Sülh danışıqlarının gedişində və Türkmənçay müqaviləsinin bağlanmasında Böyük Britaniyanın rolu ( İkinci hissə )

GADTB: (IX maddə). (6, с.218-219) X və XI maddələr konsul və diplomatik münasibətlərin yaradılması məsələlərinə həsr edilmişdi. XII maddəyə görə qarşı dövlətin ərazisində mülkiyyəti olan hər iki dövlətin vətəndaşları 3 il ərzində həmin mülkiyyəti azad şəkildə satmaq və ya dəyişmək hüququna malik idiləri . XIII maddəyə əsasən, “hər iki tərəfin hərbi əsrləri … dörd ay ərzində azad edilməli və geri qaytarılmalı idilər” (6, с.220). XIV maddəyə görə, “razılığa gələn ali tərəflərdən heç biri sonuncu müharibə başlanmasından əvvəl və onun gedişində qarşı dövlətin təbəəliyinə keçmiş və fərarilik etmiş şəxslərin geri qaytarılmasını tələb etməyəcəkdir…” (6, с.220-221). Traktatın XV maddəsinə əsasən, şah müharibə zamanı rus qoşunlarına xidmət göstərənləri əfv etməli və onların rus ərazilərinə köçməsinə mane olmamalı idi (6, с.221-222). Müqavilədə konkret göstərilməsə də, aydındır ki, burada söhbət sülh müqaviləsi imzalandıqdan dərhal sonra kütləvi və mütəşəkkil şəkildə köçürülməsinə başlanılmış ermənilərdən gedir. Sülh müqaviləsi dörd ay ərzində təsdiqlənməli idi .

Sülh müqaviləsilə eyni zamanda 1828-ci il fevralın 10-da Türkmənçayda 9 maddədən ibarət və Sülh müqaviləsi ilə bərabər qüvvəyə malik olan “Ticarət haqqında Xüsusi akt ” da imzalanmışdı . 1828-ci il martın sonlarında bütün rus qoşunları Azərbaycan əyalətini tərk etdilər (7, с.218).

İran Azərbaycanından ruslar tərəfindən müharibə zamanı böyük miqdarda incəsənət əsərləri, qızıl və gümüş bəzək əşyaları, kitablar, Ərdəbil kitabxanasından manuskriptlər müsadirə edilmişdi (1, с.589; 9, с. 88).

Türkmənçay müqaviləsinin bağlanması ilə 1826-1828- ci illər Rusiya-İran müharibəsi başa çatdı. Müharibə nəticəsində Rusiya böyük strateji və siyasi əhəmiyyətə malik geniş ərazilər əldə etdi. Türkmənçay müqaviləsi Rusiyanın Yaxın Şərqdəki mövqeyini möhkəmləndirməklə yanaşı Böyük Britaniyanın bu regiondakı mövqeyini zəiflətdi. Türkmənçay müqaviləsinin mühüm maddələrindən biri də Rusiyaya müstəsna olaraq Xəzər dənizində hərbi donama saxlamaq hüququ verən VIII maddə oldu.

Beləliklə, Türkmənçay müqaviləsinin bağlanması nəticəsində, Rusiya Qacarlar İranında geniş ticarət imtiyazları və üstün siyasi təsir imkanları əldə etdi, Cənubi Qafqazda nəzarəti tamamilə ələ keçirdi, eləcə də Xəzər dənizində tam hökmranlığa nail olaraq, gələcəkdə Mərkəzi Asiyada yeni işğallar üçün imkanlar qazandı. Buna görə də İkinci Rusiya-İran müharibəsinin nəticəsi ingilislərin Rusiyanın Britaniya Hindistanına təhdid yaradacağı ilə bağlı qorxularını gücləndirdi.

İngilis diplomatları Böyük Britaniyanın xarici siyasət məsələlərini həll edərkən münaqişəni nizama salmaq üçün tərəflər arasında ümumi nöqtələr axtarmağa çalışırdılar. Böyük Britaniyanın Qacar sülaləsinin xilası üçün istənilən şərtlərlə sülhə istiqamətlənmiş mövqeyi sülh danışıqlarının gedişində böyük rol oynadı. Tehrandakı rus elçisi knyaz Dolqorukov Makdonaldın fəaliyyətini çox yüksək qiymətləndirmiş, onu “xeyirxah düşüncəli insan” kimi dəyərləndirmişdir (1, с. 731). Nesselrode isə onu “nəcib xasiyyətli insan” adlandırmış (1, с. 694) və “Türkmənçay müqaviləsi bağlanarkən bizə xidmətlər göstərən Böyük Britaniya missiyasının təsirinin müsbət olduğunu” etiraf etmişdi (1, с. 693). Məhz Nesselrodenin tövsiyəsi ilə Rusiya imperatoru Makdonaldı və Maknili, həmçinin Böyük Britaniya missiyasının digər üzvlərini orden və hədiyyələrlə mükafatlandırmışdı (1, с.612, 645-646).

Beləlikə, yekunda bu nəticəyə gəlmək olar ki, əsas məqsədi Hindistandakı ərazilərini rus işğalından qorumaq olan Böyük Britaniyanın vasitəçilik missiyası ümumən öz vəzifəsinin öhdəsindən gəlmişdi.

Türkmənçay müqaviləsinin bağlanması Qacarlar İranı və Britaniya münasibətlərində dəyişikliklərə gətirib çıxardı. Türkmənçay müqaviləsində nəzərdə tutulmuş hərbi kontribusiyanı ödəmək üçün Şah höküməti pula kəskin ehtiyac duyurdu. İran qarşısındakı müqavilə öhdəliklərindən yaxa qurtarmaq istəyən Böyük Britaniya, Tehran müqaviləsinin (1814) Qacarlar İranına hərbi və maliyyə köməyinin göstərilməsi haqqındakı xüsusi maddələrinin ləğv olunması əvəzində kontribusiyanın bir hissəsini ödəməyi təklif etdi. 1828-ci ilin martında Britaniya ilə İran arasında 1814-cü il Tehran müqaviləsinin 4-cü və 6-cı maddələrinin qüvvədən düşməsi və Böyük Britaniya tərəfindən İrana 200 min tümən ödənilməsi haqqında saziş imzalandı (15, с.132-134). Görünür, artıq Böyük Britaniya Qacarlar İranı qarşısındakı öhdəlikləri zəruri bilmədiyindən yaranmış fürsətdən istifadə edərək bu iki maddədən qurtula bildi . Nəticə etibarilə, Böyük Britaniya şahın ağır maliyyə vəziyyətindən istifadə edərək 4-cü və 6-cı maddələrin ləğvinə nail ola bildi. Rusiyanın Qacarlar İranından kontribusiyanın alınmasında Böyük Britaniyanın vasitəçilik fəaliyyəti onunla izah olunurdu ki, britaniyalılar kontribusiyanın ödənilməməsi halında ələ keçirilmiş Azərbaycan əyalətinin həmişəlik işğal olunacağından əndişələnirdilər. Həmin mərhələdə Böyük Britaniyanın Şərq siyasəti Rusiyanın Osmanlı imperiyası və Qacarlar İranı üzərindəki qələbələri ilə onun Hindistandakı koloniyalarının təhlükə altına düşməsinə imkan verməməkdən ibarət idi. Bu səbəbdən də Böyük Britaniya diplomatları Türkmənçay sülh traktatının imzalanması ilə başa çatmış Rusiya-İran danışıqlarında fəal iştirak etmişdilər.

İkinci Rusiya-İran müharibəsi zamanı Osmanlı imperiyasının müdaxiləsinə və ya iştirakına yol verilməməsi də Rusiya, eləcə də Böyük Britaniya diplomatlarının böyük uğuru kimi qiymətləndirmək olar. E. İnqramın fikrinə görə, Rusiya-İran müharıbəsində Böyük Britaniyanın ehtiyatlı, hətta passiv fəaliyyətinin səbəbi hər şeydən əvvəl Rus-türk müharibəsinin qarşısını almaq ümidilə bağlı idi (19, p.284). Lakin Rusiya-İran müqaviləsinin mürəkkəbi qurumamış yeni Rus-türk müharibəsi (1828-1829) alovlandı (18, p.51). Şah hökuməti Rusiyanın Osmanlı imperiyası ilə müharibədə düşdüyü çətin vəziyyətindən istifadə edərək, Tükmənçay müqaviləsinin ratifikasiyasını və həyata keçirilməsini ləngidirdi. Rusiya hökuməti Qacarlar hökumətilə bağlanmış Sülh müqaviləsini 1828-ci ilin martında ratifikasiya etməsinə baxmayaraq, İran hökuməti bunu yalnız 1828-ci ilin iyulunda (Rusiyadan dörd ay sonra), həm də Tehrana gəlmiş A.K.Amburgerin təkidindən sonra reallaşdırdı .

Şimali Azərbaycan xanlıqlarının Rusiya imperiyasına birləşdirilməsi məsələsi üzərində bir daha dayanmaq lazımdır, çünki bu proses Cənubi Qafqazın və İranın vahid Azərbaycan-türk xalqının etnomilli inkişafına heç də birmənalı təsir göstərmədi. Xalqın siyasi parçalanmaya məruz qalması Qacar dövləti daxilində Azərbaycan türklərinin siyasi-iqtisadi, mədəni mövqeyinin zəifləməsinə gətirib çıxardı, baxmayaraq ki, onlar bu dövlətin əsasını qoymuşlar. Vahid etnik birlik olan, ümumi etnogenezə, dilə, mədəniyyətə və tarixi keçmişə malik olan xalq, Rusiya-İran müharibələrindən (1804-1813; 1826-1828) sonra iki hissəyə parçalanaraq İran türkləri və Qafqaz Azərbaycanı tükləri kimi müxtəlif adlar daşımağa başladılar.

Beləliklə, Trapezund-Təbriz ticarət yolu üzərində nəzarətini itirməkdən, eləcə də Rusiyanın onun hind koloniyalarına yaxınlaşmasından qorxan Britaniya siyasəti Qacarlar İranını Şimali Azərbaycanın Rusiya tərəfindən işğal olunmasıyla razılaşmağa məcbur etdi. Bütün hərbi əməliyyatlar dövrü ərzində Böyük Britaniya hər bir vəchlə Qacarlar İranını Rusiyanın irəli sürdüyü ağır ərazi güzəştlərini qəbul etməyə sürüklədi, ancaq özü Tehran müqaviləsi (1814) ilə üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən boyun qaçırdı. Əldə olan materialların diqqətlə araşdırılması Azərbaycan türklərinin İran və Rusiya arasında faciəli parçalanmaya məruz qalmasında Böyük Britaniyanın yeritdiyi siyasətin də müəyyən rolu olduğunu təsdiqləyir.

İstifadə olunmuş ədəbiyyat:

  1. Акты, собранные Кавказской археологической комиссией. Архив Главного управления наместники кавказского. [АКАК], 1866-1885. под ред. А.П. Берже, т. 1-7. Том VII. Тифлис: Тип. Главного Управления Наместника Кавказского. 1878.
  2. Балаян Б.П. Международные отношения Ирана. I8I8-1828 гг. Ереван: Ереван: Академии наук Армянской ССР. 1967.
  3. Внешняя политика России XIX и начала XX века: Документы Российского министерства иностранных дел. Министерство иностранных дел СССР, Серия вторая 1815-1830 гг. Том VII (XV). Москва: Наука, 1992.
  4. Гарагюнлю С. Туркменчайский договор: неизвестные страницы, // Ирс, № 3 (57), 2012. ст.4-11.
  5. Дегоев В.В., Стамова И.И. Приз для победителя. МГИМО – Университет, Москва, 2013.
  6. Договоры России с Востоком. Политические и торговые. Сост. Т.Д. Юзефович, СПб., 1869.
  7. Зубов П.П. Персидская война в царствование императора Николая I. Санкт-Петербург: Конрад Вингебера. 1837. (второе издание).
  8. История Востока, Восток в новое время (конец XVIII – начало XX в.), том IV, Москва: Восточная литература РАН. 2004.
  9. Митюрин Д. Персидские трофеи для российской казны // Родина. 2001, №1, с. 88-89.
  10. Российский Государственный Военно-исторический архив, РГВИА, Ф. 846 (Военно-ученый архив). Оп. 1. Д. 4294; Ф. 446 «Персия». Оп. 1. Д.3.
  11. Семенов Л.С. Россия и международные отношения на Среднем Востоке в 20-х годах XIX в. Ленинград: ЛГУ, 1963.
  12. Центральный Исторический Архив Грузии, ЦИАГ, Ф. 2. оп.1. Д.1967.
  13. Щербатов А.П. Генерал-фельдмаршал князь Паскевич. Его жизнь и деятельность: В 3 томах. Т. 3, СПб.: Тип. Р Голике, 1891.
  14. Adamiyat F. The Diplomatic relations of Persia with Britain, Turkey and Russia 1815 – 1830. Thesis to be presented for the Ph. D. Degree of the University of London. October, 1949.
  15. A collection of treaties and engagements with the native princes and states of Asia concluded, on behalf of the East India Company, by the British government in India, viz.: by the government of Bengal from the year 1757 to 1809; by the government of Fort St. George from the year 1759-1809; by the government of Bombay from the year 1759-1808. London: Printed by E. Cox, 1812.
  16. British Library India Office Records, Political and Secret Department Records, Secret Letters and Enclosures from Persia. Political and Secret Department records. IOR/L/PS/9/89 (Translate of a Firman from the Shah to Abbas Mirza (16 January 1828))
  17. Curson G.N. Persia and the Persian question, London, New York: Longmans, Green & co. V. II, 1892.
  18. Charles King The Ghost of Freedom: A History of the Caucasus. Oxford:

Oxford University Press, 2008.

  1. Ingram E. Britain’s Persian connection, 1798-1828: prelude to the Great Game in Asia, Oxford: Clarendon Press, 1992.
  2. Memoir of the Right Hon. Sir John McNeill, G.C.B. and of his second wife Elizabeth Wilson. London: John Murray, 1910.

 

 

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın