Cümə axşamı , Mart 28 2024
azfa

İran prezidenti çıxıb deyir xalq, etirazlar haqlıdır

Əjdər Tağızadə: “Amma daxildə tapşırıq verilir ki, öldürün, tutun, məhv edin”

“Budəfəki etiraz dalğası bütləri sındırmış oldu. Xamneyiyə bundan əvvəl söz demək olardı?”

“Bir qadın, küçənin ortasında mollanın əmmaməsini başında yerə salıb, tüpürdü. Mollaya, dini adama bunu etmək bilirsiz nədir?”

Avropada Güney Azərbaycan türklərinin yaratdığı iki təşkilat fəaliyyət göstərir. Biri Güney Azərbaycan İstiqlal Partiyasıdır (GAİP), digəri Güney Azərbaycan Demokratik Türk Birliyidir. Bu qurumlar Güney Azərbaycan türklərinin milli mücadiləsi ilə məşğuldurlar, Avropa dövlətlərində haqq səslərini çatdırmaq üçün mütəmadi olaraq tədbirlər keçirirlər, aksiyalar düzənləyirlər.

Sözügedən təşkilatların rəhbəri olan Əjdər Tağızadə bu günlərdə Bakıya səfər edib. Biz də Əjdər bəyi redaksiyamıza dəvət edərək, rəhbərlik etdiyi qurumların fəaliyyəti haqqında söhbət elədik. Bununla yanaşı, güneyli soydaşlarımızın milli mücadiləsi haqqında, İranda baş verən son etirazlarla bağlı fikirlərini öyrəndik. Ə.Tağızadə deyir ki, Avropadakı güneylilər də, hazırda Güney Azərbaycanda mübarizə aparan qardaşları kimi çox aktivdirlər…

– GAİP siyasi təşkilat kimi fəaliyyət göstərir. Bu təşkilatlar diaspora kimi deyil, güneylilərin milli mücadiləsi uğrunda fəaliyyət göstərir. Bizim bütün Avropa dövlətlərində təmsilçilərimiz var. Hamısı da millətçidirlər, Güney Azərbaycanın istiqlalını istəyən şəxslərdir. Bu təşkilatlarda təmsil olunanların hamısı güneylilərdir.

– Milli mücadilə Güneydə hazırda hansı səviyyədədir?

– Millət istiqlalını istəyir, aktiv fəaliyyətdədir. Hər zaman haqları uğrunda güneylilər mücadilələrini aparıblar. Bu gün də davam edir. Məsələn, futbol yarışları zamanı “Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun”, “Yaşasın Azərbaycan” şüarları səsləndirilir. Bu, sadəcə, bir nümunədir. Digər vaxtlarda da soydaşlarımız istiqlalını istəyən şüarlarla etirazlarını, rejimə qarşı nifrətlərini bildirirlər.

– Belə bir fikir var ki, “Traxtursazi” futbol klubunun oyunları zamanı rejimin özü güneylilərin etirazını deməyə şərait yaradır. O baxımdan ki, bununla etirazçıların sanki enerjisini xəfiflədir…

– İran adlanan yerdə, inqilabdan öncə ərəb şəhəri olan Abadanda kinoteatrı insanlar içində olarkən yandırdılar. Həmin hadisə zamanı 400 nəfər öldü. Belə xəbərlər ortaya atdılar ki, bunu şah rejimi edib. Bir nəfər ağıllı çıxıb dedi ki, şah niyə bu cür əmələ əl atıb, 400 nəfəri öldürüb, ölkəni qarışdırsın ki? İndi “Traxtursazi” haqqında deyirlər ki, bu klubun sahibi İnqilab Keşikçiləri Qvardiyasından olan biridir, klubu öz maraqlarına uyğun idarə edirlər. Amma bu gün baxın ki, o komandaya qarşı hər zaman bir basqı var. Hər oyunda da bir haqsızlıq edirlər. Son günlərdə Türkiyədən bir oyunçu transfer elədi klub, hava limanında o futbolçunu bir coşqu ilə qarşıladı ki, güneylilər. “Türkiyə qardaşdır”, “Azərbaycanın müstəqilliyi yaşasın” kimi rejimin nifrət etdiyi şüarlar səsləndirildi. İndi hansı rejim 80 min gənc, “dəmiryeyən” insanları stadiona yığar ki, orda haqqını tələb etsinlər. Siz baxın, o oyunlarda, stadionda hansı şüarlar səsləndirilir. Futbolda adətən oyunçulara sevgi, kluba sevgi şüarları səsləndirilər. Amma “Traxtursazi”nin oyunlarında Güney Azərbaycanın istiqlalı məsələsi qaldırılır. Rejimin ağlı yoxdu ki, buna izn versin? Tehran rejimi özü idarə etdiyi klubun oyunlarında 80 min nəfərin Azərbaycan bayrağını dalğalandırmasına razı olar? Ona görə də mən bu iddiaları cəfəngiyyat sayıram. Təbii ki, molla rejimi oyunlara nəzarət edir, o 80 minin içində mindən çox xüsusi xidmət orqanlarının nümayəndələri də var. Amma unutmayın ki, orda şüarları səsləndirən gənclər, siyasi təşkilatlarda da yer alırlar. Bizim təşkilatların nə qədər üzvləri var ki, o klubun azarkeşidir.

– Ötən ilin son günlərində İranda etirazlar başladı. Bu etiraz dalğası hər zamankı kimi Güney azərbaycanlılar tərəfindən deyil, farsların özləri tərəfindən edildi. Rejim son dərəcə qorxuya düşmüşdü, İranda növbəti inqilabın olacağı proqnozları var idi. Çox maraqlıdır ki, Təbriz ayağa qalxmadı. Bunun səbəbi nə idi?

– Birincisi, onu qeyd edim ki, etirazlar başlayan zaman, rejim ordusunun, qvardiyasının yarısından çoxunu Təbriz yaxınlığına yerləşdirmişdi. Bu, onların güneylilərdən nə qədər çəkindiyini göstərir. Güneylilər etiraz edərlər, amma İranın bütövlüyü uğrunda deyil, Güney Azərbaycanın müstəqilliyi uğrunda. Son etirazlar isə İranın bütövlüyü uğrunda idi. Təbrizdə bir inciklik də var. Yəni güneylilər deyirlər, biz illərdir mücadilə aparırıq, amma heç vaxt İranda yaşayan digər millətlər bizə dəstək verməyiblər. İndi biz niyə onların etirazına tam dəstək verək, sualı var. Digər yandan rejim dediyim kimi, ordunu doldurub Təbrizə ki, amandır, güneylilər bu etiraza qoşulmasınlar. O demək deyil ki, güneylilərin sosial problemləri yoxdur. Aclıq, səfalət içindədirlər, millət aş istəyir, iş istəyir, səhiyyə, təhsil istəyir. Amma dediyim kimi, həm nəzarət güclü idi, həm də bu, milli mücadilə deyildi. Milli mücadilənin içində sosial problemlərin həlli də qabardılır. Əsas istək isə istiqlaldır. Hadisələrdən bir həftə sonra futbol oyununda 60 min insan çıxıb yenə istiqlalla bağlı etiraz keçirdilər. Siz orda səsləndirilən şüarlara baxın – “Ölüm olsun Xamneyiyə”, “Yaşasın Azərbaycan” və s. Millət öz siyasətini bilir, dəyərləndirir, mücadiləsi necə aparmalı olduqlarını çox yaxşı bilirlər.

– Görünən odur ki, etiraz səngidi, rejim qarşısını aldı…

– Xeyr, razı deyiləm. Qurtarmayıb. Elə dünən bir qadın, küçənin ortasında mollanın əmmaməsini başında yerə salıb, tüpürdü. Mollaya, dini adama bunu etmək bilirsiz nədir? Bu rejimlə zarafat eləmək olmaz, elə-belə rejim deyil bu. Buna etiraz etmək asan deyil. İndi rejimin başında dayananların açıqlamalarına baxın – deyirlər təhlükə hələ sovuşmayıb. Üzdə prezident çıxıb deyir ki, xalq, etirazçılar haqlıdır. Amma daxildə tapşırıq verilir ki, öldürün, tutun, məhv edin. Onu deyim ki, budəfəki etiraz dalğası bütləri sındırmış oldu. Xamneyiyə bundan əvvəl söz demək olardı? Amma indi ağzına gəlinən təhqirlər edilir. Farsların özü dəyər sayılan mollaların üzərindən keçdilər. Həsən Ruhani hakimiyyətə gələndə deyirdi ölkəni düzəldəcəm. Amma insanlar gördülər ki, daha da məhv olurlar, sosial girdab içindədirlər. Bunu gördülər, etiraza qalxdılar.

– Bu etirazlarda xarici qüvvələrin rolu nə qədərdir?

– Mən razı deyiləm bu fikirlə. İndi çıxıb deyirlər ki, farsları rejimə qarşı Amerika qışqırdır. Bu, səhv yanaşmadır. Ümumiyyətlə, amerkanların, ingilislərin bir qəşəng siyasəti var. Görürlər ki, bir ölkədə vəziyyət gərgindir, izləməyə başlayırlar. Axır anda, ölkə dağılanda gəlib deyirlər ki baxın, biz etdik bunu. İnqilablarda bunlar görürlər ki, şans xalqdan yanadır, xalqın gücü hakimiyyətin gücünü üstələyib, gəlirlər sinələrini qabağa verirlər ki, biz elədik. Amma xalqın haqqını yemək olmaz. Bu insan acdırsa, pulsuzdursa, etiraz edirsə, xarici qüvvələrin burda hansı rolu ola bilər ki? Sadəcə, qalxan kütlədən vəziyyətə baxırlar o qüvvələr və öz mənafelərini güdürlər.

– Güney azərbaycanlıların 2006-cı ildən sonra böyük etiraz dalğası görünmür. Bunun səbəbi nədir?

– Milli mücadilə, istiqlal bir gündə əldə edilmir. Bunun üçün illər lazımdır, mərhələlər lazımdır. Məsələn, indi “Haray, haray, mən türkəm”, “Yaşasın müstəqil Azərbaycan” şüarlarını 1990-cı illərdə demək olmurdu. Amma indi deyilir. Çünki İran müstəqil Azərbaycanı qəbul edir. Lakin yeni müstəqillik qazanılan illərdə İran qeyri-ciddi yanaşırdı. O vaxt rəhmətlik prezident Heydər Əliyev İran səfərinə gedəndə, rus dilindən tərcüməçi gətiriblər. O zaman mərhum prezident deyib ki, siz hələ bilmirsiz biz müstəqil dövlətik, öz dilimiz var?! Tehran rejiminin beyninə zaman-zaman yeridildi ki, bizim müstəqil dövlətimiz var. Yəni zamanla bunu qəbul etməyə məcbur qaldılar. 2006-cı il dalğasından sonra da çox şey dəyişməsə də, müəyyən irəliləyiş oldu. Yəni mərhələ şəklində mübarizə getməlidir. Mən o fikirlə razı deyiləm ki, 2006-cı il dalğasından sonra mücadilə səngidi. Orda milli davamız hər zaman olduğu kimi bu gün də davam edir.

– Sonuc nə olacaq?

– Güney Azərbaycan müstəqil olacaq. Bu cümləmin altını xətləyərək deyirəm ki, İran-molla rejimi dağılacaq. Dəfələrlə İran dağılmaq ərəfəsində, bəxti gətirib. Amerikanın, Qərbin səhvləri olub ki, Tehran rejimi dağılmaqdan yaxasını çəkə bilib. Corc Buşun vaxtında İran dağılırdı ki, Ağ Ev səhv addım ataraq İraqı vurdu, Səddam Hüseyni asdı. İlanın başını qoyub, quyruğunu əzdi. Sonra Barak Obama gəldi neylədi?! Tehranla əməkdaşlıq etdi, dolların qabağını açdı. İrana 250 milyard pul gəldi ki, rejim də bununla Hizbullahı gücləndirdi, Yəməndə, İraqda, Suriyada terrorçu qruplar yaratdı. İndi Amerika yenidən İranı sıxışdırmaqla məşğuldur, sanksiyalar gündəmə gəlir. ABŞ-ın daxili durumu da, hazırkı prezident Trampın öz vəziyyəti də imkan verir ki, İran rejiminin axırına çıxılsın. İsrail də Amerika ilə eyni fikirdədir. Güney Azərbaycan türkləri də, orda olan digər millətlər də bu rejimin dağılmasında maraqlıdırlar. Bizim güneyli soydaşlarımız hər zamankı kimi rejimin bu siyasətinə qarşıdırlar. Hesab edirəm ki, düz yolu tutmuşuq. Bizim Şimali Azərbaycanda olan ziyalılarımız sadəcə güneylilərə mənəvi dəstək verməlidirlər.

“Şərq” qəzetindən / Anar Bayramoğlu

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın