Şənbə , Aprel 20 2024
azfa

Qoşulmama Hərəkatına sədrlik Azərbaycana keçdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qoşulmama Hərəkatına sədrlik Azərbaycana keçib. Azərbaycan 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcək.

Bu gün Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşündə Azərbaycan Prezidenti İlham Əliyev deyib  ki, “Qoşulmama Hərəkatı bəşəri dəyərlərin təbliğinə xidmət edir və bütün ölkələrin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə sadiqliyini nümayiş etdirir”.

Görüş iştirakçılarını salamlayan Prezident İlham Əliyev qeyd edib ki, Qoşulmama Hərəkatı özündə 120 ölkəni birləşdirməklə, BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatdır: “Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatına üzv qəbul olunub. Qoşulmama Hərəkatında olduğu qısa müddət ərzində ölkəmiz beynəlxalq hüququn norma və prinsiplərini qətiyyətlə müdafiə etməkdə böyük nüfuz qazanıb. Hərəkata üzv ölkələrin dövlət və hökumət başçılarının 2016-cı ildə keçirilmiş XVII Zirvə görüşündə növbəti Sammitin Bakı şəhərində keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul edilib. Bu, ölkəmizə göstərilən hörmətin, inamın və etimadın təzahürüdür”.

Azərbaycan Prezidenti 2016-2019-cu illərdə Qoşulmama Hərəkatına sədrlik etdiyinə görə Venesuela Bolivar Respublikasına təşəkkür edib.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi zamanı öz prioritetlərini və fəaliyyətini tarixi Bandunq Prinsipləri üzərində quracaq: “Bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmama, qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqi kimi prinsipləri ehtiva edən Bandunq Prinsipləri Azərbaycanın xarici siyasətinin təməl prinsipləri ilə üst-üstə düşür. Biz beynəlxalq hüququn norma və prinsiplərinə hamılıqla əməl olunması üçün səylərimizi artırmalıyıq. Bu baxımdan BMT-nin fəaliyyətində islahatlara böyük ehtiyac duyulur. Sərhədlərin güc yolu ilə dəyişdirilməsi, gücdən istifadə olunmaqla ölkələrin ərazi bütövlüyünün pozulması, daxili işlərə müdaxilə yolverilməzdir”.

Dövlət başçısı bildirib ki, Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi dövründə digər təsisatlarla dialoqun qurulması və inkişaf etdirilməsi, əməkdaşlığın coğrafiyasının genişləndirilməsi üçün səylər göstərəcək: “Qoşulmama Hərəkatına üzv ölkələrin əksəriyyəti inkişaf etməkdə olan ölkələr olduğundan Qoşulmama Hərəkatı çərçivəsində iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsi çox mühümdür. Bu mənada keçən ay Azərbaycanın “77-lər qrupu”na qoşulması sosial-iqtisadi sahədə beynəlxalq miqyasda səylərimizi daha da artırmağa imkan verir. Dövlətlərin maraqlarının BMT çərçivəsində birgə səylərlə müdafiə olunması xüsusi əhəmiyyət kəsb edir. Ən az inkişaf etmiş, dənizə çıxışı olmayan, kiçik ada ölkələrinin üzləşdiyi təhdidlərə xüsusi diqqət yetirilməlidir. Azərbaycan 2005-ci ildən etibarən 90-dan çox ölkəyə humanitar və texniki yardımlar göstərib. Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi müxtəlif ölkələrdə yoxsulluğun azaldılması, elm, mədəniyyət, səhiyyə, informasiya texnologiyalarını inkişafı, su resurslarından səmərəli istifadə olunması, qrant proqramları və digər sahələrdə layihələr həyata keçirir. Azərbaycan 2018-ci ildən etibarən Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına ölkəmizin ali məktəblərində təhsil almaq məqsədi ilə tam ödənişli təqaüdlər verir. Bu gün 31 üzv dövlətdən 37 gənc bu proqramdan faydalanır”.

Prezident diqqətə çatdırıb ki, Azərbaycanda gənclər siyasəti prioritet sahə kimi müəyyən edilib: “Azərbaycan gəncləri milli ruhda, ənənəvi dəyərlərlə, Vətənə bağlı və vətənpərvər ruhda tərbiyə alır. Ona görədir ki, Qoşulmama Hərəkatı tarixində ilk dəfə gənclər sammitinin keçirilməsi təşəbbüsü ilə çıxış etmişik. Hazırkı Zirvə Görüşü ərəfəsində keçirilmiş Gənclər Sammitində 40 dövlətdən ölkəmizə gəlmiş gənclər iştirak ediblər”.

Dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də danışıb: “Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağ və ətraf 7 rayon – ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən 20 faizi Ermənistanın işğalı altındadır. Ermənistan azərbaycanlılara qarış etnik təmizləmə siyasəti aparıb, nəticədə 1 milyondan artıq azərbaycanlı qaçqın və köçkün vəziyyətinə düşüb. O vaxt Azərbaycan əhalisi 8 milyon nəfər idi və qaçqın və məcburi köçkünlərin adambaşına düşən sayına görə ölkəmiz dünyada ilk yerləri tuturdu. Ermənistan azərbaycanlılara qarşı Xocalı soyqırımını törədib. Xocalı soyqırımı nəticəsində 613 günahsız insan, o cümlədən 106 qadın və 63 uşaq yalnız azərbaycanlı olduqlarına görə vəhşicəsinə qətlə yetirilib, mindən çox insan itkin düşüb. Xocalı soyqırımı dünyanın 10-dan çox ölkəsi tərəfindən tanınıb”.

Prezident İlham Əliyev bildirib ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 4 qətnamədə Ermənistan qoşunlarının tam və qeyd-şərtsiz Azərbaycan ərazisindən çıxarılması tələb olunub: “Təəssüf ki, həmin qətnamələr həyata keçirilməyib. Bəzən Təhlükəsizlik Şurasının qətnamələri bir neçə günün içərisində icra edilir, bəzən isə Azərbaycanın üzləşdiyi münaqişəyə münasibətdə olduğu kimi, 26 ildir, kağız üzərində qalır. Bu ikili standartlar siyasətinə son qoyulmalıdır”.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın