Azərbaycanlı fəal Abbas Lisani apellyasiya məhkəməsində türk dilində yazdığı açıq məktubu oxudu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Ərdəbildə yerləşən Apellyasiya Məhkəməsinin 1-ci şöbəsində sentyabrın 16-da tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin məhkəmə iclası keçirilib.

Apelyasiya Məhkəməsində rejimin azərbaycanlı fəal Abbas Lisaniyə qarşı ədalətsizcəsinə çıxarılan 8 illik həbs cəzasına baxılıb.

Rejimin Ərdəbildə yerləşən Apelyasiya Məhkəməsinin 1-ci şöbəsinin rəisi Nasir Ətəbati ötən aylarda İran Məhkəmə Sisteminin rəisi İbrahim Rəisi tərəfindən bu şöbənin rəisi və Ərdəbil vilayəti Ədliyyə Şöbəsinin rəisi postuna təyin olunub. Fəala qarşı həmin dosye də vaxtilə Ərdəbilin prokuroru olmuş Nasir Ətəbati tərəfindən hazırlanıb.

Məhkəmənin katiblərinin dediyinə görə, rejimin Ərdəbilə təyin etdiyi yeni prokuror Abdulla Təbatəbayi də Abbas Lisanidən şikayət edərək onun barəsində çıxarılan məhkəmə hökmünə yenidən baxılmasını tələb edib.

Məhkəmə iclası zamanı Abbas Lisani özünümüdafiə edərək deyib: “Məhkəmə prosesi başlandığı gündən dindirilmə zamanı ETTELAAT məmurlarının təfərrüatını dilə gətirdiyi bir ssenari təqib olunub. Mən onlara dedim, sizə də deyirəm: Qərar edam və ya ömürlük həbsdən ibarət olsa da, bir addım belə geri çəkilməyəcəyəm. Mənim bədənimdən təkcə bir hüceyrə belə qalarsa, o hüceyrə vətənim Azərbaycan və millətimin yolunda mübarizə aparacaq”.

Abbas Lisani məhkəmə iclasının sonunda Azərbaycan türkcəsində hazırladığı açıq məktubu oxuyub:  “Özünüzə güvənirsinizsə, məhkəmə prosesini açıq keçirin, qoyun bütün millət və dünya ictimaiyyəti şahid olsun.

Azərbaycan Milli Hərəkatı türk millətinə edilən zülmlər nəticəsində ortaya çıxıb. Ona görə də hər bir normal Azərbaycan türkü öz dili, kimliyi, torpağı və digər hüquqlarını qorumaq üçün dinc mübarizəyə başlayıb. Bu mübarizəni kimsə dayandırıb və ya başqa istiqamətə yönəldə bilməyəcək.

Siz sağlam və dinc mübarizə aparan azərbaycanlı fəallara qara yaxıb onların kiməsə bağlı olduğunu deyə bilməzsiniz. Azərbaycan milləti öz haqlı istəyindən əl çəkməyəcək, məsulları ədalətə çağıran fəalları isə müdafiə mövqeyinə çəkmək mümkün olmayacaq.

Azərbaycan milləti “Babək qalası”, 2006-ci il may hadisələri (milli qiyam), “Fitilə” verilişi, idman stadionları və s. kimi etiraz yığıncaqlarında hökumətə çatdırmaq istəyir ki, şovinizm və irqçi siyasəti davam edirəcəksə, bu etirazların səsi dünyanı bürüyəcək. Hökumət isə sonunda sınıb əyilməyə məcburdur.

Eləcə də bu ağır və ədalətsiz hökmlər nə fəalları, nədəki milləti susdurmayacaq. Əksinə onlar öz haqlı yollarında daha da inamla addımlayacaqlar.

Burada sözdə millətçi olan və Milli Hərəkata sızan satqınlara deyirəm. Onlar hərəkatı internetdə yanlış təqdim edərək bu yolla Azərbaycan millətinə zərbə vurmaq istəyirlər. Eləcə də türk adı daşıyıb, lakin gizli və rəsmi güclərin göstərişi ilə yalan ittihamlar əsasında məhkəmə hökmü çıxaranlara səslənirəm: “Siz ədalətsiz hökmlər çıxarmağa davam edin. Yalnız şübhəniz olmasın ki, sizin bu davranışlarınız cavabsız qalmayacaq. Bir gün olacaq ki, millət böyük Allahın izni ilə sizin bu hökmləriniz haqda dəqiq qərar verəcək.”- deyə məktubun bir hissəsində qeyd olunub.

Bütün əsarətdə olan millətlərə azadlıq arzu edən güney azərbaycanlı fəal məktubu aşağıdakı sözlərlə yekunblaşdırıb:

“İnsan gedər, ancaq həqiqət və millətlər qalargıdır -Bizimlə ya bizsiz Azərbaycan azad olacaq.”

Yaşasın ədalət

Yaşasın azadlıq

Yaçasın Azərbaycan

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın