Cümə axşamı , Mart 28 2024
azfa

Dr. Esmira Fuad: Səhər Xiyavi

Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələmədən onların ana dilində fərqli janr və üslublarda qələmə aldığı şeir və poemalara, yaxud da həmin əsərlərdən müəyyən hissələrə yer verəcəyik.

Bu əsərlər günümüzün Güney ədəbiyyatında baş verən yeniliklərin, ədəbi prosesin incəliklərini bir az da yaxından izləmək, həyata, insanlığa, yazarların ictimai-siyasi və milli məsələlərə baxışlarını öyrənmək baxımından diqqətəlayiqdir…

Türkiyənin ünlü filosof-yazarı Cəmil Meriç “Qərb kültürün vətənidir, Şərq irfanın. Nə Qərbi tanıyırıq, nə Şərqi, ən az tanıdığımız isə özümüz…” deyirdi.

Güney Azərbaycanda son çağın dinamik inkişaf edən ədəbiyyata, özəlliklə poeziyaya nəzər saldıqda burada yaşayan xalqın özünəməxsus kültürü, ədəbiyyatı, kitab mədəniyyəti, sözyaratma qüdrətinin nə qədər yüksək olduğu yansıyır.

Möhtəşəm mədəniyyət yaradan bir xalq, susmayan dili, özünü, kimliyini, tarixini öyrənmək istəyən şairləri olan xalq isə dünya tarixindən heç vaxt silinmir, əbədiyaşarlıq qazanır…

Beləliklə, özümüzü, Güneyimizi daha yaxından tanımaq, həm də daha çox sevmək üçün, dəyərli yazarların yaratdıqları bənzərsiz poetik dünyanın qapıları üzünüzə açılır, əziz oxucular!

Səhər XİYAVİ

1968-ci ildə Güney Azərbaycanın Xiyav şəhərində anadan olub. İlk və orta təhsilini doğma şəhərində alıb. Ali təhsilini isə dil və ədəbiyyat sahəsində davam etdirib. Xiyav  şəhər okulunda müəllim işləyir.

İstər Bakıda, istərsə də İranda fərqli dərgi, toplu və internet portallarında yayımlanan şeirləri, eləcə də “…Və qadın danışır” adlı kitabı Səhərə geniş oxucu auditoriyasının sevgisini qazandırıb.

O gün uzaq deyil…

Qızıl qəfəsin təkliyində kal darıxm alarım

kəndir asmış boğur məni;

göyün mavi köksündə

qiha çəkib

azad qanad çalan quşlarda həsrətli baxışlarım;

zəhər olsun bu dən, bu su

başım azıdan torlar, tələlər!!

Aaa…x qadir ovçu

Aç əl-ayağımdan bu ağır qandalları!

Gözlərimdən sonsuz axan yağmurlar

İsladıb qartallığımın qanadlarını;

elə ağırlaşmışam ki, uça bilmirəm bunsuz da;

amma inanma dinc oturacam

mən boğaz-boğaz al günəşi çağıracam,

işıqlığı çığıracam.

Əminəm bir gün fəryadım

yırtacaq gecənin qara örpəyin;

boğazımdan canıxmış qan fışqıracaq üzünə,

günəş qonaq gələcək yurdumuza,

qurudacaq islaq qanadlarımı

və bir dişi qartalın öncül uçuşun

hamı barmaqla görsədəcək!!

O gün uzaq deyil…

Azərin iyirmi biri

Sazaqlı bir gundə Təbriz şəhərin,

Gəzirəm yadınla dolanbadolan.

Sən oldun ana dil, vətən sevgisin

Duyğu əllərinlə könlümə salan.

Sarı əmniyətə gömülübdü vay,

Çırtmak vur diksinsin pəncərəm yenə!

Könlümün sərçəsi nə yaman uyub

Bu kor tələlərə səpilmiş dənə!

Necə mən sevincdən, sevgidən yazım?!

Doğranır dilimdə anamın dili.

Saat qabağından keçən zamanı

Əyilir içimdə atamın beli.

Bərnovlar şaqqıldır əfsərlər düşür,

Qar ustə sürünür gül yanaqları.

Ağapbaq köynəklər qana bürünür

Baltalar doğrayır gül budaqları.

Necə arsız yazım sarı sevgidən?!

Güllə-güllə yanır ürəyim başı.

Gördükcə bu şəhid söyüdləri mən

Kəsmədən tökülür gözümün yaşı.

Yanılır türkücə kitablarımız,

Azər də qor çəkir içimdən mənim.

Kitablar alışır kəlməbəkəlmə

Yoxsa sellül-sellül bədənim mənim?!

Bir ildə qurulmuş şanlı sərgini

Xəzan tez sovurdu, apardı külək.

Qoymadı doyunca bir tamsınaraq

Bu dilin, bu elin şanını görək.

Sevgilim bağışla, bağışla məni!

Mən sənə yarayan yoldaş olmadım.

Əkdinsə qəlbimdə gül-çiçəkləri

Bu bağa vəfalı bağman qalmadım!

Azərin bu qəmli, sazaqlı günü,

İyirmi bir gülləylə könlümü yaxın!

Suçlayın, hovlayın bu ğirtəsizi

Asılmış gövdəmə əl çalın, baxın!

1

Səhvən alışdım sizlərə!..

Bir yanlış kimi dünyanızın söz dəftərində

qabarıq durdum!

Bir yanlış kimi

dövrəmə qırmızı cızıq çəkdiniz

qara yamaq kimi,

vuruldum dünyanızın sarı köynəyinə!

His tutmuş deyə,

saraltmaq zorunda oldunuz məni!

Mən boyda bir payızı

yaşıl yarpaqlarınız qucaqladılar!

