Nuriyev Sədulla: Məhəmməd Əmin Rəsulzadənin əsərlərində Azərbaycan tarixi

Azərbaycan Cümhuriyyətinin yaradıcılarından və  Azərbaycan mühacirətinin liderlərindən biri olan Məhəmməd Əmin Rəsulzadə 1884-cü ilin 31 yanvarında Bakının Novxanı kəndində doğulmuşdur. Ömrünü Azərbaycanın istiqlalına, Azərbaycan türklərinin dirçəlişinə sərf edən M.Ə.Rəsulzadə müxtəlif vaxtlarda bir sıra elmi və publisistik əsərlər ərsəyə gətirmişdir. Öz əsərlərində müxtəlif məsələlərə toxunmuş bu böyük türk, eyni zamanda tarixi məsələləri də unutmamışdır.

Hər şeydən öncə qeyd etmək lazımdır ki, M.Ə.Rəsulzadə kifayət qədər mütaliə etmiş bir şəxs olub, yaşadığı çətin dövrdə mümkün olan bir çox mənbələri, əsərləri oxumuşdur. Fars dilini gözəl bilməsi bu işdə ona çox kömək olmuşdu[11,38,44]. Təbii ki, M.Ə.Rəsulzadənin dövründə yerli mənbələr demək olar ki, yox səviyyəsində olduğu üçün onun istifadə etdiyi mənbələr əsasən Osmanlı, Rusiya və Avropa mənbələridir. Bundan əlavə yaşadığı dövrdə istər Avropada, istərsə də Şərqdə yazılmış bir çox tarixşünaslıq əsərləri ilə də tanış olmuşdur. Qeyd etmək lazımdır ki, vaxt tapanda M.Ə.Rəsulzadə Azərbaycan tarixi ilə bağlı arxiv materialları ilə də işləmişdir[11,37]. Məhz buna görədir ki, təhlil etdiyi hər bir məsələ barəsində həm Qərb, həm də Şərq ədəbiyyatlarından sitatlar gətirmişdir. M.Ə.Rəsulzadənin əsərlərində Azərbaycan Qacar dövləti haqqında olan məlumatlar da diqqət çəkicidir. Azərbaycan dövlətində Əfşar sülaləsinin devrilməsindən sonra hakimiyyətə gəlmiş Azərbaycan türklərindən olan Qacar sülaləsi 1925-ci ilə qədər hakimiyyətdə olmuşdur[1,170,307]. Qacar sülaləsi zamanında Azərbaycan dövlətində lazımı islahatlar aparılmadığından dövlət zaman keçdikcə zəifləyirdi, eyni zamanda demokratik qüvvələr sıxışdırılır, monarxiya istibdadı artırdı. Müxtəlif millətlərdən təşkil edilən İranın Azərbaycana məxsus olduğunu vurğulayan M.Ə.Rəsulzadə regionda Azərbaycan türklərinin 1000 illik hakimiyyətini qeyd edir[10,68; 14,19]. Bəzən səhv olaraq şovinizm kimi qəbul edilən milliyyətçilik anlayışının, o cümlədən türk milliyyətçiliyinin nə olduğunu M.Ə.Rəsulzadə irsini araşdırmaqla bilmək mümkündür. Azərbaycan türklərinin böyük milliyyətçisi türklükdən yazsa da, nə farsların, nə də ərəblərin, o cümlədən digər xalqların tarixlərinə kölgə salmamış, onları obyektiv şəkildə öz əsərlərində qeyd etmişdir[14,54]. Bununla belə M.Ə.Rəsulzadə fars və türk millətinin etnopsixologiyasına da toxunmuş və maraqlı məlumatlar vermişdir. Azərbaycanlı türkün Şirazlı farsdan daha yurdsevər, daha dayanıqlı olduğunu yazan M.Ə.Rəsulzadə fikrinin təsdiqi üçün tarixi proseslərə müraciət etmişdi[14,22-23]. Qacar sülaləsinin türk sülaləsi olmasını, Təbrizdə vəliəhd olarkən ətraflarında Azərbaycan türklərini birləşdirmələrini şərh etdikdən sonra Qacar şahlarının yarıtmazlığını da dəqiqlikdə əsərlərində ortaya qoymuşdur[14,66,84]. Diqqəti çəkən məqamlardan biri də M.Ə.Rəsulzadənin Qacar məmləkətində baş qaldırmış demoktratik hərəkata yardım etməsi, Heydər xan Bombaçı ilə birlikdə olmasıdır[10,24; 11,17].

Azərbaycan-türk tarixini şumerlərdən başlayaraq yaşadığı dövrə qədər qələmə alan M.Ə.Rəsulzadə maraqlı fikirlər ortaya qoymuşdur. M.Ə.Rəsulzadə haqlı olaraq şumerlərin turanlı, yəni türk olduğunu yazır[12,47]. Şumerlərin türk olması bir çox şərqşünas alimlər tərəfindən söylənilmişdir[18,41]. Midiya dövlətinə toxunan M.Ə.Rəsulzadənin bu məsələ haqqında fikirləri qarışıq olmuşdur. Belə ki, o, midiyalıların etnik mənşə baxımından hansı etnosa məxsus olmasını konkret söyləməmiş, bəzi əsərlərində midiyalıların olmasına şübhə ilə yanaşmışdır[13,28]. Bununla belə midiyalıların türk olması haqqında mövcud ehtimalları da qələmə almışdır[12,47; 13,29]. Xüsusən “Əsrimizin Səyavuşu” adlı əsərində bir neçə dəfə “Turan Midiyası”, “Medyada arilər yerli deyil, gəlmələr idi” fikirlərini ortaya qoyması, Azərbaycanı əski Midiyanın varisi kimi göstərməsi M.Ə.Rəsulzadənin hansı qənaətdə olmasını göstərir[1027; 13,29].“Turanlı Tomrisin” Keyxosrovun başını kəsməsi faktı da M.Ə.Rəsulzaədinin diqqətindən yayınmamışdır[13,29]. Böyük mütəfəkkir Azərbaycan Cümhuriyyətinin yarandığı ərazi haqqında məlumat verərkən buranın əski Albaniya olduğunu qeyd etmiş, bu dövlətin Roma imperiyasına qarşı igidliklə dirəniş göstərməsini qürurla qeyd etmişdir[12,46; 13,34]. Maraqlıdır ki, Şumer, Midiya, Albaniya kimi qədim türk dövlətlərindən məlumat verən M.Ə.Rəsulzadə Atropatena haqqında cəmi bir cümlə ilə kifayətlənmiş, Azərbaycan adının yaranmasını da Atropatenaya bağlamışdır[12,46-47]. Bu məqamda Azərbaycanlıların türk, yoxsa fars olması məsələsinə toxunulmuşdur. Mühacirətdə olduğu zamanda 1925-ci ildə Azərbaycan Qacar sülaləsini devirib, regionda 1000 illik türk hakimiyyətinə son qoyan Pəhləvilər hakimiyyətə gəlmişdi. Pəhləvilərin anti-türk siyasəti zamanında sonradan özünün də etiraf etdiyi kimi sifarişli məqalələr yazan Əhməd Kəsrəvi azərbaycan türklərinin, xüsusən Quzey Azərbaycanda yaşayan türklərin etnik mənşəyi barədə müxtəlif qeyri-elmi fikirlər ortaya gətirmişdi. M.Ə.Rəsulzadə də mühacirətdə yazdığı əsərlərində bu məsələyə toxunmuş və haqlı olaraq qəti şəkildə azərbaycanlıların türk olduğunu yazmışdır[13,50].

Bakını türk dünyasının mühüm mərkəzlərindən biri hesab edən M.Ə.Rəsulzadə bu şəhərin tarixinə dair də yazılar yazmışdır. Burada diqqət çəkən məqam Bakı isminin izahının verildiyi hissədir. Bu ismin izahını vermək üçün ədib Yaqut Həməvi, İbn Əl-Əsir kimi ərəb səyyahlarının əsərlərinə müraciət etmiş, eyni zamanda ərəb, fars və türk dillərində bu ismin izahını verməyə çalışmışdır[10,30-34].  Bakının tarixinə toxunmuş ikən burada yerləşən Qız qalası və hal-hazırda su altında qalan Bayıl qalası haqqında bəzi qeydlər aparmışdır. Qız qalasının hansı mədəniyyətə və xalqa məxsus olmasına şübhə ilə yanaşan müəllif bu qalanın Venesiya-İtalyan üslubunda tikildiyini yazır[10,33]. Təbii ki, M.Ə.Rəsulzadənin də əsərlərində bir sıra səhvlər mövcuddur. Bu səhvlərdən biri də Qız qalası ilə bağlı məlumatlardır. Ədibin Qız qalasının kimə məxsus olması məsələsinə şübhə ilə yanaşmasına səbəb isə onun türklərin buraya Səlcuqlar zamanında gəlməsini qəbul etməsi ilə bağlıdır. Milli konsepsiya əsasında Azərbaycan tarixşünaslığı problemlərini işləmək üçün lazımı imkanlar olmadığından ədiblərimiz Avropa, Rusiya, o cümlədən ərəb, fars və Osmanlı mənbələri ilə kifayətlənməli olmuşlar. Avropamərkəzçiliyin gücləndiyi bir dövrdə isə anti-türk siyasəti yeridilir və türklərin guya Ön Asiyaya gəlmə olduğuna dair bir sıra elmi əsərlər yazılırdı. Yerli mənbələrin olmaması üzündən M.Ə.Rəsulzadə də məcburiyyətdən Avropa mənbələri ilə kifayətlənməli olmuşdur. Əslində isə Azərbaycan qədimdən türk etnosunun məskəni olmuşdur. Məsələ burasındadır ki, Azərbaycana XII əsrdə Oğuz türklərinin bir hissəsi yenidən qayıtmışdır. XII əsr Səlcuq axınlarından öncə regionda oğuz və qıpçaq türkləri yaşayırdı ki, Səlcuq axınlarından sonra regionda oğuzların üstünlüyü artmışdı. Diqqət etsək Nizami Gəncəvi “İskəndərnamə” əsərində qıpçaq elini, qıpçaq gözəllərini tərifləmişdir[9,380]. E.ə 500-cü ildə Karyandlı Skulaks oğuzlardan Apşaros Potamos – Afşar və Kanıkos – Kayı boyu haqqında məlumat vermişdir[1,53]. Oğuzlarla bərabər burada Qıpçaq türkləri də yaşayırdı. Həsən padşah Bayandurlunun(1453-1478) əmri ilə yazılmış “Kitabi Diyarbəkriyyə” adlı əsərdə Oğuz xandan öncə Azərbaycanda Qıpçaq xanın yaşaması və burada dəfn olunması qeyd edilir[15,20]. İslamaqədərki ərəb ədəbiyyatında, o cümlədən Aşa və Nabiağa kimi şairlərin şeirlərində türklərdən bol-bol bəhs edilir. Übeyd ibn Şəriyyə əl-Cürhuminin “Xəbərlər” əsərində (Vll əsr) yazılır ki, xəlifə I Müaviyə (661 – 680) Azərbaycanın işğalı çağında ordu komandanından Azərbaycan barədə nə bildiyini soruşmuş, o da “Azərbaycan ən qədimdən türklərin ölkəsidir və orada türklər yaşayır” – deyə cavab vermişdir. Eyni fikir 1126 – cı ildə qələmə alınmış, müəllifi bilinməyən başqa bir tarixi əsərdə də təkrarlanır:”Azərbaycan ən qədimdən türklərin əlində olan bir ölkədir”[15,20].

Azərbaycan tarixi ilə bağlı yazılarında M.Ə.Rəsulzadə Babək məsələsinə də toxunmuşdur. Böyük mütəfəkkir hələ Stalin ilə birlikdə Moskvaya səfər edərkən Dərbənd yaxınlığındakı tədbirdə bu tarixi problemlə qarşılaşmışdı. O zaman “Vostok” jurnalın müdiri Mixayloviç Dərbənd divarlarının cənubdan gələn təhlükəyə qarşı tikildiyinə dair məqalə ilə çıxış etmişdi. Bu tədbirdə iştirak edən Stalin isə M.Ə.Rəsulzadənin fikirlərini müdafiə etmişdi[13,25]. M.Ə.Rəsulzadə mühacirətdə yazdığı Çağdaş Azərbaycan tarixi əsərində Babəkin islamiyyətin düşməni olduğu qeyd edir[13,94]. Babək haqqında yalnız ərəb mənbələrindən məlumat alması M.Ə.Rəsulzadənin Babəkə qarşı soyuq münasibət göstərməsinə səbəb olmuşdur. SSRİ zamanında Azərbaycan tarixinə vurulan yaralardan biri də Babək məsələsi ilə bağlıdır.  Babək məsləsinə toxunan Rəsulzadə XIX əsrdə “babəki” sözünün dindarlar arasında dini ehkamlara laqeyd yanaşan biri kimi anlaşıldığını yazır[13,101]. XX əsrdə demokratik hərəkatın əsas fiqurlarından biri olan Şeyx Məhəmməd Xiyabani çıxışlarında özünün Babək nəslindən olmasını bildirirdi[1,249]. Bəndəli Cövzi “Min tarix əl-hərəkat əl-fikriyyə fi-İslam” adlı əsərində Babəkilərin İslama qarşı deyil, sadəcə azadlıq uğrunda mübarizə aparmalarını yazır[2,144]. İstəxri isə qeyd edir: “Xürrəmilərin yaşadıqları dağlıq hissədə isə çox çətin, keçilməz dağlar vardır. Babək oralı idi. Kəndlərində məscid var, onlar Quran oxuyurlar”[2,253].

M.Ə.Rəsulzadənin Azərbaycan-Türk dünyasının görkəmli şairi Nizami Gəncəvinin 800 illik yubileyi münasibətilə yazdığı monoqrafiyası diqqətdən yayınmalalıdır.  Nizami mövzusuna diqqətlə yanaşan ədib Nizamini türk şairi kimi görmüş və bunu isbat etmək üçün dil problemini də şərh etmişdir. Avropada uzun müddət bütün xristian dövlətlərinin latınca yazmasını göstərən mütəfəkkir Şərqdə də ərəb, daha sonra isə fars dilinin istifadə edilməsinin bir problem olmadığını qeyd edir[9,24-25]. Dil məsələsinə gəlincə A. Meyenin 1911-ci ildə söylədiyi fikrinə diqqət yetirmək lazımdır: “Dil tarixi şəraitdən asılıdır və onun fiziki anlayış olan irqdən heç bir asılılığı yoxdur”[16,4]. Eyni zamanda Avropada fransız olmayanların belə fransızca yazmasını göstərib, şərqdə də fransız dilinin əvəzinə fars dilindən istifadə edildiyini göstərir[9,35]. Fikrini qüvvətləndirmək üçün Y.Bertelsdən də sitat gətirir. M.Ə.Rəsulzadə N.Gəncəvinin qəti şəkildə türk olduğunu bütün əsər boyu qeyd edir. Fikirlərini isbat etmək üçün çoxsaylı Şərq, o cümlədən Qərb mənbələrindən, həmçinin tarixşünaslıq əsərlərindən sitatlar gətirmişdir. Eyni zamandan XII əsrdə Gəncənin etnik vəziyyəti haqqında məlumat verən İbn Əzrəq buranı türkmən şəhəri adlandırmış, Nəsəvi isə Arran və Muğanda “türklərin qarışqa kimi çox olduqlarını” qeyd etmişdir[9,47]. Nizaminin əsərlərini ciddi araşdırdıqdan sonra ədibin gəldiyi qənaət maraqlıdır: “gözəl ilə böyüyə türk, gözəllik ilə böyüklüyə türklük, gözəl və böyük sözə türkcə, gözəllik və böyüklük diyarına Türküstan” deyən şair heç zaman fars təəssübkeşi ola bilməz[9,58]. Türkcə şeirlər yazması və türklük ideyalarını rəğbətlə ifadə edən Mir Əlişir Nəvai belə öz ideyalarının qaynaq mənbəyini Nizaminin əsərlərindən aldığını göstərir[9,117]. Məhəmməd peyğəmbərin məktubunu cırdığı üçün Xosrov Pərvizin adını quduz qoymuş, Firdovsidən fərqli olaraq Daranı məğlub edən İskəndərin fars qanlı yox, rum qanlı olduğunu yazmış, eyni zamanda İskəndərə qələbəni qanın yox, ağılın qazandırdığını yazmış, zərdüştlüyü pisləmiş, peyğəmbərin vəsfini verərkən onun türk olduğunu bildirmiş, ədalətli dövləti türk nizamı kimi təsəvvür etmiş Nizami Gəncəvi təbii ki, qeyri-türk ola bilməzdi[4,53; 9,323-325; 12,52]. Nizami Gəncəviyə böyük rəğbət bəsləyən M.Ə.Rəsulzadə SSRİ-dövründə ona heykəl qoyulmasını müsbət qarşılamış, lakin Nizaminin əsərlərindən yabancı ideyaların yayılmasında istifadə edildiyi üçün rus rejimini pisləmişdir[13,82,94]. M.Ə.Rəsulzadə Nizaminin İskəndərnaməsi haqqında çox önəmli bir məsələyə də toxunmuşdur. Nizami Gəncəvinin iki hissədən – “Şərəfnamə” və “İqbalnamə” adlı bölümlərdən ibarət olan İskəndərnamə əsəri haqqında fikirlərin müxtəlif olması ədibin bu məsələyə ciddi yanaşmasına səbəb olmuşdur. Belə ki, bəzi alimlərin qeyd etdiyinə görə bu iki bölüm ayrı-ayrı padşahlara həsr edilmişdir. Nizami “Xəmsə”sinin XIV əsr nüsxəsini tədqiq edən mütəfəkkir burada əsərin yalnız Atabəy Nüsrətəddin Əbu Bəkrə ithaf olunduğunu qeyd etmiş, V.Dəstgirdi və başqalarının fikirlərinin səhv olduğunu isbat etmişdi[9,90-91]. 1199-cu ildə tamamlanmış bir əsərin 1193-cü ildə vəfat etmiş şəxsə ithaf edilməsi və ya 1209-cu ildə vəfat etmiş şairin 1211-ci ildə taxta çıxmış hökmdara poema ithaf etməsi həqiqətdən uzaqdır[9,91]. Nizami “İskəndərnamə” poemasını özünün də yüksək qiymət verdiyi və bəyəndiyi Atabəy Nüsrətəddin Əbu Bəkrə ithaf etmişdir.

Mənakıbnamələrdə, Səfəvi və Osmanlı dövrü mənbələrində dəfələrlə türk olması göstərilən Çingiz xan, Hülaki xan və digərlərini M.Ə.Rəsulzadə də türk etnosunun nümayəndəsi kimi qəbul etmişdir[9,37,40]. Mütəfəkkir Çingiz xanı Turan hökmdarı adlandırmışdır[13,50].

M.Ə.Rəsulzadənin Türk tarixinin mühüm şəxsiyyətlərindən olan Şah İsmayıl Səfəvi və Nadir şah haqqında olan fikirləri maraqlıdır. Geniş şəkildə Osmanlı və Avropa mənblərindən istifadə edən M.Ə.Rəsulzadənin Səfəvi sülaləsinə münasibətdə müəyyən qədər soyuq olması başa düşüləndir. Hakimiyyətə gəldikləri dövrdən Osmanlı dövlətinin Azərbaycan, o cümlədən Qafqaz və digər ərazilərlə bağlı iqtisadi və siyasi planlarına ciddi əngəl olan Səfəvi sülaləsi Osmanlı mənbələrində mənfi planda təsvir edilmişdir. Bununla belə ədibin Şah İsmayıl Xətayiyə olan rəğbəti də diqqətdən yayınmamalıdır. Şah İsmayılı bir türk şairi kimi təsvir etməsi çox önəmlidir[13,29]. Xalis bir türk kimi qəbul etdiyi Şah İsmayılın türkcə şeirlər yazması, Osmanlılardan fərqli olaraq dövlət işlərində türk dilindən istifadə etməsini, aldığı qüvvətin türk tayfalarını olmasını qeyd edən M.Ə.Rəsulzadə Şah İsmayılın sarayını Azərbaycan türk ədəbiyyatının yaradıcı bir ocağı və akademiyası hesab edirdi[12,53]. M.Ə.Rəsulzadə Şah İsmayıl zamanında mədəniyyətə göstərilən qayğıdan, Sultan Səlimin farsca məktubuna türkcə cavab verməsindən rəğbətlə bəhs edir[9,37; 12,51]. Müasir günümüzə kimi türk tarixini təhrif edənlər hələ də Şah İsmayıl başda olmaqla Səfəvi sülaləsinin etnik mənşəyi mövzusunda müxtəlif qarışıqlıqlar yaradırlar. Bəzilərinə görə Səfəvi sülaləsi kürd, bəzilərinə görə ərəb, bir çoxlarına görə isə türkdür. Səfəvilərin uzaq əcdadları haqqında yeganə məlumat mənbəyi olan Təvəkkül ibn Bəzzazın Səfəvilərin “Səfvət əs-Səfa” adlı əsəri məlum məsələdir ki, müxtəlif zamanlarda dəyişikliklərə uğramışdır.[7,23] Əhməd Kəsrəvi bu əsərdən istifadə edərək əsərdə keçən “əl-Səncani” kəlməsini “əl-Səncari” kimi dəyişdirməsi, Z.V.Toğanın isə bu fikri qəbul edib müdafiə etməsinin heç bir elmi əsası yoxdur[7,24]. Z.V.Toğan eyni zamanda ərəb mənşəli Rəvvadiləri kürdləşdirmişdir[7,25]. “Səfvət əs-Səfa”da Firuzşahın Səncan adlı yerdən gəlməsi göstərilir. XIII əsr ərəb coğrafiyaçısı Yaqub Həməvi Səncan adlı şəhərin Mərv yaxınlığında yerləşdiyini göstərir[7,24]. Səfəvilərin kürd mənşəli olmasını iddia edənlər daha da irəli gedərək bu sülalənin hakimiyyəti zamanında Şah İsmayıl və Şah Təhmasib tərəfindən özlərinin kürd olmasını gizlətmək naminə hər cür addım atıldığı fikri irəli sürülmüşdür. 3 milyon kv.km ərazini əhatə edən imperiyanı idarə bir sülalə kimin və nəyin qorxusundan öz mənşələrini gizlətmələdir?! Ə.Kəsrəvi, Z.V.Toğan bu sualın cavabını verməkdən çəkinmişlər. Çox təəssüf ki, Farüq Sümer və digər Türkiyə tarixçiləri də Səfəviləri kürd mənşəli hesab edir, eyni zamanda 21 cildlik türk tarixi haqqında olan geniş həcmli ensiklopediyada da Səfəvi sülaləsinin kürd mənşəli olması göstərilir[7,26; 17,882]. Səfəvi sülaləsinin kürd mənşəli olmasını iddia edənlər Şeyx Səfiəddinin ulu babalarının “əl-kürdi əl Səncani” ləqəbini daşımalarını əsas gətirirlər. “Səfvət əs-Səfa”nın 1491 və 1508-ci il nüsxələri üzərində aparılan təhlillər nəticəsində bu ləqəbin XV sonunda əsərə əlavə edildiyi sübut edilmişdir[7,28]. Məlum məsələdir ki, orta əsrlərdə hakimiyyətin qanuni olmasını təmin etmək məqsədilə  hakim sülalələr özlərinin mənşəyini ya şah nəslinə, ya da peyğəmbər nəslinə bağlayırdılar. Səfəvi sülaləsi hakimiyyətdə olduğu müddətdə bütün rəsmi sənədlərdə özlərinin peyğəmbər nəslindən gəldiklərini isbat etməyə çalışmışlar. Son dövr tədqiqatlar bu iddiaların sadəcə siyasi məqsədlər naminə həyata keçirildiyini isbat etmişdir[7,22,29]. Səfəvi sülaləsinin türk mənşəli olması haqqında iddialar daha qüvvətlidir. Türk tarixini saxtalaşdıranlar nədənsə “Səfvət əs-Səfa”da Şeyx Səfiyə müraciət edilərkən istifadə edilən “cavan türk”, “ey türkün piri” ünvanlarını görmək istəməmişlər. Şiraz üləmaları, o cümlədən Əmir Abdulla Şeyx Səfiyə müraciət edərkən ona “Ey gənc türk…” demişdi[2,45]. Gilanlı Şeyx Zahid Şeyx Səfini “cavan türk” adlandırmışdı[2,45]. Şeyx Səfi təkkə camaatına müraciət edərkən özünü “türkzadə”, yəni türk oğlu adlandırır. Şeyx Səfinin “Qara Məcmuə” adlı əsərində yer alan türkcə şeirləri də diqqətdən yayınmalıdır[2,45]. Digər türk böyükləri kimi Şeyx Səfinin öz süfrəsini yağmalatdırması da türk adəti idi[5,22]. V.V.Bartold, İ.P.Petruşevski, V.F.Minorski kimi görkəmli şərqşünaslar, Jan-Pol Ru, Jan-Lui Bake-Qramon, Anton Jozef Dierl və digər tarixçilər qəti şəkildə Səfəvi sülaləsinin türk mənşəli olması faktını isbat etmişlər[7,31-33]. Əgər Şah İsmayıl kürd nəslindən gəlmişdisə nəyə görə qədim türk inancının bəzi rituallarını hakimiyyəti dövründə icra etmişdi?! Mərv döyüşündən sonra Şibək xanın kəllə sümüyündən qədəh düzəltdirib, bu qədəhdə şərab içməsi qədim türk inancından qaynaqlanan bir adət idi[6,161]. İnsan ruhunun qanda və sümükdə olduğunu düşünən qədim türklər, düşmənin kəllə sümüyünə sahib olmaqla onun ruhuna sahib olacaqlarını düşünürdülər[6,160]. Səfəvi şahlarının miniatürlərdə boz atlı, atının quyruğu düyünlü təsvir edilməsi də türk simvolikasından və inancından doğan bir əlamət idi[6,209; 17,855]. Yuxularında hakimiyyət simvollarını görmələri haqqında rəvayətlər Səfəvi mənbələrində də yer alıb ki, bu da türk inancından doğan bir əlamətdir[5,13,16]. Kiaksar Ninevanı tutmağa gedərkən ordusunda qadınlar apardığı kimi, Şah İsmayıl da Çaldıran düzündə döyüşə 6000 Azərbaycan türk qızını aparmışdı[18,68]. Bu əsnada Osmanlı dövlətində qadınlardan təşkil edilmiş Baciyani-Rum təşkilatı da diqqətdən yayınmamalıdır.Bayraqlarında günəş və aslan təsvirini əks etdirmək, döyüşdən öncə ovla məşğul olmaq, aslan, pələng, ayı ovlamaq, təqvim illərində 12 heyvanlı türk təqvimindən istifadə etmək, hökmdar taxtını tut ağacaından hazırlamaq türklərə məxsus adətlərdir ki, Səfəvi sülaləsinin nümayəndələri hakimiyyətləri zamanı bu adətləri icra etmişlər[6,222,265].

Türk dünyasının son fatehi Nadir şahın dini islahatlarını, mollaları sıxışdırmasını, dövləti yenidən birləşdirib, qüvvətləndirməsini M.Ə.Rəsulzadə rəğbətlə təsvir etmişdir. Xüsusən türk dünyasında dini ayrı-seçkiliyin aradan götürülməsi naminə atdığı addımlara və Rusiyanı Qafqazdan qova bildiyinə görə Nadir şaha xüsusi rəğbət bəsləmişdir[12,57; 14,55].

M.Ə.Rəsulzadə çətin həyat yaşasa da, mühacirətdə olduğu illərdə belə çarəsizlik göstərməmiş Azərbaycanın tarixi həqiqətlərini dünaya çatdırmaq naminə müxtəlif dillərdə məqalələr yazmışdır. Bütöv Azərbaycana gedən yolda M.Ə.Rəsulzadə, N.Yusifbəyli, N.Şeyxzamanlı, F.Xoyski və s. şəxsiyyətlərimiz Azərbaycan gəncliyi üçün ən yaxşı örnəkdir. M.Ə.Rəsulzadə irsini öyrənmək, bu ideyaları yaşatmaq, tariximizə sahiblənmək hər bir Azərbaycan gəncinin vəzifəsidir.

 

Ədəbiyyat siyahısı

  1. Azərbaycan tarixi. Mehman Abdullayevin redaktəsi ilə. Bakı: “Bakı Universiteti” nəşriyyatı, 2014, 380 s.
  2. Bayramlı C. Babək və Hürrəmilik (yalanlar və gerçəklər). Bakı: Elm və Təhsil, 2014, 440 s.
  3. Bayramlı Z. Azərbaycan Səfəvi dövlətinin quruluşu və idarə olunmasında Türk Qızılbaş əyanlarının rolu. Bakı: “Avropa”, 2015, 348 s.
  4. Əliyarlı S. Məhəmməd Əmin Rəsulzadə və tarix. // Məhəmməd Əmin Rəsulzadə və ictimai-siyasi ideallar: M.Ə.Rəsulzadənin 120 illiyinə həsr edilmiş elmi konfransın materialları, 28 yanvar 2014-cü il. Bakı: Xəzər Universiteti Nəşriyyatı, 2014, s. 46-60.
  5. Gündüz T. Son Kızılbaş Şah İsmail. İstanbul: Yeditepe yayınevi, 2014, 175 s.
  6. Nəcəf Ə.N. İnanc Yaddaşı(köklər və tarixlər). Bakı: “Qanun Nəşriyyatı”, 2014, 352 s.
  7. Nəcəfli T. Səfəvi-Osmanlı münasibətləri. Bakı: “Turxan NPB”, 2014, 516 s.
  8. Rəsulzadə M.Ə. Azərbaycan Cümhuriyyəti. Bakı: Elm, 1990, 116 s.
  9. Rəsulzadə M.Ə. Azərbaycan şairi Nizami. Bakı: Təknur, 2011, 520 s.
  10. Rəsulzadə M.Ə. Bakı və Azərbaycan tarixinə dair əsərlər (1918-1919). Bakı: Qanun, 2013, 160 s.
  11. Rəsulzadə M.Ə. Bir türk milliyətçisinin Stalinlə ixtilal xatirələri. Bakı: Qanun, 2010, 132 s.
  12. Rəsulzadə M.Ə. Bolşeviklərin Şərq siyasəti. Bakı: Sabah, 1994, 134 s.
  13. Rəsulzadə M.Ə. Əsrimizin Siyavuşu, Çağdaş Azərbaycan ədəbiyyatı, Çağdaş Azərbaycan tarixi. Bakı: Gənclik, 1991, 112 s.
  14. Rəsulzadə M.Ə. İran türkləri. Bakı: Təknur, 2013, 100 s.
  15. Tuncay B. Azərbaycan İmperatorluğu. Azərbaycanın dövlətçilik tarixinə yeni konseptual yanaşma. Bakı: 2012, 327 s.
  16. Tuncay B. Azərbaycan türklərinin islamaqədərki dili və ədəbiy¬yati (şifahi və yazili ədəbi nümunələr əsasında), Bakı, Elm və təhsil, 2015, 288 səh.
  17. Türkler. Orta çağ. 21-ciltte, 6-cı cilt. Ankara, Yeni Türkiye Yayınları, 2002, 1654 s.
  18. Zehtabi. M.T. İran türklerinin eski tarihi. İstanbul: IQ Kültür Sanat Yayıncılık, 2010, 272 s.

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın