Sülh danışıqlarının gedişində və Türkmənçay müqaviləsinin bağlanmasında Böyük Britaniyanın rolu ( Birinci hissə )

GADTB: Qacarlar İranı ilə Rusiya arasında sərhəd xəttinin müəyyənləşdirilməsi ilə bağlı aparılan danışıqların pozulması və iki dövlət arasında hərbi əməliyyatların başlanması İkinci Rusiya-İran müharibəsinə gətirib çıxardı. Hərbi əməliyyatların başlanma tarixi kimi 16 iyun 1826-cı il götürülür. Məhz həmin gün İrəvan sərdarı Hüseynqulu xanın rusları Baş Aparandan çıxarmaq üçün ilk cəhd göstərmişdir. Sərdarın bu uğurlu cəhdi Qacar qoşunlarının hücuma keçməsinə siqnal oldu. Abbas Mirzənin başçılıq etdiyi Qacar ordusu Qarabağa və Gəncəyə doğru irəliləyərək, az bir zamanda Rusiyanın Şimali Azərbaycanda zəbt etdiyi demək olar ki, bütün əraziləri azad etdi. Lakin əlavə yardım almış və mövqelərini möhkəmləndirmiş rus qoşunları əks-hücuma keçdilər. Sentyabrın 3-də Şəmkir yaxınlığında baş vermiş iri döyüşdə Qacarların ordusu ağır məğlubiyyətə uğrayaraq geri çəkildi. 1826-cı il sentyabrın 13-də Gəncə yaxınlığında tərəflər arasında baş vermiş daha bir döyüşdə də Qacarlar ordusu məğlub oldu və bu döyüş müharibənin müqəddəratını həll etdi. Rus qoşunları 1827-ci ilin iyununda Naxçıvanı, iyulunda Abbasabadı, sentyabrında Sərdarabadı, oktyabrında İrəvanı və Təbrizi ələ keçirərək Qacarların paytaxtı Tehrana birbaşa təhlükə yaratdılar.

Naxçıvanın ələ keçirilməsindən sonra Britaniya missiyasının katibi Kempell və Təbriz bəylərbəyi Fətəli xan İ.F.Paskeviçin yanına gedərək “İran sarayının bütün güzəştlərə hazır olduğuna” onu inandırmağa çalışdılar (1, с.569-570). Bundan başqa məlum olmuşdu ki, şah Abbas Mirzədən “İrəvanın ələ keçiriləcəyi təqdirdə, müharibəni dayandırmağı” tələb etmişdir (10, Ф. 846, Оп.1, д.4294, л. 424).

Lakin real danışıqlar prosesi yalnız Təbrizin işğalından, Qacar qoşunlarının məğlub olmasından və bütün Azərbaycan əyalətinin itirilməsi təhlükəsindən sonra başlandı. İkinci Rus-Qacarlar müharibəsinin gedişində aparılan danışıqları üç əsas mərhələyə bölmək olar: Sülh müqaviləsini bağlamaq üçün danışıqlar aparılmasına ilk cəhd 1827-ci il iyulun 20-25-də Qara Ziyəddində göstərildi. Sülh müqaviləsinin hazırlanması üçün xüsusi müvəkillərin, katib və müşavirlərin iştirakı ilə keçirilmiş danışıqların ikinci mərhələsi 1827-ci ilin noyabrından 1828-ci ilin yanvarınadək Deh Qarqanda aparılmışdı. 1826-1828-ci illər İkinci Rus-Qacarlar müharibəsinə son qoymuş sülh müqaviləsinin imzalanması ilə nəticələnmiş danışıqların sonuncu üçüncü mərhələsi 1828-ci il fevralın 7-10-da Türkmənçayda baş tutdu.

Qacarlar dövlətinin tamam məğlubiyyətə uğrayacağına əmin olan Britaniya hökuməti Rusiyaya öz vasitəçiliyini təklif etməyə cəhd edirdi. Londonda rus səfiri X.A.Liveninin C.Kaninqlə yazışmalarında səfir bu vasitəçiliyin qəbuledilməz olduğunu aydın göstərmişdi (14, p.164-165). Bu məsələ ətrafında Kaninq və Liven arasında danışıqlar 1826-cı ilin dekabrından 1827- ci ilin yanvarına qədər davam etmiş və Kaninq açıqça bəyan etmişdi ki, Qacarlar dövlətinin ərazi bütövlüyü və Qacarlar taxt-tacının qorunub saxlanılması məsələsi yalnız Rusiya-İran münasibətləri çərçivəsində həll edilə bilməz. Ona görə də Böyük Britaniyanın müdaxiləsi tamamilə qanunauyğundur, çünki məsələ birbaşa onun maraqları və Qacarlar İranı qarşısında götürdüyü rəsmi öhdəlikləri ilə bağlıdır (5, с. 304). 1827-ci ilin fevralında Abbas Mirzə Ost-hind şirkətinin idarə şurasının prezidenti Uilyam Uinnə müraciət edərək ondan vasitəçilik etməyi xahiş etdi (14, p. 164). Kaninq isə bu mövqeyə üstünlük verirdi ki, Böyük Britaniya bu münaqişədə tərəf tutmamalıdır. Lakin xarici işlər naziri vəzifəsində onu əvəz etmiş D.Dadli isə hesab edirdi ki, Britaniyanın maraqları tələb edir ki, “Rusiyaya və Asiya ölkələrinə aid məsələlərə Rusiya Böyük Britaniya kimi dost və müttəfiq dövlətlərin müdaxiləsinə imkan verməlidir” (14, p.167).

1826-cı il sentyabrın 7-də Qacarlar İranında Böyük Britaniya missiyasının başçısı D. Makdonald Qafqazda Rusiya qoşunlarının komandanı İ.F.Paskeviçə yenidən öz vasitəçiliyini təklif etdi və bununla da Fətəli şaha danışıqların gedişində Böyük Britaniyanın onun mövqeyini dəstəkləyəcəyinə eyham vurmuş oldu (5, с. 303). Lakin xarici işlər naziri Nesselrodenin general Paskeviçə təlimatında qeyd olunurdu: ”İranla Gülüstan traktatı bağlanan zaman İngiltərə missiyası danışıqlarda əməli fəaliyyət göstərmişdir, baxmayaraq ki, son qərarın qəbulunda və traktaktın imzalanmasında missiyanın üzvləri iştirak etməmişlər. Bu vəziyyət yüksək diqqət cəlb edir ki,… Əlahəzrət imperator istərdi ki, gözlənilənlərə rəğmən İrandakı ingilis missiyası hansısa bəhanəylə Sizinlə yazışmaq istərsə, yaxud traktatın bağlanmasına dair şərhə təşəbbüs göstərərsə, hər halda, əlahəzrət, onları səmimi, dostcasına münasibətdən kənarda qoymayın, lakin onların (ingilislərin) missiyasının vasitəçiliyinə imkan verməyin. Buna müvafiq olaraq onların rəhbərinə cavab vermək olar ki, onların farslara sülhsevər təsiri bizim tərəfimizdən hər zaman Rusiya və İngiltərə arasında mövcud olan səmimi dostluğun yeni bir sübutu kimi qəbul ediləcəkdir, lakin bizim danışıqlarda vasitəçiliyə gəldikdə isə ali səviyyədə göstəriş olmadan bunu qəbul etməyə hüququnuzun olmadığını onlara bildirin” (12, ф.2, оп. 1, д. № 1967, л. 1; 1, с.540).

1827-ci ilin avqust-sentyabr aylarında, altı aylıq fasilədən sonra D.Dadli yenidən, artıq üçüncü dəfə, Livenin vasitəsilə, Rusiyaya Qacarlar İranı ilə sülh bağlamaqda Britaniyanın vasitəçiliyini təklif etdi. Maraqlıdır ki, Nesselrode bu məsələdə yenidən Rusiyanın dəyişməz mövqeyini ifadə etdi və bildirdi ki, əgər ingilislər sülhə can atırlarsa, qoy onlar Qacarlar hökumətini rusların şərtlərini qəbul etməli olduqlarına inandırsınlar (19, p.278).

İrəvanın süqutundan sonra (1827 ci il, oktyabr) D.Makdonald bir neçə dəfə Kempbelli Böyük Britaniyanın vasitəçilik təklifi ilə Paskeviçin yanına göndərdi (14, p.177, 180). Makdonaldın məktub və məlumatları ingilislərin Rusiya ilə Qacarlar arasında müharibənin davam etməsindən narahat olduqlarını və müharibənin mümkün qədər tez dayandırılmasını arzuladıqlarını ifadə edirdi. Hindistan general-qubernatoru yanındakı siyasi departamentin katibi C.Suintona 1 noyabr 1827-ci il tarixli depeşesində (məktubunda) Makdonald yazırdı ki, əgər Təbrizin alınmasından sonra Paskeviç hücumu davam etdirsə, “bu ölkədə inqilaba səbəb olar”, Rusiyanın onun adından İranı idarə etməyə imkan verən və rus zabitlərinin komandanlığı altında “bir müddətdən sonra Hind çayı boyu yerləşmiş sərhəd rayonlarını ələ keçirə biləcək” ordunun yaranmasına şərait yaradan hökmdar taxta çıxa bilər və onda “Rusiya Mərkəzi Asiyanın taleyini birbaşa və dolayısı yolla həll etmək imkanını əldə etmiş olar” (3, с.691). Belə şəraitdə Makdonald, Abbas Mirzənin xahişilə Fətəli şahın etibarını qazanmış, Böyük Britaniya diplomatik missiyasının həkimi D.Maknilə şahı ağır şərtlərinə baxmayaraq Rusiyanın ultimatumunu qəbul etməyin zəruri olduğuna inandırmağı tapşırdı (14, p.185).

Beləliklə, İrandakı Böyük Britaniya missiyası Qacarlar hökumətilə danışıqların aparılmasında fəal iştirak edirdi. Maknil Tehranda şahla danışıqlar apararaq onu müvafiq kontribusiyanın ödənilməsinin vacibliyinə inandırmağa çalışır (20, p.94-95), səfir Makdonald isə Abbas Mirzənin müşaviri kimi Təbrizdə ruslarla danışıqlarda iştirak edir və imkan daxilində rusların tələblərinin yerinə yetiriləçək səviyyədə olmasına çalışırdı.

Təbrizdən preliminariyalar (Sülh müqaviləsinin ilkin şərtləri) haqqında Paskeviçin və Abbas Mirzənin imzaları ilə məktub alınsa da , Tehran hökuməti razılışdırılmış şərtləri yerinə yetirmək və müvafiq ödənişləri etmək arzusunda deyildi. Deh Qarqanda danışıqlar uğursuz nəticələndikdən sonra Makdonald 1827-ci il noyabrın 15-də oradan Suintona yazırdı: “Hərbi əməliyyatların yenidən başlanması, qorunub saxlanılması İngiltərənin təkcə arzularına deyil, maraqlarına da uyğun olan sülalənin süqutuna gətirib çıxara bilər” (3, с.691). Buna baxmayaraq, şah rus qoşunlarının Azərbaycandan çıxarılmasına qədər bütün ödənişləri dayandırmağı, beş qururla yüklənmiş karvanı Qəzvində saxlamağı əmr etdi (20, p.102). Fətəli şah daha münasib şərtlərlə müqavilə bağlamağa ümid edərək Abbas Mirzənin imzaladığı razılaşmanı təsdiq etməkdən imtina etdi. Qacarlar hökumətinin bu addımını Paskeviç danışıqların və Sülh müqaviləsinin imzalanmasının uzadılması cəhdi kimi qiymətləndirdi. 1828-ci il yanvarın 7-də şahın danışıqlarda iştirak edən nümayəndələrinə “Danışıqların pozulması səbəbləri haqqında Rusiya müvəkkillərinin bəyannaməsi” təqdim olundu. Bəyannamədə bildirilirdi ki, “rus qoşunlarının komandanlığı öz ədalətli tələblərinə nail olmaq üçün yeganə vasitə kimi silaha əl atmaq məcburiyyətindədir” .

Yaranmış şəraitdə rus komandanlığının əmriylə hərbi əməliyyatlar yenidən başlandı. Qafqaz korpusunun qoşunları 1828-ci il yanvarın 25-də Ərdəbili ələ keçirdilər (10, Ф.446, оп. 1, д.з, л. 8 об.), daha sonra sağ cinahdan Xoya yaxınlaşaraq Urmiyanı da işğal etdilər. Çox keçmədən ruslar Ərdəbili və Miyanəni də ələ keçirdilər, bununla da Təbrizə yol açılmış oldu. İran artıq sülh əhdini gecikdirə bilməzdi, ona görə də şah Rusiyanın təklif etdiyi bütün şərtlərlə razı olmalı oldu. (8, с.82) Rus ordusunun ön dəstələrinin Ucana yaxınlaşdığı anlarda Paskeviç şahın əvvəlki bütün şərtləri qəbul etməsi xəbərini gətirən Makdonaldla görüşdü. (11, с.127)

Yaranmış böhranlı vəziyyət Qacarlar İranındakı Britaniya missiyasını sülh bağlamaq üçün şaha təzyiq göstərməyə vadar edirdi. Belə şəraitdə Rusiya rəsmən ingilislərin vasitəçiliyindən imtina etsə də, faktiki olaraq bu vasitəçiliyin əleyhinə getmirdi (5, с. 318). Bir tərəfdən hakim elitanın bir hissəsinin Abbas Mirzədən narazılığı, digər tərəfdən isə Fətəli şahın iri həcmli kontribusiya ödəmək arzusunun olmaması Tehranda böhranlı siyası vəziyyət yaratmış və vəlihədin vəziyyətini xeyli zəiflətmişdi. Belə gərgin vəziyyətdə ruslar da ingilislər də Qacarlar İranında daha sabit və güclü hakimiyyət kimi Abbas Mirzəyə bel bağlayırdılar. İ.Paskeviç I Nikolaya raportunda yazırdı: ”İngilislər Abbas Mirzənin iştirakından farslardan daha artıq kədərlənirlər, ədalət naminə, ehtiyat edirlər ki, Azərbaycanın bizdə qalacağı təqdirdə onların İrandakı müttəfiqinin qüdrəti sarsıla bilər. Onların indiki təsirinin kökləri burada, Təbrizdədir. Onların diplomatlarının bədxərcliyinə baxmayaraq, Abbas Mirzədən başqa heç kim nəinki onlara himayədarlıq etməyəcək, heç onlarla hesablaşmayacalar. Azərbaycanı itirdikdən sonra ingilis məmurları Bəndər Buşərdə gəmilərə minib Hindistana qayıda bilərlər… Onlar güclü və açıq şəkildə öz narazılıqlarını bildirirlər ki, sülhə nail olmaqda əsas əngəl şahın xəsisliyidir. Nazir Makdonald Qriboyedovla dostcasına söhbətində etiraf etmişdir ki, Qor-Üzeleyin (1810-1814-cü illərdə Böyük Britaniyanın İrandakı elçisi) bağladığı traktatı İngiltərə üçün həddən artıq ağır hesab edir və birdəfəlik məbləğ müqabilində müqavilənin bir neçə maddəsinin, o cümlədən İranın apardığı müharibələrdə vasitəçilik, 200 000 tümən illik subsidiya alınması haqqında maddələrin ləğv edilməsi haqqında şahla razılığa gəlməyi öz sarayına artıq təklif etmişdir….” (1, с. 571-572). Paskeviç Böyük Britaniya diplomatlarının təkidlə istədikləri kimi Təbrizdə deyil, Türkmənçay kəndində müqavilə bağlanmasına razı oldu (13, с.73).

Tərəflərin bir-birilərinə etibar etməmələri ilə əlaqədar olaraq, Britaniyanın Təbrizdəki missiyası Abbas Mirzə, Əbdülhəsən xan və Makdonald rus hakimiyyət orqanlarına verməyə lazım bildikləri anadək kontribusiyanın çatdırılmış hissəsini özündə saxlamalı idi (3, с.691). Yanvarın 30-da Miyanəyə üç, daha sonra isə daha iki qurur tümən çatdırıldı. Şah, Abbas Mirzəyə sülh müqaviləsini imzalamaq üçün Paskeviçin qərargahına qayıtmağı əmr etdi (16). Fevralın 6-da rus və Qacar səlahiyyətliləri Türkmənçay kəndinə gəldilər, fevralın 9-dan 10-na keçən gecə 16 maddədən ibarət sülh müqaviləsi imzalandı (3, с.389-399). Müqavilənin mətni fransız və fars dillərində tərtib edilmişdi. Fransız dilində tərtib edilmiş mətni Paskeviç və Obreskov, fars dilində tərtib edilmiş mətni isə Abbas Mirzə və Əbdülhəsən xan imzaladılar.

Traktatın I maddəsində Rusiya və Qacarlar İranı arasında “sülh, dostluq və tam anlaşma”nın mövcud olduğu bəyan edilirdi. Gülüstan müqaviləsi etibarsız elan olunur və Türkmənçay müqaviləsinin şərtləri ilə əvəz edilirdi (II maddə). III maddədə deyilirdi: “Əlahəzrət şah öz adından və varislərinin adından İrəvan xanlığının Arazın hər iki tərəfində yerləşən ərazisini, Naxçıvan xanlığını Rusiya imperiyasının tam mülkiyyətinə güzəştə gedir”. Türkmənçay müqaviləsinin IV maddəsinə əsasən, Rusiya və Qacarlar İranı arasındakı sərhəd Araz çayı boyu keçməli idi. V maddəyə əsasən, şah öz adından və varislərinin adından “sərhəd xətti, Qafqaz dağları və Xəzər dənizi arasındakı bütün torpaqların və adaların”, həmçinin həmin ərazilərdə yaşayan bütün xalqların əhalinin Rusiyaya məxsusluğunu qəbul edirdi. İran Rusiyaya 10 qurur tümən və ya 20 mln. gümüş rubl məbləğində kontribusiya ödəməli idi (VI maddə). VII maddədə deyilirdi: “Əlahəzrət Ümumrusiya İmperatoru Əlahəzrət Şahzadə Abbas Mirzənin müqəddəs şəxsini İran taxt-tacının xələfi və varisi kimi qəbul etməyi və taxta çıxdıqdan sonra ona dövlətin qanuni hökmdarı olaraq ehtiram göstərməyi öhdəsinə götürür” (6, с.215-218). Müqavilə həmçinin Rusiya və İran gəmiləri üçün Xəzər dənizində azad ticarət gəmiçiliyi müəyyən edir, həmçinin Rusiyanın Xəzər dənizində hərbi donama saxlamaq hüququnu təsdiqləyirdi: “Hərbi gəmilərə gəldikdə…, Rusiyadan başqa heç bir dövlət Xəzər dənizinə hərbi gəmilər saxlaya bilməz” (VIII maddə). Tərəflər elçilər və müvəqqəti işlər vəkilləri səviyyəsində misssiyalarla mübadilə olunurdular

İstifadə olunmuş ədəbiyyat:

  1. Акты, собранные Кавказской археологической комиссией. Архив Главного управления наместники кавказского. [АКАК], 1866-1885. под ред. А.П. Берже, т. 1-7. Том VII. Тифлис: Тип. Главного Управления Наместника Кавказского. 1878.
  2. Балаян Б.П. Международные отношения Ирана. I8I8-1828 гг. Ереван: Ереван: Академии наук Армянской ССР. 1967.
  3. Внешняя политика России XIX и начала XX века: Документы Российского министерства иностранных дел. Министерство иностранных дел СССР, Серия вторая 1815-1830 гг. Том VII (XV). Москва: Наука, 1992.
  4. Гарагюнлю С. Туркменчайский договор: неизвестные страницы, // Ирс, № 3 (57), 2012. ст.4-11.
  5. Дегоев В.В., Стамова И.И. Приз для победителя. МГИМО – Университет, Москва, 2013.
  6. Договоры России с Востоком. Политические и торговые. Сост. Т.Д. Юзефович, СПб., 1869.
  7. Зубов П.П. Персидская война в царствование императора Николая I. Санкт-Петербург: Конрад Вингебера. 1837. (второе издание).
  8. История Востока, Восток в новое время (конец XVIII – начало XX в.), том IV, Москва: Восточная литература РАН. 2004.
  9. Митюрин Д. Персидские трофеи для российской казны // Родина. 2001, №1, с. 88-89.
  10. Российский Государственный Военно-исторический архив, РГВИА, Ф. 846 (Военно-ученый архив). Оп. 1. Д. 4294; Ф. 446 «Персия». Оп. 1. Д.3.
  11. Семенов Л.С. Россия и международные отношения на Среднем Востоке в 20-х годах XIX в. Ленинград: ЛГУ, 1963.
  12. Центральный Исторический Архив Грузии, ЦИАГ, Ф. 2. оп.1. Д.1967.
  13. Щербатов А.П. Генерал-фельдмаршал князь Паскевич. Его жизнь и деятельность: В 3 томах. Т. 3, СПб.: Тип. Р Голике, 1891.
  14. Adamiyat F. The Diplomatic relations of Persia with Britain, Turkey and Russia 1815 – 1830. Thesis to be presented for the Ph. D. Degree of the University of London. October, 1949.
  15. A collection of treaties and engagements with the native princes and states of Asia concluded, on behalf of the East India Company, by the British government in India, viz.: by the government of Bengal from the year 1757 to 1809; by the government of Fort St. George from the year 1759-1809; by the government of Bombay from the year 1759-1808. London: Printed by E. Cox, 1812.
  16. British Library India Office Records, Political and Secret Department Records, Secret Letters and Enclosures from Persia. Political and Secret Department records. IOR/L/PS/9/89 (Translate of a Firman from the Shah to Abbas Mirza (16 January 1828))
  17. Curson G.N. Persia and the Persian question, London, New York: Longmans, Green & co. V. II, 1892.
  18. Charles King The Ghost of Freedom: A History of the Caucasus. Oxford:

Oxford University Press, 2008.

  1. Ingram E. Britain’s Persian connection, 1798-1828: prelude to the Great Game in Asia, Oxford: Clarendon Press, 1992.
  2. Memoir of the Right Hon. Sir John McNeill, G.C.B. and of his second wife Elizabeth Wilson. London: John Murray, 1910.

Nigar Gözəlova

Həmçinin yoxlayın

Zərşuran kəndində əhali etiraza qalxıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Qərbi Azərbaycan əyalətinin Zərşuran kəndində azərbaycanlı əhali martın …

İran Araz çayının radiasiya ilə çirklənməsini inkar edir

GADTB: “Arsheh Online” saytı xəbər verir ki, Araz çayı çirklənib və Ərdəbil əyalətin xərçəng xəstəliyinə …

Bir cavab yazın