Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın Əjdər Tağızadənin 28 May- Cümhuriyyət Günü münasibətilə bildirişi

GADTB: Türk dünyasında ilk demokratik parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 ay ömür sürməsinə və Qızıl Ordunun Azərbaycanı işğal etməsi nəticəsində süquta uğramasına baxmayaraq, M.Ə.Rəsulzadənin qurduğu demokratik Azərbaycan dövləti insanlara çox böyük hüquq və azadlıqlar vermişdi. İnsanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti hələ Qərbdə belə qadınların seçmək və seçilmək hüququ olmadığı bir vaxtda qadınlara bu hüququ vermişdi.

Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində döyüş qabiliyyətinə malik Azərbaycan ordusunu təşkil etmiş, dövlət quruculuğunun bütün sahələrində səmərəli iş aparılmış və yeni, milli tələblərə və demokratik prinsiplərə uyğun olan dövlət orqanları qurulmuşdu. Müstəqil Azərbaycanın bayrağı, himni və digər dövlət atributları Azərbaycan Xalq Cümhuriyyətində qəbul edilmiş, Azərbaycanın tarixində ilk universitet – Bakı Dövlət Universiteti yaradılmış, təhsilin milliləşdirilməsi, yeni tədris müəssisələrinin açılması sahəsində Azərbaycan türk millətinin sonrakı mədəni tərəqqisi üçün əsaslı zəminə çevrilən bir sıra önəmli işlər görülmüşdür. Məhəmməd Əmin bəy Rəsulzadə Azərbaycan türk millətinin müasir dövr dövlətçiliyinin və dövlətinin banisidir.

Məhəmməd Əmin bəy Rəsulzadənin, Fətəli xan Xoylunun və başqa Azərbaycan oğullarının qurduğu Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycanın çağdaş dövr dövlətçiliyinə əsas və bünövrə olmaqla yanaşı, sivil dünyaya da mütərəqqi dəyərlər töhfə vermişdir. Azərbaycan Xalq Cümhuriyyətində insanlara çox böyük hüquq və azadlıqlar verilmişdir.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycan Xalq Cümhuriyyətinin davamı olan müstəqil Azərbaycan Respublikasını dünya azərbaycanlılarının müstəqil dövləti hesab edərək, M.Ə.Rəsulzadənin türkçülük ideallarına sədaqətlə Güney Azərbaycanın müstəqilli və Bötüv Azərbaycanın yaranması uğrunda fəaliyyət göstərməyi özünə şərəf bilir.

Əjdər Tağıdazə

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın