Azərbaycanın tarixi coğrafiyasının və dövlətçilik tarixinin saxtalaşdırılması faktı

GADTB: 1991-ci ildə yenidən siyasi müstəqillik yoluna çıxmış Azərbaycanın tarixi, coğrafiyası və mədəniyyəti İran tədqiqatçılarının kəskin maraq obyektinə çevrilmişdir. Ancaq təəssüf ki, bu illər ərzində bəzi İran alimləri tariximizə dair qeyri-elmi baxışın və yanlış yanaşma tərzinin yeni nümunələrini yaratmışlar. Doktor Bəhram Əmir Əhmədiyanın hicri-şəmsi 1384miladi 2005-ci ilin payızında İranın “Beynəlxalq və siyasi mütaliələr dəftərxanası”nda çapdan çıxmış “İran – Azərbaycan Respublikası münasibətləri (azərilərin İrana baxışı)” adlı əsəri də bu qəbildən olan nümunələrdəndir [51]. Həmin kitabda Azərbaycan tarixi tamamilə təhrif olunmuş və saxtalaşdırılmışdır. Əsər 10 fəsildən ibarətdir. Kitabın I fəsli “Azərbaycan ərazisi”, II fəsli “Azərbaycan və Azərbaycan Respublikası”, III fəsli “Azərbaycan tarixşünaslığının gözü ilə Azərbaycan tarixi”, IV fəsli “İran və Azərbaycan Respublikası arasında münasibətlər”, V fəsli “Azərbaycan Respublikasının tarixə dair dərslik kitablarının icmalı”, VI fəsli “Azərbaycan Respublikasının xarici siyasəti”, VII fəsli “Azərbaycan Respublikasının təhlükəsizlik baxışları”, VIII fəsli “Pantürkizm, Azərbaycan Respublikası və İranın milli təhlükəsizliyinə qarşı təhdid”, IX fəsli “Münasibətlərin təqvimi” və X fəsli “Son söz” adlanır. B.Ə.Əhmədiyanın müddəalarının araşdırılması gedişində aydın olur ki, sözügedən müəllif Azərbaycan xalqını türk soylu saymır, Azərbaycanın quzey və güney ərazilərinin tarixən bir-birindən ayrı ölkələr olduğunu isbat etməyə çalışır, Azərbaycanı tarix boyunca İranın tərkib hissəsi kimi təqdim edir və Ermənistanın Qarabağa olan uydurma ərazi iddialarına haqq qazandırmağa cəhd göstərir. Əsərin müəllifi Azərbaycan xalqının tarix və mədəniyyətini kobud şəkildə təhrif edən Pəhləvi dövrünün (1925-1979) şovinist tarixçilərinin əsassız fikirlərini mənimsəmiş və təkrarlamışdır [53; 57; 58; 59; 63]. Onun əsərində səslənən bəzi fikirlər bir müddət öncə bir dəstə erməni və rus tarixçisi tərəfindən, ermənipərəst mövqedən yazılmış və Moskvada nəşr olunmuş bir kitabda Azərbaycan əleyhinə səslənən ittihamlarla heyrətamiz dərəcədə eyniyyət təşkil edir [40]. Təbiidir ki, bu oxşarlıqlar fars tarixçisinin əsərinin ideya qaynaqları haqqında aydın təsəvvür yaradır. B.Ə.Əhmədiyan bu əsərini yazarkən qarşısına elmi faktları, tarixi həqiqətləri üzə çıxarmaq məqsədini deyil, Azərbaycana qarşı mənfi əhval-ruhiyyədə olan bəzi dairələrin cılız siyasi mənafelərinə xidmət etmək vəzifəsini qoymuşdur.

Bu məqalədə B.Ə.Əhmədiyanın kitabında Azərbaycan əleyhinə səslənmiş bir sıra iddialara elmi faktlarla münasibət bildirmək fikrindəyik. Əsər müəllifi yazır: “İndiki Azərbaycanın ərazisində tarixən İran əyaləti olmuş Azərbaycanın adı ilə Azərbaycan Demokratik Cümhuriyyəti yarananda İran bu siyasi birləşmənin adına Birləşmiş Millətlər Təşkilatında etiraz etməli idi. Çünki o vaxta qədər Arazın o tayındakı ərazilərdə “Azərbaycan” adı mövcud olmamışdır” [51, s.13]. Müəllif unudur ki, 1918-ci ildə Azərbaycan Demokratik Cümhuriyyəti yaranarkən nəinki BMT, heç Millətlər Liqası da mövcud deyildi. Beynəlxalq münasibətlər və xarici siyasət məsələləri haqqında kitab yazan bir şəxsin belə bəsit səhvə yol verməsi onun intellektual səviyyəsinin və elmi biliklərinin məhdudluğundan xəbər verir.

İran tarixşünaslığının bir sıra nümayəndələri tərəfindən Azərbaycan xalqının tarixi rolunun azaldılması, onun bənzərsiz mədəniyyətinin, dövlətçilik tarixinin inkar olunması, müstəqil inkişaf hüququnun tanınmaması və Azərbaycanın tarixən İranın tərkib hissəsi kimi nəzərdən keçirilməsi aşkar şovinist düşüncə tərzinin məhsuludur [49, s.125,140]. Tarixi araşdırmalar Azərbaycanın minilliklərlə ölçülən, zəngin dövlətçilik ənənələrinin olduğunu təsdiqləyir

[bax: 13]

. Ancaq bütün bunlara baxmayaraq, yuxarıdakı iqtibasdan aydın olur ki, B.Ə.Əhmədiyan da Azərbaycanın tarixən İran əyaləti olduğu qənaətindədir. Müəllif unudur ki, Azərbaycan ərazisində hələ qədim dövrdə Manna, Atropatena və Albaniya kimi müstəqil dövlətlər mövcud olmuşdur. Əhəməni və Sasani imperiyalarının qüdrətli çağlarında Azərbaycan işğal nəticəsində İran şahlarından asılı vəziyyətə düşsə də, ideoloji, siyasi, iqtisadi, mədəni mərkəz rolunu itirməmiş, işğal rejimi davamlı olmamış və müvəqqəti səciyyə daşımışdır. Azərbaycan xalqı işğalla barışmamış, azadlıq uğrunda qətiyyətli mübarizə aparmış və öz vətəninə İranın bir guşəsi kimi yanaşmamışdır. VII yüzildə Sasani imperiyası ərəb ordularının zərbələri ilə süqut etdi, İran və Azərbaycan əraziləri Ərəb xilafətinin tərkibinə daxil olundu. IX yüzildə ikinci yarısınadək davam etmiş ərəb hakimiyyəti dövründən sonra Azərbaycanda yenidən müstəqil dövlətlər (Sacilər, Salarilər, Rəvvadilər, Şəddadilər və Şirvanşahlar) təşəkkül tapdı. XI yüzildə Səlcuq türkləri Yaxın və Orta Şərqin bir sıra ölkələrini, o cümlədən də Azərbaycanı və İranı fəth etdilər, böyük bir imperiya qurdular. Səlcuqların tənəzzülü dövründə yaranmış Azərbaycan Atabəylər dövləti (1136-1225) xalqımızın dövlətçilik tarixinin şanlı səhifələrindəndir. XIII yüzildə Azərbaycan və İran monqol-tatarlar tərəfindən işğal edilmiş və Elxanilər (Hülakular) dövlətinin, sonra isə Cəlairilər dövlətinin tərkibinə daxil olmuşdur. Bu dövlətlərin ictimai-iqtisadi, siyasi və mədəni mərkəzi Azərbaycan idi. XV yüzilin əvvəllərindən XVIII yüzilin 30-cu illərinədək Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövlətləri Yaxın və Orta Şərq regionunda mühüm mövqe tutmuş, fəal rol oynamışlar. Bu dövlətlərin idarəçilik sistemində Azərbaycan türkləri aparıcı olmuş, İranın bir çox yerləri fəth edilərək həmin Azərbaycan dövlətlərinin tərkibinə qatılmışdı. Tarixi faktlar təsdiq edir ki, Azərbaycan “İranın bir əyaləti” olmamışdır. Əksinə, İran əraziləri Azərbaycan hökmdarları tərəfindən, Azərbaycanın mərkəz şəhəri Təbrizdən idarə edilmişdir. Ona görə də İranın Azərbaycan üzərindəki nüfuzundan deyil, Azərbaycanın İran üzərində hegemonluğundan, nüfuzundan danışmaq daha məntiqi olar (17, s.60). Ümumiyyətlə, XI yüzildən başlayaraq 1925-ci ilə qədər İranın özü müxtəluf türk sülalələrinin (Səlcuqlar, Elxanilər, Cəlairilər, Teymurilər, Qarayoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar və Qacarlar) hökmranlığı altında olmuş və türklər tərəfindən idarə edilmişdir [bax: 24, s.129]. Buna görə də B.Ə.Əhmədiyanın timsalında fars millətçilərinin Azərbaycanı “İranın tarixi torpağı” saymasının heç bir elmi əsası yoxdur.

B.Ə.Əhmədiyanın əsərinin 13-cü səhifəsində müəllif iddia edir ki, 1918-ci ilə qədər heç bir tarixi qaynaqda Arazdan quzeydəki torpaqlar “Azərbaycan” adı ilə anılmamışlar. O, bu yersiz iddiasını əsərin sonrakı yerlərində də təkrar edir: “Azərbaycan adı tarix boyu Araz çayının güneyindəki ərazilərə aid olmuşdur. Bu zəmində Azərbaycan adlanan ərazilər Arazdan güneydə var olmuşdur və indi də var. Arazın quzey ərazilərinin Azərbaycan adlanmasının saxta və qondarma olduğunu və bu adın siyasi məqsədlər üçün seçildiyini sübut edən çoxlu coğrafi və tarixi faktlar mövcuddur” [51, s.15]. Bu əsassız iddiadan sonra müəllif bir-iki coğrafi əsərdən təhrif olunmuş şəkildə iqtibas etdiyi parçalarla öz fikrini “gücləndirməyə”, “əsaslandırmağa” çalışır və belə yanlış, qərəzli bir nəticəyə gəlir: “Azərbaycan Respublikasının tabeliyində olan indiki ərazinin üzərində Azərbaycan adı olmamışdır… İranın ən qədim tarixi-coğrafi mənbələrindən məlum olur ki, Azərbaycan Respublikasının tabeliyində olan indiki ərazilər Arranın bir hissəsi olmuşdur və heç bir zaman bu məmləkətə Azərbaycan deməmişlər… Sovet və eləcə də indiki Azərbaycan Respublikasının tarixçi və coğrafiyaçılarına da yaxşı məlumdur ki, Araz çayının şimalına Azərbaycan adının qoyulması yanlış, qondarma və əsassız bir işdir” [51, s.16-17]. B.Ə.Əhmədiyanın iddiası odur ki, Quzey Azərbaycanda tarixən var olmuş Arran və Şirvan vilayətləri heç bir zaman “Azərbaycan” coğrafi anlayışına daxil edilməmişlər. Bu kimi iddiaların əsas məqsədi Azərbaycan xalqının etnik birliyini şübhə altına almaqdan və bu vəhdəti inkar etməkdən ibarətdir.

Öncə onu qeyd etmək lazımdır ki, müxtəlif coğrafi istilahlardan və tarixi toponimlərdən bəsit, qeyri-ciddi şəkildə istifadə etməklə vahid bir xalqın tarixini süni şəkildə bir neçə yerə bölmək mümkün deyildir. Ölkənin, vilayətin nə cür adlanmasından asılı olmayaraq, Həmədandan Dərbəndə qədər uzanan geniş ərazi yüzillər boyu Azərbaycan türklərinin yurdudur və bu ərazidə yaşayan Azərbaycan türkləri vahid bir xalqdır. Arazın şimalında və ya cənubunda yaşamalarından asılı olmayaraq, Azərbaycan türkləri tarix boyu vahid bir etno-mədəni mühiti qərarlaşdırmışlar. B.Ə.Əhmədiyanın müxtəlif coğrafi adları misal gətirməklə məsələni qəlizləşdirmək cəhdi Azərbaycan türklərinin qədim zamanlardan yaşadıqları əraziləri bir-birinə qarşı qoymaq, Arazın hər iki tayındakı Azərbaycan ellərini bir-birinə yadlaşdırmaq istəyinin bariz ifadəsidir.

Bundan əlavə, müəllifin Arazdan şimaldakı torpaqların 1918-ci ilə qədər “Azərbaycan” adlanmadığı barədə söylədikləri başdan-ayağa cəfəngiyyatdır. Orta yüzillərdə və yeni dövrdə müxtəlif dillərdə tərtib olunmuş çoxsaylı qaynaqlar yurdumuzun Arazdan quzeydəki ərazilərinin yüzillər boyu “Azərbaycan” anlayışının tərkib hissəsi olduğunu sübut edir. Bəzi mənbələrə müraciət edək. Ərəbcə yazılmış “Tarix ər-rüsul vəl-müluk” (“Peyğəmbərlərin və hökmdarların tarixi”) əsərinin müəllifi ət-Təbərinin (893-923) məlumatından aydın olur ki, I Xosrov Ənuşirəvanın (531-579-cu illər) zamanında Sasanilər imperiyası dörd isbahbəzliyə bölünürdü və dördüncü isbahbəzlik olan Azərbaycan isbahbəzliyinin ərazisi “xəzərlərin ölkəsi”nə qədər uzanırdı [69, s.99-100; 16, s.107]. Xəzər xaqanlığının Dərbənddən şimalda yerləşdiyini nəzərə alsaq, Arazdan şimaldakı torpaqların hələ Sasanilər dövründə Azərbaycanın bir hissəsi olduğunu göstərə bilərik.

VI yüzildə orta fars dilində yazılmış “Şəhristaniha-yi Eran” adlı coğrafi risalədə (traktatda) inzibati vahid olan Azərbaycan ölkəsinə Atropatena, Ərməniyyə, İberiya, Albaniya, Balasakan, Sisikan, Arey, Gilan, Deyləm, Dəmavənd, Təbəristan, Rovan, Amul, Həmədan və Muğan vilayətlərinin daxil olduğu göstərilmişdir [37, s.51].

553-cü ildə Dərbəndin qala divarlarına Sasanilərin Azərbaycandakı mərzbanı Bərzini tərəfindən həkk edilmiş pəhləvi yazılarından məlum olur ki, o zaman Azərbaycanın quzey sərhəddi Dərbəndə qədər çatırdı [42, s.29; 4, s.136]. Sasanilər dövründən bəhs edən “Əndərz-i Xosrov Ənuşirəvan” adlı qaynaqda İran şahı I Xosrovun adından deyilir ki, “Azərbaycana tərəf hərəkət edib Çul, Dərbənd və Firuz-Xosrov şəhərinə çatdım” [54, s.86; 8, s.217]. Buradan da bəlli olur ki, Azərbaycan ölkəsi quzeydə Araza qədər deyil, Dərbəndə qədər uzanırdı.“Dərbəndnamə” adlı orta yüzil salnaməsində ərəblərin hücumu ərəfəsində inzibati vahid olan Azərbaycan ərazisinin Dərbəndədək uzandığı göstərilmişdir [35, s.21-22; 4, s.136]. Ərəb işğalları dövrünə aid olan ilkin qaynaqlarda Arazdan quzeydəki ərazilər Azərbaycanın tərkib hissələri kimi nəzərdən keçirilir. Məsələn, ərəb tarixçisi əl-Kufi özünün “Kitab əl-fütuh” (“Fəthlər kitabı”) əsərində VIII yüzil ərəb–xəzər savaşlarından bəhs edərkən, Arazdan quzeydəki şəhərləri Azərbaycan əraziləri sırasında qeyd edir: “Səid ibn Əmr əl-Hərəşi Varsana, Beyləqana, Bərdəyə, Qəbələyə və Azərbaycanın başqa yerlərinə çaparlar göndərdi” [71, VIII hissə, s.53; 6, s.32; 16, s.43]. Həmin salnaməçi digər yerlərdə Beyləqanı, Bərdəni, Qazaxı, Naxçıvanı Azərbaycan ərazisi kimi göstərir: “Xəlifə Azərbaycana Adiyyə ibn əl-Kindini təyin etdi. Adiyyə Azərbaycana gedib Beyləqanda düşərgə saldı”; “Əl-Haris ibn Əmr Azərbaycan ölkəsinə gedib Bərdədə yerləşdi” [71, VII hissə, s.320; 6, s.15; 16, s.23]; “Mərvan Şamdan 120 minlik ordu ilə yola düşür və tezliklə Azərbaycana gələrək, Bərdədən 40 fərsəx və Tiflisdən 20 fərsəx aralı olan Qazax adlı məntəqədə dayanır” [71, VIII hissə, s.71; 6, s.46; 16, s.59]; “Əbu Müslüm olduğu yeri tərk edib, Azərbaycanın Naxçıvan adlı şəhərinə gəlir” [71, VIII hissə, s.255; 6, s.62; 16, s.77]. Ət-Təbərinin göstərilən əsərində və İbn əl-Əsirin (1160-1234) “Əl-kamil fit-tarix” (“Mükəmməl tarix”) əsərində verilmiş məlumatlara görə h.91-ci (m.709/710-cu) ildə Məsləmə ibn Əbdül-Malik türklərə (yəni xəzərlərə) qarşı yeni yürüş həyata keçirdi “və Azərbaycan vilayətindəki əl-Baba (Dərbəndə) çatdı, oradakı şəhərləri və qalaları fəth etdi” [69, s.1217; 72, IV cild, s.439; 36, s.53]. Buradan belə çıxır ki, Ərəb xilafəti zamanında da Azərbaycanın coğrafi hüdudları quzeydən Dərbənd şəhərini əhatə edirdi və Arazın quzeyi Sasanilər dövründə olduğu kimi yenə də Azərbaycan ölkəsinin tərkib hissəsi hesab edilirdi. Ət-Təbəriyə əsasən, Azərbaycan Ərəb xilafətinin tərkibində olarkən böyük bir ölkə idi, onun güneyində Həmədan, quzeyində isə Dərbənd yerləşirdi

[bax: 4, s.136; 20, s.17]

. X yüzildə yaşamış fars tarixçisi Bələmi də özünün “Tərcüme-yi tarix-i Təbəri” (“Təbəri tarixinin tərcüməsi”) əsərində Azərbaycanın sərhədlərini aydın surətdə göstərir: “Azərbaycanın hüdudunun başlanğıcını Əbhər və Zəncan daxil olmaqla Həmədan, axırını isə xəzərlərin Dərbəndindən götürürlər və bu aralıqda olan bütün on-on iki şəhəri Azərbaycan adlandırırlar” [52, s.51; 19, s.119]. Ərəb tarixçisi və coğrafiyaçısı əl-Yəqubi 891-ci ildə yazdığı “Kitab əl-buldan” (“Ölkələrin kitabı”) əsərində Arranı, yəni Şimali Azərbaycanı “Azərbaycan əl-ülya” (“Yuxarı Azərbaycan”) adlandırmış, Bərdənin və Beyləqanın adını “Azərbaycan mahalları” cərgəsində qeyd etmişdi [70, s.271; 21, s.34,41]. İbn əl-Fəqih Həmədani 902-ci ildə yazdığı eyni adlı coğrafi əsərində Bərdəni və Beyləqanı Azərbaycan şəhərləri hesab etmişdir [68, s.285-286; 21, s.37]. Qudama ibn Cəfər 928-929-cu illərdə yazdığı “Kitab əl-xərac və sənət əl-kitabə” (“Xərac və katiblik sənəti haqqında kitab”) əsərinin “İslam məmləkətləri, onun əyalət və paytaxtları” adlanan VI fəslində Bərdəni “Azərbaycanın paytaxtı” kimi təqdim etmişdir [66, s.244; 21, s.47]. X yüzildə yaşamış ərəb coğrafiyaşünas səyyahı Əbül-Qasim ibn Hövqəl Xəzər dənizinin xəritəsini çəkmiş, Dərbəndə qədər uzanan bütün sahilboyu ərazini “Azərbaycan” adlandırmışdı [67, s.387; 4, s.137; 21, s.119]. XII-XIII yüzillərin hadisələrindən bəhs edən ərəb müəllifləri əl-Öməri, Əbül-Fida, əl-Məkrizi və İbn Həldun Dvin şəhərini “Azərbaycan mahallarından” hesab etmişlər [5, s.179]. O dövrdə yaşamış məşhur salnaməçi İbn əl-Əsir yazır: “557-ci ilin (1162) şəban (iyul) ayında gürcülər 30 minə qədər əsgəri qüvvə toplayıb, İslam şəhərlərinə və Azərbaycanın Dvin şəhərinə gəldilər” [11, s.152]. “599-cu (1202-03) ildə gürcülər Azərbaycanın Dvin şəhərini zəbt edib, bu şəhəri talan etdilər” [11, s.153]. Onun “Əl-kamil fit-tarix” əsərinin “Qıpçaqların bir qisminin Azərbaycana girməsi” adlı fəslində Dərbənddən, Qəbələdən və Gəncədən bəhs olunur [11, s.177-181]. 1221-1231-ci illər arasında, naməlum müəllif tərəfindən farsca yazılmış “Əcaib əd-dünya” (“Dünyanın qəribəlikləri”) adlı coğrafi əsərdə Naxçıvan Azərbaycan şəhəri kimi təqdim olunur: “Naxçıvan Azərbaycanda yerləşən böyük və rifahlı bir şəhərdir” [26, s.243]. Əsərin digər bir yerində Şirvanın Beşbarmaq dağı Azərbaycana aid olunur: “Bu müqəddəs yer Azərbaycan hüdudları daxilindədir. Orada məscid vardır. Deyirlər ki, onu Xızır tikdirmişdir – ona salam olsun! Oranın sakinləri qonaqpərvərdirlər” [26, s.190].

Əyyubilər sülaləsinin nümayəndəsi, Əbül-Fida ləqəbli İsmayıl ibn Əli əl-Əyyubi (1273-1331) özünün “Təqvim əl-buldan” (“Ölkələrin cədvəli”) əsərində yazır: “Şirvan ― uzunluq dairəsi 69* 45, en dairəsi 37* 40-dır. Dördüncü iqlimdə, Azərbaycandadır”; “Şəmkir ― uzunluq dairəsi 78* 08, en dairəsi 41* 50-dir. Beşinci iqlim də, Azərbaycandadır” [16, s.271,274].

Elxanilər dövlətinin məşhur vəziri Fəzlullah Rəşidəddinin (1247-1318) yazışmalar toplusundan ibarət olan “Mükatibat-i Rəşidi” əsərindəki 36 saylı sənəddə Arazdan cənubda yerləşən bir sıra ərazilərlə yanaşı, Araz çayının şimalındakı Naxçıvan, Qarabağ, Muğan, Arran və Şəki bölgələri “Azərbaycanın vilayət və naiblikləri” adı ilə xatırlanır. Həmin sənəddə “Ərməniyyə” də Azərbaycanın tərkib hissəsi kimi nəzərdən keçirilir [43, s.269-270]. 1652-ci ildə Təbrizli Məhəmməd Hüseyn tərəfindən tərtib edilmiş “Bürhan-i qate” (“Qəti sübut”) adlı mötəbər ensiklopedik lüğətdə Gəncə və Bərdənin daxil olduğu Arran “Azərbaycanın bir vilayəti” kimi göstərilir [50, s.39; 19, s.119]. XVII yüzilin məşhur Osmanlı səyyahı Övliya Çələbinin “Səyahətnamə”sində İrəvanın, Naxçıvanın və Qarabağın Azərbaycan torpaqları olduğu vurğulanmışdır [48, s.110,114,117].

XVII yüzildə yaşamış fransız səyyahı Jan Şarden Azərbaycan haqqında yazır: “Farslar onu Azərbeyan və ya Azürpekan adlandırırlar. Bu əyalət Səfəvi imperiyasının ən böyük əyalətlərindən biridir. Doğudan Xəzər dənizi və Hirkanla, güneydən Part əyaləti ilə, batıdan yuxarı İrəvanla və Araz çayı ilə, quzeydə isə Dağıstanla həmsərhəddir. Deyildiyi kimi, Dağıstan dağlıq ölkə olub Moskva kazakları ilə həmsərhəddir” [10, s.68]. Bu səyyahın ətraflı və dəqiq şərhindən aydın olur ki, Dağıstana qədər olan ərazilər Azərbaycana daxildir.

“Arif” təxəllüslü İran şairi və alimi Məhəmməd Şirazi özünün h.1076-1078 (m.1665-1668)-ci illərdə yazdığı “Lətaifül-xəyal” (“Xəyal lətiflikləri”) adlı təzkirəsində Azərbaycanın məşhur şairlər yetişdirmiş nahiyələrini belə sadalayır: Ərdəbil, Təbriz, Gəncə, Şirvan, Beyləqan, Marağa və Həmədan [64, s.93]. Göründüyü kimi, Səfəvi dövrünün müəllifi Arazın həm quzeyində, həm də güneyində yerləşən nahiyələri Azərbaycanın tərkib hissələri sayır. Bu faktı yuxarıda misal gətirdiyimiz mənbələrdəki məlumatlarla müqayisə etdikdə aydın olur ki, Azərbaycanın Həmədandan Dərbəndə qədər uzanan coğrafi sərhədləri Sasanilər dövründən Səfəvilər dövrünədək bütün orta əsrlər tarixi boyunca dəyişməz qalmış və bu gerçəklik bir sıra ilkin məxəzlərdə obyektiv surətdə öz əksini tapmışdır.Səfəvi dövlətinin qulluğunda olmuş Mirzə Məhəmməd Hüseyn Mustovfi XVIII yüzilin əvvəllərində “Təfsil-i əsakir-i firuzi muasir-i Şah Sultan Hüseyn-i Səfəvi” (“Şah Sultan Hüseyn Səfəvi dövründə qalibiyyətli qoşunların təfsili”) adlı əsərində yazırdı: “Azərbaycan Dərbəndə qədərdir, onun bütün şəhərləri və kəndləri xəzinəyə 500 min tümən ödəməlidir” [56, s.417,420; 36, s.120].

1720-25-ci illərdə Səfəvilər dövləti ərazisində olmuş polyak səyyahı Yan Tadeuş Kruşinski bu dövlətin inzibati quruluşundan bəhs edərkən aşağıdakı məlumatı verir: “Onların 12 məmləkəti olmuşdur: 1. İraqi-Əcəm; 2. Xuzistan; 3. Luristan; 4. Fars və Kirman; 5. Mokran; 6. İraqi-Ərəb; 7. Qəndəhar; 8. Zabulistan; 9. Sistan; 10. Xorasan və Mazandaran; 11. Gilan; 12. Ərazisinə İrəvan, Şirvan və Gürcüstan da daxil olan Azərbaycan” [12, s.19].

Y.T.Kruşinskinin müasiri olmuş, Səfəvilərin dövlət quruluşu məsələlərinə “Təzkirətül-müluk” (“Hökmdarlar üçün təzkirə”) adlı dəyərli bir əsər həsr etmiş Mirzə Səmia Azərbaycan ölkəsinin dörd bəylərbəyilikdən ibarət olduğunu göstərir: Təbriz, Çuxursəd, Qarabağ və Şirvan [25, s.39; 65, s.72-79].

Şamlu tayfasının Bəydili (Biqdeli) oymağından olan Lütfəli bəy Azər h.1174-1193-cü (m.1760/61-1779-cu) illər arasında, fars dilində tərtib etdiyi “Atəşkədə” təzkirəsində yazır: “İndi bütün Şirvan, Muğan, Gürcüstan və Ərmən Azərbaycana daxildir” [60, s.26]. O, digər bir yerdə Gəncədən bəhs edərkən “Azərbaycanın mötəbər şəhərlərindən olan, xoş ab-havası ilə məşhurlaşan Gəncə” deyə qeyd edir.1177-ci ilin şəvval (1764-cü ilin aprel) ayında Kərim xan Zənd tərəfindən verilmiş fərmanda Azərbaycan vilayətləri sırasında Şirvanın, Qarabağın, Təbrizin, Gəncənin, Naxçıvanın adı çəkilir [61, s.365-366; 19, s.120]. Rus polkovniki Stepan Burnaşevin Azərbaycan vilayətlərinin təsvirinə dair 1786-cı ildə yazdığı kitabında Bakı, Quba, Nuxa (Şəki), Şirvan (Şamaxı), Gəncə, Şuşa (Qarabağ), Naxçıvan, Təbriz, Marağa, Urmiya, Xoy, Ərdəbil, Meşkin və s. xanlıqlarının əraziləri Azərbaycan vilayətləri kimi təqdim olunmuşdur [41; 19, s.120-121].XIX yüzildə Lənkəran şəhərində İsa Ziyai ibn Hacı Məhəmməd Rəhim Ərdəbilinin farsca yazdığı “Təzkire-yi Ziyai” adlı əsərin avtoqraf əlyazma nüsxəsində Ərdəbil, Ordubad, Beyləqan, Təbriz, Xalxal, Şirvan, Gəncə, Qarabağ və Marağa Azərbaycanın vilayətləri kimi göstərilir [55, vərəq 3b].  İran şahzadəsi Bəhmən mirzə Qacar 1871-ci ildə Şuşada yazdığı “Şükürname-yi şahənşahi” (“Şahənşaha şükürnamə”) adlı əsərində Səfəvi şahı Sultan Hüseynin (1694-1722) ölümündən sonra “Təbrizin, Naxçıvanın, İrəvanın, Gəncənin, Şirvanın və Azərbaycanın başqa vilayətlərinin” Osmanlı hücumuna məruz qaldığını qeyd edir [3, s.37]. Göründüyü kimi, şahzadə Arazdan quzeydəki və güneydəki torpaqları bir-birindən ayrı təsəvvür etmir və onların hamısının Azərbaycanın tərkib hissəsi olduğunu bildirir. XIX yüzilin II yarısında–XX yüzilinn əvvəlində Azərbaycan ziyalıları Mirzə Əbdülhəsən Vəzirov, Cəlal Əfəndi Ünsizadə, Məhəmməd ağa Şahtaxtinski, Nəriman Nərimanov, Firidun bəy Köçərli, Cabbar Məmmədov, Sultan Məcid Qənizadə, Cəlil Məmmədquluzadə və digərləri, rus müəllifi V.L.Veliçko və ingilis tarixçisi C.Bedli Azərbaycan anlayışının etnik və coğrafi baxımdan Arazdan şimala da şamil olunduğunu göstərmişlər [30; 47; 15; 38; 39; 32; 14; 31; 23, s.233; 19, s.121-123; 44, s.280-282].

Bu cür nümunələrin sayını xeyli artıraraq bir kitab yazmaq mümkündür. Lakin fikrimizcə, B.Ə.Əhmədiyanın qərəzli iddiasının puç olduğunu və Arazdan şimaldakı torpaqlarımızın 1918-ci ildən xeyli öncə “Azərbaycan” adlandığını isbat etmək üçün erkən orta yüzillərdən XX yüzilin əvvəllərinə qədərki zamanda qələmə alınmış müxtəlif Şərq və Avropa qaynaqlarından gətirdiyimiz bu istinadlar yetər. Bu iqtibaslardan belə nəticəyə gəlirik ki, B.Ə.Əhmədiyan ya tarixi qaynaqları baxmadan tarixi əsər yazmaq həvəsinə düşmüş, ya da o, obyektiv həqiqətləri siyasi məqsədlərə qurban verərək tarixi saxtalaşdırmaq yolunu tutmuşdur. Müəllif ərəb tarixçisi və coğrafiyaçısı əl-Yəqubinin Azərbaycan haqqında məlumatlarına istinad edir [51, s.16]. Həmin istinaddan da aydın görünür ki, əl-Yəqubi Arranın mərkəzi olan Bərdəni Azərbaycanı şəhəri sayır və deməli, Arazdan şimaldakı əraziləri Azərbaycana aid edir. Yuxarıda gətirdiyimiz iqtibasdan da məlum oldu ki, əl-Yəqubi Arranı “Azərbaycan əl-ülya” sayırdı. B.Ə.Əhmədiyan Bərdənin əl-Yəqubi tərəfindən Azərbaycana aid olunmasını etiraf edir, lakin əl-Yəqubinin Arazdan quzeydəki torpaqları Azərbaycana aid etmədiyini iddia etməklə gülünc bir məntiqsizlik nümayiş etdirir. B.Ə.Əhmədiyan özünün ağlasığmaz iddialarını əsaslandırmaq üçün qaynaq tapmaqda çətinlik çəkir və 1890-cı ildə Sankt-Peterburqda çap olunmuş rus ensiklopediyasına üz tutur, orada əksini tapmış “Türkiyə Kürdüstanı”, “Türkiyə Ermənistanı”, “Rusiya Ermənistanı”, “İran Kürdüstanı” və s. kimi fitnəkar mahiyyətli, dağıdıcı məqsədlərə xidmət edən ifadələrdən gen-bol istifadə edir [51, s.20]. XIX yüzilin sonlarında Rusiya imperiya dairələrinin “parçala, hökm sür” prinsipi əsasında tərtib etdikləri saxtakarlıqla yoğrulmuş bu ensiklopediya obyektiv həqiqət axtaranlar üçün əsas ola bilməz. Həmin ensiklopediyadan təqdim olunan çıxarışlarda nəinki Azərbaycan tarixi saxtalaşdırılır, habelə Türkiyəni daxildən parçalamaq üçün dövriyyəyə qondarma anlayışlar daxil edilir. Bu əsərdə hətta İran üçün zərərli olan müddəalara da rast gəlmək mümkündür.

B.Ə.Əhmədiyan iddia edir ki, XIX yüzilin əvvəllərində “Qafqazda heç bir müstəqil dövlət olmamışdır və Güney Qafqaz ölkələrinin (Azərbaycan, Ermənistan və Gürcüstan) tabeliyində olan indiki ərazilər İran dövlətinin hakimiyyəti altında olmuşdur” [51, s.20]. Beləliklə, müəllif həmin tarixi məqamda Quzey Azərbaycanda olmuş xanlıqları “unudur”. O, belə bir sadə faktı yaddan çıxarır ki, əgər Quzey Azərbaycan xanlıqları müstəqil dövlət olmasaydılar, onlar Rusiya ilə birbaşa danışıqlar aparmaq və qərar qəbul etmək imkanına malik olmazdılar. Halbuki Qarabağ və Şəki xanlıqlarının dövlət səviyyəsində Rusiya ilə imzaladıqları Kürəkçay müqaviləsi kimi beynəlxalq hüquqi sənəd mövcuddur.

Elxanilər dövlətinin vəziri, tarixçi, alim və dövlət xadimi Fəzlullah Rəşidəddinin rəhbərliyi altında tərtib olunmuş “Came ət-təvarix” (“Tarixlər məcmusu”) adlı sanballı əsərin “Oğuznamə” hissəsində “Azərbaycan” adının türkcə izah olunması [bax: 45, s.41; 1, s.38] və bu fikrin bəzi digər tarixi əsərlərdə özünə yer tapması B.Ə.Əhmədiyanı hövsələdən çıxarır. Bütün dünyada qəbul edilən “Came ət-təvarix” kimi bir tarixi qaynaqda “Azərbaycan” sözünün türkcə mənalandırılmasına qəzəblənən müəllif heç bir sübut və dəlil olmadan bu fikri “ağılsız və əsassız əfsanə” kimi təqdim edir [51, s.21]. Halbuki F.Rəşidəddin kimi dünyaca məşhur olan bir mütəfəkkiri “ağılsızlıq”da, bir sıra dillərə tərcümə olunaraq müasir şərqşünasların ən çox istinad etdikləri tarixi mənbələrdən biri olan “Came ət-təvarix” adlı çoxcildlik salnaməni “əsassızlıq”da ittiham etmək B.Ə.Əhmədiyana başucalığı gətirmir və onun obyektiv tarixi faktlara dözümsüz münasibətini göstərir. Həmçinin B.Ə.Əhmədiyanın “Azərbaycan” sözünü bəsit yollarla farslaşdırmaq və onu “Qolpayeqan”, “Vərtəpatekan” kimi yer adları ilə müqayisə etməsi [51, s.21] tamamilə cəfəngiyyatdır.

Azərbaycanın tarixi hüdudları məsələsinə bir daha qayıdan müəllif bu dəfə [51, s.23] yersiz fikirlərini “əsaslandırmaqdan” ötrü mərhum akademik İqrar Əliyevin rusca yazdığı “Atropatena tarixinin oçerki” kitabının adını çəkir, orada bu məsələnin “yaxşı işıqlandırıldığını” bildirir (B.Ə.Əhmədiyan sözügedən əsərin adını səhvən “Aturpatokanın tarixi” kimi təqdim etmişdir). Halbuki İqrar Əliyevin həmin əsərində Azərbaycanın hüdudları məsələsi ilə əlaqədar B.Ə.Əhmədiyanın fikirlərini, yəni Arazdan quzeydəki ərazilərin “Azərbaycan” adlanmaması kimi cəfəngiyyatı təsdiqləyəcək heç bir fakt yoxdur. Əksinə, İ.Əliyev həmin əsərdə Azərbaycanın iki hissədən ― Güney və Quzey Azərbaycandan ibarət olduğunu dəfələrlə vurğulamış, Arazın hər iki sahilini “Azərbaycan” adlandırmış, Atropatenanın “Güney Azərbaycanda və Quzey Azərbaycanın müəyyən ərazilərində” yerləşdiyini göstərmişdir [28, s.3,5 və s.]. Görünür, B.Ə.Əhmədiyan ya həmin əsəri yaxşı oxumamış, ya da ümumiyyətlə görməmişdir.

B.Ə.Əhmədiyan yazır: “Tam məsuliyyətlə demək olar ki, Azərbaycan xalqının kökünü türk sayan müəlliflər heç cür tənqidə dözmürlər. Çünki bu əqidənin elmi əsası yoxdur” [51, s.25]. Onun bu “açıqlaması” məsuliyyətsizlikdən başqa bir şey deyildir. Azərbaycanda türklərin qədim dönəmlərdən üstünlük təşkil etməsi mötəbər tarixi qaynaqlarla təsdiqlənir. Ərəb tarixçisi Əbu Məhəmməd Əbdülməlik ibn Hişamın “Kitab ət-tican fi müluk Himyər” (“Himyər hökmdarları haqqında taclar kitabı”) əsərində göstərilir ki, Əməvi hökmdarı Müaviyyənin (661-680-ci illər) zamanında Azərbaycana gəlmiş yəmənli Übeyd ibn Şəriyyə geri qayıtdıqdan sonra Müaviyyə ilə görüşür və hökmdarın ona Azərbaycanla bağlı verdiyi suala belə cavab verir: “Ora türk torpağıdır. Onlar oraya cəmləşərək bir-biri ilə qarışmış və təkmilləşmişlər” [29, s.5; 2, s.86-89; 20, s.34-35; 1, s.56-57]. Miladi 1126-cı ildə anonim bir müəllif tərəfindən farsca yazılmış “Mücməl ət-təvarix vəl-qisəs” (“Tarixlərin və hekayətlərin xülasəsi”) adlı salnamənin 17-ci fəslində deyilir ki, Azərbaycan qədimdən türklərin əlində olan bir ölkədir [62, s.154]. Bir sıra İran tarixçilərinin Azərbaycan əhalisinin guya tamamilə qeyri-türk olması, fars ləhcələrində danışması və yalnız XI yüzildə Səlcuqların gəlişindən sonra türkləşməsi barədəki iddiaları bu kimi ilkin qaynaqların faktları ilə aşkar ziddiyyət təşkil edir. Azərbaycan ərazisində Oğuz türklərinin həyatından bəhs edən məşhur “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyinin 2000-ci ildə BMT-nin YUNESKO təşkilatının xətti ilə keçirilməsi Azərbaycanın Səlcuqlardan xeyli öncə türk yurdu olduğunun dünyada tanınmasının və qəbul edilməsinin isbatıdır.

Nəzərdən keçirilən əsərin 26 və 27-ci səhifələrində müəllif qədim dövrdə Azərbaycan ərazisində mövcud olmuş müstəqil Atropatena dövlətinin tarixi ilə bağlı olan məqamlara toxunur və bununla da Azərbaycanın qədim dövrdən İranın tərkibində olması ilə bağlı söylədiyi cəfəngiyyatın üzərindən özü xətt çəkir. Çünki hələ miladdan öncəki qədim zamanlarda Azərbaycan ərazisində ayrıca, müstəqil dövlətlərin olması faktı “Azərbaycanın tarixən İranın tərkib hissəsi olması” barədə iddianın puç olduğunu sübut edir. Bu cəhət hələ XIX yüzildə Qacarlar dövrünün görkəmli elm və dövlət xadimi olmuş tarixçi  Məhəmməd Həsən xan Etimadüssəltənənin “Dürər üt-tican fi tarix-i bəni əl-Əşkan” əsərində etiraf edilmişdir. Etimadüssəltənə Azərbaycanın qədim dövrlərdən müstəqil dövlət olduğunu göstərmişdir [7, s.89; 9, s.49]. B.Ə.Əhmədiyanın Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının Osmanlı imperiyasının müstəmləkəçilik sistemi ilə əlaqələndirməsi cəhdi [51, s.28-29] tarixi gerçəkliklərə ziddir. 1918-ci ildə müstəqil Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan xalqının iradəsinin labüd təzahürü olaraq meydana çıxmışdı. Ümumiyyətlə, bu müəllif qədim və orta yüzillər dövrünün tarixini yetərincə bilməməklə yanaşı, həm də XX yüzilin tarixi ilə bağlı səthi məlumatlara malikdir. Məsələn, o, Menşevik partiyasını Kommunist (bolşevik) partiyası ilə eyniləşdirir [51, s.28]. B.Ə.Əhmədiyan qeyd edir ki, guya M.Ə.Rəsulzadə mühacirətdə olarkən Azərbaycan Cümhuriyyəti haqqında yazdığı bir əsərdə “qurduğu respublika üçün Azərbaycan adının seçilməsinin yanlış olduğunu qəbul etmişdi” [51, s.30]. Halbuki M.Ə.Rəsulzadə nə “Azərbaycan Cümhuriyyəti” kitabında, nə də digər əsərlərində heç bir zaman belə fikir səsləndirməmiş, Azərbaycan Cümhuriyyətinin istiqlalının bərpası uğrunda daim, yorulmadan çalışmışdır. M.Ə.Rəsulzadə “Azərbaycan Cümhuriyyəti” əsərində Azərbaycanın tarixinə münasibət bildirərkən aydın surətdə Azərbaycan türklərinin “Azərbaycanı ikiyə bölən Araz nəhrinin iki tərəfində sakin olduğunu”, tarixən “məhkum bir millət deyil, hakim olaraq yaşadıqlarını”, “əsrlərdən bəri İranın hakim sinfini türklərin təşkil etdiyini” göstərir [18, s.12-14].

B.Ə.Əhmədiyan Azərbaycan Respublikasının 1991-ci ildə müstəqilliyini bərpa etməsindən bəhs edərkən, İranın o zaman bu müstəqillik faktını tanımasından təəssüf hissi keçirdiyini gizlətmir. O, Azərbaycan dövlətinin və Azərbaycan ziyalılarının ünvanına əsassız ittihamlar irəli sürür. Müəllif iddia edir ki, guya Azərbaycan hökuməti ölkənin alimlərini İran əleyhinə əsərlər yazmağa sövq edir, Azərbaycan tarixçiləri, siyasətçiləri və dövlət xadimləri “xain niyyətlər” güdərək İranı parçalamaq istəyirlər və “pantürkizmin havadarları” kimi çıxış edirlər [51, s.31-32]. Əslində isə yaxşı məlumdur ki, Azərbaycan Respublikası öz xarici siyasətində İranla dostluq və mehriban qonşuluq münasibətlərinin inkişafında maraqlıdır və İrana qarşı heç bir ərazi iddiası irəli sürmür. Tarixə gəldikdə isə, onu olduğu kimi, tarixi gerçəkliklərə uyğun tərzdə, obyektiv şəkildə araşdırmaq və təqdim etmək lazımdır. Azərbaycan qədim tarixə və zəngin mədəniyyətə malik olan bir ölkədir. B.Ə.Əhmədiyanın xoşuna gəlməyən Azərbaycan alimləri gerçək faktlara əsaslanaraq bu tarix, bu mədəniyyət haqqında obyektiv həqiqətləri üzə çıxarmışlar və bu sahədə fəaliyyəti davam etdirəcəklər. B.Ə.Əhmədiyanın Azərbaycan alimlərinə irad bildirməsi onun məntiqsiz düşüncə tərzinin ifadəsidir. B.Ə.Əhmədiyan mərhum İqrar Əliyevi Azərbaycanın digər tarixçilərinə qarşı qoymağa çalışaraq yazır: “Elmi həqiqətlərin şərh edilməsinə və aşkarlanmasına çalışan prof. İqrar Əliyev kimi böyük tarixçilər həqiqəti üzə çıxardıqları üçün Azərbaycan hökumətinin qəzəbinə düçar olurlar. Bu məşhur tarixçinin Atropatena haqqında kitabının rus dilində çap olunması Azərbaycanın hakimiyyət orqanlarının narazılığı ilə qarşılandı” [51, s.32]. Əvvəla, mərhum akademikin guya “Azərbaycan hökumətinin qəzəbinə düçar olması” barədə deyilənlər tamamilə iftiradır. İqrar Əliyev uzun illər ərzində AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun direktoru vəzifəsində çalışmış, AMEA-nın həqiqi üzvü olmuş və daim Azərbaycan dövlətinin qayğısını hiss etmişdir. Onun nə Atropatena haqqında kitabı, nə də digər əsərləri hökumət dairələri tərəfindən etirazla qarşılanmamışdır. İkincisi, İqrar Əliyevin elə həmin kitabında B.Ə.Əhmədiyanın İran üçün “zərərli” hesab etdiyi bir sıra fikirlərə və ifadələrə yer verilmişdir. Buna görə də B.Ə.Əhmədiyanın bu barədə yazdıqları təəccüb doğurur və onun məlumatsızlığından xəbər verir.

B.Ə.Əhmədiyan müasir İran–Azərbaycan münasibətlərinə zərbə vura biləcək təkliflər də irəli sürür, İranın Azərbaycan Respublikasına qarşı ərazi iddiaları qaldırması, İranda Azərbaycan Respublikasının adının yerinə “Arran və Şirvan” yazılması, Bakı şəhərinin adının yerinə “Badikubə” yazılması kimi xəstə təxəyyülün məhsulu olan anormal və qeyri-ciddi çağırışlarla çıxış edir [51, s.33].

B.Ə.Əhmədiyan bildirir ki, sovet dövründə Azərbaycan tarixşçiləri İranla Azərbaycanın tarixi əlaqələrini inkar etmək yolunda çalışmışlar [51, s.35]. Əslində isə sovet dövründə və hal-hazırda da Azərbaycan alimləri görkəmli İran şairlərinin (Əbülqasim Firdovsinin, Sədi Şirazinin, Hafiz Şirazinin, Əbdürrəhman Caminin və b.) əsərlərinin tərcüməsi, İran ədəbiyyatının, mədəniyyətinin və tarixinin tədqiqi, Azərbaycanla İranın tarixi-mədəni əlaqələrinin öyrənilməsi sahəsində xeyli işlər görmüşlər və bu işi davam etdirirlər. Azərbaycanın orta və ali məktəblərində fars dili tədris olunmaqdadır. Təəssüf ki, İranda Azərbaycan dilinə və mədəni irsinə bu cür doğma münasibət göstərilməsinin şahidi ola bilmirik.

Tarixi faktları təhrif edən B.Ə.Əhmədiyan bəzi həqiqətləri etiraf etməli olur və bununla da özü-özünü təkzib edir. Məsələn, o, əsərinin bir yerində haqlı olaraq Azərbaycanı dünyanın ən qədim ölkələrindən biri hesab edir və “Azərbaycanın Azıx mağarasında tapılmış Azıxantropu” buna misal olaraq göstərir [51, s.37-38]. Şimali Azərbaycanda, Azərbaycan Respublikasının Qarabağ ərazisində yerləşən Azıx mağarasını “Azərbaycanın Azıx mağarası” adlandıran müəllif, Arazdan şimaldakı yerlərin tarixən “Azərbaycan” adlanmaması və “Qarabağın qədimdən erməni torpağı olması” ilə bağlı uydurmalarını sanki təkzib edir və əsərinin digər yerlərində irəli sürdüyü iddiaları unudur. Bu məqamda “yalançının yaddaşı olmaz” deyimi yada düşür.     Əsərin VII fəslində Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın tarixinə dair yanlış və qərəzli məlumatlara təsadüf olunur. Müəllif yazır: “Qarabağın 80 %-dən çox əhalisini ermənilər təşkil edir ki, uzaq keçmişdən bu ərazidə məskunlaşmışlar, bölgənin yerli əhalisidirlər” [51, s.323]. Çar Rusiyasına məxsus olan sənədlər və qaynaqlar, habelə müasir tədqiqatçıların məlumatları ermənilərin 1828-1830-cu illərdə İrandan və Osmanlı Türkiyəsindən Qarabağa və İrəvana kütləvi surətdə köçürüldüyünü və bu köçün sonrakı illərdə də davam etdiyini göstərir [33; 34, s.340; 31, s.75; 46, s.59-61; 22, s.18; 27, s.76-77]. Qarabağ tarix boyunca Azərbaycan dövlətlərinin və Azərbaycan coğrafiyasının tərkibində olmuş və heç bir zaman erməni ərazisi sayılmamışdır. Azərbaycana qarşı nifrətini ortaya qoyan B.Ə.Əhmədiyan aşkar surətdə Ermənistanın tərəfini saxlayır və Azərbaycan torpaqlarını işğal altında saxlayan Dağlıq Qarabağın erməni separatçılarına rəğbət bəsləyir, onları “öz torpaqlarını qorumaq üçün təcrübə toplamış inadlı erməni mübarizləri” kimi səciyyələndirir. Qarabağı erməni ərazisi hesab etməsi, Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazi bütövlüyünü şübhə altına alması, Qarabağı işğal edərək azərbaycanlılara qarşı soyqırım və etnik təmizləmə siyasəti aparan erməni rejiminə bəraət qazandırması və Azərbaycan–Ermənistan münaqişəsinə baxışı müəllifin tamamilə ermənipərəst mövqedə olduğundan xəbər verir. İrana məxsus olan bəzi internet saytlarında B.Ə.Əhmədiyanın Azərbaycan əleyhinə yönəlmiş silsilə yazılarına rast gəlmək mümkündür. Həmin məqalələrdə Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü təhdid edilir, Azərbaycan dövlətçiliyi təhqir olunur və Azərbaycan Respublikasının ərazisi “Quzey İran” kimi qələmə verilir. B.Ə.Əhmədiyan Azərbaycan Respublikasındakı etnik azlıqları itaətsizliyə və qarşıdurmaya çağırır, tarix boyunca ölkəmizdə dinc və yanaşı yaşayan, bir-birinə qaynayıb-qarışan xalqları qarşı-qarşıya qoymağa cəhd edir. Lakin onun savadsızılığı burada da özünü büruzə verir. Məsələn, müəllif ləzgiləri irandilli xalqlardan  (“əqvam-i əsil-i irani”) sayır. 

Beləliklə, B.Ə.Əhmədiyanın sözügedən əsərində gerçək tarixi faktlar təhrif olunmuş, kobud səhvlərə yol verilmiş, beynəlxalq hüquq prinsiplərinə məhəl qoyulmamış və çox sayda qərəzli iddialar ortaya atılmışdır. Bu kimi “elmi tədqiqatlar” Azərbaycan və İran dövlətləri arasında mehriban qonşuluq və dostluq münasibətlərinin inkişafına zərbə vurmaq məqsədi daşıyır. Düşünürük ki, B.Ə.Əhmədiyanın ermənipərəst mövqeyi və Azərbaycan–İran münasibətlərini gərginləşdirməyə xidmət edən müddəa və təklifləri Azərbaycanın əleyhinə olmaqla yanaşı, həm də müsəlman həmrəyliyi prinsipini bəyan edən İran İslam Respublikasının da siyasətinə ziddir. Təbiidir ki, bir məqalədə bu İran “tədqiqatçısının” həcmli “əsərinin” bütün nöqsanlı tərəflərinin tənqidi təhlili qeyri-mümkündür. Ona görə də təqdim olunan bu məqalədə həmin kitabın yalnız bəzi qüsurlu, qərəzli, qeyri-elmi və zərərli cəhətlərinin tənqidi öz əksini tapmışdır.

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT

Azərbaycan dilində:

  1. Azərbaycan tarixi üzrə qaynaqlar (S.Əliyarov və Y.Mahmudovun redaktəsi ilə). Bakı, 1989.
  2. Azərli M.İ. IX əsrin ərəbdilli mənbəyi qədim Azərbaycan haqqında // Azərbaycan SSR EA-nın Məruzələri, 30-cu cild, № 8, Bakı, 1974.
  3. Bəhmən mirzə Qacar. Şükürname-yi şahənşahi. Bakı, 1999.
  4. Bünyadov Z.M. Azərbaycan VII-IX əsrlərdə. Bakı, 1989.
  5. Bünyadov Z.M. Azərbaycan Atabəyləri dövləti (1136-1225-ci illər). Bakı, 2004.
  6. Əhməd ibn Əsəm əl-Kufi. Kitab əl-fütuh (Fəthlər kitabı): Azərbaycanın VII-IX əsrlər tarixinə aid çıxarışlar (ərəbcədən tərcümə edəni, qeyd və şərhlərin müəllifi: Z.M.Bünyadov). Bakı, 1994.
  7. Fazili A.H. Azərbaycanın qədim və ilk orta əsrlər tarixi İran tarixşünaslığında. Bakı, 1984.
  8. Fazili A.H. Azərbaycan tarixinin bəzi problemlərinin İran burjua tarixçiləri tərəfindən saxtalaşdırılmasına dair // Azərbaycanın tarix və mədəniyyətinin burjua saxtalaşdırıcılarına qarşı. Bakı, 1978.
  9. Həsənzadə T.D. Marağalı Məhəmmədhəsən xan Etimadüssəltənənin əsərlərində Azərbaycan tarixi məsələləri. Bakı, 2001
  10. Jan Şardən. Səyahətnamə: cənab kovaler Şardənin Səfəvilərə və Şərqin digər yerlərinə səyahətləri (fransız dilindən tərcümə, ön söz və şərhlər Vaqif Aslanındır). Bakı, 1994.
  11. İbn əl-Əsir. Əl-kamil fit-tarix (ərəb dilindən tərcümə edəni: M.Əfəndizadə). Bakı, 1959.
  12. Kruşinski Y.T. Xristian səyyahın tarixi (farscadan tərcümə edəni və çapa hazırlayanı: Şahin Fazil). Bakı, 1993.
  13. Mahmudov Y.M. Azərbaycan: qısa dövlətçilik tarixi. Bakı, 2005.
  14. Məmmədquluzadə C. Azərbaycan // “Molla Nəsrəddin” jurnalı, Tiflis, 1917, 27 noyabr.
  15. Nərimanov N. Türk-Azərbaycan dilinin müxtəsər sərf-nəhvi. Bakı, 1899.
  16. Orta əsr ərəb mənbələrində Azərbaycan tarixinə aid materiallar (ön söz: F.Əsədov; tərcümə edənlər: Z.Bünyadov, C.İskəndərli, H.Əkbərov, S.Süleymanova, E.Ağayeva). Bakı, 2005.
  17. Piriyev V.Z. Azərbaycanın tarixi-siyasi coğrafiyası. Bakı, 2006.
  18. Rəsulzadə M.Ə. Azərbaycan Cümhuriyyəti. Bakı, 1990.
  19. Tağıyeva Ş.Ə. Müasir İran burjua tarixşünaslığında Azərbaycan xalqının etnik birliyinin inkar edilməsi haqqında // Azərbaycanın tarix və mədəniyyətinin burjua saxtalaşdırıcılarına qarşı. Bakı, 1978.
  20. Toqan Z.V. Azərbaycan (çapa hazırlayanlar: M.Ənsərli, T.Nəcəfli). Bakı, 2007.
  21. Vəlixanlı N.M. IX–XII əsr ərəb coğrafiyaşünas-səyyahları Azərbaycan haqqında. Bakı, 1974

İngilis dilində:

  1. Allen W.E.D. Caucasians Battlefields. Cambridge, 1953.
  2. Baddeley J.F. The Russian Conquest of the Caucasus. New York, 1969.
  3. Bausani A. The Persians from the Earliest Days to the Twentieth Century (translated from the Italian by J.B.Donne). London, 1971.
  4. Minorsky V.F. “Tadhkirat al-muluk”: A Manual of Safavid Administration circa 1137 / 1725. London, 1943.

Rus dilində:

  1. Аджаиб ад-дунья (Чудеса мира). Перевод с персидского Л.П.Смирнова. Москва, 1993.
  2. Алиев И.Г. Нагорный Карабах: история, факты, события. Издание второе. Баку, 1989.
  3. Алиев И.Г. Очерк истории Атропатены. Баку, 1989.
  4. Буниятов З.М. Обзор источников по истории Азербайджана (источники арабские). Баку, 1964.
  5. Везиров М.А. Учебник татарско-азербайджанского наречия. Санкт-Петербург, 1861.
  6. Величко В.Л. Кавказ: русское дело и междуплеменные вопросы. Санкт-Петербург, 1904.
  7. Ганизаде С.М. Термины азербайджанские. Баку, 1913.
  8. Глинка С.Н. Описание переселения армян азербайджанских в пределы России. Москва, 1831.
  9. Грибоедов А.С. Записка о переселении армян из Персии в наши области. Сочинения, т. 2, Москва, 1971.
  10. Дербенднаме (Румянцевский список). Перевод Г.-М.Р.Оразаева.В книге: «Дагестанские исторические сочинения». Москва, 1993.
  11. Историческая география Азербайджана. Баку, 1987.
  12. Касумова С.Ю. Азербайджан вIII-VII вв. Баку, 1993.
  13. Кочарлинский Ф. Литература адербейжанских татар. Тифлис, 1903.
  14. Мамедов Дж. Книга тюрко-азербайджанского языка. Эриван, 1913.
  15. Мельтюхов М., Тер-Саркисянц А., Трапезников Г. Исторические фальсификации с политической подоплекой. Москва, 1999.
  16. Описание областей Адребижанских в Персии и их политического состояния сделанное пребывающим при его Высочестве Царя Картлинском и Кахетинском Ираклии Темуразовиче Полковником и Кавалером Бурнашевым в Тифлисе в 1786 г. Курск, 1793.
  17. Пахомов Е.А. Пехлевийские надписи Дербента // Известия Общества Обследования и Изучения Азербайджана, № 8, выпуск 5, Баку, 1929.
  18. Рашид ад-Дин. Переписка (перевод, введение и комментарий А.И.Фалиной). Москва, 1971.
  19. Сумбатзаде А.С. Азербайджанцы – этногенез и формирование народа. Баку, 1990.
  20. Фазлуллах Рашидаддин. Огузнаме (перевод с персидского, предисловие, комментарии, примечания и указатели Р.М.Шукюровой). Баку, 1987.
  21. Шавров Н.Н. Новая угроза русскому делу в Закавказье. Санкт-Петербург, 1911.
  22. Шахтахтинский М.А. Как называть закавказских мусульман // Газета «Каспий», 1891, № 93.
  23. Эвлия Челеби. Книга путешествия. Вып. 3. Земли Закавказья и сопредельных областей Малой Азии и Ирана. Москва, 1983.
  24. Эфендиев О.А. К освещению некоторых вопросов истории Сефевидов в современной иранской историографии // Против буржуазных фальсификаторов истории и культуры Азербайджана. Баку, 1978.

Fars dilində:

  1. İbn Xələf ət-Təbrizi Məhəmməd Huseyn əl-motəxəlles be Burhan. Burhan-e qate. Təbriz, 1278.
  2. Əhmədiyan B.Ə. Rəvabet-e İran və Comhuri-ye Azərbaycan (negah-e azəriha be İran). Tehran, 1384.
  3. Tərcome-ye tarix-e Təbəri be enşa-ye Əbu Əli Məhəmməd Bələmi. Tehran, 1344.
  4. Reza E. Soxəni dər piramun-e Azərbaycan // Məcəlle-ye “Bərrəsiha-ye tarixi”, sal-e çəharom, Tehran, 1348.
  5. Rəftarname-ye Ənuşirəvan be xame-ye xod-e u (tərcome-ye S.M.İ.Puştəri) // Məcəlle-ye “Bərrəsiha-ye tarixi”, şomare-ye pəncom və şeşşom-e sal-e çəharom. Tehran, 1348.

Namiq Musalı                        

Tarix üzrə fəlsəfə doktoru      

 Xeyirbəy Qasımov

Tarix üzrə fəlsəfə doktoru 

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın