Çərşənbə axşamı , Aprel 23 2024
azfa

Azərbaycan türkoloqu Afad Qurbanov

GADTB: Bu gün Quzey Azərbaycanda Azərbaycan Dövlət Pedaqoji Universitetində Azərbaycanın görkəmli dilçi alimi, türkoloq və ictimai xadim, müasir Azərbaycan əlifbasının müəllifi və Onomastika Elmi Məktəbinin banisi, 80-cı illərdə həmin universitetinin rektoru və Azərbaycan Əlifba Komissiyasının sədri Afad Qurbanovun anadan olmasının 90 illik yubileyi ilə əlaqədar olaraq tədbir keçirilib.

Tədbir zamanı Azərbaycanın tanınmış dilçi alimi, ADPU-nun “Azərbaycan dili və onun tədrisi metodikası” kafedrasının sabiq müdiri, filologiya elmləri doktoru, professor Əzizxan Tanrıverdinin öz müəlliminə həsr etdiyi və nəfis şəkildə nəşr etdirdiyi “Türkologiyamızın Afad Qurbanovu” monoqrafiyasının təqdimatı keçirilib.

Tədbirdə AMEA-nın Dilçilik İnstitutu, Ədəbiyyat İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti və digər elm və təhsil müəssisələrinin alimləri iştirak ediblər.

Təqdimatı ADPU-nun prorektoru professor Asəf Zamanov açıq elan edərək görkəmli dilçi-alim Afad Qurbanovun həyat və yaradıcılığından, onun zəngin elmi və pedaqoji fəaliyyətindən danışdı, dilçiliyin inkişafında mühüm xidmətləri olduğunu qeyd edib. O bildirib ki, adı Azərbaycan dilçiliyinin korifeyləri ilə bir sırada çəkilən, sovet və ölkəmizin müstəqillik dövründə türk və Avropa dilçiləri tərəfindən orijinal elmi konsepsiyalar müəllifi kimi rəğbətlə qəbul edilən, Azərbaycan SSR Elmlər Akademiyasının üzvü, SSRİ Elmlər Akademiyasının Sovet Türkoloqları Komitəsinin sədr müavini, milli və beynəlxalq akademiyaların akademiki, Azərbaycan dilçiliyində ononalogiya və ümumi dilçilik sahələrində elmi məktəbin banisi olan Afad Qurbanov ömrünün 50 ilini Azərbaycan elminə, təhsilinə həsr etmiş, ana dilimizin və əlifbamızın inkişafına tarixi töhfələr vermiş, fundamental əsərlər hazırlamış, alimliklə insanlığın vəhdətini özündə birləşdirən görkəmli türkoloq alimlərimizdən olub.

Təqdimat mərasimində ADPU-nun Filologiya fakültəsinin dekanı professor Mahirə Hüseynova çıxış edərək qeyd etmişdir ki, akademik Afad Qurbanovun Azərbaycan Dövlət Pedaqoji Universitetinin inkişaf tarixində də misilsiz xidmətləri olmuşdur. Tələbəliçikdən rektorluğa qədər 60 ilə yaxın yol keçən Afad Qurbanov bu təhsil müəssisəsi üçün tarixi işlər görmüşdür. O, pedaqoji universitetdə tələbə, aspirant, asistent, müəllim, dosent, professor, dekan müavini, on üç il filologiya fakültəsinin dekanı, otuz il “Azərbaycan dilçiliyi” kafedrasının müdiri, doqquz il rektror və Azərbaycan SSR-i Ali Məktəblər Rektorlar Şurasının Rəyasət Heyətinin sədr müavini, habelə filologiya və pedaqogika elmləri üzrə o zaman üçün yeganə ixtisaslaşdırılmış müdafiə şuralarının sədri vəzifələrində çalışıb.

XX əsrin 70-80-ci illərində ADPU-ya rəhbərlik etdiyi dövrdə institut tamamilə yenidən qurulmuş, tədris yüksək səviyyəyə qaldırılmış, yeni kafedralar (fakültələr) yaradılmış, sədr olduğu dissertasiya şuralarının işi keyfiyyətcə yenilənmiş, ölkədə təhsil müəssisələrinin tarixində ilk dəfə olaraq onaltı mərtəbəli tədris binası inşa edilib, yataqxanalar əsaslı şəkildə təmir olunub, Qafqazda birinci, SSRİ-də dördüncü hərbi fakültə yaradılmışdır. İnstitut Azərbaycan SSR-i Ali Sovet Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunub və o dövrdə institutun yaradılmasının 60 illiyinə həsr olunmuş təntənəli iclasda Ümummilli lider Heydər Əliyev institutun Qırmızı Əmək Bayrağına order sancıb.

Kitabın müəllifi professor Əzizxan Tanrıverdi adından Buludxan Xəlilov çıxış edərək qeyd edib ki, müəllif nəşr etdiyi monoqrafiyasında ustadı barədə xatirələrini, onun çoxşaxəli yaradıcılıq irsini, onun yaradıcılığında dilçilik sahələri, əlifba problemləri, onomalogiyanın nəzəri məsələləri, nitq mədəniyyəti, şəxsi adlar ensiklopediyası, türkoloji dilçilik, ümumi dilçilik və müasir dilçiliyin aktual məsələlərinin tədqiqini açıqlayıb.

Bununla yanaşı, Azərbaycan dilçiliyi kafedrasının müdiri professor Nizami Xudiyev, Müasir Azərbaycan dili kafedrasının müdiri professor Buludxan Xəlilov, Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstititunun Tətbiqi dilçilik şöbəsinin müdiri professor İsmayıl Məmmədli, Terminologiya şöbəsinin müdiri Sayalı Sadıqova, Azərbaycan Dövlət Dillər Universitetinin Azərbaycan dilçiliyi kafedrasının müdiri professor Adil Babayev və başqa alimlər çıxış ediblər.

Həmçinin yoxlayın

Qazaxın azad edilən kəndində Azərbaycan bayrağımı qaldırıldı

GADTB: Qazaxın erməni işğalından azad edilən Aşağı Əskipara kəndində Azərbaycan bayrağı dalğalandırılıb. Bu barədə “Azadlıq” …

23 Aprel Türkiyə Milli Suverenlik və Uşaq Bayramı günüdür

GADTB: Türkiyə Böyük Millət Məclisinin (TBMM) açılışı münasibətilə təsis edilən bu bayram Türkiyə xalqının ulu …

Bir cavab yazın