Cümə , Aprel 19 2024
azfa

Azərbaycanlı ziyalılar “Məktəbə qəbulda fars dili testi”nə etiraz məqsədilə valiliyə müraciət ünvanladılar-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, onlarla azərbaycanda ziyalı, alim, mədəni fəal və sənətkar “Məktəbə qəbulda fars dili testi”nə etiraz məqsədilə, eləcə də ana dili ilə bağlı Şərqi Azərbaycan Valiliyinə müraciət ünvanlayıblar.

Məktubda “Məktəbə qəbulda fars dili testi” layihəsi xüsusilə vurğulanaraq ziyalılar tərəfindən pislənilib, belə bir layihənin təşəbbüsü şovinizm ideyalarına köklənən planların bir hissəsi kimi dəyərləndirilib.

Məktubu yazanlar, hüquq mühafizə orqanları və bəzi məhkəmələrdə olan şovinist ideyaya xidmət edən məsulların kiçik etiraz səsini qaldıran şəxsləri həbs etməsi, onlara ağır cəzalar verilməsi məsələlərinə diqqət çəkərək, bu halların mövcud vəziyyəti gərginləşdirməkdən başqa nəticəsi olmadığını bildiriblər.

Fəallar daima millətlər arasında münaqişə və ayrı-seçkilik yaratmaq niyyətində olanların məqsədlərinə heç vaxt çatmadığını vurğulayıblar.

Məktubun sonunda Qubernatora konstitusiyanın 15, 19 və 48-ci maddələrinin müddəaları xatırladılıb, bu ilin sentyabrından etibarən (təhsil ilinin başlanması günündən) türk dilinin məktəblərdə tədrisi, Türk dili və ədəbiyyatı akademiyasının yaradılması və azərbaycanlıların milli hərəkatı ilə İslam qaydalarına və qanunvericilik tələblərinə uyğun davranılması, həmçinin, türk dili və Azərbaycan millətinin dili, mədəniyyətinin inkişafı üçün lazımı şəraitin yaradılması, mövcud maneələrin aradan qaldırılması ilə bağlı bir sıra tələblər irəli sürülüb.

“Bütün sosioloqlar və filoloqlar yekdilliklə qeyd edir: “ana dilini yaxşı öyrənən uşaq digər dillərin öyrənməkdə daha bacarıqlı olur” …

Lakin keçmiş Şah dövründə və İslami İnqilabdan əvvəl hakimiyyətə bağlı olan şəxslər müxtəlif bəhanələrlə Azərbaycan kimliyi və mədəniyyətini məhv etmək qərarına gəlib. Buna nail olmaq üçün heç bir zaman səylərini əsirgəməyib və Azərbaycan millətinə qarşı şovinizm və assimilyasiya siyasətini yürütməyə başlayıblar; nəticədə keçmiş 100 il ərzində Azərbaycanda ictimai və iqtisadi cəhətdən geriləməyə şahid olduq.

Millətlərə qarşı ədalətsizliyə son qoymaq və İslam İnqilabından sonra bu sahədə ədalətli siyasətin hökm sürəcəyinə böyük ümid bağlayan azərbaycanlılar İslam İnqilabının qalib gəlməsi uğrunda xeyli canfəşanlıqlar etdilər. Lakin qanunvericilikdə, o cümlədən, konstitusiyada millətlərin hüquqları təkidlə qeyd olunsa da, ölkədə hökm sürən vəziyyəti nəzərə alaraq, xüsusilə, İraqın İran əleyhinə başladığı müharibə dövründə, Azərbaycan milləti öz hüquqlarının əldə etməsində çox israrlı olmayıb, müvəqqəti olaraq bundan vaz keçib ki, uyğun zamanda öz hüquqlarını, o cümlədən, ana dilində təhsil və Türk dilinin rəsmi qaydada məktəblərdə tədris olunma hüququnu tələb etsin.

Lakin İslam İnqilabından 40 il keçməsinə rəğmən bu müddətdə mövzu ilə bağlı verilən xeyli vədlərə rəğmən – o cümlədən, hörmətli prezident cənab doktor Ruhaninin verdiyi vədlərə əks olaraq – bu sahədə Azərbaycanda heç bir ciddi addım atılmayıb. Bəzi məsul şəxslər Azərbaycan millətinin etdiyi səbir, yürütdüyü təmkinə hörmət qoymaq yerinə hər bir fürsətdən sui-istifadə etməklə mövcud olan az miqdar imkanları da Azərbaycan millətindən əsirgəmək istəyir, Azərbaycan dilinin inkişafına maneə törədirlər. Bunların ən bariz nümunəsindən biri ondan ibarətdir ki, digər bölgələrdə ana dilinin tədris edilməsinə icazə verilməsinə rəğmən, bu, Azərbaycan millətindən əsirgənir. Bundan əlavə, bəzi şovinistyönlü layihələrin icrası ilə millətlər arasında ayrı-seçkilik salmağa səy göstərilir.

Bunlardan biri Təhsil Nazirliyində bəzi məsul şəxslər tərəfindən irəli sürülən “fars dilinin yetəri olması” layihəsidir ki, nə insan hüquqları nə də ki, İslam dininin qaydalarına sığır. Belə bir layihə əgər icra olunarsa, milli birlik təhlükəyə düşər və millətlərin biri-biri ilə fasilə açması, münaqişələrin yaranmasına zəmin yarada bilər.

Bu layihənin təşəbbüsünü irəli sürənlər yeni təhsil metodikalarının tətbiqini bəhanə gətirsələr də əslində öz beyinlərində olan şovinist mənşəli ideyaları reallaşdırmaq istəyir hansı ki, nə təhsil metodikalarına uyğun gəlir, nə ədalət yönlü siyasətə; bu əslində insanlığa qarşı bir siyasətdir!”, – deyə, məktubda qeyd olunur.

İran İslam Respublikası konstitusiyasının  sözügedən maddələrində deyilir:

Maddə 15: İran millətinin ortaq dili və xətti fars dilidir. Rəsmi sənədlər, məktublar və mətnlər və dərsliklər bu dildə hazırlanmalıdır. Lakin mətbuatda və kütləvi mediada yerli millətlərin dilindən istifadə oluna və fars dili ilə yanaşı, həmin dillər məktəblərdə tədris oluna bilər.

Maddə 19: İran milləti mənsub olduğu millət və qəbiləsindən asılı olmayaraq eyni hüquqlara malikdir və İslam qaydalarının riayət olunması şərti ilə bütün insani, siyasi, iqtisadi, sosial və mədəni hüquqlara sahibdirlər.

Maddə 48: Ölkədə mövcud olan təbii sərvətlər və milli gəlirlər eyni zamanda iqtisadi fəaliyyətlər imkanı vilayətlər və bölgələr arasında ədalətli qaydada, heç bir ayrı-seçkiliyə yol verilmədən bölünməlidir. Belə ki, hər bir zona öz ehtiyacları və inkişaf potensiallarına uyğun sərmayə və imkanlardan yararlana bilsin.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın