Şənbə , Aprel 20 2024
azfa

Qərb dövlətləri və Rusiyanın Osmanlı dövlətinin şərqində və Azərbaycan ərazisində erməni dövləti yaratmaq planlarının tarixi kökləri

Son iki yüz ildən Azərbaycanla Türkiyə ərazisində ermənilərin türklərə qarşı törətdiyi soyqırım və ümumiyyətlə erməni-xristianların türklərə qarşı ərazi iddiası, Azərbaycan və Türkiyə ərazisi hesabına dənizdən-dənizə “Böyük Ermənistan” xülyasının meydana gəlməsi Qərb dünyası və Rusiyanın bir neçə əsrlik işinin nəticəsidir. Regionda yerli türk-müsəlman əhaliyə qarşı soyqırımı cinayətlərinin törədilməsində böyük dövlətlərin erməniləri təşkilatlandırmaqda məqsədi türk ərazisində erməni dövləti yaratmaqla özlərinə daimi dayaq nöqtəsi qazanmaq idi. Lakin onlar bu prosesə hələ orta əsrlərdən başlamış, müxtəlif yollarla son iki yüz ildə regionda baş verən soyqırım və s. hadisələrə şərait yaratmışlar. Məsələnin kökündə isə Rusiya və Qərb dövlətlərinin Osmanlı dövlətinin güclənməsi, İstanbul (Konstantinopol) və Avropanın bir hissəsini işğal etməsindən təşvişə düşməsi dayanırdı. Həmin dövrdən Qərb dövlətləri və Rusiya planı Osmanlını zəiflətmək, başını şərq ərazilərdə münaqişə ilə qatıb Avropaya hücumunun qarşısını almaq olmuşdur.

Hələ Konstantinopolun fəthindən əvvəl Osmanlı türklərinə qarşı ittifaq qurmaq üçün Avropa ölkələri tərəfindən cəhdlər olmuşdur. Belə ki, “Elxanilərin türklərə qarşı köməyini əldə etmək üçün 1290-cı ildə ilk ingilis nümayəndəsi Ceofrey Dolanqli (Geoffrey de Langly) I Edvard tərəfindən Elxanilərin sarayına göndərilmişdir”. (1, s.2) Təxminən eyni zamanda, yəni “XIII əsrin sonlarında Elxanilərin dini dözümlülüyündən istifadə edərək, dominikan və fransiskan təriqətinin rahiblərindən bir neçəsi Elxanilər dövlətinin şimal hissəsinə gəlmişdir. 1318-ci ildə Sultaniyyə yepiskopluq mərkəzinə çevrilmişdi. Onlar 1350-ci ildə Naxçıvanda yepiskopluq açmışdılar və bir əsr sonra bura, Sultaniyyə tənəzzülə uğradıqdan sonra yepiskopluğun yerləşdiyi əsas mərkəzə çevrilmişdi”. (2, s.182-183) Əmir Teymur Osmanlı dövlətini Ankara ətrafında məğlubiyyətə uğradandan sonra öz qələbəsini Avropa ölkələrinə çatdırmaq üçün 1402-ci ilin iyulunda, məhz Naxçıvana yepiskop təyin edilmiş Yuhansı bir heyətin başçılığında Venesiya, Ceneva, London və Parisə göndərmişdir. Bundan sonra Avropa dövlətlərinin bu coğrafiyaya olan marağı daha da artdı.(3, s.101)

İstanbulun Osmanlı ordusu tərəfindən fəthindən sonra Avropa ölkələri qorxuya düşmüş və nümayəndələrini, onunla birlikdə dini missionerlərini Osmanlının şərqində yerləşən Azərbaycana göndərməyə başlamışdılar. (4, s.28) Bu dövrdən etibarən Avropa dövlətləri Azərbaycanda yaranan türk dövlətləri və Osmanlı dövlətinə qarşı iki qısa və uzun müddətli strateji plan tətbiq etməyə başladılar. Qısa strateji planda Osmanlının şərqində bu dövlətin təhlükəsinin qarşısını almaq üçün Əmir Teymur kimi Osmanlıya şərqdən hücum edə bilən güclü hakimləri axtarmaq, lazım gəldikdə isə avropalılar da həmin tapacaqları hakimlə birlikdə Osmanlının üzərinə hücuma keçməyi” (2, s.185) və beləliklə Osmanlının daha da güclənib Avropaya genişlənməsinin qarşısını almaq oldu. Onlar müxtəlif illərdə mövcud olmuş Azərbaycan dövlətlərinə özlərini dost kimi nümayiş etdirərək, əl altından onları Osmanlı əleyhinə döyüşlərə sövq etməyə çalışmışdılar. (5, s.256) Uzun müddətli Səfəvi – Osmanlı və ondan öncə Ağqoyunlu – Osmanlı müharibələri bunun nəticəsində baş vermişdir. Avropa dövlətləri eyni zamanda Osmanlı dövlətini də Azərbaycan ərazisində yaranan türk dövlətləri ilə müharibəyə sövq edirdilər.

Uzun strateji planda isə Azərbaycan və Türkiyə ərazisinə zaman-zaman köçüb, dağınıq şəkildə yaşayan erməniləri və aysorları təlimatlandırmaq və təşkilatlandırmağı üzərinə götürdülər. Bunun üçün onlar öz nümayəndələri və missionerlərini bölgəyə göndərdilər. Qərb və Rusiyanın Azərbaycan və Türkiyə ərazisinə göndərdiyi nümayəndələr və missionerlərin uzun müddətli fəaliyyəti nəticəsində artıq XX əsrin əvvəllərində ermənilər və aysorlar təşkilatlanaraq türkləri soyqırıma məruz qoymuşlar.

Konstantinopolun Osmanlı dövləti tərəfindən fəthindən sonra Şərqlə bir müddət öncədən ticarət əlaqələri quran Avropa dövlətləri, xüsusilə Venesiya özünə qarşı təhlükə hiss etdi. Onlar qısa müddətli strateji plan çərçivəsində Ağqoyunlu sultanı Uzun Həsənin simasında axtardıqları həmin müttəfiqi tapdılar. (2, s.185) “Qərbdə “türk təhlükəsi”nə qarşı səlib yürüşü təbliğ edən Roma papaları III Kalikst, II Pavel və II Piy Osmanlı Türkiyəsinin Şərqdəki düşmənlərini sultana qarşı qaldırmaq üçün, birinci növbədə, Ağqoyunlularla əlaqə saxlayırdılar”. Nahayət Venesiya Respublikası Uzun Həsəni Osmanlı dövlətinə qarşı müharibəyə sövq etmək üçün tədbirlər görmək qərarına gəlir. Nəticə qənaətbəxş idi. Çünki onlar uzunsürən təbliğatları nəticəsində, Uzun Həsəni osmanlılarla müharibəyə sövq edə bilirlər.

Ağqoyunlulardan sonra Avropa dövlətləri iki türk dövləti olan Osmanlı və Səfəvi dövlətləri arasında ideoloji fərqdən istifadə edib onlar arasında ixtilafı qızışdırdılar. Əslində Avropa ölkələri bu iki türk ölkəsinin bir-biri ilə müharibəyə qızışması üçün əllərindən gələni edirdilər. (2, s.186)

Avropa dövlətləri içərisində “Səfəvi dövlətinin meydana çıxmasına ilk diqqət yetirən Venesiya respublikası və Roma Papası olmuşdur. Hələ 1503-cü ildə yenicə taxta çıxmış Roma Papası II Yuli (1503 – 1513) Almaniya, Fransa, İspaniya, Portuqaliya və Skandinaviyanın feodal dövlətlərinin başçılarına məktubla müraciət edərək, onları Osmanlı dövlətinə qarşı birləşməyə çağırmışdır. Papa öz məktubunda Səfəvi dövlətinin yaranmasını və şah İsmayılın hərbi uğurlarını Allahın xristian dünyası üçün yaratdığı bir fürsət kimi dəyərləndirir və bütün Qərb ölkələrini dərhal bu fürsətdən istifadə etməyə çağırırdı. Venesiya Respublikasına gəlincə, bu ölkə hamıdan öncə Səfəvilərlə əlaqə qurmuşdu və İsmayılın hərbi uğurlarını diqqətlə izləyirdi”. (6, s.130) Osmanlı dövlətinin qələbə çalması xristian dünyası üçün o qədər təhlükəli idi ki, hətta osmanlıların Çaldırandakı qələbəsini ağır bədbəxtlik hesab etmişdilər.

Avropa missionerlərinin Azərbaycana soxulmaq cəhdləri sonrakı Səfəvi şahlarının dövründə də davam etmişdir. 1598-ci ilin noyabrında ingilis Ser Antoni Şerlinin başçılığı ilə bir heyət Səfəvi dövlətinə səfər etmişdir. Bu heyəti Erl Eskes Səfəvi sarayına göndərmişdi ki, osmanlılara qarşı Səfəvi dövlətini xristian dövlətləri ilə ittifaqa sövq etsin. Şah Antonini hörmət və ehtiramla öz sarayında qəbul etmişdir. (7, s.52) 1629-cu ildə I Şah Abbasın ölümündən sonra dövlətdə tənəzzül başlasa da, bunun Qərblə münasibətlərə heç bir mənfi təsiri olmadı. Xüsusilə missioner fəaliyyətləri davam edirdi. Ümumiyyətlə, XVII əsrdə bir qrup katolik missionerlər ermənilərdən istifadə etməyə çalışırdılar. Onlar Şah Abbas zamanından İranda qalırdılar. (2, s.206) Lakin XVIII əsrdə Səfəvilərin ərazisində missionerlərin fəaliyyətinə ermənilər qəti şəkildə etiraz edirdilər. Çünki ermənilər katolik məzhəbinin onların arasında yayılmasını qəbul etmək istəmirdilər. “Katolik missionerləri müsəlmanları xristianlaşdırmaq sahəsində heç bir əhəmiyyətli iş apara bilmədiklərindən vaxt və enerjilərinin əsas hissəsini qriqoryan məzhəbli ermənilərə həsr edirdilər. Onlar bu sahədə nəzərə çarpacaq müvəffəqiyyətə nail olurdular. Odur ki, bu iki məzhəb nümayəndələri arasında münasibətlər kəskinləşirdi”. (8, s.337)

Artıq bu dövrdə ermənilər onlara siyasi cəhətdən istiqamət verə biləcək tərəfi müəyyənləşdirməyə çalışırdılar. Erməni kilsəsi bu məqsədlə dəfələrlə Avropa və Rusiya saraylarının qapısını döymüş və onları “məzlum erməni” xalqına yardım etmək üçün dilə tutmuşdur. 1699-cu ildə erməni İsrail Oriyə Rusiya və Avropa ölkələri ilə danışıqlar aparmaq tapşırılır. Kilsə ona köməkçi olaraq Minosa Vardapeti təyin edir. Avropada olan Ori Avstriya imperatoru və Florensiya kralı ilə görüşüb, erməni dövləti qurmaq planları barədə danışıqlar aparır. 1701-ci ildə Rusiyada I Pyotrla görüşür və planları barədə ona məlumat verir. (9, s.21-22) Təbii ki, I Pyotr ermənilərin təklifini yaxşı qarşılamışdır. Onun 1724-cü il ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi haqqındakı fərmanı buna bariz nümunədir. I Pyotr Rusiyanın imperiya siyasətinə canla-başla xidmət etməyə hazır olan ermənilərdən istifadə etməyə başlamışdır.(10, s.9) Rusiyanın Pyotr zamanından başlanmış erməni siyasəti sonralar II Yekaterina tərəfindən də davam etdirilmişdir. 1769-cu ildə katolikos Hovsep Arturyan Rusiyaya müraciət edərək Osmanlı və İran torpaqları ilə Rusiya arasında Ararat dövləti qurulması təklifini irəli sürmüşdür. (11, s.150) II Yekaterina ermənilərin təklifləri ilə çox maraqlansa da, Azərbaycanı işğal etmək üçün erməni dövlətini Azərbaycanın daxilində qurmaq o dövr üçün daha aktual idi. “Çar Rusiyası hələ XVIII əsrin 80-ci illərində Qarabağda erməni dövləti yaratmağa çalışırdı. Hətta bu planı həyata keçirmək üçün II Yekaterina (1762 – 1796) 1783-cü il aprelin 6-da göstəriş də vermişdi. İmperatriçanın göstərişində qeyd olunurdu ki, İbrahim xanı devirməli və Qarabağda müstəqil erməni dövləti təsis etməli”. (12, s.28)

Səfəvilərin süqutundan sonra da Avropa dövlətlərinin missioner təşkilatları və xarici nümayəndələri müəyyən dərəcədə öz fəaliyyətini davam etdirmişdilər. Səfəvilər dövründə avropalılar, eləcə də onların casusları və missionerləri Azərbaycanda o qədər dərin kök salmışdılar ki, sonrakı dövrlərdə də onların işlərinin mənfi təsirləri müşahidə edilmişdir. (4, s.56) Nadir şah dövründə isə Avropa missionerlərinin Azərbaycanda fəaliyyəti müəyyən dərəcədə zəiflədi. Lakin Zənd dövlətinin yaranmasından sonra yenə bir sıra Avropa ölkələri missioner təşkilatlarının Cənubi Azərbaycan və indiki İran ərazisində öz fəaliyyətini bərpa və gücləndirmək uğrunda səylərini gücləndirdi, hətta bu məsələ ilə bağlı bir sıra Avropa ölkələri ilə Zənd dövləti arasında müqavilələr də mövcuddur. Xüsusilə, Kərim xan Zəndin və Əlimurad xan Zəndin xarici missioner təşkilatlarının Cənubi Azərbaycan və İranda fəaliyyətinə dair fərmanları da mövcuddur. (13, s.22)

Artıq XIX əsrin əvvələrindən xarici missionerlərin fəaliyyəti, yenidən ermənilərin üzərində cəmləşdi. Azərbaycanda, Şərqi Anadoluda erməni-xristian dövlətinin yaradılması ideyası Qərb və Rusiyanın xarici siyasət xəttində daha da aktuallaşmağa başladı. Ermənilərin qızışdırılması və səfərbər edilməsində isə Rusiya və Qərb dövlətlərinin missioner təşkilat və nümayəndəliklərinin böyük rolu olmuşdur. Bir sözlə regionda baş verən fəlakət Rusiyanın regiona ayağının açılması və onun ardınca missioner təşkilatlarının gəlməsi ilə başlamışdır. “Rusiya erməni məsələsini 1816-cı ildə Moskvada “Erməni Şərq Dilləri İnstitutu quraraq, daha sistemli bir səkildə həyata keçirməyə başlamışdır”. (14, s.3)  Rusiya və xristian təəssübü çəkən imperialist Qərb dövlətləri, o cümlədən İngiltərə, Fransa və ABŞ-ın nümayəndələri, eləcə də onlara bağlı olan missioner təşkilatlarının köməyi ilə müsəlman türk dövlətlərinin, xüsusilə Osmanlı dövlətinin qonşuluğunda həm də özlərinə dayaq yeri kimi xristian dövlətinin qurulması üçün erməni və aysorları təşkilatlandırmağı nəzərdən keçirirdilər. Qacar dövründə xarici missioner təşkilatlarının Cənubi Azərbaycanda fəaliyyətləri xüsusilə geniş vüsət almışdır. Onlar hələ XIX yüzilliyin birinci yarısında Rusiyanın Azərbaycanı ikiyə parçalamasından sonra, Cənubi Azərbaycanın qərb bölgəsinə, Urmiyaya dini missionerlərini göndərib, din pərdəsi altında dini və etnik azlıq olaraq bəzi kəndlərdə yaşayan erməni və aysorları təşkilatlandırmağa başladılar. Təsadüfi deyil ki, “Ermənilərin tarixdəki dəhşətə səbəb olan bütün basqın və üsyanlarının əksəriyyəti missionerlərlə birlikdə təşkil olunurdu”. (15, s.29)

Missioner təşkilatlarının XIX əsrdəki fəaliyyəti isə əsasən Şərqi Anadolu və Cənubi Azərbaycanın qərb bölgəsi üzərində cəmlənmişdir. Bu məqsədlə missionerlər tərəfindən təlimatlandırılan “ermənilər Osmanlı dövləti və Rusiyanın müxtəlif bölgələrindən Cənubi Azərbaycanın Salmas, Urmiya və Xoy bölgələrinə daxil olub, Azərbaycanda az sayda yaşayan xristianlarla qarışmağa çalışırdılar. Onlar gəlişinin ilk vaxtlarında Qacar dövlət məmurlarını aldadaraq bu ərazidə mövcud olmuş yerli-türk xristianlarına (albanlar) aid məbəd və kilsələri bərpa edib, onlarda ermənicə bəzi yazılar həkk edərək, mənimsəməyə çalışırdılar. Mühacir ermənilər missionerlərin göstərişi ilə böyük və düz qəbir daşları yonub və böyük qəbiristanlıqlar salırdılar.” (16, s.282)

Xarici missionerlərin Cənubi Azərbaycanın qərb bölgəsində fəaliyyəti daha öncəki əsrlərə qayıtsa da, XX əsrin əvvəlində onların fəaliyyəti daha da gücləndi. Artıq onların uzun müddətli fəaliyyəti nəticəsində XIX əsrin sonları və XX əsrdən ermənilər və aysorlar yerli azərbaycanlı əhaliyə qarşı düşmən mövqe tutdular. Eyni zamanda missionerlərin təlimatı nəticəsində regionda az sayda dağınıq şəkildə yaşayan ermənilər və aysorlara Azərbaycan ərazisində özlərinə dövlət qurmaq ideyası aşılanmışdı. Onların kadr hazırlığı və təşkilatlanması məsələsi də xarici missionerlər, eləcə də çar Rusiyası və Qərb dövlətlərin nümayəndəlikləri tərəfindən güclü şəkildə davam etdirilməkdə idi. Beləliklə, erməni məsələsi XIX əsrin sonlarında ermənilərin Türkiyənin altı şərq vilayətində, Rusiya imperiyasının Cənubi Qafqaz ərazisində və İranda dövlət qurmaq cəhdlərindən sonra başladı. (17, s.25) Bunun da nəticəsində 1918-ci ildə Cənubi Azərbaycanda, eyni zamanda Arazdan şimalda yerləşən Azərbaycan ərazilərində və Şərqi Anadoluda yüz minlərlə günahsız türk-müsəlman əhali ermənilər tərəfindən soyqırıma məruz qaldı.

Missioner təşkilatları ilə yanaşı Rusiya və bəzi Qərb dövlətlərinin də ermənilərin regionda müsəlman-türk əhaliyə qarşı soyqırım törətməkdə təşkilatlandırıcı və himayəedici rolları xüsusi qeyd edilməlidir. Belə ki, ermənilər XIX əsrin 80-ci illərindən başlayaraq 1917-ci illərin sonlarına qədər məhz dünyanın ən iri dövlətləri – İngiltərə, Fransa, ABŞ və Rusiyaya arxalanaraq, Türkiyənin tarixi ərazisində Erməni dövləti yaratmaq üçün hər cür vasitələrdən istifadə edib, türklərə qarşı kütləvi qırğınlar törətmişdilər. Bu zaman erməni terrorçuları və silahlı quldur dəstələri 100 minlərlə dinc türk əhalisinin qanını axıtmış, onların əmlaklarını qarət etmiş, evlərini yandırmış, kişiləri, qadınları və uşaqları amansızlıqla qətlə yetirmişdilər. Bütün bunların əsas fitva verənləri yuxarıda adları qeyd olunan dövlətlər və erməni şovinistləri idi. Sənədlərdən birində göstərilir ki, daşnakların qəribə bir xüsusiyyətləri vardır. Onlar zənn edirlər ki, tarix yalnız London, Petroqrad və Nyu-Yorkda yazılır. (18, s.30-31) Ermənilərin törətdikləri hadisələri tək həyata keçirmədiklərini missionerlərin özləri də etiraf edirdi. Belə ki, xristianları təhrik edənlərdən və hətta müsəlman azərbaycanlılara qarşı silahlandıranlardan biri olan çar Rusiyasının Urmiyadakı konsulu B.Nikitin Qərb missionerlərinin Urmiyada düşmənçilik toxumu səpmələri ilə bağlı yazırdı: “Missionerlərin fəaliyyətinin şahidi idim. Keşiş öz əməl və davranışında fədakarlıq göstərməli, Şərq ölkələrində dağınıq şəkildə yaşayan xristianların əxlaq səviyyəsini yüksək tutmalıdır. Bunların zahirən gördükləri işlər bu olmalıdır. Lakin, təəssüflə etiraf etməliyəm ki, burada keşişlər üzərinə düşən vəzifənin əksinə hərəkət edir, vicdan və ədalətdən uzaq əməllərdə konsulun da onları himayə etməsini tələb edirdilər. Himayələri altına aldıqları şəxslərdən qoşun dəstələri təşkil edirdilər. Əlbəttə, dinlə siyasəti qarışdırmaq xoş nəticə ilə sonuclanmır. Mən təsdiq edirəm ki, bu keşişlər davamlı olaraq müsəlmanlarla xristianlar arasında çox dərin xəndək qazır və xristianlara fərq qoyurdular”. (19, s.218)

Əslində Qərb dövlətlərinin, Rusiyanın və onların missionerinin fəaliyyətindən öncə hər zaman ermənilər türklərin himayəsində yaşayıblar. Hətta 1453-cü ildə Konstantinopolu fəth edərək burada teokratik erməni icması yaratmaq haqqında göstəriş vermiş türklər, ermənilərin yüksək dövlət vəzifələrində olmalarına imkan vermişlər. (20, s.381) Yəni əslində “Osmanlı Dövlətinin ilk dönəmlərində ermənilərin dövlət yönətimi ilə bağlı heç bir probleminin olmadığı görülürkən, XIX əsrin ortalarında xarici dövlətlərin zəifləmiş Osmanlı dövlətinə qarşı sürdürdükləri siyasətin bir parçası olduqlarını görməkdəyik”. (21, s.163) Ermənilər hər zaman türk dövlətlərinin idarəsində rahat həyat sürmüşlər. Tarixi reallığı öz əsərində qeyd edən erməni tədqiqatçısı Levon Dabeqyan yazırdı: “Ermənilər öz milli kimliklərinə görə Osmanlı türklərinə borcludurlar. Əgər onlar Bizans və ya digər Avropa xalqları arasında yaşasaydılar, erməni adlarına ancaq tarix kitablarında rast gələrdik”. (22, s.12)

Osmanlı dövlətinin dövründə ermənilərin yüksək vəzifələr tutması tarixi sənədlərdən məlumdur. Çox vaxt xarici işlər və maliyyə nazirlikləri kimi mühüm nazirliklər onlara tapşırılırdı. Ümumiyyətlə, Osmanlı dövləti zamanında yüksək vəzifələrdə erməni mənşəli 29 paşa, 22 nazir, 33 millət vəkili, 7 səfir, 11 baş konsul təmsil olunmuşdur. (23, s.10) Eyni zamanda ermənilər Osmanlının iqtisadi həyatında da üstünlük təşkil edirdilər. Əslində isə ermənilər yüz illərlə dostcasına və hətta himayəsində yaşadıqları türkləri qırmaq üçün vasitə və alət olmuşlar. Zahirən erməni-türk davası kimi görünən bu hadisələrin arxasında Qərb və Rusiya dayanmış, əsl səbəbkar da məhz onlardırlar. Doğrudur, bu hadisələrin baş verməsində vasitəyə çevrilən erməniləri günahsız hesab etmək olmaz. Çünki, onlar vasitəyə çevrilməzdilərsə, təbii ki, heç zaman soyqırımı da baş verməzdi. Bir sözlə, ermənilərin onları himayə edən müsəlmanlarla müharibə etməyə heç bir əsasları və bəhanələri də yox idi. Çünki, K.Marksın yazdığı kimi “xristianlar Türkiyədə Avstriya və Rusiyadan daha çox dini azadlıqlara malik idilər”. (24, s.51)

Azərbaycanın şimalı və cənubunda da onların azadlıqları kifayət qədər çox idi və ermənilərin düşmənçiliyə heç bir əsası yox idi. Ona görə də, məhz missioner təşkilatların yüz illərlə təbliğat və düşmənçilik toxumu əkməsi sonda belə dəhşətli hadisələrin baş verməsinə səbəb olmuşdur.

Rusiyanın və Qərb dövlətlərinin təhriki, təşkilatlandırması və himayəsi nəticəsində əsasən köçüb gəlmə olan erməni və aysorlar əzəli Azərbaycan ərazisində özlərinə dövlət qurmaq üçün yerli azərbaycanlıları Urmiya və Salmas bölgəsində soyqırıma məruz qoydular. Nəticədə isə, 6 ay kütləvi soyqırım davam etdikdən sonra 1918-ci ilin ilk yarısında 200 min azərbaycanlı vəhşicəsinə soyqırıma məruz qaldı. Əlbəttə Şərqi Anadolu və Arazın şimalındakı Azərbaycan ərazilərində ermənilər tərəfindən soyqırıma məruz qalan türkləri də bura əlavə etsək soyqırımın qurbanlarının sayı qat-qat artar.

İstifadə edilən ədəbiyyat siyahısı

  1. دنیس رایت (سفیر پیشین انگلیس در ایران)، نقش انگلیس در ایران، ترجمه: فرامرز فرامرزی، تهران، انتشارات فرخی، 1361، 332 ص.
  2. تاریخ ایران- دوره صفویان، پژوهشی از دانشگاه کمبریج، مترجم: دکتر یعقوب آژند، تهران، انتشارات جامی چاپ دوم 1384، 710 ص.
  3. راجر سیوری، ایران عصر صفوی، ترجمه کامبیز عزیزی، تهران، نشر مرکز، 1384، 290 ص.
  4. رسول داغسر، “500 سال چالدران” یا “پیوند ایران و ترکیه در مسئله شرق”، تبریز، انتشارات نباتی، 175 ص
  5. Səfəri H. Britaniyanın türk birliyinə qarşı uydurmalar yolu ilə fars dövlətçiliyini formalaşdırması / Masonlar toplusu – II kitab. Bakı: Turxan NPB, 2014, 255-272
  6. Махмудов Я. Взаимоотношения государств Аккоюнлу и Сэфэвидов с западноевропейскими странами. Баку: Издательтсво Бакинского Университета, 1991, 262 с.
  7. سفرنامه برادران شرلی، ترجمه، آوانس، تهران، انتشارات به دید، چاپ دوم، 1378، 212
  8. Dadaşova R.İ. Səfəvilərin son dövrü. Bakı: Nurlan, 2003, 393 s.
  9. Məmmədzadə M.B. Milli Azərbaycan hərəkatı. Bakı: Nicat, 1992, 246 s.
  10. Zülfüqarlı M. Şamaxı soyqırımı – 1918. Bakı: Avcya, 2011, 78 s.
  11. Koçaş M.S. Tarixdə ermənilər və türk-erməni münasibətləri. Bakı: Azərbaycan Ensiklopediyası Nəşriyyat Poliqrafiya Birliyi, 1998, 158 s.
  12. Boran Ə. Xocalı soyqırımı. Bakı: Azərnəşr, 2008, 223 s.
  13. فرمان کریمخان زند، درباره آزادی مسیحیان در ممالک محروسه، تحریرا فی شهر شوال المکرم سنه 1117، سند شماره 22 ، موضوع: در باره آزادي مسيحيان در ممالك محروسه. اسنادي از روابط ايران با منطقه قفقاز، تاليف دايره اداره انتشار اسناد- تهران، وزارت امور خارجه، موسسه چاپ و انتشارات، چاپ اول، ١٣٧٢ و

www. https://az.wikipedia.org/wiki/%C5%9E%C9%99kil:KerimXan1.jpg

  1. Osmanlı belgelerinde Ermeniler (1915 – 1920). T.C. Başbakanlık, Devlet Arşivleri Genel Müdürlüğü, Osmanlı Arşivi Daire Başkanlığı. Ankara: Yayın Nu: 14,1995, 274 s.
  2. Mc Carthy J. The Armenıan “genocide” Facts & Figures. Ankara: Center for Strategic Research, 2007, 40 p.
  3. توحید ملیکزاده، تاریخ ده هزار ساله سلماس، و غرب آذربایجان، تبریز، 1384، تبریز، انتشارات الدار، 700 ص.
  4. Маммадов И.М., Мусаев Т.Ф., Армяно-азербайджанский конфликт: история, право, посредничество, Баку: 2008,   196 c.
  5. Məmmədzadə M.B. Ermənilər və İran. İstanbul: Nəcm İstiqbal Mətbəəsi, 1927, 40 s.
  6. نیکتین ب. ایرانی که من شناخته ام، ترجمه و نگارش فره وشی، نشر معرفت، تهران 1941 م. 235 ص.
  7. Əhmədova F. “Türk-müsəlman əhali beynəlxalq və regional maraqlar qarşıdurmasında(1918-ci il)”, / Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920-ci illər) II beynəlxalq elmi konfransın materialları, Bakı, AMEA, Tarix İnstitutu, 2015, 381-385
  8. Karahisarlı A. Ermeni tehciri meselesi // “Turan” Stratejik Araştırmalar Merkezi Uluslararası Bilimsəl Hakemlik Mevsimi Dergi. Konya: yıl 1, sayı 2, ilk bahar 2009, s. 226
  9. Иманов К. Армянсюiе инородные сказюi. Баку: Тиmграфия INDIGO, 2008, 328 с.
  10. Halaçoğlu Y. Sürgünden soyıkırıma ermeni iddiaları. Babiali Kültür Yayıncılığı, İstanbul: Mapsan Matbaacılık, 2008, 126 s.
  11. محمد پرینچک، یکصد سند، مسئله ارمنی در آرشیوهای دولتی روسیه، ترجمه: دکتر محمد اسد فانید، تبریز، انتشارات ندای شمس، چاپ اول 1390، 328 ص.

 

Tarix üzrə fəlsəfə doktoru Həsən Səfəri

Həmçinin yoxlayın

Türkiyə Azərbaycan və Ermənistan arasındakı anlaşmanı alqışladı

GADTB: Türkiyə Azərbaycan və Ermənistan arasındakı 4 kəndin qaytarılmasına dair anlaşmanı alqışlayıb. Türkiyə Xarici İşlər …

Molla rejimi həbs etdiyi Kərim İsmayılzadəyə dərmanlarının çatdırılmasına mane olub

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Kərim Bokserin dərmanlarının zindanda ona …

Bir cavab yazın