Çeynəyib-çeynəyib tüpürdülər sonra

ayaqlarım başmaqlarınıza gah böyük,

gah da kiçik gəldi!

Başmaqları buraxıb ayaqlarını düzəlt dediniz!

Sümük kimi qalmışdım boğazınızda əlbət;

toylarınızda həzin səs kimi

soxulurdum mahnılarınıza!

Yanlış kimi,

söz dəftərinizdə qabarıq durdum!

Dövrəmə qırmızı cızıq çəkdiniz!

Beləcə doğuldum!..

Beləcə yaşadım…

Səhvən!!

2

Əllərin yamyaşıl ağac

əlini qəlbimə əkdim,

bulud-bulud göz yaşımı

ayağın altına tökdüm.

Budaq-budaq qol atıbsan,

damarımda gəzir əlin

xısın-xısın sızır qələm

dəftərimə süzür dilin.

Gözlərin baxır gözümdən,

çırpınır urəyin məndə.

Sənsən məndə doğulubsan,

Yoxsa ki bu mənim səndə

əllərindədi gilənar

gəl bu məndən “məni” qopar

barmağının izi günəş

gəl məni bir də şeirləş…

3

Gözlərin qaranlıq gecələrdə

sehirli meşə

çək məni içinə,

itir məni dar-dolaşıq ayaq ça tmaz yerlərində

quyla məni gözündə

gözlərin tufanlı dəniz

mənimsə ruhum yelkənsiz gəmi

tapşır məni dəli dalğalara

çək məni burulğanlara

qərq et məni gözündə

qoy qəzetlər heyran qalsın

necə olduğuma

və itkin adlanım həmişə xəbərlərdə!

4

Hanı o yüngül qanad, kəpənək kimin qız uşağı?!

O, həmişə xəyallarda gəzən?

Gecələr ulduzaları dərmək arzusuyla yatan qız

bəlkə bağışladı saçlarının qaralığın gecəyə,

baxışının işıltısın ulduzlara,

bəhanəsiz gülüşlərin güllərə,

gözlərinin yaşın buludlara,

əllərinin suçsuzluğun bulaqlara,

bəlkə uçurtmasının quyruğunda getdi yellərə?!

Bəlkə köçüb gəlin balasıynan

evciklər şəhərinə?!

Kimdir?

Kimdir bu qadın, tozlu güzgüdə?!

Buz bağalmış baxışla baxır üzümə

analıq ağırlığı çiynində,

yorğun çöküb dizə,

çən düşüb gözlərinə,

zaman xətti çəkilmiş alnına,

nə yad gəlir mənə!

Hanı o yüngül qanad, kəpənək kimin qız uşağı?!

İsnişmədim heç!..

Mən yuva qursam da budaqlarında,

Qurduğum yuvaya isnişmədim heç!..

Ruhumu qovuran duyğularımı

Səninlə bir kərə danışmadım heç!..

Qasırğa sovruldu hər gün başımda,

Kükrəyən vulkanlar qopdu içimdə,

Ovundum bu sıcaq göz yaşlarımla,

Qurduğum yuvaya isnişmədim heç!..

Dərdimiz baş-başa verə bilmədi,

Duyğumuz ölçüsü arva gəlmədi,

Məhəbbət məndilin yaşım silmədi,

Qurduğum yuvaya isnişmədim heç!..

Küləklər qanadı oylağım oldu,

Boşluğa dayanmaq dayağım oldu,

Bir sirdaş arzusu son dağım oldu,

Qurduğum yuvaya isnişmədim heç!..

Küləklər titrədir, az qalır qopa,

Bənzəyir ilgimiz bir nazik sapa,

Bu ilgi çox çətin davamın tapa,

Qurduğum yuvaya isnişmədim heç!..

Düzləyib ağlaram talan sevgimi,

Qəlbimə yoxluğu dolan sevgimi,

Nağıla çevrilən yalan sevgimi,

Qurduğum yuvaya isnişmədim heç!..

Qucağın soyuqdur sazaq püskürür,

Bu evin iti də yabancı hürür,

Duyğum burda məslul, quru öskürür

Qurduğum yuvaya isnişmədim heç!..

Sən başqa bir adam, mən də birisi,

Günəşlə buzlağın nədir ilgisi!?

Tutmaz ki dəliylə aqil sevgisi,

Qurduğum yuvaya isnişmədim heç!..

Bir sınıq yuvadır, üç ağ göyərçin,

Dözdümsə, dözürəm tək bunlar üçün,

Deyirdim əlimdən zinciri açın,

Qurduğum yuvaya isnişmədim heç!..

Nə yaxşı bu qələm oldu sirdaşım,

Kitablar, varaqlar oldu yoldaşım,

Çiyninə qoyuram ağrılı başım,

Qurduğum yuvaya isnişmədim heç!..

İçirəm bunlara şövqilə ağı,

Düzlənir qəlbimdə bir sevgi dağı,

Şeirimin bu xəzəl, bu viran çağı,

Qurduğum yuvaya isnişmədim heç!..

Həyat

Həyat bir şətrənc səhfəsinə bənzər,

şayə deyilik,

qalamız yoxdur,

vəzirimiz də,

filimiz də,

atımız da,

yalnız piyada, yazıq sərbazlarıq…

Köksümüz mərmi amacı,

cəzamız dar ağacı,

suuuu…s möhürü dodağımızda,

əmirlər selli su yanağımızda.

Sozalırıq acımızdan

çırım-çılpaq,

qovruluruq yayda,

zağ-zağ əsirik qışda…

Suluq-suluq ayaqlarımız,

çat-çat dodaqlarımız,

rəjə gedirik hələ arsız-arsız

və özgə dildə,

özgə dildə,

paşaların

mundar canına

dua edirik.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın