Cümə , Aprel 19 2024
azfa

Diaspora fəaliyyəti ilə daha intensiv və geniş şəkildə məşğuluq

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Asssosiyası Prezidenti və Güney Azərbaycan Demokratik türk Birliyi (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayıl Oyta Azərbaycan mətbuatı ilə müsahibə etmişlər. Müsahibəni təqdim edirik:

Mikayıl Oyta: “Bizim birliyimiz, milli varlığımıza xırda-para problemlər mane ola bilməz”

Azərbaycan diasporu son illər uğurlu inkişaf yolu keçir. Xüsusilə də bu sahə ilə məşğul dövlət qurumda həyata keçirilən kadr islahatlarından sonra daha çox müsbət tendensiyanın şahidi oluruq. Ötən müddət ərzində dünyanın müxtəlif ölkələrində yaradılan Koordinasiya Şuraları da diasporumuzun səmərəli və keyfiyyətli, eyni zamanda birlik və həmrəylik formasında fəaliyyət göstərməsinə zəmin yaradıb.

Bu gün demək olar ki, dünyanın istənilən ölkəsində Azərbaycan diaspor təşkilatı mövcuddur və onlar uğurla fəaliyyət göstərirlər. Günümüzdə Azərbaycan diaspor təşkilatının uğurla fəaliyyət göstərdiyi ölkələrdən biri Avstraliyadır. Bu yaşıl qitədə fəaliyyət göstərən uğurlu Azərbaycan diaspor təşkilatlarından biri Avstraliya Azərbaycanlıları Assosiasiyasıdır. Məlumat üçün qeyd edək ki, Assosiasiya davamlı olaraq erməni təcavüzünü fəaliyyət göstərdiyi ölkənin cəmiyyətinə çatdırmaq istiqamətində addımlar atıb. Hələ bir neçə il əvvəl Ermənistan ordusunun Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində mülki şəxslər Sahibə Quliyevanın və nəvəsi 2 yaşlı Zəhranın həlak olması, Sərvinaz Quliyevanın isə yaralanması faktları ilə bağlı Assosiasiya Avstraliyanın Xarici İşlər naziri xanım Culi Bişopa müraciət ünvanlayıb. Müraciətdə bildirilib ki, bu faciə Azərbaycan torpaqlarının işğal altında saxlanılmasının region üçün nə qədər ciddi təhlükə olduğunu, eyni zamanda, Ermənistan dövlətinin terrorçu və işğalçı mahiyyətini bir daha ortaya qoyur.

Müraciətdə o da qeyd edilib ki, Ermənistan dövləti təcavüzkar siyasəti ilə beynəlxalq hüquq normalarını, beynəlxalq humanitar hüququ və insan haqlarını, xüsusilə 1949-cu il Cenevrə konvensiyalarını və ona 1 saylı Əlavəni, həmçinin uşaqların hüquqlarına dair və insan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanı ciddi şəkildə pozmaqda davam edir. Müraciətdə diqqətə çatdırılıb ki, beynəlxalq təşkilatlar, o cümlədən dünya ictimaiyyəti bu faciəyə biganə qalmamalı, beynəlxalq hüququn tələblərinə uyğun olaraq təcavüzkar Ermənistana qarşı sərt tədbirlər görməlidir.

Təkcə bu deyil, eləcə də digər erməni təxribatları, onun işğalçılıq siyasəti ilə bağlı Assosiasiya davamlı olaraq işlər görür. Biz də “OLAYLAR” olaraq Assosiasiyanın sədri Mikayıl Oyta ilə söhbətləşdik.

– Mikayıl bəy, uzaq Avstraliyadan baxanda Azərbaycan necə görünür və bu yaşıl qitədə Azərbaycanı necə tanıyırlar?

-Ümumən götürəndə Avstraliyada Azərbaycanı demək olar ki, sovetlər birliyindən ayrılmış, eyni zamanda zəngin neftə malik bir ölkə kimi tanıyırlar. Həmçinin Formıla-1 yarışları  və “Eurovision” mahnı müsabiqəsi də Azərbaycanın Avstraliya cəmiyyətində tanınmasında mühüm rol oynadı.

