Cümə axşamı , Aprel 18 2024
azfa

Mikayıl Oyta: “Erməni yalanlarını ifşa etmək üçün Avstraliya mediasında Azərbaycan həqiqətlərini təbliğ etməliyik”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycanlıları Assosiasiyasının (AAA) prezidenti və GADTB Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayıl bəy Oyta Quzey Azərbaycan mətbuatı ilə müsahibədə deyiblər ki, “İstərdik ki, Azərbaycan dövləti Avstraliyada erməni yalanlarına qarşı tədbirlər keçirmək üçün bizə dəstək versin”.

Mikayıl bəy Oytanın müsahibəni təqdim edirik:

Son zamanlar Avstraliyadakı soydaşlarımız Dağlıq Qarabağ həqiqətlərinin yayılması, erməni yalanlarının ifşa olunması istiqamətində aktiv fəaliyyət göstərirlər. Bu baxımdan Avstraliya Azərbaycanlıları Assosiasiyasının (AAA) fəaliyyəti daha çox diqqət çəkir. Elə müsahibimiz də Avstraliya Azərbaycanlıları Assosiasiyasının sədri Mikayıl Oytadır. Xatırladaq ki, Mikayıl Oyta Təbriz doğumludur. Özünün dediyi kimi, əsl azərbaycanlıdır. 33 ildir Avstraliya vətəndaşıdır.

– Avstraliyada nə kimi fəaliyyət göstərirsiniz?

– 55 milyon azərbaycanlının və onun bütün iqtisadi, siyasi, mədəni mənafeyini müdafiə etmək üçün əlimizdən gələni imkanımız daxilində edirik.

Azərbaycanımızın milli və əlamətdar günlərini Avstraliyada qeyd edirik. Elə bu yaxınlarda 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı Sidneydə anım tədbiri təşkil etdik. Avstraliyada erməni lobbisi yalan və aqressiv siyasətlərini davam etdirərək işğal olunmuş Dağlıq Qarabağımızı, eləcə də ətraf 7 rayonumuzu əyalət və federal parlamentində millət vəkilləri vasitəsilə öz adlarına çıxırlar. Təəssüf ki, erməni lobbisi 90 il bundan əvvəl Avstraliyaya köçüb və Avstraliyada yerləşiblər. İqtisadi baxımdan da güclüdürlər. Tanışları, ətrafları daha genişdir. Özlərini dövlət və bəzi başqa icmalarda məzlum bir millət olaraq tanıdıblar. Bunu da qeyd etməliyəm ki, Avstraliyada erməni qrupu 1980-ci ildə Türkiyənin baş konsuluna və onun mühafizəçisinə Sidneydə terror edib. Erməni lobbisi Avstraliyada Azərbaycanın və Türkiyənin əleyhinə ən çirkin yalanlarla fəaliyyət göstərir.

Və bizə düşən məsuliyyət onların bütün yalanlarını, etdikləri cinayətlərini və işğalçı- faşist olduqlarını Avstraliya vətəndaşlarına və dövlətinə, parlamentdə millət vəkillərinə tanıtmaq, hər birinə izah etməkdir. Erməni lobbisi millət vəkillərinə seçkilərdə pul yardımı edirlər. Sonra onları Ermənistana aparırlar və onların beyinlərini yalan sözlərlə, qondarma tarixi fikirlərlə doldurub özlərinə tərəf çəkilər. Erməni lobbisi 2013-cü ildən bu yana çox aqressiv və fəal olub. Bizim yaşadığımız bölgədə Yeni Cənubi Uels (NSW) ştatının rəhbərliyində bir erməni qadın da var. O, faşist Ermənistanın xarici, separatçı siyasətini bizim vilayətdə yayır. Eyni zamanda onun Ermənistanla çox yaxşı əlaqəsi var. Həmçinin bizim işğal olunmuş Dağlıq Qarabağa, Azərbaycan torpaqlarına icazəsiz gedir, o cümlədən Avstraliya parlamentarilərinin ora səfərini təşkil edir. Qondarma “DQR”ın cinayətkar nümayəndələrini də Avstraliyaya gətirməyə çalışırlar. Biz bir neçə dəfə bununla bağlı rəsmən öz etirazlarımızı və rahatsız olduğumuzu federal və əyalət rəsmilərinə göndərmişik. Xüsusən Yeni Cənubi Uels ştatı parlamentinin üzvü Hyu MakDermotdan bu ölkədə yaşayan azərbaycanlılara qarşı ədalətli mövqe nümayiş etdirməyi tələb etmişik. Ötən ilin sentyabrında H.MakDermota məktub ünvanlamışdıq. Çünki son vaxtlar Yeni Cənubi Uels ştatının bəzi siyasətçiləri fəal şəkildə bu ərazidə yaşayan azərbaycanlılarla ermənilər arasında qarşıdurmanı və siyasi gərginliyi artırırlar. H.MakDermotun bu münaqişəni Yeni Cənubi Uels ştatının parlamentinə çıxarmaq üçün çalışması bizi ciddi narahat edirdi.

Məktubda Ermənistan-Azərbaycan münaqişəsinin tarixinə geniş yer verilib və yüz illər boyu ermənilərin tarixi Azərbaycan torpaqlarını qəsb etmək üçün apardığı işğalçı siyasət barədə ətraflı məlumat avstraliyalı deputatın diqqətinə çatdırılıb. Vurğulanıb ki, Ermənistan dövlətinin Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasəti nəticəsində bir milyondan çox insan öz ata-baba yurdlarından didərgin düşərək bu gün də qaçqın və məcburi köçkün statusu daşıyır. Hazırda Azərbaycan ərazilərinin 20 faizi hələ də Ermənistan qoşunlarının işğalı altındadır.

– Bu məktubun nə kimi nəticəsi oldu?

– Nəticə bu oldu ki, ötən ilin noyabrında Avstraliyanın Yeni Cənubi Uels ştatının millət vəkili Hyu MakDermotla azərbaycanlı icmanın nümayəndələrinin görüşü keçirildi. Görüş zamanı Hyu MakDermotun nəzərinə çatdırıldı ki, onun bu addımı Avstraliyada yaşayan azərbaycan icmasının ciddi narahatlığına və narazılığına səbəb olub. Hyu MakDermot bildirdi ki, azərbaycan icmasının nümayəndələri ilə görüşdən çox məmnundur, çünki bu, ona Azərbaycan və orada baş verən proseslər, eləcə də Dağlıq Qarabağ münaqişəsi barədə daha geniş məlumat əldə etmək imkanı yaradıb. Deputat bizim onunla sıx əlaqə saxlamağımız xahiş etdi. Yeri gəlmişkən, fevralın 5-də bizim yenidən millət vəkilləri ilə görüşümüz olacaq.

– Dağlıq Qarabağ məsələsi ilə bağlı Avstraliya dövlətinin mövqeyi necədir?

-Avstraliya Federal Dövləti Dağlıq Qarabağı və digər işğal olunmuş 7 rayonu Azərbaycan ərazisi kimi tanıyır və bu məsələnin sülh yolu ilə həll olunmasını qeyd edir. Bildiyimiz kimi, Ermənistanın işğalçı və cinayətkar rejimi Suriyadan erməniləri və terroristləri Dağlıq Qarabağa köçürür. Məqsəd işğal olunmuş Azərbaycan torpaqlarını erməni torpağı kimi tanıtmaqdır. Biz isə buna göz yuma bilmərik. İstərdik ki, Azərbaycan dövləti Avstraliyada erməni yalanlarına qarşı tədbirlər keçirmək üçün bizə dəstək versin. Əks təqdirdə Avstraliyada Azərbaycanın haqlı mövqeyini uduza bilərik və Dağlıq Qarabağı Ermənistan torpağı kimi tanıya bilərlər. İnanırıq ki, Dağlıq Qarabağımızı nə yolla olursa olsun Azərbaycan dövləti geri alacaq. Bu gün zaman bizim xeyrimizə işləyir. Güclü ordumuz var. Torpaqlarımızı geri almağımızın zamanı gəlib çatıb. Zamanı itirməyək.

– Azərbaycanın Avstraliyadakı səfirliyi sizə nə kimi dəstək olur?

– Biz bir vətəndaş cəmiyyəti olaraq Azərbaycanın Avstraliyadakı səfirliyində olan diplomatlarımızı yalnız buraxmırıq. Səfirliyimizdə olan tədbirlərə bizi də dəvət edirlər. Bir çox layihələrimizi bərabər, çox yüksək səviyyədə həyata keçiririk .

– Avstraliyadakı digər diaspor təşkilatlarımızla əməkdaşlıq edirsizmi?

– Digər diaspor təşkilatları ilə həmkarlıq, əməkdaşlıq vacibdir. Bu əməkdaşlıq, ümumiyyətlə 55 milyonluq Azərbaycan xalqı üçün önəmlidir və bu, bizim də milli borcumuzdur.

– Erməni yalanlarını ifşa etmək üçün sizə nə kimi yardım lazımdır?

– Erməni yalanlarını ifşa etmək üçün Avstraliya mediasında Azərbaycan həqiqətlərini, tariximizi, mədəniyyətimizi təbliğ etməli, tanıtmalıyıq. Millət vəkillərini bir-iki aydan bir diaspor təşkilatlarının ofislərinə qonaq dəvət edib görüşlər keçirməli, dostluq etməliyik. Həmçinin Avstraliya mediasını və millət vəkillərini Azərbaycana dəvət etməliyik. İldə bir neçə xeyriyyə konserti keçirmək olar. Belə konsertlərdən əldən olunan gəlirlər xeyriyyə məqsədilə istifadə edilməlidir. Belə olduqda Azərbaycan diasporunun atdığı bu addım yerli rəsmilərin də diqqətini çəkmiş olar.

palitra

Həmçinin yoxlayın

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır Bu barədə …

Molla rejimi daha iki azərbaycanlı fəalı prokurorluğa çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycan Milli Hərəkatının fəallarından …

Bir cavab yazın