Cümə axşamı , Mart 28 2024
azfa

Gürcüstanda azərbaycanlılara qarşı diskriminasiya

GADTB: Azərbaycanlılar Gürcüstanda ikinci ən böyük etnik qrupdur. Gürcüstan azərbaycanlılarının əksəriyyəti Kvemo-Kartli bölgəsində (Marneuli, Bolnisi, Dmanisi və Qardabani rayonları) və az sayda Kaxetiya və Şida-Kartli bölgələrində yaşayırlar. Marneuli rayonunda azərbaycanlılar əhalinin 84, Dmanisidə 66, Bolnisidə 63, Qardabani rayonunda 44 faizini təşkil edir. 2014-cü ilin rəsmi statistikasına əsasən Gürcüstanda 233 024 nəfər azərbaycanlı yaşamaqdadır. Dini baxımdan Gürcüstandakı azərbaycanlıların 75 faizi sünni, 25 faizi isə şiə müsəlmanlardan ibarətdir (Cornell, 2002:112).

Toponimlərin dəyişdirilməsi

20-ci əsrin 30-cu illərinə qədər tarixi Borçalı regionunda azərbaycanlılar yaşayan, eləcə də gürcülərin çoxluqda olduğu ərazilərin böyük bir qismi türkcə toponimlərdən ibarət idi. Xüsusən 1930-cu illərdən etibarən bütün müttəfiq respublikalarda başlayan titul xalqın hegemoniyası prosesindən Gürcüstan da yan keçmədi. Bu dövrdə adları dəyişdirilən türk dilində toponimlər aşağıdakı kimidir:

Rustavi – Əvvəlki adı Bostanşəhər, Bostandərə və ya Bostan Kələki (Lordkipanidze və Musxelişvili, 1988:95). 1947-ci ildə adı dəyişdirilmişdir. 2014-cü ilə əsasən Rustavi şəhərinin 3,73 faizi azərbaycanlıdır. Rustavi eyni zamanda Kvemo-Kartli regionunun da inzibati mərkəzidir.

Bolnisi – Əvvəlki adı Çörük Qəmərli olan şəhərin adı 1944-cü ildə Bolnisi olaraq dəyişdirilmişdir. Bolnisi rayonunun böyük əksəriyyəti azərbaycanlılardan ibarət olsa da şəhərin təxminən 80 faizi gürcülərdən ibarətdir. Bolnisidən başqa rayonun kəndlərinin adları da gürcüləşdirilmişdir.

Marneuli – Əvvəlki adı Borçalı olan şəhərin adı 1947-ci ildə dəyişdirilmişdir (Qurqenidze, 1957:51). Marneuli Kvemo-Kartli regionunda faiz nisbətində götürsək ən çox azərbaycanlı yaşayan rayondur. Marneulidən başqa rayonun kəndlərinin adları da gürcüləşdirilmişdir.

Qardabani – ilkin adı Qaratəpə olan şəhərin adı 1947-ci ilə qədər Qarayazı adlanırdı (Qurqenidze, 1957:51). Bu tarixdən etibarən şəhərin adı Qardabani olaraq dəyişdirilmişdir. Qardabanidən başqa rayonun kəndlərinin adları da gürcüləşdirilmişdir.

Dmanisi – Əvvəlki adı Başkeçid olan şəhərin adı 1947-ci ildə dəyişdirilmişdir (Qurqenidze, 1957:51). Rayonda azərbaycanlılar çoxluq olsa da şəhərin sadəcə 14,5 faizini təşkil edirlər. Dmanisidən başqa rayonun kəndlərinin adları da gürcüləşdirilmişdir.

Tetri-Tskaro – Əvvəlki adı Ağbulaq olan şəhərin adı 1944-cü ildə dəyişdirilmişdir (Qurqenidze, 1957:51). Bu rayon Kvemo-Kartli regionunda azərbaycanlı əhalinin nisbətən az yaşadığı bölgədir (7,3 faiz).

Tsalka – ilkin adı Barmaqsız olan olan şəhərin adı 1932-ci ildə dəyişdirilmişdir (Qurqenidze, 1957:51). Bu rayon Kvemo-Kartli regionunda ən az azərbaycanlı yaşayan bölgədir (6,8 faiz).

Saqareco – Azərbaycanlıların ən çox yaşadığı regionlardan biri də Kaxetiyanın Saqareco rayonudur. Bu regionda 7 kəndi birləşdirən tarixi ərazi Qaraçöp adlanırdı. Hazırda Qaraçöp adı sadəcə bir kəndin adında qalıb. Azərbaycanlılar 2014-cü ilin məlumatına əsasən bu rayonun 33,16 faizini təşkil edirlər.

Toponimlərin gürcüləşdirilməsinin ikinci dalğası 90-cı illərin əvvəllərində Qamsaxurdiyanın dövründə baş verdi. Yerli bir QHT olan “Mtredi” İctimai Birliyi bu dövrdə Bolnisidə adları gürcüləşdirilmiş 31 kənd müəyyən etdi. Köhnə Azərbaycan toponimlərini bərpa etmək üçün yerli təşəbbüs qruplarının bir sıra açıqlamalarına baxmayaraq hökumət heç bir tədbir görmədi. Bu addım 2006-cı ildə qüvvəyə minən Avropa Şurasının Milli Azlıqların Müdafiəsi üzrə Çərçivə Konvensiyasına da ziddir (Wheatley, 2009:60-61). Maraqlıdır ki, Kvemo-Kartli və Kaxetiya bölgələrində həm rayon adları, həm də kəndlər gürcüləşdirilsə də Balakənlə sərhəd olan Laqodexi rayonundakı türk toponimlərinə müdaxilə edilməmişdir. Hazırda Laqodexi rayonuna daxil olan Gəncala, Uzunçala, Qaraçala, Kabal kimi kəndlərin adı olduğu kimi qalıb. Azərbaycan dilində toponimlər paytaxt Tiflisdə də qalmaqdadır. Şeytanbazar, Ortaçala, Qala, Meydan və Narınqala kimi Azərbaycan dilində toponimlər hazırda da ərazi adı kimi gürcülər tərəfindən istifadə edilir.

Sovet dövründə Gürcüstan azərbaycanlıları

Gürcüstanda 1921-ci ildə Sovet hakimiyyəti qurulmasından 1980-ci ilin ortalarına qədər regionda gürcülər və azərbaycanlılar arasında heç bir problem olmamışdı. Bu dövrlər ərzində diqqət çəkən problem Azərbaycan dilində toponimlərin dəyişdirilməsi idi. Ancaq xüsusən də SSRİ-nin “yenidənqurma və aşkarlıq” hərəkatı digər müttəfiq respublikalarda olduğu kimi Gürcüstanda da millətçi meylləri artırdı. 1979 və 1989-cu il Gürcüstan siyahıyaalmalarında ölkənin azərbaycanlı əhalisinin sürətlə artması gürcü millətçilərində qıcıq yaratmışdı. Gürcü millətçilərinin lideri Zviad Qamsaxurdiya Kremlin Gürcüstanda azərbaycanlıların sayını qəsdən çoxaltmaqla Gürcüstana qarşı siyasi oyun oynadığını bildirirdi. Qamsaxurdiya azərbaycanlıların artımını dovşanların çoxalmasına bənzədərək bunu Gürcüstan üçün təhdid kimi görürdü (Poç və Medvedev, 2005:246).

Gürcü millətçiliyinin ilk dalğası 80-ci illərin sonlarında Kvemo-Kartli bölgəsində yerli idarəetmədə olan azərbaycanlıların əksəriyyətinin vəzifələrindən azad edilməsi ilə başladı. 1989-cu ildə radikal gürcü millətçiləri azərbaycanlılara qarşı təzyiq və təhdid siyasətinə başladı. İlk olaraq Bolnisidə bəzi qruplar azərbaycanlılara çörək satılmasının qarşısını almağa çalışdılar, Marneuli və Bolnisinin bəzi bölgələrindəki xəstəxanalardakı azərbaycanlı həkimlər işdən çıxarıldı. Azərbaycan mənbələrinə görə, gürcü millətçiləri Bolnisi şəhərində panika yaratmaq üçün azərbaycanlılar yaşayan ərazilərdə kiçik partlayışlar törətməyə başladılar. Bu təzyiqlərə cavab olaraq bəzi kəndlərdə azərbaycanlı əhali əsasən ov tüfəngləri ilə silahlanaraq özünümüdafiə dəstələri formalaşdırdı. Gürcüstan hakimiyyəti azərbaycanlıları qorumaq üçün heç bir şey etmədi. Beləcə, 1989-cu ilin sentyabr və oktyabr aylarında təxminən 800 ailə Bolnisidən Azərbaycana köçmək məcburiyyətində qaldı (Cornell, 2002:160). Azərbaycan mənbələrinə görə, Qamsaxurdiya hökuməti dövründə Borçalı regionunda 27 510 nəfər öz vətənlərindən didərgin salındı. Ümumilikdə isə, 1989-cu ildən 1994-cü ilə qədər Gürcüstanda etnik zəmində baş verən qarşıdurmalar zamanı 100-dən çox azərbaycanlı öldürüldü (İbrahimli, 2006:58).

Borçalı muxtariyyəti və müstəqilliyin ilk illərində baş verən hadisələr

1989-cu ildə gürcü millətçilərinin Bolnisidə apardıqları siyasət əks reaksiya doğurdu. Artıq 1989-cu ilin ortalarında azərbaycanlılar paytaxtı Rustavi olacaq muxtar birliyin yaradılması barədə müzakirələrə başlamışdı. Muxtariyyət ilə bağlı müzakirələr aparılsa da, bu istək ictimaiyyət tərəfindən geniş formada müzakirə edilmədi. 1987-ci ildə sürüşmə səbəbi ilə Marneuliyə köçürülən svanlarla azərbaycanlılar arasında 1989-cu ilin iyununda və 1990-cı ilin sonlarında silahlı toqquşmaların baş verməsi də regionda hansısa bir formada separatçılıq meylləri yaratmadı (Cornell, 2002:212-213). Maraqlıdır ki, təhdid və təqibə baxmayaraq Gürcüstanın müstəqilliyi ilə bağlı referendumda müstəqilliyin lehinə ən çox səs azərbaycanlılar yaşayan regionlardan gəlmişdi. Belə ki, əhalisinin 80%-dən çoxunun azərbaycanlı olduğu Marneulidə seçicilərin 86%-i müstəqilliyin lehinə səs vermişdi. Misal olaraq qeyd edim ki, əhalisinin 90% -dən çoxunun erməni olduğu Axalkalakidə bu rəqəm 52%-ə bərabər idi (Department of State, 1991:74).

Ancaq müstəqillik lehinə səsvermə də regionda azərbaycanlılara qarşı münasibəti dəyişdirmədi. Hakimiyyətə gələn Zviad Qamsaxurdiyanın dövründə təqib və təhdid kampaniyası gücləndi. 1992-ci ildə Tiflisdə azərbaycanlıların Gürcüstandan ayrılıb Azərbaycana birləşməyə hazırlaşdıqları barədə yalan bir şayiə ortaya çıxdı. Şayiə ortaya çıxdıqdan sonra prezidentin tərəfdarlarından ibarət silahlı qrup (Mxedrioni) Marneuliyə yürüş təşkil etməyə başladı. Bu yürüş 1989-cu ildəki Tsxinvali yürüşündə olduğu kimi etnik təmizlik formasını ala bilərdi. Bu olası zorakılıq aktının qarşısını Azərbaycan hökuməti aldı. Azərbaycan Xalq Cəbhəsi hökuməti dərhal Gürcüstan hökumətinə müraciət edərək Azərbaycanın bu regionu özünə birləşdirmə niyyətlərinin olmadığını, Gürcüstandakı Azərbaycan icmasının dövlətdən ayrılma istəyi barədə xəbərlərin yalan olduğunu bildirdi. Rəsmi təkzib gəldikdən sonra millətçilərin Marneuliyə yürüşü ləğv edildi (Cornell, 2002:211).

Şevardnadze və Saakaşvili dönəmi

Şevardnadzenin prezidentliyi dövründə (1995-2003) Kvemo-Kartli bölgəsində bütün rayonun “qamqebeli”si (region administrasiyası rəhbəri) gürcülər idi. Qeyd edim ki, qonşu Cavaxetiya bölgəsində isə qamqebelilər yerli ermənilər arasından təyin olunurdu. Şevardnadze dönəmində yerli azərbaycanlılara bölgə idarəçiliyində daha az əhəmiyyətli vəzifələr verilirdi. Bundan başqa kiçik vəzifə tutan azərbaycanlı bürokratlara Kvemo-Kartlinin qubernatoru Levan Mamaladzeyə sədaqətləri müqabilində korrupsiya ilə məşğul olma icazəsi verilmişdi. Nəticədə yerli azərbaycanlı əhali şikayətlərini dilə gətirə bilmirdi. Bundan başqa Şevardnadze dönəmində yerli bələdiyyələrdə də azərbaycanlıların sayı az idi. Azərbaycanlı əhalinin əksəriyyəti təşkil etdiyi bələdiyyələrdə (Marneuli, Dmanisi və Bolnisi) qamqeobaların (yerli özünü idarəetmə orqan rəhbəri) böyük əksəriyyəti yenə də gürcülərdən təşkil edilirdi (Wheatley,2009:18). Ayrıca regiondakı seçkili orqanlarda, sakrebulolarda (meriya) və ya məclislərdə, etnik azərbaycanlıların say üstünlüyü ilə müqayisədə təmsil olunma nisbəti qat-qat aşağı olmuşdu. Azərbaycanlı əhalinin üçdə ikisinin təşkil etdiyi Dmanisi və Bolnisi bələdiyyələrində məclis üzvlərinin 38 faizi azərbaycanlı idi. Marneuli bələdiyyəsində isə azərbaycanlılar əhalinin 80 %-dən çoxunu təşkil etsə də məclis üzvlərinin 55 faizi azərbaycanlılardan ibarət idi. Bundan başqa Kvemo-Kartli regionunda 1999-cu ilə qədər azərbaycanlı deputat seçilməmişdi. Gürcüstan parlamentinə daxil olan ilk azərbaycanlı deputat Şevardnadzenin müttəfiqi Azər Süleymanov idi və onun bölgədə təsiri az idi (Wheatley, 2009:35).

2002-ci ildə “Milli Hərəkat” rəhbəri seçilən Saakaşvili Borçalıda tanış bir sima idi. 1991-ci ilin martın 1-də onun televiziyada Qarabağ məsələsində erməni separatçılığına haqq qazandıran çıxışı “Qeyrət” təşkilatı tərəfindən tərcümə edilərək “Sabah” qəzetində nəşr olunmuşdu. Yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərdə Saakaşvilinin Şevardnadzeni müdafiə edən azərbaycanlıları “səfeh insanlar” adlandırması Borçalıda etirazla qarşılandı. 2003-cü ilin noyabrında keçirilən parlament seçkiləri zamanı seçki kampaniyasını aparan Saakaşvili Borçalıya gəldi. Bu dövrdə “Milli Hərəkat” nümayəndələri ilə Bolnisinin Faxralı kəndində Şevardnadzenin azərbaycanlı tərəfdarları arasında əlbəyaxa dava baş verdi (Katz, 2006:90). Bu dövrdə bəzi gürcü mütəxəssislər azərbaycanlılara ünvanlanan açıqlamalar səbəbi ilə Borçalıda Saakaşviliyə az səs gələcəyini proqnozlaşdırmışdı. Seçkilər ərəfəsində “Qeyrət” cəmiyyətinin lideri Əlibala Əsgərov açıq şəkildə Mixail Saakaşvilini millətçi və ermənipərəst adlandıraraq ona səs verməyəcəklərini bildirmişdi. Ancaq gözlənilənin əksi olaraq, 28 may 2004-cü il parlament seçkilərində Saakaşvili Borçalı bölgəsində 76 faiz səs topladı (İbrahimli, 2006:83). Regiondan olan azərbaycanlı fəallar 76 faiz səsin həqiqət olduğuna şübhə ilə yanaşdı. Borçalıdakı Azərbaycan ictimai təşkilatlarının fəalları Saakaşvilinin regiondan sadəcə 30-40 faiz arasında səs ala biləcəyini qeyd edirdi. Bundan başqa Saakaşvili prezident seçildikdən sonra 2004-cü ili Zviad Qamsaxurdiya ili elan etməsi təkcə azərbaycanlılar yox, digər etnik azlıqlar arasında da narazılığa səbəb oldu. 2013-cü ildə məhz Saakaşvilinin fərmanı ilə Qamsaxurdiya ölkənin ən ali mükafatı olan “Milli Qəhrəman” ordeni ilə təltif edildi.

Gürcüstan azərbaycanlılarının yaratdığı təşkilatlar

Gürcüstan azərbaycanlılarının qurduğu ilk təşkilat 1990-cı ildə Tiflisdə əsası qoyulan “Azərbaycan Cəmiyyəti” olmuşdu. Bundan başqa 1992-ci ildə Tiflisdə “Birlik”, “Dayaq” dərnəyi, 1994-cü ildə Qardabanidə isə “Ümid” cəmiyyəti quruldu. Bu dövrdə Gürcüstandakı Azərbaycan icmasının ən böyük təşkilatı Marneulidə qurulan “Qeyrət” təşkilatı idi (Cornell, 2002:212). Mülayim millətçi siyasi xəttə malik olan bu təşkilat 1990-cı illərin əvvəllərində baş verən iğtişaşlar zamanı Gürcüstan azərbaycanlılarının mühafizəsinə, sonradan yerli Azərbaycan icması arasında qarşıdurmaların sakitləşməsinə kömək etdi. Ancaq hərəkat 90-cı illərin sonunda parçalanmağa başladı, təşkilatın bir neçə görkəmli üzvü hökumət vəzifələrini tutdu. Bu gün “Qeyrət” təşkilatı kiçik bir qeyri-hökumət təşkilatı kimi fəaliyyət göstərir. “Qeyrət” liderləri, 2006-cı ilin oktyabrında keçirilən yerli seçkilərdə təşkilatın üzvlərinə qamqeoba və hüquq-mühafizə orqanlarının namizədliyini irəli sürməmələri üçün təzyiq edildiyini bildirirdi. Bu təşkilatın fəalları bəzən Gürcüstan hökumətinə qarşı etiraz mitinqləri təşkil etsələr də əvvəlki kimi yerli azərbaycanlılar üzərində təsirləri yoxdur.

Kvemo-Kartlidə fəaliyyət göstərən digər bir təşkilat 2001-ci ildə qurulmuş Gürcüstan Azərbaycanlılarının Milli Assambleyasıdır (GAMA). GAMA milli məsələlərlə bağlı “Qeyrət” təşkilatı ilə müqayisədə daha radikal bir mövqe tutur. Onun lideri Daşqın Gülməmmədov Gürcüstanda konfederasiyasının yaradılması və Azərbaycan dilinə Gürcüstanın rəsmi dövlət dili statusu verilməsinin tərəfdarıdır. GAMA-ya Gürcüstan hökumətinin münasibəti xüsusilə mənfidir. Maraqlıdır ki, rəsmi Bakı da Gürcüstanda separatçılığı dəstəkləməkdə şübhəli bilinən qruplara münasibətdə Gürcüstan hakimiyyətinin siyasətini dəstəkləyir. İngilis tarixçi Conatan Uitli 2009-cu ildə Daşqın Gülməmmədovun Bakıda həbs edilməsini iki hökumət arasındakı əməkdaşlığın nəticəsi kimi qeyd edir (Wheatley, 2009:37-38).

Kvemo-Kartlidə Azərbaycan icmasının maraqlarını təmsil edən bir digər qrup 2008-ci ilin martında Gürcüstanda yerləşən azı 12 Azərbaycan QHT-sini birləşdirən Gürcüstan Azərbaycanlıları Konqresidir (GAK). GAK GAMA və Qeyrət ilə müqayisədə daha mülayim siyasi xəttə malikdir. GAK-ın əsas məqsədi etnik azərbaycanlıların hüquqlarını qorumaq və azərbaycanlıların Gürcüstan cəmiyyətinə inteqrasiyasına kömək etməkdən ibarətdir.

Regional ayrıseçkilik

Gürcüstan hökumətinin 1992-ci ildə qəbul etdiyi bir qətnaməyə görə, dövlət sərhədinin 21 km həndəvərində heç bir torpaq sahəsi özəlləşdirilə bilməz. 1996-cı ildə torpaq mülkiyyəti haqqında qanun qəbul edildikdən sonra başlayan özəlləşdirmə prosesi ilə torpaqlar xüsusi mülkiyyətçilər arasında bölüşdürüldü. 1994-cü ildə Gürcüstan Nazirlər Kabinetinin yeni qərarı ilə 21 km-lik məhdudiyyət ləğv edildi, bunun yerinə 5 km bir sərhəd zonası və torpaqların özəlləşdirilməsinin hələ qadağan olunduğu 500 metrlik sərhəd xətti təyin edildi. 21 km-lik qadağa ləğv edilənə qədər sərhədə yaxın ərazilərin əksəriyyəti dövlət tərəfindən qeyri-şəffaf bir mexanizm vasitəsilə icarəyə verilmişdi. Nəzəri olaraq 21 km məhdudiyyəti qanunu dövlət sərhədi yaxınlığında yaşayanların hamısına təsir etsə də, praktikada bunu ən çox hiss edən Kvemo-Kartli bölgəsi idi və əsas qurban yerli azərbaycanlılar oldu. Tiflisdən gələn varlı gürcülər dövlət torpaqlarını mənimsədilər və mənfəət üçün yerli sakinlərə icarəyə verdilər. Bu bir çox etnik azərbaycanlı arasında narazılığa və münaqişələrə səbəb oldu. Belə bir mübahisədən biri 2004-cü ilin dekabr ayında Marneulinin Kulari (Aşağı Qullar) kəndində baş verdi. Yerli sakinlərlə gürcü biznesmenin tikdiyi böyük bir at ferması işçiləri arasında qarşıdurma yaşlı bir azərbaycanlı qadının ölümü ilə nəticələndi (Wheatley, 2009: 47).

2005-ci ilin iyulunda Gürcüstan parlamenti dövlətə məxsus kənd təsərrüfatı torpaqlarının özəlləşdirilməsi haqqında qanun qəbul etdi. Bu qanuna əsasən əkin sahələri, otlaq sahələri, süni balıq gölləri və əvvəllər dövlət tərəfindən icarəyə verilən ərazilər də özəlləşdirilməyə məruz qalmışdı. Bu qanunda sərhəd bölgələri ilə məhdudiyyət ləğv edildi. Buna baxmayaraq, 8000-ə yaxın azərbaycanlıya 2006-cı ilin ilk yeddi ayında bu qanun nəticəsində sadəcə 0,5 hektar ərazi verildi (International Crisis Group, 2006:5). Mövcud vəziyyət bir neçə il əvvəllə müqayisədə əhəmiyyətli addım olsa da, hələ də regionda bəzi azərbaycanlıların torpaq problemi həll edilməmiş qalır.

İqtisadi ayrıseçkilik və işsizlik

Saakaşvilinin hakimiyyətinə qədər təkcə azərbaycanlıların yox, eyni zamanda regiondakı gürcü və ermənilərin də əsas gəlir mənbəyi Ermənistanla sərhəddə yerləşən Sadaxlı bazarı idi. Bura 2005-ci ilin dekabrında qaçaqmalçılıq əleyhinə əməliyyat zamanı bağlanana qədər region insanlarının əsas iqtisadi dayağı olmuşdu. Gömrük qaydalarının sərtləşdirilməsi ilə 2006-cı ildə bazar tamamilə bağlandı. Yerli azərbaycanlılar Gürcüstan hökumətinin anti-korrupsiya kampaniyasından özlərinin hədəf alındığını bildirərək Sadaxlı bazarının geri qaytarılmasını istədilər. Sadaxlı bazarının bağlanması Gürcüstan hökumətinə loyallığı ilə bilinən GAK-ın da etirazı ilə nəticələndi və qurum hökumətdən bazarın yenidən açılması tələb etdi (Wheatley, 2009: 39). Buna baxmayaraq, Sadaxlı bazarı bağlı olaraq qaldı.

Bundan başqa, 2000-ci illərdə Kvemo-Kartlinin azərbaycanlı sakinlərinə küçədə kənd təsərrüfatı məhsullarının satılmasının qadağan edilməsi onsuz da iqtisadi olaraq ağır yaşam şəraiti olan azərbaycanlıların vəziyyətini daha da pisləşdirdi. Kvemo-Kartlidə bundan başqa azərbaycanlıların digər böyük problemi işsizliyin yüksək olmasıdır. Dəqiq rəqəmlər olmasa da, regionda işsizliyin 50 faizdən yuxarı olduğu güman edilir. Paytaxt Tiflisyə təsir edən son iqtisadi inkişaf Gürcüstanın əksər kənd bölgələrinə demək olar ki, təsir göstərmədi. Borçalı azərbaycanlıları arasında işsizliyin bu qədər yüksək olması yerli azərbaycanlılara inzibati və yerli idarəetmədə onlara yaradılan süni maneələr, azərbaycanlıların ən çox gəlir mənbəyi kimi istifadə etdiyi Sadaxlı bazarının bağlanması və dil probleminə görə hökumət strukturlarında iş tapma imkanlarının azlığıdır. Bu səbəblə regiondan Azərbaycana və Rusiyaya böyük köç baş verir.

İnformasiya blokadası və digər problemlər

Regionda bir digər problem əhalinin informasiya boşluğunda yaşamasıdır. Marneulidəki QHT rəhbərlərindən biri ölkədə baş verənləri öyrənmək üçün Tiflisə getməsindən şikayətlənirdi. Gürcüstanın digər bölgələri ilə müqayisədə yerli azərbaycanlılar nisbətən daha az məlumat mənbəyinə sahibdirlər. Yuxarıda qeyd olunan ECMI araşdırmasına görə, Qardabani, Marneuli və Dmanisi bələdiyyələrinin qeyri-gürcü əhalisi xəbərlərdən orta hesabla 1 yerli kanal vasitəsi ilə xəbərdar olur. Bu üç bölgədəki azərbaycanlı əhalinin yalnız 3,5 %-i yerli telekanallardan xəbər ala bilir, ermənilərin çoxluq olduğu qonşu Cavaxetiyada isə bu göstərici 74%-ə çatır. Bu, Kvemo-Kartlidə Azərbaycan dilində yayımlayacaq yerli telekanalların olmaması ilə əlaqədardır. Azərbaycan dilində xəbərlər yalnız Bolnisidə yerləşən “Kanal 12” televiziya şirkəti tərəfindən yayımlanır. Lakin bu xəbər proqramı da həftədə bir dəfə təqdim edilir (Wheatley, 2009: 39).

Bolnisidə azərbaycanlıların narazı qaldığı bir digər məsələ Azərbaycan kəndlərində xristian xaçlarının qoyulmasıdır. 2008-ci ilin sonlarında Bolnisi bələdiyyəsi Gürcüstan Patriarxlığının təşəbbüsü ilə Çapala (Qoçulu) və Kvemo Bolnisi (Kəpənəkçi) kəndlərində xaçlar quraşdırdı. Bu hadisənin Azərbaycan mətbuatında işıqlandırılmasından sonra Bolnisi bələdiyyəsi bu addımın təkrarlanmayacağını bildirərək xaçları çıxardı. Bununla birlikdə, 2009-cu ilin aprelində yerli gürcü fəallar daha bir azərbaycanlılar yaşayan kənddə yerli məmurların iştirakı ilə xaçlar quraşdırdılar (Wheatley,2009:61). Bu məsələ dini həssasiyəti olan azərbaycanlılarla gürcülər arasında hələ də problem kimi qalmağa davam edir.

Nəticə

Gürcüstan ictimaiyyətinin və elitasının Gürcüstandakı azlıqlara münasibətdə daha kəskin münasibətini formalaşdıran bir digər səbəb azlıqların böyük hissəsinin dövlət dilini bilməməsidir. Dil problemi dövlətlə etnik azlıqlar arasındakı münasibətlərdə problemlərdən biri kimi qalmaqdadır. Bu məsələdə mərkəzi hökumətin də xüsusi rolu var. Gürcüstan cəmiyyəti min illər boyu öz dil irsini qoruyub saxlayan çoxsaylı dil qruplarından ibarət olsa da, bu azlıqlara qarşı siyasət açıq formada “gürcüləşdirmə” siyasətinə çevrildiyi üçün Gürcüstan cəmiyyətinə inteqrasiya etnik azlıqların titul millət tərəfindən mənimsənilməsi kimi başa düşülür. Gürcüstan siyasi elitasının müəyyən hissəsinin etnik azlıqların dil məsələlərində minimal güzəştlərə getmək istəməməsi siyasəti isə əks reaksiya doğurur. Gürcüstan hakimiyyətinin bu cür siyasəti bu ölkədə yaşayan ermənilərin, azərbaycanlıların, kistlərin və digər etnik azlıqların nümayəndələrinin tələblərinin radikallaşmasına gətirib çıxarır. 2003-cü ildən bəri xüsusən deputat seçimi və yerli bələdiyyə seçkilərində proporsiya məsələsində irəliləyiş olsa da ümumi problemlər qalmaqdadır. Prezident Saakaşvilidən sonra etnik azlıqlara qarşı dözümsüz münasibəti olan prezident Qamsaxurdiyanın ideallaşdırılması hazırki hökumət tərəfindən də davam etdirilir. Qamsaxurdiya tarix kitablarında Rusiyaya qarşı mübarizə aparan qəhrəman kimi təqdim edilir, onun adına prospektlər, küçələr verilir. Bu kimi addımlar gürcü idarəedici elitasında gürcü millətçiliyinin hələ də qalıcı olduğunun nümunəsidir. Qamsaxurdiya dövründə adları dəyişdirilən kənd adlarının hələ də geri qaytarılmaması “zviadist” ənənənin özünü qoruduğunu göstərməkdədir.

İstifadə edilən ədəbiyyat

Rus dilində qaynaqlar

Минасян, Сергей (2006), Этнические меньшинства Грузии: потенциал интеграции на примере армянского населения страны

Ибрагимли, Халаддин (2006), Азербайджанцы Грузии: историко-этнографический и социально-политический комментарий

Уитли, Джонатан (2009), Интеграция национальных меньшинств в регионах Грузии Самцхе-Джавахети и Квемо Картли

Поч, Рафаэль, Медведев, Рой (2005), Эпоха перемен: Россия глазами испанского корреспондента.

Лордкипанидзе, Мариям , Мусxелишвили, Д. (1988), Очерки истории Грузии. Том 2: Грузия в IV-X веках.

Гургенидзе, Г. (1957), К географии населения Нижней Карталинии, Т. 18.

İngilis dilində qaynaqlar

Cornell, Svante E. (2002), Autonomy and Conflict: Ethnoterritoriality and Separatism in the South Caucasus – Cases in Georgia

US, Department of State, (1991), Problems of Communism

Katz, Rebecca S. (2006), The Georgian Regime Crisis of 2003-2004: A Case Study in Post-Soviet Media Representation of Politics, Crime and Corruption

International Crisis Group, (2006), Georgia’s Armenian and Azeri Minorities.

( https://www.refworld.org/pdfid/45a4ac0d2.pdf )

Elektron qaynaqlar

Эдита Бадасян, (2008), В Грузии создан “Конгресс азербайджанцев в Грузии”,

( https://www.kavkaz-uzel.eu/articles/135177/ ).

Факты дискриминации азербайджанцев Грузии участились: НААГ.

( https://regnum.ru/news/polit/1112073.html ).

Institute for Development of Freedom of Information, (2016), State Awards Issued by Georgian Presidents in 2003-2015

(https://idfi.ge/…/state-prices-awarded-by-the-president-of-…)

Tural Həmid

azlogos

Həmçinin yoxlayın

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Güney Azərbaycanda molla rejimin insan haqlarının pozmasına dair illik hesabat yayıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, azərbaycanlı fəallar və Abbas Lisani adına açılmış sosial …

Bir cavab yazın