Güney Azərbaycanda ilk demokratik milli hökumət

Vüqar Əhməd

GADTB: Şeyx Məhəmməd Xiyabani: “Ey ölməz Azərbaycan, başını yuxarı tut, yaşa, həmişəlik yaşa!”

Xiyabaninin həyatı onun ictimai fəaliyyəti ilə daha çox əlaqəlidir. Həmin fəaliyyət isə Azərbaycan xalqının müstəqillik qazanmaq uğrunda mübarizə salnaməsi ilə sıx bağlıdır. Tarix elmləri doktoru Şövkət Tağıyeva 1956-cı ildə rus dilində çap olunan “1917-1920-ci illərdə İran Azərbaycanında milli azadlıq hərəkatı” monoqrafiyasında Güney Azərbaycanında ingilis imperialistlərinə və İran irticaçılarına qarşı aparılan mübarizənin sosial-iqtisadi köklərini araşdırır, milli azadlıq hərəkatı və onun məğlubiyyətinin səbəblərini göstərməyə çalışır. Tədqiqatçı sovet dövrünün ideoloji çərçivəsindən çıxa bilməsə də, əsər gərgin axtarışların bəhrəsidir. İdeoloji qüsurlarına baxmayaraq Ş.Tağıyeva keçmiş SSRİ arxivlərindən materiallar toplayaraq bu məxəzlərə istinadən fundamental bir monoqrafiya ərsəyə gətirib. Burada Xiyabaninin ictimai-siyasi fəaliyyəti geniş şəkildə əks olunub. Professor Ş.Tağıyeva 1990-cı ildə “Təbriz üsyanı” adlı kitab nəşr etdirib. Məlum olduğu kimi, bu əsərdə də Xiyabaninin inqilabi, ictimai-siyasi fəaliyyəti işıqlandırılıb. Fars dilində yazılmış İran tarixçilərinin əsərlərində 1917-1920-ci illər hərəkatı, o cümlədən Xiyabaninin fəaliyyəti yer tutur, çox az və qısa məlumat verilir. Məsələn: Həbibulla Möhtəri “İranın oyanışı haqqında” əsərində İran Azərbaycanında 1917-1920-ci illərdə baş verən milli azadlıq hərəkatı barədə heç bir məlumat vermir. Ancaq farsdilli ədəbiyyatlarda obyektiv mövqe tutan müəlliflər də var. Xiyabaninin silahdaşı olmuş Badamçı “Xiyabaninin həyatı və yaradıcılığı”, Əli Azərin Ş.M.Xiyabaninin “Təbriz üsyanı” kitablarını göstərə bilərik. Badamçı hərəkat zamanı maliyyə işlərinə baxsa da, o, bu hərəkatın istiqamətini, xarakterini və Xiyabaninin ictimai fəaliyyətini düzgün qiymətləndirib, Əli Azəri isə faktların zənginliyini dolğun əks etdirib. Əli Azəri Xiyabanini bir şəxsiyyət kimi ideallaşdırır, onun inqilabi, ictimai-siyasi fəaliyyəti barədə orijinal fikirlər söyləyir.

Son illərdə fars dilində çap olunan iki kitabı qeyd etmək gərəkdir. Birinci, 1998-ci ildə Təbrizdə nəşr olunmuş “Namavaran Azərbaycan” (Azərbaycanın məşhurları – V.Ə.) adlı ensiklopedik xarakterli məlumat kitabında Xiyabaninin bir səhifəlik tərcümeyi-halı verilib. İkincisi isə Xiyabaninin keçmiş silahdaşı, sonra ona naxələf çıxmış, əslən azərbaycanlı, ancaq farslara xidmət etmiş tarixçi Əhməd Kəsrəvinin “Fiyali Şeyx Məhəmməd Xiyabani” kitabıdır. Tehran “Nəşri-Mərkəz” nəşriyyatında 1998-ci ildə çap olunan kitabın müqəddiməsi və naşiri Məhəmmədəli Humayun Katuzyandır. Xatirələrlə tanış olduqda görürük ki, Ə.Kəsrəvi Xiyabani haqda, onun dərin zəkası, böyük nüfuzu, nurlu siması, savadı barədə ürəkaçan, xoş sözlər də söyləyir, inqilabi fəaliyyətinə düzgün qiymət verir. Bəlkə də bu əsərdə Ə.Kəsrəvi bağışlanmaz günahlarını, tarixi suçlarını yumaq istəyirmiş. Ə.Kəsrəvi yazır: “Xiyabaninin iti yaddaşı, bacarığı var idi. Buna görə də gündən-günə onun nüfuzu artır və çoxlarını öz təsiri altına alırdı. Onlar da onu özlərinə rəhbər seçir və onun sözündən və göstərişlərindən boyun qaçırmazdılar”. Bu araşdırmaların əksəriyyəti Ş.M.Xiyabaninin ictimai-siyasi fəaliyyətinin şərhi və təhlilinə həsr olunub. Ancaq bu görkəmli tarixi şəxsiyyətin həyatı, mühiti və yaradıcılığı bütövlükdə geniş miqyasda tədqiq olunmayıb. Həmin tədqiqatlarda Xiyabaninin həyatı və mühitilə bağlı problemlər sistemli şəkildə qələmə alınmayıb, yaradıcılığı, xüsusilə, publisistikası, məqalələri, çıxışları, dil və üslubu haqqında elmi-nəzəri fikir söylənilməyib.

Ədəbiyyatımızda publisistikanın özünəməxsus salnaməsi var. Publisistika tarixinin araşdırılması göstərir ki, onun inkişafında tənqidçi, filosof, tarixçi və ədəbiyyatşünasların xidmətləri böyük olub. Ədəbiyyatımızda publisistikanın ilk nümunələrinə hələ M.F.Axundzadə, H.B.Zərdabi və N.B.Vəzirovda rast gəlirik. 1905-ci il inqilabı dövründə və sonra C.Məmmədquluzadə, N.Nərimanov, F.B.Köçərli, Oktyabr çevrilişi ərəfəsində M.S.Ordubadi, M.S.Pişəvəri, T.Şahbazi və başqaları siyasi publisistikanın dəyərli nümunələrini yaratmışdılar. Tarixi təcrübə göstərir ki, publisistika yazıçıların yaradıcılığında mübariz ədəbi forma kimi geniş yer tutub. Publisistikaya vətənpərvərlik, xalqlar dostluğu, qəhrəmanlıq, sədaqət, düşmənə qarşı amansız olmaq motivləri həmişə qüvvətli olub.

Xalqın özünüdərkində, dünya miqyasında tanınmasında, milli-bəşəri dəyərlərin sonrakı nəsillərə çatdırılmasında, xalqın bədii, tarixi dəyərlərə yiyələnməsində onun ədəbiyyatı, incəsənəti və bunların təbliğində, təhlil və təqdirində mühüm rol oynayan mətbuat amili faktor kimi vacib yer tutur.

Azərbaycan sənətkarlarının böyük bir nəsli məhz buna görə məktəbi, maarif sistemini xalqın ictimai şüurunun zənginləşməsində başlıca faktorlardan sayıblar. Bu baxımdan M.F.Axundzadə, C.Məmmədquluzadə, Ə.Haqverdiyev, S.Axundov, A.Şaiq, Ə.Hüseynzadə, M.Ə.Rəsulzadə, M.S.Pişəvəri, N.Nərimanov kimi ədib, şair və demokrat-publisistlərin obrazlı-ədəbi qənaətləri, nəticə və mülahizələri arasında ideya yaxınlığı və tipoloji nöqtələr çoxdur. Tarixilik və varislik prinsipindən yanaşmaya Şeyx Məhəmməd Xiyabaninin dövrünün ictimai-siyasi hadisələrinin təhlili, tarixi problemlərə münasibəti ilə yaxından səsləşir, bir növ onun başqa mühitdə və tarixi-coğrafi məkanda yenidən ifadəsidir.

Öz odlu qələmi ilə mübariz publisistikanın gözəl nümunələrini yaratmış Xiyabaninin də bu sahədəki fəaliyyətinin tədqiqi, şübhəsiz ki, çox faydalıdır.

Ş.M.Xiyabaninin publisistik yazıları mövzu genişliyilə, obrazlılığı, çoxmotivliliyi, zəngin epizodluluğu ilə seçilir. Xiyabaninin publisistikası Azərbaycan ədəbiyyatının mütərəqqi ənənələrinin bünövrəsi üzərində yüksəlirdi. İctimai həyat həqiqətlərini əks etdirən, çağdaş həyatın tələbləri səviyyəsində durmaq onun fəaliyyətinin əsasını təşkil edirdi. Xiyabani publisist əsərlərində humanizm, azadlığın, demokratiyanın böyük müdafiəçisi kimi çıxış edirdi. İstedadlı publisist xalq azadlığını, özü də ictimai-siyasi-mənəvi azadlığı yüksək qiymətləndirir, zülm və istibdad altında yaşayan xalqın məşəqqətli həyatını, onun mənəvi-əxlaqi paklığını, əqidə saflığını orijinal formalarda ifadə edirdi.

“Təcəddüd” qəzeti 1917-ci il aprelin 9-da nəşrə başladı. Tədqiqatçı Q.Məmmədlinin göstərdiyi kimi, “Onun imtiyaz sahibləri və baş mühərrirləri ilk zamanlarda dəyişdirilsə də, siyasi rəhbərliyi əsas etibarilə Xiyabaninin üzərində qalırdı”. Qəzetin 65 nömrəsi, yəni 137-ci nömrəsindən sonra çıxan 202-ci nömrəyədək rəsmən Xiyabaninin müdirlik və baş mühərrirliyi ilə çap olunmuşdu. Məzmun və mündəricəsi ilə İran qəzetlərindən fərqlənirdi. Xiyabani siyasi mübarizəsinin məqsəd və amalı haqqında “Təcəddüd”ün səhifələrində dərin və əhəmiyyətli məqallər yazırdı. “Azərbaycan” adlı məqalədə Azərbaycan azadlığının, istiqlaliyyət və milli varlığı problemini qəlbindən gələn atəşli sözlərlə ifadə etmişdi: “Azərbaycan bəhanə axtaran özgələr və kin-küdurətli özününküləri qarşısında vurdu, vuruldu, öldürdü, öldürüldü, həyatın çətinliklər və çək-çevirləri içərisində inqilab və təkamül yolunu keçib yaşadı. Ucdantutma qırğınlar, soyğunlar, zülm və işgəncələr Azərbaycandakı istiqlaliyyət hərəkatını və azadlıq tələblərini məhv edə bilməyəcəkdir. Özgələr və “özümüzünkülər” ürəklərində saxladıqları yaramaz fikirlərini həyata keçirmək məqsədilə bu torpağın yaralı sinəsi üzərində dar ağacları qurdular. Zülm və vicdansızlığın qara kölgəsini bu qana boyanmış torpağın üzərinə saldılar. Lakin bu ölkənin qeyrətli cavanları, qəhrəman qocaları başlarını rəşadət səmalarında uca tutub, zülm və ədalətsizliyin dünyasını öz ayaqları altında gördülər. Öz gənc həyatını həqiqət və azadlıq uğrunda fəda edən Azərbaycan övladları içərisində elə məsum balalara təsadüf etmək olurdu ki, dar ağacları belə onların zəif vücudları qarşısında titrəyirdi. Bunların hədəqədən çıxmış gözləri, göyərmiş dodaqları və sıxılmış boğazları cəlladları qorxudur və rənglərini qaçırırdı”.

Xiyabani daha sonra yazırdı: “Hələ də azərbaycanlıların qanı axıdılmaqdadır. Bu gün Tehranın gözü Azərbaycanın parçalanmış vücuduna dikilib. Dodaqlardan eşidilən kəlmələrdə, qələmlərin sözlərə təqdir səsləri və təhsin nəvaları eşidilməkdədir. Lakin ey qeyrətli Azərbaycan, ey vətən məftunlarının istiqamətli övladları, ey təriflərə ehtiyacı olmayan Azərbaycan!.. Ey Azərbaycan! Bütün bu təqdir və təqdislər sənin verdiyin şəhidlərin qanı bahasıdır: Ey Azərbaycan, ey demokratik Azərbaycan! Başını qaldır! Ey əziz Azərbaycan, sən bir iti görən gözsən ki, İran səninlə mədəniyyətə baxır. Sən bir həssas və mütəəssir olan ürəksən ki, bu vətən dünya işığını səninlə hiss edir. Ey ölməz Azərbaycan, bu ümidləri doğrult, başını yuxarı tut, yaşa, həmişəlik yaşa!”

“Təcəddüd”ün səhifələrində sadalanan bu vətən yanğılı, alovlu sözlər xalqın ürəyindən xəbər verir, yüzilliklər boyu arzu və amal olaraq qalan düşüncələr dilə gəlirdi.

Xiyabaninin məqalələri soydaşlarımızı partiya ətrafına, azadlıqsevər qələm adamlarını isə “Təcəddüd”ün səhifələrinə toplayırdı. Xiyabani yaradıcılığında onun ən böyük əsəri “Azərbaycan və Azərbaycanın demokratik qüvvələri”dir. Fars dilində yazılan bu əsər 1961-ci ildə İsmayıl Şəms tərəfindən dilimizə çevrilərək Balaş Azəroğlunun redaktorluğu ilə Bakıda “Azərbaycan” ruznaməsinin nəşriyyəsi kimi kitabça şəklində çap olunub. Kitaba Qafar Kəndli geniş “Müqəddimə” yazıb. Naşirlər Xiyabaninin əsərinə öz sözlərini epiqraf seçiblər: “And olsun şərəfimizə, nə qədər ki, biz diriyik, heç bir xəbər, təhlükə, qorxutma, hədələmə bu qiyamın əsasını sarsıda bilməyəcəkdir. Rəhmsizcəsinə oda yandırılıb, nəzəriyyəsindən dönməyən, zəhər bardağını başına çəkərək haqqın isbat edən haqq tərəfdarlarının səbat və mərdliyini biz qarşımızda qoyduğumuz məqsədi icra etməklə başqalarına isbat edəcəyik. Biz bir çox səmimiyyətli, sədaqətli yoldaşlarımızla birlikdə bu cür ölməyə, şəhid olmağa özümüzü hazırlamışıq”.

Ədəbiyyatşünas alim Rəhim Əliyevin Xiyabaninin publisistikası haqda fikirlərini onun bütün məqalələri, eləcə də “Azərbaycan və Azərbaycanın demokratik qüvvələri” əsərinə də şamil etmək olar: “Xiyabaninin siyasi publisistikası Azərbaycan xalqının milli suverenlik uğrunda mübarizələri tarixində mühüm yer tutdu. O, vahid İran azadlıq hərəkatının deyil, məhz Azərbaycan istiqlalı hərəkatının böyük hissəsi oldu, özündən sonra məhz bu yöndə ciddi əhəmiyyət kəsb etdi. Təsadüfi deyil ki, sonrakı demokratik hərəkatlarda onun adı məhz azərbaycanlı bir lider kimi, Azərbaycan xalqının milli şüurunun güclü ideoloqlarından və ifadəçilərindən biri kimi qaldı. Çünki onun siyasi-publisist irsinin mərkəzi məsələsi məhz Azərbaycan xalqının taleyidir”.

Vüqar Əhməd

Həmçinin yoxlayın

Zərşuran kəndində əhali etiraza qalxıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Qərbi Azərbaycan əyalətinin Zərşuran kəndində azərbaycanlı əhali martın …

İran Araz çayının radiasiya ilə çirklənməsini inkar edir

GADTB: “Arsheh Online” saytı xəbər verir ki, Araz çayı çirklənib və Ərdəbil əyalətin xərçəng xəstəliyinə …

Bir cavab yazın