Çərşənbə , Aprel 24 2024
azfa

“Kitabi Dədəm Qorqud”un üçüncü “Türküstan” nüsxəsi və 13-cü boyu tapılıb

“Kitabi Dədəm Qorqud”un yeni nüsxəsi haqqında xəbər Qazaxıstandan gəldi. Xəzər Universitetində eyni adlı ixtisas kursunu tədris edən və elə Xəzər universitetində hazırlanan eyni adlı proqramın (Prof. S.S. Əliyarlı ilə birlikdə) müəllifi kimi yerə-göyə sığmıram. Əminəm ki, ustadım Azərbaycanın gəlib keçmiş ən böyük tarixçilərindən biri olan Prof. Dr. Süleyman Əliyarlının ruhu şaddır. “Kitabi Dədəm Qorqud”un yeni – üçüncü nüsxəsi haqqında xəbər Qazaxıstandan gəldi. “Türküstan” nüsxəsi adlanan əsər 61 səhifədən ibarətdir və burada 13 boy mövcuddur.

Əldə etdiyimiz şəkillərdən belə aydın olur ki, mövcud əlyazmada hər səhifə 14 sətirdən ibarətdir. Xatırladım ki, mövcud “D” və “V” nüsxələrində hər səhifə 13 sətirdən ibarətdir. Onu da unutmaq olmaz ki, təliq xətti ən yığcam xətlərdən biri hesab olunur və bu xətlə bir səhifədə daha çox məlumat yazmaq mümkündür. İllərdir 13-cü boyun olub olmaması haqqında mübahisələr mövcud idi. Böyük alimimiz S. Əliyarlı abidənin nəinki 13 boydan ibarət olduğunu, hətta daha çox boyun olduğu fikrini irəli sürmüşdü. “Türküstan” nüsxəsi Prof. Dr. Mətin Əkinçi tərəfindən Qazaxıstanda aşkar edilib.

 13-cü boy “Salur Qazanın Yeddi başlı əjdahanı öldürməsi” adlanır. Digər 12 boy mövcud iki nüsxədəki boylarla eynidir. Qazaxıstanda Türk araşdırmaları ilə məşğul olan müəllif burda Türkologiyaya məlum olmayan və kitabın əvvəlki nüsxələrində işlədilməyən söz və ifadələrin işləndiyini yazır. Bilindiyi kimi, bu zamana qədər ana kitabımızın iki nüsxəsi mövcud idi. Hətta S. Əliyarlı da haqlı olaraq bu nüsxələri ilkin avtoqraf nüsxə hesab etmirdi. Prof .Dr. Mətin Əkinçi də yeni nüsxənin mövcud “Drezden” və “Vatikan” nüsxələrindən qədim olduğunu iddia edir. Lakin, bu bir neçə səbəbə görə bu fikrin doğru olmaması iddia oluna bilər. Prof .Dr. Mətin Əkinçi nüsxəni XIV əsrə aid edir ki, bu doğru analızdır. Bir sıra Türkoloq tarixçilər abidənin ən qədim hesab olunan Drezden nüsxəsini XV və ya XVI əsrə aid etsələr də bu həqiqəti əks etdirmir. Doğrudur, birbaşa abidənin yeni kəşf olunmuş əlyazma nüsxəsini hələ görməmişik. Əldə etdiyimiz şəkillərdən və oxuduğumuz məlumatlardan aydın olur ki, əsər təliq xətti ilə yazılıb. “Drezden” və “Vatikan” nüsxələri isə nəsx xətti ilə yazılmışdır. O da bir həqiqətdir ki, nəsx xəttinin işlənmə tarixi təliq xəttinə görə daha qədimdir. İkinci bir məqam ondan ibarətdir ki, “Türküstan” nüsxəsi olduqca səliqəli formada yazılmışdır. Səliqəli yazılmış bir nüsxənin avtoqraf nüsxə olması imkansızdır. Lakin, bu nüsxənin əldə olunmuş üç səhifəsini incələdikdə aydın olur ki, əlyazmada hərəkədən istifadə olunmayıb. Hərəkələrin olmaması məhz bu nüsxənin digər iki nüsxəyə nəzərən qədim olması fikrini də birbaşa inkar etmir. Tək bir məsələ qalir ki, bir neçə məqamı daha nəzərdən keçirərək hansı nüsxənin daha qədim olmasını müəyyən etmək. Bu məqamlardan biri də yeni əlyazmadakı səhvlərin köhnə əlyazmada təkrar olunub olunmamasını müəyyən etməkdir. Düzdü hələ yepyeni əlyazma haqqında bir söz demək tezdir. Ən əsası odur ki, yeni bir nəfəs gəldi “Dədəmiz Qorqud”a. Yaxın zamanlarda əlyazma orijinal mətni, transfoneliterasiyası və müasir türkcəyə uyğunlaşdırması ilə birlikdə nəşr olunacaq. .

Məqaləni bu linkdən oxuya bilərsiniz

Həmçinin yoxlayın

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Molla rejimi pulsuz bilet bəhanəsi ilə Traxtur komandslnl cərimələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən İranın Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın …

Bir cavab yazın