Şənbə , Aprel 20 2024
azfa

Azərbaycan Cümhuriyyəti xadimləri Bakının Qurtuluşu haqqında

GADTB: Məhəmməd Əmin Rəsulzadə (Azərbaycan Milli Şurasının sədri): “Bolşeviklərlə azərbaycanlılar arasında axıdılan qan yalnız Azərbaycan məqsədinin hüsulunu təmin etmək şərtilə dayandırıla bilər. Bunu biz səmimi qəlb ilə arzu edirik. Çünki, məqsədimiz qan axıtmaq deyil, Bakıya malik olmaqdır. Çünki, əfəndim, Bakı Azərbaycanın, Azərbaycan da Bakınındır. Bakını Azərbaycandan ayırmaq istəyən kim olursa, Azərbaycanın həyatına qəsd etmişdir. Bakısız Azərbaycan təsəvvür oluna bilməz. Bakı tarixən də, indi də bir türk şəhəri və müsəlman bölgəsidir. İstiqbalən də elə olaraq Azərbaycanın paytatını təşkil edəcəkdir. Azərbaycan adı belə ehtimal ki, Bakının neft ocaqlarından o dünyanın uzaq guşələrindən özünə zairlər cəlb edən daim yanar təbii atəşlərindən alınmışdır. Azərbaycan bu günkü milli və mənəvi işığını da Bakıdan alır. Bura Qafqaz islamlarının mərkəzi-ürfanıdır. Azərbaycan qabiliyyəti həyatiyyəsini təmin edən vardati-mühəmmə buradan hasil olur. Bura məmləkətimizin yeganə limanıdır. Bakı Azərbaycanın qapısıdır. Bütün aləmin iştəhasını cəlb edən nefti olmadığı zamanlar belə Bakı Şimali Azərbaycandan ötrü əhəmiyyəti ticariyyəyə malik mühüm bir nöqtə təşkil edirdi. İndi də o əhəmiyyəti haizdir. Bunların hamısına bərabər Bakı, əksəriyyət nüfuz etibarı ilə müsəlmandır. Bakıda mövcud olan ərazinin, əmlakın əfar və müstəqfatın qismiküllisi müsəlmanlardır.

Ətrafında olan kəndlər tamamilə müsəlman kəndləridir, azəri türkləridir. Xülasə, Türkiyə üçün İstanbul, Almaniya üçün Berlin, Rusiya üçün Moskva nə isə Azərbaycan üçün də Bakı ondan artıq olmasa da, odur. Bu o qədər aydın bir məsələdir ki, bunu məsələ olaraq ortaya qoymaq həqiqətən də mövcubi-heyrətdir. Bakı bolşeviklərinin rus imperialistlərinin Qafqazdakı yaradıcılarının bu fikirdə olduqlarını, azərbaycanlıların inkar üçün bu şəkli iltizam etdiklərini bilirdik. Əksəriyyəti gənclərdən ibarət olduğu məlum olan Bakı bolşeviklərinin ingilislər tərəfindən də müzahirat görərək bu yolda təhrikatda olduqlarını duymuşduq. Fəqət Almaniya dövləti fəximəsinin bu fikrə zəhir və məhmi olacağını qətiyyən kəsdirməzdik. Tiflis qəzetindən nəql etmiş olduğunuz xəbərdə mütləq bir yanlışlıq olacaq. Şübhəsiz ki, Bakı neftinin aləmşümul bir əhəmiy-yəti vardır. Əlbəttə ki, bu neft məsələsi rusları da, Qafqazdakı məktəbləri də, Türkiyə ilə müttəfiqləri də əlaqədar edir.

Madam ki, Bakı ilə əlaqə neftlə bağlı bir əlaqədir, demək ki, iqtisadi və ticari məsələ qarşısında oluruq. Bəhri-Xəzər kənarında olan Azərbaycan nefti su yerində işlədəcək deyildir. Neft Azərbaycanın ən böyük ixracatını təşkil edir. Şübhəsizdir ki, Azərbaycan əcnəbi sərmayəsindən istifadə edəcək və bu sərmayənin Bakı ərazisində tətbiqini də hər cür vasitələrlə təhsil və təminata çalışacaqdır. Neftin əhəmiyyəti beynəlmiləliyyəsindən istifadə üçün Azərbaycan hökuməti ilə anlaşmaq və bağlaşmaq mümkün ikən başı bədəndən ayıracaq qədər qanlı tədabirə əcəba nədən ehtiyac görülsün? Əslində bunun üçün bu etiqaddayam ki, Tiflis qəzetləri ilə nəşr olunan şaiyə qərini-həqiqət olmasa gərək. Çünki düşünürəm: sərbəst bir şəhər elan etməklə təmini təsəvvür olunan fəvaidi-müştərək Azərbaycan hakimiyyəti təxtində də təmin edildikdən sonra Almaniya diplomatiyası əcəba nə üçün Azərbaycan həyati-milliyyə və mənafeyi-həyatlarına səbəbsiz bir surətdə qəsd etsin?!” (3).

“Tərcümani-həqiqət” qəzeti, İstanbu, avqust 1918-ci il,

“Azərbaycan” qəzeti, Gəncə, türkcə, N1.

NƏSİB BƏY YUSİFBƏYLİ

(Azərbaycan Nazirlər Şurasının sədri, Maarif naziri)

AZƏRBAYCAN GƏNCLƏRİNƏ

Rus dövlət cilovunun devrilib süni hüdudundan təbii hüdudu dairəsinə sıxışdığı əsnada həyati-milliyəmizə qəsd etmiş olan Romanov sülaləsinin qurduğu tələlər və əsrlərdən bəri gördüyü tədbirlər və yürütdüyü siyasət nəticəsində bu kimi təhlükəli dəqiqələrdə öz həyat və namusunu təmin və mühafizəyə yeganə mədar olacaq hər cür vəsait və tərbiyə alətindən Rusiyada yaşayan 30 milyona yaxın türklərdən başqa heç bir millət yox idi. Və bu 30 milyon arasında ən ağır vəziyyətdə olanlardan biri də heç şübhə yoxdur ki, biz Azərbaycan türkləri idik. Bununla bərabər bu gün Rusiyada sakin türk və islamların ən məsud və ən kamranı yenə biz Azəri türkləriyik. Səbəbi meydanda: son sistem silahlarla müsəlləh düşmənlə hər tərəfdən əhatə olunduğumuz əsnada türk dün-yasının yeganə hamisi və türk-islam birliyinin ən böyük nikahbanı olaraq öz qardaşlarının xilası uğrunda ən bərgüzidə övladının fədayi amadə olduğunu bifel isbat edən ən cəsur əsgəri, fatehlərin, yavuzların əhfadi olan türk qəhrəmanları, türk əsgəri sərdarlığına behəqqi-layiq nəcib Nuru Paşa və müavinləri başda olaraq qardaşlıq əllərini bizə uzatdılar və sevgili vətənimizi xain və zalım düşmənlərdən xilas ilə bizi bu günkü şanlı günləri görməyə müvəffəq etdilər.

Ey cəsur Türk qəhrəmanları! Sizə layiq bir söz vardır ki, onu da Bakının alınması münasibətilə Nuru Paşa həzrətlərinə Baş vəkilimiz yazmışdır. Ondan daha münasib bir təbir tapmadığımdan onu mən də təkrar edirəm və zənn edirəm ki, üç kəlmədən ibarət olan bu cümləni Azərbaycan durduqca hər bir azərbaycanlı türk qəlbində yaşayacaq və təkrar edəcəkdir:

Millət Sizə minnətdardır.

01 sentyabr 1918.

“Azərbaycan” qəzeti, pəncşənbə

26 zilhiccə (oktyabr) sənə 1336, 1918, №5.

FƏTƏLİ XAN XOYSKİ

(Azərbaycan Nazirlər Şurasının sədri,

Daxili İşlər Naziri)

Qafqaz İslam Ordusu Komandanı, sədaqətli Nuru Paşa Həzrətlərinə!

Qafqaz Müsəlman Ordusunun komandanı Nuru Paşaya! Xoşbəxtəm ki, xalqın adından Siz əlahəzrətlərinə, xeyirxah türk ordularına və Azərbaycan paytaxtını düşməndən azad edən inanılmış cəsur əsgərlərə təşəkkürümüzü çatdırıram” (3).

Heyəti-vukala rəisi Fətəli xan

“Azərbaycan” qəzeti, 3 oktyabr 1918, N5

ŞƏRQ ORDULARI QRUPU KOMANDANI

XƏLİL PAŞA HƏZRƏTLƏRİNƏ!

“Bakının, Azərbaycanın istiqlalını, səadətini iqtisadən və siyasətəntəmin edəcək və türk aləminin ikinci bir İstanbulu olmağa layiq bir mərkəzin türkün cəngavər, namuslu övladlarının qəhrəmanə hücumları sayəsində düşmənlərindən xilası münasibətilə Zati-aliyi-həmiyyətpərvəranələrini ən səmimianə bir surətdə təbrik edirəm!” (3).

Heyəti-vukala rəisi Fətəli xan

Azərbaycan” qəzeti, 3 oktyabr, N5

ƏLİMƏRDAN BƏY TOPÇUBAŞOV:

(Azərbaycan Parlamentinin sədri)

Paşa həzrətləri, Paşa biz öz müttəfiqimiz və himayəçimiz olan Türkiyəyə Azərbaycanı müstəqil görmək istədiyinə görə Sizin şəxsinizdə necə təşəkkür etməyə söz tapa bilmirəm. Bu məsələnin həllindən bizim bütün gələcəyimiz asılıdır: Azərbaycan türklərinin bu dünyada mövcud olub-olmamağı asılıdır.

Türk sərkərdə və əsgərlərinin, dövlətimizin paytaxtı olan Bakının azad edilməsi uğrunda apardığı və uğurla başa çatdırdığı qəhrəmanlıq mübarizəsi bizi Azərbaycanın müstəqilliyinin təminatına həmişəlik olaraq inandırır və arxayın edir. Bu mənada biz indi sakit ola bilərik” (95, s. 5).

İstanbulda diplomatik söhbətlər.

Bakı, 1995.

HƏSƏN BƏY AĞAYEV:

(Azərbaycan Parlamenti sədrinin müavini)

Möhtərəm deputatlar Möhtərəm !

Bu günkü bayramın nə qədər şərəfli, nə qədər tarixi olduğunu hər kəs düşünür və anlayır. Bu bayram münasibətilə Türklük və İslamlıq yolunda şəhid düşən türk igidlərini yad etmək üçün rica edirəm ki, cümləniz qiyam edəsiniz (hamısı ayağa qalxır).

Möhtərəm əfəndilər! Bu gün düz bir ildir ki, Azərbaycanın milli mərkəzi hesab olunan Bakı düşmənlər əlindən, zalımlar əlindən xilas olmuşdur. Bizim qəvi (sağlam) vücudumuzu təşrih (kəsmək) və bədənimizi parçalamaq istəyən və hüdudumuzu çey-nəmək istəyən düşmənlər keçən il martdan başlayaraq ta Kürdəmir stansiyasından igid türklər tərəfindən qovulub Bakıya soxulmuşlar və sonra dənizə tökülüblər.

Beləliklə ən müqəddəs hesab etdiyimiz paytaxtımız olan Bakını alıb bizə vermişdilər. Mayın 28-də istiqlalımız elan edilmişdir. Sentyabrən 15-də isə haqq yerinə varmış, Bakı istirdad edilmişdir (geri qaytarılmışdır).

Əfəndilər! Can bahasilə türklük və islamlıq uğrunda şəhid vermişlər, vətənimizi xilas edən türk igidlərini yad etmək ilə bərabər onu da əlavə edirəm ki, biz azəri türkləri böyük qardaşımız olan türklərin canfədalıqlarını heç bir vaxt unutmayacağıq və çətinliklə qan bahasına alınmış və bizə bəxş olunmuş istiqlalımızı müdafiə etməyi əhd edib, hər şeydən müqəddəs tutaraq əqsayi (gələcək) muradımıza nail olacağıq. Bu gün azəri cəmiyyəti-xeyriyyəsi türk şəhidlərinin adına əbədi bir nişangah qoyur. Rica edirəm saat 11-də bulvarda keçiriləcək rəsmi keçiddən sonra qəbirstana buyurub tədbirlərimizdə iştirak edəsiniz.

Azərbaycan Parlamentinin

təntənəli iclasındakı çıxışı

15 Sentyabr 1919.

Az. RDTA, sr. 895, səh. 1, iş 142, 6.1-4.

Nəsiman Yaqublunun araşdırması

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın