Cümə , Aprel 19 2024
azfa

Nəsiman Yaqublu: M.Ə.Rəsulzadənin oğlu Azər Rəsulzadə ilə Qazaxıstanda görüşlərim; Əlli ÜÇ il qürbətdə

GADTB: “Bayatı-Şiraz”ın kədərli musiqisi dalğa-dalğa yayılıb, yarıqaranlıq otağa dolurdu. Ağsaçlı qoca içindən qopan sonsuz ağrıları, dünyanın bu amansız gərdişində itirdiyi atasını, anasını, qardaşını, bacısını, 53 il ayrı düşdüyü yurdunu yada salıb, tarın ecazkar dili ilə dərdli-dərdli danışırdı.

“Bayatı-Şiraz” çalırdı… Qəfildən tarı sinəsindən endirib üzümə baxdı:

– Daha çala bilmirəm…

Stolüstü lampanın işığı qocanın üzünü işıqlandırı və gözlərinin yaşla dolduğunu görürəm. Bir az dayanır. Sonra yenidən tarı sinəsinə qaldırır. Yenə “Bayatı-Şiraz” çalır. Bu dəfə az, lap az çalır. Hiss edirəm ki, dədin ağırlığından, həyatda itirdiyi adamların göynək həsrətindən bədəni əsim-əsim əsir. Tarı bir kənara qoyub doluxsunmuş halda deyir:

– Yox, çala bilmirəm…

Uzaq Qazaxıstan elində, Karaqanda şəhərinin bu qaranlıq gecəsində “Bayatı-Şiraz” çalıb ağlayan qocanın dönük taleyini düşündükcə qəlbim parça-parça olur.

Düz 53 ildir ki, doğma Azərbaycanından uzaqlarda yaşamaq məcburiyyətində qalmış bu yetmiş yaşlı qoca xalqımızın mənəvi atası Məhəmməd Əmin Rəsulzadənin oğlu Azər Rəsulzadədir.

Dediklərimə əvvəlcə inanmır. Təəccüblənir. Sonra Bakıdan apardığım sənədləri, şəkilləri, qəzetləri, “Azərbaycan Demokratik Respublikası” kitabını göstərirəm. Qəribə maraq içərisində materiallara baxır. Qəzetdə atasının böyük şəklini görəndə diksinən kimi olur. Bir az da yaxından, diqqətlə baxır şəkilə. Hansı hissləri keçirdiyini bilmirəm. Tamam tutulmuş haldadır.

Sonra dərindən köks ötürür. Ehtiyatla soruşur:

– Bəs hökumət necə baxır bu işə?

– Hökumət də axır ki, icazə verdi, – deyə qəzetdəki qərarı göstərirəm.

Azər müəllim təəccüb içində, fikirli-fikirli deyir: – Qəribədir, çox qəribədir…

Sonra ötən günlərin söhbətinə başlayır.

Atası Məhəmməd Əmini xatırlamır. Atası onunla görüşüb vidalaşanda iki ay imiş ki, dünyaya göz açıbmış. Qaranlıq bir gecədə atası evə gəlir. Hamı ilə görüşdükdən sonra beşikdə dünyanın qovğasından xəbərsiz yatan körpə oğluna yaxınlaşır. Üzünü həyat yoldaşına tutur:

– Nə qoymusunuz bu uşağın adını?

Ümbül Banu xanım deyir ki, bəs adını Əliheydər qoymuşuq.

Məhəmməd Əmin oğlunu bağrına basıb narazılıq dolu coşğunluqla deyir:

– Yox, bu, Əliheydər olmayacaq. Bu, Azəri oğludur: Azər olacaqdı bu.

(Azər müəllim anasından eşitdiyi bu əhvalatı danışanda özünü saxlaya bilməyib ağladı).

Atası Məhəmməd Əmin çıxıb getsə də onları unutmurdu. Vəziyyətin çətinliyinə baxmayaraq, bir neçə dəfə onlara Türkiyədən bağlama göndərmişdi. Atasının göndərdiyi parıltılı qara çəkmələr və və başı qotazlı qırmızı papaq Rəsulun da (Məhəmməd Əminin böyük oğlu), Azərin də çox xoşlarına gəlmişdi. Lakin… Zəmanənin üzü dönmüşdü. Həyatı öz təbii axarından çıxarıb eyni bir yola çəkənlər atanın bu kiçik hədiyyəsini də çox gördülər onlara. Anası və qohumları vəziyyətin çətinləşdiyini görüb, Məhəmməd Əminə xəbər göndərdilər ki, bizim adımıza daha heç nə göndərmə.

Atası sonradan, başqa adamların adı ilə də kömək əlini uzatmışdı ailəsinə. Az keçməmiş bu yolu da bağlamışdılar.

Azər müəllim o dövrü belə xatırlayır:

– Tez-tez bu sözləri eşidirdik: “Məhəmməd Əmin sizi burada qoyub özü aradan çıxdı. İndi xaricdə kefi kök, damağı çağ yaşayır. Siz heç yadına da düşmürsünüz”. Bu sözlərə anam əhəmiyyət vermirdi. O, atama inanırdı.Atamın heç bir günahının olmadığını da hərdən danışırdı. Bu söz-söhbət ən çox qardaşım Rəsulu dilxor edirdi. Məktəbdən gələn kimi hirslə çantasını bir küncə atıb deyirdi: “Müəllimlərim məni bezdiriblər. Hər gün dərsdə deyirlər ki: “Məhəmməd Əminlər belə etdi, Məhəmməd Əminlər elə etdi…” Anam sakitləşdirirdi Rəsulu. Deyirdi ki, elə sözlərə fikir vermə”.

Azər müəllim həyatında ən ağır zərbəni Rəsul həbs olunanda aldı. Rəsulu bağdan tutub apardılar. Rəsulun tutulması hamısının belini əydi. On yeddi yaşlı Azər hirsindən, acığından özünü bağlarındakı quyuya atmaq istəyirdi. Amma qoymadılar, tutub saxladılar. Az keçməmiş Rəsulun güllələnmək xəbərini eşitdilər…

Gəldi 1937-ci il. Həmin il qara paltolu, qara şlyapalı adamlar hansı evdə gur işıq yanırdısa, ora qaranlıq dumanı çökdürürdülər.

− Axşamüstü anam getmişdi xalamgilə, − Azər müəllim fikirli-fikirli danışır, − maşınla bizi aparmağa gəldilər. Əvvəl anamın harda olduğunu soruşdular. Sonra məni də maşına mindirib apardılar xalamgilə. Anamı götürüb gəldilər. Evdəki şeylərdən heç nəyi götürməyə qoymadılar. Evimizdə bir tar var idi. Anam tarı o vaxtın pulu ilə 130 manata almışdı. Tarı götürmək istədim. İkisi etiraz etmədi, lakin üçüncüsü tarı əlimdən alıb bir qırağa atdı. (Anasının aldığı o yadigar tarı Azər müəllim sonradan soraqlayıb tapıb və bu günəcən özündə saxlayır). Sonra bizi mindirib apardılar həbsxanaya. Yadımdadır ki, həmin gün güclü yağış yağırdı. “Azneft” meydanını su basmışdı. Bizi aparan maşın çətinliklə gölməçələri yarıb keçirdi. Əvvəl istədilər ki, hamımızı çoxlu kişilər olan kameraya doldursunlar, lakin bacım Xalidə etira etdi, qışqırıb hay-küy qopartdı…

Azər müəllim o ağrılı günləri belə xatırlayır:

− Ailəmizi həbs edəndən sonra bizi Gəncəyə apardılar. Düz bir ay Gəncə həbsxanasında qaldıq. Sürgünə göndərilənlər çox olduğundan biz növbə gözləyirdik. Nəhayət, gəlib sabah yola düşəcəyimizi dedilər. Vəziyyətimiz yaxşı deyildi. Özümüzlə demək olar ki, heç nə götürməmişdik. Başqa ailələrə pal-paltar, yorğan-döşək götürməyə imkan vermişdilər. Bizim ailəyə isə hər şey qadağan olunmuşdu. Düz 28 gün qatarda yol getdik. Şəraitimiz dəhşətli dərəcədə dözülməz idi. Hər vaqonda beş-altı ailə gedirdi. Qoca nənəm dindar adam idi. Özgə kişilərin yanında bayıra çıxmamaq üçün düz 28 gün heç nə yemədi, elə hərdən qəndi suya batırıb sümürürdü, aclığa tab gətirsin. Min bir əzablı, əziyyətli yol səfərindən sonra gəlib Qazaxıstana Taldı-Kurqana çatdıq. Əvvəlcə bizi oradakı bir orta məktəbin siniflərinə doldurdular. Qazaxıstanın 40-50 dərəcə soyuğunda hamımız donurduq. Yerli qazax uşaqları gəlib maraqla bizə baxırdılar. Bəzən gətirib çörək də verirdilər. Həmin vaxt ikinci bir ağır zərbə aldıq. 28 gün çörək yeməyən Məryəm nənəm uzun müddətin aclığından və bizə verilən xörəyi yeyəndən sonra dünyaya göz yumdu…

Azər müəllim deyir: – hətta sürgündə belə çoxlarının “ərin indi xaricdə kef sürür” deməsinə baxmayaraq, − Anam soyuğa da dözərdi, aclığa da. Amma o qürbət elə getdiyimiz gündən Rəsulun adı dilindən düşmürdü. “Oğlumu nahaq güllələdilər” deyib ağlayırdı. Elə bu dərdlə də dünyadan köçdü.

Ananın ölümündən sonra qardaşla bacının (Azərlə Xalidənin) vəziyyəti daha da pisləşdi. Yenə necə olsa, anaları onlara dayaq idi, təskinlik verirdi, evə böyüklük edirdi. İndi demək olar ki, kimsəsiz qalmışdılar. Lakin başqa yol yox idi. Dözüb yaşamağa məcbur idilər.

Bir gün Azər müəllimin yaxşı rəsmlər çəkdiyini bilib məktəbə çağırdılar. Düşərgənin komendantı ilə danışıb, məktəbdə rəsm dərsi deməyinə icazə aldılar…

İşlərin bir qədər yaxşılaşmağını tale yenə çox gördü Azər müəllimə. Sevimli bacısı Xalidə yoxa çıxdı. Bacısını çox axtarıb soraqladı. Lakin heç bir məlumat öyrənə bilmədi.

Qaldığı yerin qonşuluğuna Naxçıvandan bir ailə sürgün olunmuşdu. Ailənin cavan qızı Şölənin səmimiliyi, sadəliyi onu cəlb etmişdi. Söz-söhbətdən sonra razılığa gəlib ailə həyatı qurdular. Ramiz adlı bir oğlu oldu.

1942-ci ildə Azər müəllimi cəbhəyə göndərdilər.

Müharibədən sonra yenidən Qazaxıstana gəldi. Sonra ikinci oğlu dünyaya göz açdı. Ailə həyatı, iki sevimli övladı başına gələn faciələri az da olsa unutdururdu ona. Lakin…

Tale insandan üz döndərəndə çətin barışır. Ağrı-acı insanın ömrünə ayaq açanda bu vərdişindən asanlıqla əl çəkmir.

Tale yenə güzəranına balta çaldı Azər müəllimin. Həyat yoldaşı Şölə vaxtsız-vədəsiz dünyadan köçdü…

1955-ci ildə qəribə hadisə baş verdi. Onu Dövlət Təhlükəsizliyi orqanına çağırıb dedilər: “Xəbərin varmı ki, atan Məhəmməd Əmin Rəsulzadə Türkiyədə vəfat edib?”

Əvvəl tutulmuşdu bu xəbərdən. Sonra ona dikilən qəribə ifadəli baxışların marağını, məqsədini bilib demişdi:

− Mən indi onun ölməyinə sevinirəm. Onun ucbatından qardaşımı güllələdilər, anam, nənəm dözə bilməyib dünyadan köçdülər, bacım itkin düşdü, indiyədək harada olduğunu da bilmirəm. Evimiz, eşiyimiz dağıldı…

− Demək atanın ölümünə sevinirsən? − DTK əməkdaşı bir də təkrar soruşmuşdu.

Bu dəfə suala suala cavab vermədi. DTK əməkdaşı da deyəsən verdiyi sualın − atanın ölümünə sevinib, kədərlənməyin lazımsız cəfəngiyyat olduğunu hiss etmişdi.

Uzun illərin ayrılığından sonra Xəzərlə olan ilk görüşünü də unutmayıb Azər müəllim. Xəzərin mavi sularını görəndə özünü saxlaya bilmədi. Əvvəlcə əyilib torpaqdan öpdü, sonra elə paltarlı halda özünü suların qoynuna atdı.

Bakıda tamam başqa vəziyyətlə qarşılaşdı. Hiss etdi ki, çoxları onunla ehtiyatla görüşür, dayanıb söhbət etməyə, danışmağa çəkinirlər. Bir az keçməmiş isə DTK-ya çağırıb burada qalmamağını, çıxıb getməyini tələb etdilər. Demək Vətəndə yaşamaq ona ömürlük qadağan olunmuşdu.

Bakıya sonradan, arabir gəlirdi. Amma bu gəlişlərin heç biri ona yurdunda qalıb yaşamaq imkanını vermirdi.

1988-ci ilin noyabr ayında, Bakının Azadlıq  meydanında tonqallar alovlananda Azər müəllim Bakıda idi. Demək olar ki, şəhərdə olduğu müddətdə hər gün meydana gəlirdi. Azadlıq simvolu kimi alovlanan tonqallara baxırdı. Xalqın, adamların sükunət bataqlığından çıxdığını görüb sevinirdi.

Azər müəllimə Bakıda Demokratik hökumətlə əlaqədar görülən işlərdən danışıram, köhnə parlament binasında, İçərişəhərin girəcəyində atası Məhəmməd Əminin böyük portretinin asıldığını söyləyirəm. Təəccüblə soruşur:

− Yaxşı, bütün bu işləri görən kimdir?

− Xalqdır, camaatdır, − deyirəm.

Azər müəllim susur. Gözlərində təəccüblü bir işığın dolaşdığını görürəm. Sonra qəribə tərzdə deyir:

− Əgər belə qocalmasaydım, mən də xalq üçün bir iş görərdim. Vətənimizin başı qeylü-qaldan xilas olacaqmı?

…Aydın bir Karaqanda gecəsində ayrılırıq. Hər ikimizin gözləri dolub. Mehribanlıqla qucaqlaşırıq. Doluxsunmuş halda:

− Yaxşı yol! − deyir. − Sağ ol, gəlib camaat içində başımı uca elədin, məni göylərə qaldırdın.

…Maşına minib, aeroporta gedirəm. Bir az getmiş maşının pəncərəsindən dönüb geri baxıram. Uzaqdan ayın işığında, yolun düz ortasında dayanmış Azər müəllimi görürəm. Düşünürəm ki, atası Məhəmməd Əmin Rəsulzadə də düz 35 il qürbətdən Vətənə belə həsrət içində dayanıb baxıb.

…Bakı aeroportundan isə ilk gözümə görünən tanklar, əli avtomatlı əsgərlər oldu.

Qazaxıstan, Karaqanda şəhəri, 1990-cı il

Həmçinin yoxlayın

Rafael Qrossi İranın nüvə silahı yaratmağa çox yaxınlaşdığını deyir

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi dünən Vyanada Almaniyanın ARD dövlət televiziyasına …

Molla rejimin həbs etdiyi tanınmış azərbaycanlı fəal Pərviz Siyabini məzuniyyətə göndərib

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi həbs etdiyi Güney Azərbaycan Milli …

Bir cavab yazın