Cümə , Aprel 19 2024
azfa

Rejimin müstəmləkə siyasəti Marağada ipək xalça sənətini iflasa uğradıb

GADTB-nin Mətbuat Mərkəzinin  Aznews.tv-a istinadən verdiyi məlumata görə dünya üzrə rəqibsiz ixracat məhsuluna çevrilə bilən belə sənət əsəri məsulların səriştəsizliyi səbəbindən tədricən aradan gedir.

Şərqi Azərbaycanda bir çox ailələrin, xüsusilə, aztəminatlı ailələrin əsas məşğulluq sahəsi və gəlir mənbəyi olan xalçaçılıq artıq az təminatlı ailələri də təmin etmək iqtidarında deyil. Mövcud durumun əsas səbəbi bu sahədə müəyyən bir strateji planın olmamasıdır.

Keçmişdə istehsalçı ilə istehlakçı arasında olan əlaqə zəncirinə xeyli halqalar əlavə olub. Axın artıq məcrasından çıxıb və necə deyərlər “həm satan peşmandır, həm alan”.

Xalçaçılıq sənəti ilə məşğul olan şəxslərdən biri “Təsnim” agentliyə müsahibəsi zamanı bildirir ki, bir çox xalçaçılıq sexinə malik olan Marağa şəhəri ölkə üzrə Qum şəhərindən sonra ən çox kiçik tablo ipək xalça istehsal qütbüdür.

“İkinci yeri tutmağına baxmayaraq, keyfiyyətə görə dünyada birinci yeri tutur. Şəhərdə olan mövcud potensiallardan düzgün istifadə etməklə dünyada ən gözəl xalçaları istehsal etmək mümkündür. Hal-hazırda bizi narahat edən bir neçə çətinliklər var. Onların ən əsası xam malların çatışmazlığı və baha olmasıdır. Məsullar bu barədə tədbirlər görməlidir. Keçmişdə məsul şəxslərin səriştəsizliyi nəticəsində istehsal olunan xalçaların kəmiyyəti xeyli azalıb, bura qədər keyfiyyəti qorumağa çalışmışıq”.

Həmid Hüseynzadə adlı digər bir istehsalçı isə bildirir ki, xalçaçılıq sənətinin üzləşdiyi əsas problemlərin biri xam malların bahalı olmasıdır. “Bu sənətə təkan vermək üçün dövlət bu sahəyə subsidiyalar ayrılmalıdır. Məsul şəxslərin diqqətsizliyi nəticəsində istehsal etdiyimiz xalçaların naxışları xarici ölkədə zavodda istehsal olunan xalçalarda istifadə olunur və qat-qat ucuz qiymətə satılır. Bu, bazarda rəqabəti qat-qat çətinləşdirir”.

Digər bir istehsalçı, Leyla Məhəmmədi isə bildirir ki, bazarda xeyli saylı dəllalların olması bu sahədə olan problemlərdən biridir.

“Xam malları çox baha alır, xeyli zəhmət sərf edirik. Lakin ərsəyə gətirdiyimiz sənət əsərini elə qiymətə bizdən götürürlər ki, xam malın xərci çıxandan sonra zəhmət haqqımız az məbləği təşkil edir. Məsul şəxslər bu sahədə fəaliyyət göstərən sənətçilərə dövlət dəstək göstərməlidir. Bizə dəstək verilsə dünyada hər bir rəqibə qalib gələrik”.

Qeyd edək ki, xalça keçmişdə neftdən sonra ən əsas xarici valyuta gətirən sahə olub. Dövlətin qeyri-düzgün müdaxiləsi, vasitəçilərin arada olması bu sənətdə olan əsas maneələrdəndir. Hamıya məlumdur ki, xalça sənəti üçün tələb olunan xam malların qiyməti bahalıdır. Belə ki, keçmişdə də pullu adamlar kəndlərə gedir, yaxşı xalçaçıları tanıyır, onlara lazım olan xam malları təmin edir, toxunan xalçanın yarı qiymətinə malik olurdu.

Müharibədən sonra dövlət tərəfindən atılan əsas addım 90-cı illərin əvvəllərində başlayıb. Lakin həmişəki kimi məsullar zurnanı gen başından çalmağa başladı. Belə ki, vaxtı ilə sahə üzrə özünü məsul orqan hesab edən “Cihad Sazəndəgi”nin məsul şəxsləri iri kəndlərə yola düşüb və xalçaçılıq kooperativlər yaratdılar. Lakin bu sahədə görülən işlər bununla da qurtardı. Yaranan fürsətdən istifadə edərək xeyli işçilər həmin kooperativlərdə idarə heyəti üzvü və ya direktor seçildi. öz maaşlarından kənar əlavə gəlir əldə etməyə yeni mənbə yaratdılar. Bu addımın sonradan heç bir səmərəsi olmadı çünki sahə ilə elmi tanışlığı olmayan şəxslər sahə üçün plan hazırladı.

Xaric ölkələrdə keçirilən beynəlxalq xalça sərgilərə yolu düşən İran xalçaçılıq sənətin problemini daha yaxşı baş düşər. Belə ki, keçmişdə təkcə İranda istehsal olunan xalça indi bir çox ölkədə istehsal olunur.

Lakin İran xalçaçılığından fərqli olaraq bunlar plansız iş görmür. 90-ci ilin əvvəllərində Təbriz şəhərində keçirilən bir seminarda vaxtı ilə İran Xalçaçılıq İttifaqının sədr müavini olan Məhmudinin dediyinə görə Almaniyada keçirilən bir sərgidə İran 300 kv.m sahədə xalçaları nümayiş etsə də, daha çox alıcı Çinin 12 kv.m lik köşkünə baş çəkib. Çünki, biz xalçanın özünü sərgiyə daşıyıb, orada bir neçə komada üst-üstə qalamışdıq. Bizə gələn müştərilər üçün xalça komalarında olan xalçaları bir-bir qatlamalıyıq ki, müştəri zövqünə uyğunu seçsin. 2-3 xalçadan sonra xalça ağır olduğuna görə bu, artıq mümkün olmur. Çin 12 metrlik köşkündə 2-3 kiçik xalça divara vurub, bir kompüter, bir neçə Alman və ingilis dilini yaxşı bilən işçi qoymuşdur. Həmin yerdə sifariş alır, dərhal sifarişi Çində olan xalçaçılıq sexlərinin işini tənzimləyən sexinə ötürürdü. Sifarişin ilkin ödənişi ödənildikdən sonra xalçanın toxunmasına başlanılır, vəd edilən vaxtdan əvvəl alıcıya çatır. Belə ki, 6 əvvəldən avans formasında ödənişi edilən çin xalçası 6 ay müddətindən hazırlanır və müştəriyə çatdırılırdı. İrana gələndə isə 6 ay əvvəldən xam malın pulu Çinə və ya digər ölkələrə ödənilir, xalçaçının əlinə çatana qədər xeyli əllər görər, hər biri öz payını götürür, qiyməti pik həddə çatandan sonra xalçaçıya çatır. Ardınca 6 – 12 ay içində xalça hazırlanır, hazırlanan xalça satışa çıxarılandan sonra növbəti dəllal ordusu meydana gəlir, bir daha hər biri öz payını götürür, ixracata çıxarılanda artıq necə deyərlər qiymət kasası dolur. İxracata çıxarılandan sonra xarici satış yerlərində satıcılar gözlərini qapıya tikməlidir ki, bir alıcı gəlsin onun zövqünə, evinə və cibinə uyğun olan bir malı tapıb, seçib alsın.

Məsul şəxslərə ən yaxşısı o olar ki, Çinlilər bizdən bu sənəti necə öyrəniblərsə onlar da çinli qardaşlardan ticarəti, strategiyanı, planlaşdırmanı öyrənsin. Yuxarıda qeyd olunan problemlərə rəğmən Azərbaycan xalçaçılarında olan sənət nə çinlidə nə isə hindistanlıda var.

Həmçinin yoxlayın

İsrail İranda bir sıra hədəfləri vurub

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, İsrail İsfahanda İranın nüvə proqramı ilə əlaqəli obyektlərdən, …

Avropa İttifaqı İrana qarşı sanksiyaları genişləndirəcəyini açıqlayıb

GADTB: Avropa İttifaqı (Aİ) İsrailə hücumla əlaqədar İrana qarşı sanksiyaları genişləndirəcəyini açıqlayıb. Bu barədə Aİ …

Bir cavab yazın