-Bildiyimiz qədər Avstraliya Azərbaycanlıları Assosiasiyasının sədrisiniz və təşkilatınız  nə zamandan fəaliyyət göstərir?

-Avstraliya Azərbaycanlıları Assosiasiyası ( AAA) 20020ci ildən etibarən rəsmən qeydiyyatdan keçmiş bir təşkilatdər və o zamandan etibrən bu ad altında fəaliyyət göstərir. Anca ona qədər də biz diaspor sahəsində fəaliyyət göstərirdik və 1990-cı ildən Azərbaycan təşkilatı adi altında fəaliyyətdə idik.

 – Təşkilatın əsas hədəfləri və qarşısına qoyduğu məqsədlər hansılardır?

– Avstraliya Azərbaycanlıları Assosiasiyasının əsas hədəfləri 55 milyonluq Güneyli və Quzeyli Azərbaycan millətini Avstraliyada tanıtdırmaq, eyni zamanda onun bütün milli siyasi mənafeyini müdafiə etməkdən ibarətdir. Bir sözlə Bütöv Azərbaycan bizim məqsədimizdir.

-Avstraliya Azərbaycanlıları Assosiasiyasının rəhbəri olaraq hazırda bu ölkədə Azərbaycan diasporunun vəziyyətini necə xarakterizə edərdiniz?

-Biz Avstraliya Azərbaycanlıları Assosiasiyası olaraq yaşadığımız ölkədə imkanlarımız daxilində diaspora fəaliyyəti ilə daha intensiv və geniş şəkildə məşğuluq. Ancaq onu da etiraf etmək lazımdır ki, bütün fəaliyyətlərimizə baxmayaraq çox zəifik və bizə himayə lazımdır. Ermənilər 100 ildir ki, Avstraliyadadırlar və  özlərinin yalan iddiaları ilə  Türkiyə və Azərbaycanın əleyhinə fəaliyyyət göstərirlər. Çünki erməni diaspor təşkilatlarına maliyyə baxımından dünyanın müxtəlif ölkələrindəki erməni lobbisindən dəstək görür, onlara maddi yardım edirlər.  Ona görə də maddiyat baxımından Avstraliyada demək olar ki, güclüdürlər və bu imkanlarını hətta parlament seçkilərində də ortaya qoyurlar. Eyni zamanda maddi imkanlar hesabına Avstraliya parlamentinin deputatlarını özlərinə dost edə bilirlər. Ona görə də Avstraliyanın müxtəlif əyalətlərində yerləşən yerli parlamentlərdə Azərbaycanın əleyhinə fəaliyyət göstərib, hansısa qərarların qəbul edilməsinə nail ola bilirlər. Təbii ki, biz Avstraliya Azərbaycanlıları Assosiasiyası olaraq erməni yalanlarına qarşı ciddi mübarizə aparır və onların yalan, iftira üzərində qurulan fəaliyyətlərinə əngəl olmağa çalışırıq. Ancaq yuxarıda da qeyd etdiyim kimi daha səmərəli və uğurlu, nəticəli fəaliyyət göstərmək üçün bizə maddi dəstək, yardım lazımdır.

-Avstraliyada təxminən nə qədər azərbaycanlı yaşayır və onlar arasında birlik və bərabərliyi təmin edə bilirsinizmi?

-Avstraliyada təxminən güneyli və quzeyli olmaqla 20000 azərbaycanlı yaşayır. Ancaq onlara öz kimliklərini tanıtdırmaq üçün bizə müəyyən zaman lazımdır. Çünki Güney azərbaycanlılar uzun illər farslrın, Quzey azərbaycanlılar isə rusların təsiri altında olub. Ancaq bütün bunlara baxmayaraq azərbaycanlılar öz kimliklərini tədricən tanıyırlar. Eyni zamanda özlərinin böyük ictimai təşkilatlarını qururlar. Hesab edirəm ki, Avstraliyada yaşayan azərbaycanlılar arasında birlik və bərabərlik var və bunu daha da möhkəmləndirmək lazımdır. Bizim birliyimiz, milli varlığımıza xırda-para problemlər mane ola bilməz. Ona görə də 55 milyonluq millətimiz üçün birlik və bərabərlik şəklində fəaliyyət göstərməliyik. Ancaq bunun üçün, bu birlik və bərabərliyin daha güclü olması üçün bizim maddi və mənəvi dəstəyə ehtiyacımız var.

– Bəs erməni diasporu, erməni lobbisi Avstraliyada hansı gücdədir və fəaliyyətinizə təsir göstərmək gücündədirlərmi?  

-Təbii ki, Avstraliyada erməni lobbisi, erməni diasporu kifayət qədər güclüdür. Təsəvvür edin ki, buradakı Nsw əyalətinin yüksək rəsmilərindən biri məhz erməni Gladiys Berejikliyandır. Həmin şəxs Ermənistanda anadan olmuş bir xanımdır və onun himayəsi, yardımı ilə erməni lobbilərinə, diaspor təşkilatlarına yardımlar edilir. Dünyadakı erməni iş adamlarının maddi yardımları həmin erməni diaspor təşkilatlarının fəaliyyətinin daha da güclənməsinə yardımçı olur. Məhz bu güc, potensial və onlara yaradılan imkanlar hesabına ermənilər də bəzi hallarda bizim fəaliyyyətlərimizi pozurlar.

-Təşkilat olaraq Azərbaycan həqiqətləri, Ermənistanın işğalçılıq siyasətini Avstraliya cəmiyyətinə hansı formada çatdırırsınız?

–Avstraliya Azərbaycanlıları Assosiasiyası olaraq zaman-zaman, lazım olduğu məqamlarda Azərbaycan, onun həqiqətləri, üzləşdiyi erməni təcavüzünü Avstraliya cəmiyyətinə çatdırmaq üçün toplantılarımızı keçiririk. Həmin toplantılara Avstraliyanın millət vəkillərini dəvət  edirik və Azərbaycan həqiqətlərini onların diqqətinə çatdırırıq. Eyni zamanda Avstraliya parlamentinin üzvləri, millət vəkilləri ilə ofislərində görüşüb onlara Azərbaycan həqiqətləri barədə məlumat veririk.

Paralel olaraq bəzi hallarda Avstraliyanın millət vəkillərinə, federal və əyalət rəhbərlərinə məktub ünvanlayaraq onları erməni təcavüzü barədə məlumatılandırırıq. Bundan başqa müxtəlif vaxtlarda erməni işğalını pisləyən etiraz aksiyaları keçiririk. Yaxud Xocalı soyqırımının Avstraliya cəmiyyətinə çatdırmaq üçün müntəzəm olaraq bu tipli tədbirlər təşkil olunur.

-Bəs Avstraliya Azərbaycanlıları Assosiasiyanın qarşıdakı planları, həyata keçirməyi düşündüyü layihələr, tədbirlər hansılardır?

-Avstarliya Azərbaycanlıları Assosiasiyası olaraq bu ölkənin parlamentində təmsil olunan deputatlarla görüşlərimiz olacaq. Eyni zamanda əyalətlərdə görüşlər planlaşdırırıq. Assosiasiya olaraq bütün azərbaycanlıları bir araya gətirmək və burada Azərbaycan Evi açmağı düşünürük. Həmçinin Türkiyənin Avstraliyada fəaliyyət göstərən diaspor təşkilatları ilə işbirliyini daha da genişləndirməyi nəzərdə tuturuq. Bundan başqa qarşıda mühüm bir məqsədimiz var. Belə ki, Assoasiasiya olaraq Avstraliyanın Nsw əyalətinin rəsmisi Gladys Berejiklianini məhkəməyə vermək istəyirik. Səbəb adıçəkilən şəxsin qanunsuz olaraq Azərbaycanın işğal edilmiş ərazilərinə, Dağlıq Qarabağa səfər etməsidir.  Berejikliani işğal altında olan Azərbaycan ərazilərində separatçı, terrorçu bir qurumun bayrağı altında şəkil çəkdirdiyinə, işğalçılarla bir arada olduğuna görə məhkəmədə cavab verməlidir.

Süleyman İsmayılbəyli

Həmçinin yoxlayın

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır Bu barədə …

Molla rejimi daha iki azərbaycanlı fəalı prokurorluğa çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycan Milli Hərəkatının fəallarından …

Bir cavab yazın