəsi təqdim etmişdi. Qəbul edilən qərarlardan birinə əsasən Azərbaycan ərazisində qaçqınlara dəmir yolundan pulsuz istifadə etmək icazəsi verilmişdi. AXC parlamentinin 5 yanvar 1920-ci il tarixli iclasında qaçqınların məskunlaşdırılması məsələsi yenidən müzakirəyə çıxarılmışdı. Millət vəkili Mustafa Vəkilov öz məruzəsində bildirmişdi ki, artıq Ermənistandan 300 min qaçqın Azərbaycan ərazisinə gəlmişdir. O, Himayəçilik Nazirliyinin həmin vaxtadək məskunlaşdırılmayan qaçqınlardan 16 min nəfərinin Nuxa və Ərəş qəzalarında məskunlaşdırmaq istədiyini bildirmişdi. Ermənistan Respublikası ərazisində yaşamış 575 min nəfər etnik müsəlman əhalidən 1920-ci ildə cəmisi 10 min nəfərdən bir qədər artıq azərbaycanlı əhali qalmışdı. Deməli, 1918-1920-ci illərdə Ermənistanda soyqırıma məruz qoyulan yarım milyondan artıq azərbaycanlı əhalidən öz canlarını xilas edə bilən əhalinin xeyli hissəsi qaçqın kimi Azərbaycanda sığınacaq tapmışdı.

Faktlardan göründüyü kimi, AXC dövründə parlament və hökumət, xüsusən də Himayəçilik Nazirliyi qaçqınlar probleminin həllinə xüsusi diqqət yetirmiş, bu problemi mütərəqqi yollarla, milli ayrı-seçkiliyə yol vermədən həll etməyə çalışmışdı. Lakin bu problemin həllinə nə hökumətin kifayət qədər imkanı, nə də ki, onu axıradək həll etmək üçün vaxtı çatdı. Azərbaycanlı qaçqınların öz əzəli torpaqlarına qayıtması problemi AXC hökumətindən Sovet Azərbaycanı hökumətinə miras qalmışdı. Təəssüf ki, bu problem Azərbaycanda Sovet hakimiyyəti dövründə də həll edilmədi. 1922-ci ilədək Ermənistana – öz tarixi-etnik torpaqlarına cəmisi 60 min azərbaycanlı qaçqın qayıda bilmişdi.

XX əsrin sonlarında öz müstəqilliyini bir daha əldə edən Azərbaycan yenə də qaçqınlar və məcburi köçkünlər problemi ilə üzləşdi. 250 min azərbaycanlı indiki Ermənistan ərazisindəki tarixi-etnik torpaqlarından sonuncu nəfərinədək qovularaq qaçqın kimi Azərbaycanda məskunlaşdı, 50 min nəfər Axıska türkü Orta Asiyadan və Qazaxıstandan qaçqın kimi Azərbaycana pənah gətirdi. Ermənistanın hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağdan və ona bitişik rayonlardan, habelə Ermənistanla sərhəd bölgələrdən 680 mindən artıq azərbaycanlı öz ölkəsində məcburi köçkün vəziyyətinə düşdü. Tarix sanki təkrar olundu. XX əsrin əvvəllərində olduğu kimi, əsrin sonunda da qaçqınlar probleminin həlli Azərbaycan xalqının çiyinlərinə düşdü. Ermənistanın hərbi təcavüzü nəticəsində işğal olunmuş torpaqların qaytarılması, məcburi köçkünlərin öz yer-yurdlarına qayıtması problemi həll edilməmiş olaraq qalır.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə və müstəqil Azərbaycan Respublikası dövründə milli-ərazi münaqişələri və qaçqınlar probleminin müqayisəli təhlili istər tarixdən nəticə çıxarılması, istərsə də qaçqınlar probleminin tarixşünaslığı baxımından geniş elmi araşdırmalar dövriyyəsinə cəlb edilməsi vacib məsələdir.

Nazim Mustafa,

AMEA Tarix İnstitutunun elmi işçisi

 

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın