Bazar ertəsi , Oktyabr 21 2019
azfa

İrqçi fars rejimin “Azariha” saytının Antiazərbaycan təbliğatı Azərbaycan saytlarında əks etdirildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin təhlükəsizlik orqanları, eləcə də qatı şovinist qüvvələrinə bağlı olan “Azariha” saytı davamlı olaraq Azərbaycana qarşı həqiqətləri təhrif edib və ermənilərlər kürdləri Azərbaycana qarşı təhrif edir. Həmin saytın Azərbaycana qarşı bir materialı isə Azərbaycan saytlarında da  “Azariha” saytının Azərbaycana qarşı adı altında əks etdirilmişdir. Həmin materialı təqdim edirik:

Bu ilin fevralında ekranlara çıxan “Əməliyyatçı” (The Operator) filmi İranda Azərbaycana qarşı absurd iddiaların mövzusuna çevrildi. ABŞ, Fransa və İsrail istehsalı olan film Tehranda işləyən Mossad casusundan bəhs edir. Maraqlı səhnələri olan filmin bir epizodunda Mossad casusunun əlaqəyə girmək üçün getdiyi ünvandakı şəxsin köşkündə Azərbaycan bayrağının asıldığı görünür. Filmdə həmin şəxs bir müddət Bakıda yaşadığın qeyd edir, üçrəngli bayrağa sevgisinin səbəbi də budur.

İranın “Azariha” adlı saytı “sensasiyalı fakt” tapmış kimi filmdəki həmin epizodu “Azərbaycanın İrana qarşı casusluqda İsrailə dəstəyi” kimi təqdim edib. “Mossad Tehrana bir növ iki ölkənin İrana qarşı əməkdaşlığına dair açıq mesaj verir”, – deyə yazan sayt və ona məxsus “Dustane Azerbaycan dər Eran” səhifəsi haqqında bəhs edilən kiçik epizodu İsrail və Azərbaycanın İranın nüvə proqramlarına qarşı birgə kəşfiyyat fəaliyyətinin sübutu kimi göstərir.

Fevral ayında ekranlara çıxan filmin Azərbaycan bayrağının göstərildiyi epizodunu kəsərək, məhz indi “dəlil, sübut” kimi təqdim edilməsi təsadüfi deyil. Bu, son günlər Tehranda başlanan və bir ucu erməni lobbisinə qədər gedib çıxan “Azərbaycan anti-İran cəbhəsində yer alır” kampaniyasına dəstək məqsədi daşıyır.

Təxminən bir ay öncə İranın İraqdakı əsas silahlı qruplaşması olan “Həşdi əş Şəəbi”nin obyektləri bombalandı. Qruplaşma sədrinin müavini Əbu Mehdi Əl-Mühəndis isə “hücum”dan həftələr keçəndən sonra iddia etdi ki, “obyektlərini bombalayan dronlar İsrailə məxsusdur və Azərbaycandan havaya qalxıb”. Heç bir fakta istinad etməyən Mühəndis israrla “əlimizdə dəqiq informasiya var” deyirdi. Azərbaycan Müdafiə Nazirliyi bu iddianı təkzib etdi. Bu iddialar Bakının Tehrana qarşı uzun illər həyata keçirilən psixoloji-siyasi hücumlarda heç vaxt platforma olmaması və İranla qarşılıqlı hörmətə əsaslanan münasibətlərə önəm verməsi fonunda da absurd görünür. Azərbaycanın İran üçün cəbhə olmayacağını rəsmi Tehran da yaxşı anlayır, lakin belə iddiaların təkzibinə ehtiyac yarananda susqunluq nümayiş etdirir, əksinə pöhrələnməsinə dəstək verirlər. Məhz bu amil və “dron kampaniyası”nın sonrakı inkişafı Azərbaycana qarşı oyunlar qurmaq cəhdini ortaya çıxarır. Bu cəhd İran ətrafında yaranmış beynəlxalq gərginliyi Azərbaycana transfer etməkdir: Hadisələrin inkişaf nöqtəsi Azərbaycan olarsa, İran ən azından “nəfəs ala” və diqqətdən yayındığı ərəfədə həyata keçirmək istədiyi planları tətbiq edə bilər. Eləcə də gərginliyin Azərbaycana köçürülməsi diqqəti İranla mübarizənin birinci mərhələsi kimi ilkin hədəfə çevrilən Livanda (Hizbullah), Suriyada (Həşdi əş Şəəbi) və Yəməndəki (Husilər) Tehrana bağlı silahlı qruplaşmalardan yayındıra bilər.

İranda belə düşünürlər və bu prosesə ən böyük dəstək verən Ermənistan və Qərbdəki erməni lobbisidir. Mühəndisin gecikmiş iddiası İran mediası və İraqda Tehrana yaxın nəşrlərdə tirajlanandan sonra “Te Guardian” kimi erməni lobbisinə yaxınlığı ilə seçilən Qərb nəşrlərində yayımlandı. Qərb mediasının yaydığı informasiya Ermənistan və Yaxın Şərqdə İranın dini dairələrinin təsirindəki media tərəfindən “fakt” kimi təqdim edildi. Daha sonra eyni iddialara əsaslanan informasiya “Nyu York Times” qəzetində dərc olundu. “Azariha” saytının filmdən çıxardığı nəticə də bu kampaniyanın davamıdır.

Adında “azəri” sözü olsa da bu sayt İranda Azərbaycan əleyhinə ixtisaslaşmış media orqanı kimi tanınır. Mühafizəkar hərbi ruhani dairələrə, konkret olaraq, ETALLAT-a bağlıdır. Saytın ad seçiminin belə olması da təsadüfi deyil. “Azeriha” fars dilində “azərilər” deməkdir və azərbaycanlıların farsdan dönmə kimi qondarma iddiaların törəməsi olaraq ortaya atılıb. Bu iddia ilk dəfə Əhməd Kəsrəvi (1980-1946) tərəfindən irəli sürülüb. Kəsrəvi 1921-ci ildə nəşr etdirdiyi “Azəri ya Zəban Bastane Azərbaycan” adlı kitabında iddia edir ki, “azərbaycanlılar türk yox, “azəri” adlı ayrı millətdir və farsların bir qoludur, “azəri” dili də fars dilinin törəməsidir, azərilər türklərin bölgəyə gəlişindən sonra dillərini dəyişiblər”. Bu iddiaların davamı olaraq, Kəsrəvi kitabında “Şimali Azərbaycanla Cənubi Azərbaycanın ayrı-ayrı yer olduğunu və hər iki bölgədə fərqli millətlərin yaşadığını” yazır və fars şovinistliyi qarşısında “baş əyirdi”.

Rza şah rejiminin sifarişi ilə Kəsrəvinin kitabı 1926 və 1937-ci illərdə Tehranda yenidən nəşr edildi və bununla milli kimliyimizə qarşı “kəsrəviçilik” təliminin əsası qoyuldu. Hələ Şah rejimi dövründən etibarən İran Şimali və Cənubi Azərbaycanın birləşməməsi üçün bu təlimdən ideoloji silah olaraq istifadə edir. Təsadüfi deyil ki, “kəsrəviçilik” təlimi SSRİ-də də yayılmış və eyni məqsədə xidmət etmişdi. İranda yaşayan azərbaycanlıların farslaşdırılması üçün mürtəce təlimin əsasını qoyan Kəsrəvi 1946-cı ildə “İslam fədailəri cəmiyyəti”nin üzvləri tərəfindən öldürüldü, lakin onu öldürən islamçılar hakimiyyətə gələndən sonra da “kəsrəviçilik” təlimini Azərbaycana qarşı əsas vasitəyə çevirdilər.

İndi kəsrəviçilər tərəfindən idarə olunan “Azariha” saytının Azərbaycana qarşı absurd iddialar irəli sürməsi 100 illik hücumun davamıdır. Əsas fəaliyyətini Azərbaycana qarşı kökləmiş belə bir saytda ermənilərə açıq şəkildə dəstək verilməsi də təsadüfi deyil.

Sayt dəfələrlə Xocalı soyqırımının əleyhinə məqalələr dərc edib və bəşəriyyət üçün qara ləkə olan bu qətliamın müəlliflərini müdafiə edib. O cümlədən, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yaradılan separatçı rejimin “xarici işlər naziri” Masis Mailyanın “Qanun” və “Məşreq” jurnallarına müsahibəsinə geniş yer ayırıb. Azərbaycanda etnik ədavəti qızışdırmaq cəhdləri isə bu saytın missiyasıdır.

“Əməliyyatçı” filminin kontekstdən çıxarılmış kadrını “fakt” kimi sırımağa çalışan “Azariha”nın bu yaxınlarda İranın ali dini rəhbəri Xameneinin 1991-ci ildəki çıxışını yenidən dərc etməsi də diqqət çəkdi.

1991-ci il, 4 oktyabr: Xamenei İran İslam Respublikasının Radio və Televiziya Təşkilatının mərkəz rəhbərləri ilə görüşündə fars dilinin təbliği haqda danışarkən deyir: “Qərbə tərəf getdikcə Azərbaycan türk dilinin əhəmiyyəti artır. Azərbaycan Respublikası bu ölkənin (İran) və bu cəmiyyətin bir hissəsi idi və bəzi səbəblərə görə təxminən 150 ildir ki, İrandan ayrılmışdır. Baxanda görürük ki, onların bu tərəfdəki azərbaycanlıların hislərini oyatmaq məqsədləri var. Əlbəttə əsas məqsəd budur. Həmişə komponent bütünlüyə, kiçik isə böyüyə birləşir. Lakin onlar bu məsələni tərsinə çevirmək və böyüyü kiçiyə birləşdirmək istəyirlər”.

Göründüyü kimi, sayt bununla Azərbaycana qarşı açıq ərazi iddialarını yenidən gündəmə gətirdi. Lakin onlar anlamırlar ki, tarix çox imperiyaları dəfn etdi və qarşında Kserks belə olsa sonda həmişə həqiqət və ədalət qalib gəlir…

Həmçinin yoxlayın

Terrorçu PKK Türkiyəni antiterror əməliyyatına məcbur edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə və ABŞ arasında rəsmi Ankaranın Suriyada hərbi …

İrqçi fars rejim Abbas Lisaninin vəkili Məhəmmədrza Fəqihi yaxaladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim  azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir