Quzey Azərbaycanda 5 cildlik “Türk dünyası” kitabının təqdimatı keçirildi – Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən dekabr ayının 7-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun Elmi Şurasının genişləndirilmiş iclasında bu elmi müəssisənin 2018-ci ildəki nəşrlərinin və Azərbaycan Milli Məclisinin deputatı Cavanşir Feyziyevin 5 cildlik “Türk dünyası” kitabının təqdimatı keçirilib.

İclasda Azərbaycanın Tarix İnstitutunun 2018-ci ildə gördüyü işlər barədə məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyev AMEA-nın Tarix İnstitutunu “ölkəmizdə tarix üzrə araşdırmaların mərkəzi” adlandırmaqla institut əməkdaşlarının tədqiqat işlərinə çox yüksək qiymət verib.

İnstitutun direktoru, akademik Yaqub Mahmudov elmi müəssisənin Türkiyə, Rusiya, Qazaxıstan, Ukrayna, Çin, Bolqarıstan, Albaniya, Polşa və digər ölkələrin elmi qurumları ilə əməkdaşlıq etdiyini deyib: “Son illərdə instituta Paris, London, Berlin, Dehli, Moskva, Sankt-Peterburq, İstanbul, Ankara və digər yerlərdən on minlərlə arxiv sənədləri gətirilib. Bu günlərdə Polşanın Varşava Universitetində Azərbaycanşünaslıq Mərkəzi açılıb”.

İclasda qeyd olunub ki, Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” və “2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında” sərəncamlarına uyğun olaraq, Tarix İnstitutu Bakıda və bölgələrdə beynəlxalq və respublika səviyyəli elmi konfranslar təşkil edib. İnstitut əməkdaşları Moskva, Roma, Paris və Berlində Cümhuriyyətə həsr olunmuş tədbirlərdə iştirak ediblər.

Yaqub Mahmudov qeyd edib ki, dövlətimizin başçısının təşəbbüsü ilə hər il Azərbaycanda dünya tarixçilərinin beynəlxalq soyqırımı konfransları keçirilir. İnstitutda Azərbaycan xalqına qarşı soyqırımları tarixini araşdıran ayrıca şöbə fəaliyyət göstərir. Prezident İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamına uyğun olaraq bu il institut Qusar şəhərində “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda V beynəlxalq elmi konfrans təşkil edib.

İclasda bildirilib ki, 2018-ci ildə Tarix İnstitutunda 37 adda yeni kitab çap olunub. Bu il “Saxtakarların yalançı elmi, yaxud ermənisayağı “tarix” (ingiliscə), “1918-1920-ci illərdə Azərbaycanın türk-müsəlman əhalisinin soyqırımı” (ingilis və rus dillərində), “Real tarix və “Böyük Ermənistan” uydurması” (gürcü dilində), “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” (türkcə), “Azərbaycan Xalq Cümhuriyyəti xadimlərinin dövlətçilik fəaliyyətinin Tiflis dövrü”, “Azərbaycan Xalq Cümhuriyyətinin tarixi Hindistan Milli Arxivinin sənədlərində” (rusca), İrəvan xanlığının tarixinə dair 4 adda broşür (erməni və fars dillərində) və digər kitablar nəşr olunub.

Tədbirdə Cavanşir Feyziyevin “Türk sivilizasiyasının təməl dəyərləri”, “Türk xalqları”, “Türk dövlətçiliyi tarixi”, “Türkşünaslıq” və “Türk dünyasının tarixi şəxsiyyətləri” cildlərindən ibarət “Türk dünyası” kitabı iştirakçılara təqdim olunub.

Qeyd edilib ki, “Türk dünyası” kitabı Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunub. Nəşrin elmi redaktorları akademik Yaqub Mahmudov və professor Fərman İsmayılovdur. Birinci cilddə türk sivilizasiyasının tarixi təkamülü və təməl dəyərləri, türk dilləri ailəsi, ümumtürk tarixi və mədəniyyəti, siyasət və diplomatiyası, türklərin spesifik həyat tərzi, adət-ənənələri, universal-multikulturalist dünyagörüşü və onların müasir dünyadakı mövqeyi haqqında geniş məlumat verilir. İkinci cilddə türk etnocoğrafiyası, əski türk ulusları və boyları, müasir türk xalqları və toplumları, türk diasporu və onun təşkilatlanması problemləri, ümumtürk qurumları və onların inteqrasiya prosesindəki rolundan bəhs olunur. Sonrakı cilddə türklərin dövlətçilik tarixi və genealogiyası, qədim türk dövlətləri və imperiyaları, dövrümüzün müstəqil türk respublikaları və onların əlaqələri, başqa dövlətlərin tərkibindəki muxtar türk respublikaları və vilayətləri haqqında məlumatlar yer alıb. Dördüncü kitabda türkşünaslığın aktual problemləri, türkçülük ideologiyası və onun nümayəndələri, türkçülüyü təhrif edən yanaşma və nəzəriyyələrin tənqidi analitikası, türklərin kimliyinə münasibət, müasir türk dünyasının inkişaf potensialları və perspektivləri haqqında konkret informasiyalar verilir. Sonuncu kitabda isə türk dünyasının görkəmli şəxsiyyətləri və onların dövlətçilik, siyasət, elm, mədəniyyət, ədəbiyyat sahəsindəki xidmətləri sistemləşdirilərək təqdim olunur.

C.Feyziyev çıxışında bildirib ki, türk sivilizasiyası ən qədim zamanlardan müasir dövrümüzədək dünya tarixinə böyük töhfələr verən şəxsiyyətlər və planetin siyasi coğrafiyasını dəyişməyə qadir fatehlər yetişdirib.

AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Gövhər Baxşəliyeva, Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini Cəbi Bəhramov, şöbə müdirləri Kərim Şükürov və Şahin Fazil tariximizlə bağlı aparılan elmi araşdırmalara dair fikirlərini bildirib, təqdim olunan kitabların əhəmiyyətindən bəhs ediblər.

 

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın