Cümə axşamı , Mart 28 2024
azfa

Eynulla Mədətli: Məhəmməd Naxçıvani və onun Təbrizdə elmi-maarifçi fəaliyyəti

GADTB: XIX əsrin ikinci yarısı Şimali Azərbaycanda olduğu kimi, Cənubi Azərbaycanda da yeni nəsil vətənpərvər maarifçi milli ziyalılarımızın yetişib ərsəyə gəldiyi mühüm tarixi mərhələdir.

Bu dövrdə tarixi Azərbaycan coğrafi məkanında, hətta onun hüdudlarından kənarda əslən Azərbaycan türkləri olan o qədər görkəmli alimlər, şairlər, ictimai-siyasi xadimlər meydana çıxmışdır ki, onları sadalamaqla bitməz. Məhz bu geniş vüsətli maarifçilik fəaliyyətlərinin məntiqi nəticəsi idi ki, XX əsrin əvvəllərində bütün İranı və Qafqazı hərəkətə gətirən, qonşu müsəlman ölkələrinin ictimai-siyasi həyatına bir qığılcım kimi düşən, aparıcı gücü və liderləri Azərbaycan türkləri olan (Səttarxan Sərdari-Milli, Bağırxan Salari-Milli, Siqqətül-İslam və b.) Məşrutə (Konstitusiya) hərəkatı (1906-1911) baş vermişdi. Bundan on il sonra Cənubi Azərbaycanda İranın ərazi bütövlüyü çərçivəsində Azərbaycan (Azadıstan) Milli Hökuməti qurulub altı ay fəaliyyət göstərmişdi. Bu hökumətin başçısı, Azərbaycan Demokrat Firqəsinin rəhbəri Şeyx Məhəmməd Xiyabani dövrün Azərbaycan mühitinin yetişdirdiyi mükəmməl ənənəvi təhsilə və müasir dünyagörüşə malik milli ziyalılığın bariz nümunəsi idi. Belə bir şəraitdə görkəmli maarifpərvər ziyalılar nəslinə mənsub olan Məhəmmədəli Tərbiyət, Mirzə Əli Ləli, Seyid Həsən Tağızadə, Ayətullah Hacı Mirzə Abdullah Moctəhidi, Hacı İsmayıl Əmirxizi və başqaları sırasında Hacı Məhəmməd Naxçıvani və qardaşı Hüseyn Naxçıvani də vardır. Bu şəxsiyyətlərin hər biri müxtəlif peşələrin sahibləri olsalar da, onları birləşdirən bir milli hədəf var idi, bu da xalqı maarifləndirib qabaqcıl millətlərin sırasına çıxarmaq, müasir zamanla ayaqlaşdırmaq. Azərbaycanın bu fədakar övladları öz zəhmətləri və vəsaitləri ilə kitabxanalar açır, İranın və dünyanın müxtəlif şəhərlərindən Azərbaycanla əlaqədar vaxtilə ölkədən çıxarılmış kitabları, məqalələri, sənət əsərlərini, xüsusən qiymətli əlyazmaları Təbrizə gətirirdilər. 1898-ci ildə böyük mütəfəkkir Məhəmmədəli Tərbiyətin və bir neçə həmfikrinin dəstəyi ilə Təbrizdə təsis etdiyi “Tərbiyət” kitabxanası İranda ilk yeni tipli elmi kitabxana kimi ad qazanmışdı. Məhz bu kitabxananın zəminində, əsasən Naxçıvani qardaşlarının dəstəyi və töhfəsi ilə 1921-ci ildə Təbriz Milli Kitabxanası qurulmuşdu.

Naxçıvani qardaşlarının Azərbaycanın elmi, ədəbi və mədəni irsinin qorunub saxlanmasında və onun dünyanın müxtəlif ölkələrinin şərqşünaslarına, ədəbi ictimaiyyətinə çatdırılmasında əvəzsiz xidmətləri olmuşdur. Ticarətlə məşğul olan bu qardaşlar böyük vətənpərvərlik və milli qürur hissi ilə həm Azərbaycan, həm də İranın ədəbi, elmi irsinə aid olan nadir əlyazma nüsxələrini və kitablarını böyük zəhmət bahasına dünyanın bir çox ölkələrindən öz şəxsi vəsaitləri hesabına alıb Təbrizə gətirmiş və Təbriz Milli kitabxanası təsis olunarkən təmənnasız olaraq bu kitabxanaya bağışlamışlar.

Məhəmməd Əliabbas oğlu Naxçıvani (fars dilli mənbələrdə Hac Məhəmməd Nəxcəvani yazılır) 1297-ci ildə (1878-ci il) Təbriz şəhərində ziyalı tacir ailəsində anadan olmuşdur. Atası Hacı Əliabbas Naxçıvaninin Təbrizə nə zaman gəlməsi haqqında hələlik bir məlumata rast gəlinməmişdir. Əliabbas Naxçıvani məşhur Quran qiraətçisi Əbdürrəhman Sultan əl-Qəranın şagirdlərindən idi və dövrünün tanınmış ziyalısı olaraq özünün elmə, dinə və Qurana olan şövqünü övladlarına da irs qoymuşdu və bu da öz bəhrəsini vermişdir. Tanınmış məşrutəçi Hacı İsmayıl Əmirxizi onu dövrünün ustadlarından biri kimi yüksək qiymətləndirir və yazırdı ki, əsas sənəti tacirlik olsa da, o, vaxtaşarı dəbestana (məktəbə) gəlib orada dərs verirdi və Əmirxizi də həmin məktəbin şagirdi olaraq ondan çox şey öyrənmişdi.

İranda Məşrutə hərəkatı zamanı M.Naxçıvani bu hərəkata qoşulmuş, həmfikirləri ilə birlikdə Məşrutə inqilabında yaxından iştirak etmişdir. O, dövrünün qabaqcıl ziyalısı kimi başa düşürdü ki, azadlıq və həqiqi qanuni hakimiyyət olmadan hər hansı bir cəmiyyətdə elmi, mədəniyyəti inkişaf etdirmək mümkün deyildir. Məhz bu hərəkatda iştirak etmək onu ictimai fəaliyyətə sövq etmiş və ömrü boyu maarifçilik və xeyriyyə işləri ilə məşğul olmuşdur.

M.Naxçıvaninin həyatı və fəaliyyəti haqqında bir sıra İran və xarici ölkələrin tədqiqatçılarının əsərlərində məlumatlar vardır. Bunların içərisində tanınmış tarixçi alim, ədəbiyyatçı və sənətşünas, publisist və yazıçı Səməd Sərdariniya (1947 -2008) daha diqqətəlayiqdir. S.Sərdariniya ilə keçən əsrin 90-cı illərində Təbrizdə başlanan tanışlığımız zamanı o, bu sətirlərin müəllifinə Məhəmməd Naxçıvaninin zəngin elmi irsi və xidmətləri barəsində məlumat vermişdi. Yeri gəlmişkən, S.Sərdariniya 1998-ci ildə Təbrizdə nəşr olunan “Məşahir-e Azərbaycan”  (Azərbaycanın məşhur şəxsiyyətləri) kitabının birinci cildinə M.Naxçıvani haqqında məqaləsini də daxil etmişdir. O yazır ki, M.Naxçıvani peşəkar kitabşünas, şair və yazıçı, tərcüməçi olmaqla yanaşı, dərin təfəkkürə malik tədqiqatçı idi.  M.Naxçıvani eyni zamanda, məşrutəçilər sırasında azad, qanunlarla idarə olunan, demokratik bir cəmiyyətin ölkədə bərqərar olması üçün başlanan mübarizədə də iştirak edirdi. 1921-ci ildə Təbrizdə Milli Kitabxananın qurulmasında yaxından iştirak edən M.Naxçıvani ilk 500 kitab və əlyazmanı hədiyyə etmiş, kitabxananın 14 nəfərlik İdarə heyətinin üzvü olmuşdu və kitabxananın formalaşmasınada öz bilik, bacarıq və vəsaitini əsirgəməmişdi. 1933-cü ildə Təbrizdə Azərbaycan Maarif və Mədəniyyət Şurası yaradılanda M.Naxçıvani oraya üzv seçilmiş və daha geniş miqyasda öz maarifçi fəaliyyətini davam etdirmişdi.

Azərbaycanın tanınmış tədqiqatçısı Qulam Məmmədli (1897-1994) 1941-ci ildə Sovet qoşunlarının və Azərbaycan SSR-in çoxsaylı ziyalı dəstəsinin Cənubi Azərbaycanda yerləşdiyi zaman Təbrizdə M.Naxçıvani ilə görüşdüyünü, onun zəngin kitabxanası ilə tanış olduğunu öz xatirələrində ətraflı yazmışdır. Yeri gəlmişkən, qeyd edilməlidir ki, əslən təbrizli olan sovet zabiti Q.Məmmədli ədəbiyyat və mətbuatımızda Məhəmmədəli Tərbiyət, Salman Mümtaz ənənələrini davam etdirən görkəmli ziyalımız idi və gənc yaşlarından fədakarlıqla ədəbiyyatımıza xidmət edirdi. Bir neçə il bundan əvvəl onun “Ömür dəftərindən xatirələr” adlı əlyazmasını arxivdən tapıb nəşr etdirən tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi həmin kitaba yazdığı ətraflı ön sözündə haqlı olaraq onun bu fədakar əməyini yüksək qiymətləndirmişdir.

Q.Məmmədli xatirələrində qeyd edir ki, 1942-ci ildə Təbrizdə dəfələrlə M.Naxçıvani ilə onun iş yerində və evində görüşmüş, onun zəngin kitabxanası ilə maraqlanmış, xüsusilə də, Cənubi Azərbaycanın Mirzə Ələkbər Sabiri sayıla bilən Mirzə Əli Möcüzün yaradıcılığı ilə onun vasitəsilə ətraflı tanış olmuşdu. Qeyd edilməlidir ki, bundan az əvvəl o, Süleyman Rüstəmin ona verdiyi, onların ilk dəfə adını eşitdiyi Mirzə Əli Möcüzə aid bir neçə şeirdən ibarət dəftərçəni oxuyaraq Təbrizdə nəşr olunan “Vətən yolunda” qəzetində “Mirzə Əli Möcüz” başlıqlı məqalə dərc etdirmişdi. Sovet Azərbaycanı ziyalılarının nəşr etdiyi bu qəzeti Təbrizin əksər ziyalıları kimi M.Naxçıvani də oxuyurdu və həmin məqalədən xəbərdar idi. M.Naxçıvani çətinliklə əldə etdiyi, rəsmi qadağaya baxmayaraq, on bir il öz evində qoruyub saxladığı Möcüzün əlyazmalarını Q.Məmmədliyə verərək sovet qoşunları orada ikən Təbrizdə çap edilməsini tövsiyə etmişdi. Beləliklə, 1945-ci ildə Q.Məmmədlinin təşəbbüsü və Mirzə İbrahimovun dəstəyi ilə Möcüzün seçilmiş əsərləri şahlıq rejimi tərəfindən qadağan edilməsinə baxmayaraq, Təbrizdə nəşr edilmişdi. Məhz M.Naxçıvaninin qeyrəti sayəsində xalqımız ikinci “Sabirini” tanımış oldu, ədəbiyyatımız Möcüz möcüzəsi ilə daha da zənginləşdi. İranda xalqımızın qəflət yuxusunda qaldığını, tərəqqi edən xalqların sırasına qoşulmağa səy gösrərmədiyini ürək ağrısı ilə ifadə edən Möcüz deyirdi:

Gəldik çıxdıq Mərəndə,

Tamaşadır görəndə.

Millətimiz yatıbdır,

Ayılacaq öləndə.

İranda, xüsusilə Cənubi Azərbaycanda bir sıra tədqiqatçılar öz məqalələrində minnətdarlıqla M.Naxçıvaninin maarifçilik  və elmi fəaliyyətini qeyd etmişlər. Lakin onun həyat və fəaliyyətinə işıq tutan ən ətraflı məlumatlar Tehranda nəşr edilən  məqalələr toplusunda verilmişdir (Zendeginame və xədemat-e elmi və fərhəngi-ye mərhum Hac Məhəmməd Nəxcəvani. Məcmue-ye məğalat. Virastar: Əhməd Qənbəri, Tehran, 1386 (2007).

M.Naxçıvani ibtidai təhsilini o dövrün ev məktəblərində almış dövrünün görkəmli ziyalılarından olan Məhəmmədəli Tərbiyyət, Seyid Həsən Tağizadə kimi Təbrizin Talibiyyə mədrəsəsində orta təhsil almışdır. O, mənsub olduğu xalqın qədim tarixinə, ədəbiyyatına və təbiət elmlərinə böyük maraq göstərməklə bu elm sahələrinə aid əlyazmaları, kitabları mütaliə etmiş, onları böyük həvəs və zəhmətlə toplamağa başlamışdır.

M.Naxçıvani 1936-cı ildə Məkkəyə – Həcc ziyarətinə getmiş və bu müqəddəs ziyarət zamanı İslam ölkələrinin tarixi, mədəniyyəti, qədim elmi irsi ilə daha dərindən tanış olmuşdur. Məhz Məkkə səfəri onun elmi axtarışlara, qədim əlyazma nüsxələrini yığıb toplamağa, onları tədqiq etməyə olan marağını daha da artırmışdır.  Şəxsi elmi kitabxana yaratmaq Hacı Məhəmməd Naxçıvaninin həyat qayəsi olmuşdur və bu müqəddəs məqsəd uğrunda o, hər cür zəhmətə qatlaşmışdır. Onun yaratdığı kitabxana nəinki İranda, eyni zamanda, ölkənin hüdudlarından kənarda da çox məşhur olmuşdur. Dünyanın müxtəlif ölkələrindən gələn bir çox şərqşünas alimlər onun şəxsi kitabxanasından istifadə etməklə yanaşı, M.Naxçivaninin elmi məsləhətlərindən də bəhrələnmişlər. Qeyd etmək lazımdır ki, dünyada tanınan iranşünas Edvard Braun özünün məşhur “İran ədəbiyyatı tarixi” əsərini işləyərkən M.Naxçıvaninin kitabxanasından və onun məsləhətlərindən çox faydalanmış, ilk dəfə 1924-cü ildə Kembricdə, sonra isə dünyanın müxtəlif ölkələrində çap edilən bu kitab elə M.Naxçıvaninin zəngin əlyazma və kitab xəzinəsinin sayəsində ərsəyə gəlmişdi. Azərbaycan ədəbiyyatına dair bir sıra dəyərli əsərlərin müəllifi olan akademik Aqatangel Krımski onun zəngin kitabxanasından xeyli faydalanmışdı. Şərqşünas alimləri bu kitabxanaya cəzb eləyən amillərdən biri də bu idi ki, M.Naxçıvaninin eyni zamanda, qədim əlyazma nüsxələrinin, təzkirələrin məşhur bilicisi olması idi. Görkəmli Cənubi Azərbaycan tədqiqatçısı Məhəmmədi Müctəhidi yazırdı: “Onun aztapılan əlyazma nüsxələrini yığıb toplamaq həvəsi bir vətənpərvərlik nümunəsidir. Bəzən bir nəfis əlyazmasını əldə etmək üçün İsfəhana, Şiraza səfər edərdi. O, kitabşünaslıqda, nüsxəşünaslıqda böyük mütəxəssis idi. Hər hansı bir əlyazma nüsxəsinə diqqət yetirsəydi, onun yazılma tarixini, xüsusiyyətlərini və xətt növünü təyin edərdi. Mərhum Məhəmməd Naxçıvaninin həyatı, böyük səmərəli fəaliyyətindən biri də onun Misir, Hindistan, Pakistan, Əfqanıstan, Türkiyə, Livan, Fələstin və s. ölkələrə işgüzar səfərlər etməsi olmuşdur”.

Qeyd etmək lazımdır ki, M.Naxçıvani xarici ölkələrə səfərləri zamanı həmin ölkələrin görkəmli alimləri ilə görüşlər keçirər, fikir mübadiləsi edər, elmi diskussiyalar aparar, ölkədən çıxarılmış qədim əlyazma nüsxələrini şəxsi vəsaiti hesabına alar və ölkəyə qaytarardı. O, Azərbaycan tarixinin, ədəbiyyatının, Azərbaycan dilinin görkəmli bilicisi və təbliğatçısı idi.

M.Naxçıvaninin dostlarından Ayətullah Hacı Mirzə Abdullah Müctəhidi onun vəfatından sonra yazırdı ki, o, mərhumun ən yüksək səciyyəvi xüsusiyyətlərindən, xeyriyyə işlərindən biri heç bir maddi maraq güdmədən göstərdiyi ictimai fəaliyyət idi. Təbrizdə tərcümə mərkəzinin, məhbusları himayə cəmiyyətinin yaradılması və milli kitabxananın təsisi (1921-ci il) onun böyük həvəslə, ağır zəhmətlə gördüyü işlərdən biridir. Təsis edilməsində yaxından iştirak etdiyi Təbriz Milli Kitabxanasına hələ sağ olarkən 500 kitab bağışladı. Yaxın və uzaq ölkələrdən bir çox alimlər, tədqiqatçılar, filosoflar hər hansı bir elmi monoqrafiyanı yazarkən və ya hər hansı bir mövzunu tədqiq edərkən mərhum Naxçıvaninin kitabxanasına müraciət edərdilər. O, yüksək alicənablıqla öz səyi və bacarığını əsirgəməzdi və kitabxananı onların ixtiyarına verərdi. Tehran Universitetinin müəllimlərinin və xarici ölkə şərqşünaslarının onun mənzil-kitabxanasında məşğul olması adi bir hal idi.

M.Naxçıvaninin kitabxanasında saxlanan nadir kitablardan biri böyük özbək şairi Əmir Əlişir Nəvainin (1441-1501) “Divan”ıdır. Cağatay türkcəsində yazılmış bu “Divan”ın ümumi həcmi 1498 səhifədən və 18 kitabdan ibarətdir. Hər bir kitab 18 sərlövhə ilə nəfis şəkildə bəzədilmişdir. Bu barədə müfəssəl məlumatı Hüseyn Naxçıvani vermişdir. Qeyd edilməlidir ki, bu kitabdakı Əbdurrəhman Cami haqqındakı geniş risaləni M.Naxçıvani cağatay türkcəsindən fars dilinə çevirmişdir.

M.Naxçıvani min bir əzab-əziyyətlə əldə etdiyi əlyazmalarını mütaliə etməklə yanaşı, onları tədqiq edirdi. Bu əlyazmaların bəzilərinin elmi-tənqidi mətnini hazırlaşmışdır. O, yüksək peşəkarlıqla xalqımızın görkəmli şairi, farsca və türkcə (azərbaycanca) qəzəllər yazan Saib Təbrizinin (1592-1676) divanının tənqidi mətnini hazırlamış və Təbrizdə nəşr etdirmişdir.

Məşhur ədəbiyyat xadimi və şair Əli Əkbər Səba M.Naxçıvaninin yazıçılıq məharətinə yüksək qiymət verirdi və yazıçılıq iddiasında olmadığı halda onun aydın fikirli, sadə dilli yaradıcılığını yüksək qiymətləndirirdi. Diqqətəlayiqdir ki, M.Naxçıvani elmi-tədqiqat işləri ilə əsaslı şəkildə məşğul olmuşdur. M.Naxçıvaninin “İbn Sinanın məzarı” məqaləsi İran elmi dairələrində maraq doğurmuşdu.

M.Naxçıvani dövrünün həmfikir olduğu yazıçılarının və mütəfəkkirlərin tarixə və ədəbiyata dair əsərlərini nəşr etməyə sövq edir, bir çox hallarda onların nəşrinə kömək göstərirdi. Tədqiqatçı Əbdüləli Karəng yazır ki, Hac İsmayıl Əmirxizi Hacı Məhəmməd Nəxcəvaninin xahişinə əsasən, 1337-ci ildə (1919) “Qiyam-e Azərbaycan və Səttar xan” (Azərbaycanın üsyanı və Səttarxan) əsərinin əiyazma nüsxəsini Təbrizə gətirdi və bu kitab nəşr olundu.

M.Naxçıvaninin əvəzsiz elmi xidmətlərindən biri onun 1950-ci ildə tərtib edərək nəşr etdirdiyi və hazırda Təbriz Milli Kitabxanasında saxlanılan əlyazma nüsxələrinin 319 səhifədən ibarət biblioqrafiyasıdır. Qeyd etmək lazımdır ki, “Təbriz Milli Kitabxanasına mərhum Hac Məhəmməd Nəxcəvaninin hədiyyə etdiyi əlyazma və kitabların mündərəcatı” adlı fars dilində ayrıca bir kitab da hazırlanmışdı. Bu kitaba Azərbaycanın görkəmli ictimai-siyasi xadimi və tədqiqatçısı Seyid Həsən Tağızadə müqəddimə yazmışdır. Bu əsər əslində, çox zəngin bir biblioqrafik mənbə olaraq bütün iranşünaslar və şərqşünaslar üçün bir yol çırağı kimi əhəmiyyətlidir. Fikrimizcə, bu qiymətli mənbədən yola çıxaraq tarix və mədəniyyətimizin hələ açılmamış neçə səhifəsini üzə çıxarmaq olar.

M.Naxçıvaninin yüksək elmi ustalıqla tədqiq edib yazdığı əsərlərdən “Qətran Təbrizinin divanına müqədimmə”, “Dar ağacından asılmış Seqətül-islam”, “Saib Təbrizi, Məhəmməd bin Əlbəyis və Azərbaycan dili” və Azərbaycan tarixinə, ədəbiyyatına dair çoxsaylı elmi məqalələri bu gün də öz elmi dəyərini saxlayır. Məşhur Azərbaycan şairi Əbu Mənsur Qətran Təbrizinin (1009-1012) divanının tənqidi mətnini ilk dəfə məhz M.Naxçıvani hazırlamışdır. Heyran xanım Dünbülünün (1848-də vəfat etmişdir) “Divan”ı da ilk dəfə onun tərəfindən hazırlanıb nəşr edilmişdir. Onun xarici ölkələrin mətbuatında dərc olunan bir çox tarixi, elmi, bədii əsərləri fars və türk dilinə çevirməsi də olduqca əhəmiyyətli idi.

M.Naxçıvani Azərbaycanda elm, təhsil və mədəniyyət sahəsində xüsusi xidmətlər göstərmiş, dostu və məsləkdaşı, böyük alim və ictimai-siyasi xadim Məhəmmədəli Tərbiyətin (1875-1940) əməyini yüksək qiymətləndirirdi. O, 1941-ci ildə Təbrizdə nəşr edilən “Şəfəq” jurnalında dərc olunan “Mirzə Məhəmmədəli xan Tərbiyət” adlı məqaləsində onun elm, təhsil və mədəniyyət sahəsində gördüyü işlərdən ətraflı söz açmış, elmi-bədii yaradıcılığını təhlil etmişdir.

Qeyd etmək lazımdır ki, dövrünün dərin zəkalı, istedadlı alimi, yazıçı-publisisti sayılan M.Tərbiyyətin “Qədim mədəniyyətlər”, “Təqvim-e Tərbiyət” əsərləri, xüsusilə 1935-ci ildə yazdığı “Daneşməndan-e Azərbaycan” (“Azərbaycan alimləri”) əsəri əvəzsiz elmi mənbədir. Vurğulanmalıdır ki, M.Tərbiyətin bir sıra dəyərli elmi tədqiqatları M.Naxçıvaninin onun kitabxanasına hədiyyə etdiyi zəngin əlyazmalar və kitablar sayəsində ərsəyə gəlmişdi və inamla demək olar ki, M.Tərbiyətin vəfatından sonra onun elmi maarifçi fəaliyyətlərini M.Naxçıvani hər zaman davam etdirmişdir.

M.Naxçıvaninin tədqiqatları və tərcümələri haqqında Əli Lək Dizəçi yazırdı ki, tam qətiyyətlə və inamla demək olar ki, sələflərinin əsərlərini tədqiq, tərtib və nəşr etmək üçün zəngin xəzinəyə və coşub-daşan qəlbə malik olan alim həyatı zamanı sakitlik və rahatlıq tapmırdı. Maarifçilik və ədəbiyyat aləmində səyahətə çıxaraq hər bir gül butasından, hər bir başşaq xırmanından sünbül toplayırdı ki, əbədiyyətə qovuşan zaman müvəqqəti həyat bustanının astanasında qalib olsun, söz sahiblərindən olan gül dəstəsi qoymuş olsun. Buna görə də qətiyyətlə zənn və yəqin etmək olar ki, mərhum nəşr olunmamış elə əsərlərə malikdir ki, hələ də pərdə arxasında qalmış və rüxsarını bir kəsə göstərməmişdir.

M.Naxçıvani 1341-ci h.ş. ilində (1962-ci ildə) 84 yaşında çox mənalı və zəngin bir ömür sürdükdən sonra Təbriz şəhərində vəfat etmişdir. O, gələcəkdə şərqşünas alimlərin onun yığıb topladığı elmi irsindən faydalanması üçün bütün kitabxanasının ölümündən sonra Təbriz Milli Kitabxanasına verilməsini vəsiyyət etmişdi. Bu vəsiyyətə əməl olundu və 5000-dən çox nadir kitab və əlyazma Təbriz Milli Kitabxanasına verildi.

M.Naxçıvaninin kiçik qardaşı Hacı Hüseyn Naxçıvaninin də öz xalqı və vətəni qarşısında dəyərli xidmətləri olmuşdur. H.Naxçivani də həm sağlığında, həm də ölümündən sonra elm, ədəbiyyat, nüsxəşünaslıq sahəsində göstərdiyi xidmətlərinə görə nəinki Cənubi Azərbaycanda, habelə bütün İranda görkəmli ədiblərdən biri sayılır. O da, böyük  qardaşı kimi gənc yaşlarından ədəbiyyata və müxtəlif elm sahələrinə, dövrün tarixi hadisələrinin izlənməsinə, əlyazma nüsxələrinin toplanmasına böyük maraq göstərmişdir.

H.Naxçıvani yaşadığı dövrdə baş verən hadisələrə biganə qalmamış, müxtəlif dövrlərdə yaşamış padşahların, əmirlərin, tarixi şəxsiyyətlərin, din xadimlərinin, şairlərin hakimiyyət illəri, həyat-yaradıcılığı, həmçinin, mühüm tarixi hadisələr haqqında doğru-düzgün məlumatlar toplamış və yazdığı məqalələri toplu şəklində “Məvad ət-təvarıx” ünvanlı kitabda nəşr etdirmişdir.

H.Naxçıvani 1948-ci ildə Təbriz  Universitetinə dəvət olunmuş, Universitetin elmi Şurasına üzv seçilmiş, mütəmadi olaraq ədəbiyyat haqqında məqalələr yazmış, onları Ədəbiyyat İnstitutunun elmi məcmuələrində nəşr etdirmişdir. Onun yazdığı məqalələrin elmi dəyəri və əhəmiyyəti nəzərə alınaraq toplu şəklində 1342-ci ildə (1963-cü il) Təbrizdə “Cehel məqaleye Nəxçəvani” (“Naxçıvaninin qırx məqaləsi” adı ilə nəşr olunmuşdur. Hüseyn Naxçıvaninin xalqı qarşısında ən böyük xidməti isə ömrü boyu şəxsi vəsaiti hesabına əldə etdiyi 3500 nüsxə nadir kitabları və əlyazmalarını, həmçinin, kolleksiyalarını əvəzsiz olaraq Təbriz Milli Kitabxanasına hədiyyə etməsidir.

Bu sətirlərin müəllifi keçən əsrin sonlarına yaxın diplomatik xidmətlə əlaqədar İranda çalışdığı zaman bu kitabxana ilə yaxından tanış olmaq imkanı əldə etmişdir. Tərəfimizdən Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar institutuna bu kitabxanada Azərbaycan tarixi və ədəbiyyatı ilə əlaqədar çox zəngin və qiymətli materialların olduğu barədə məlumatlar verilmişdi. Burada hifz edilən Mirzə Müslüm Qüdsi İrəvaninin “Divan”ı barəsində Azərbaycan tarixçisi Səməd Sərdariniyadan aldığmız bilgi əsasında şərqşünas alim Möhsün Nağısoyluya (indi Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik) xəbər verilmişdi. Təqdirəlayiqdir ki, bir müddətdən sonra zəhmətkeş tədqiqatçı-şərqşünas Şəmsi Pənahlı professor Möhsün Nağısoylunun elmi rəhbərliyi ilə Təbriz Milli Kitabxanasında araşdırma ilə məşğul oldu, Qüdsi İrəvaninin Divanı haqqında maraqlı dissertasiya işi hazırlayıb müdafiə etdi və bu sətirlərin müəllifinə də həmin dissertasiya müdafiəsində çıxış etmək nəsib oldu. Beləliklə, M.Naxçıvaninin zəngin xəzinəsindən faydalanmaqla daha bir Azərbaycan şairinin irsi xalqımıza təqdim edilmiş oldu. Yeri gəlmişkən, akademik M.Nağısoylu M.Naxçıvanini görkəmli kitabşünas alim kimi yüksək qiymətləndirərək onun Qətran Təbrizinin və Heyran xanım Dünbilinin divanlarının elmi nəşrlərini həyata keçirdiyini xüsusi vurğulamış, Azərbaycan ədəbiyyatının, elm, təhsil və mədəniyyətinin bu görkəmli nümayəndəsinin bu fəaliyyətinin elm və mədəniyyət tariximizdə çox əhəmiyyətli yer tutduğunu qeyd etmişdir.

Hal-hazırda Hacı Məhəmməd Naxçıvani və Hacı Hüseyn Naxçıvani qardaşlarının 8500-dən artıq nadir kitab və əlyazmaları Məhəmməd Naxçıvaninin adını daşıyan Təbriz Milli Kitabxanasında saxlanılır, kitabxananın girişində onların büstləri qoyulmuş, adları yazılmışdır. M.Tərbiyətin və Naxçıvani qardaşlarının bu qiymətli irsi bir əsrə yaxındır ki, oxuculara, xüsusən də müxtəlif elm sahələrinin tədqiqatçılarına xidmət edir. Şübhəsiz, onların bu elmi mirası Azərbaycanın tarixinin, dil və ədəbiyyatının, mədəniyyətinin hələ öyrənilməmiş səhifələrinə bundan sonra da işıq tutacaq və Azərbaycan maarifçi-ziyalılarının yeni nəsli də bu zəngin xəzinədən bəhrələnəcək.

Eynulla Mədətli

AMEA Fəlsəfə institutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, fövqəladə və səlahiyyətli səfir

Həmçinin yoxlayın

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Güney Azərbaycanda molla rejimin insan haqlarının pozmasına dair illik hesabat yayıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, azərbaycanlı fəallar və Abbas Lisani adına açılmış sosial …

Bir cavab yazın