Çərşənbə axşamı , Aprel 16 2024
azfa

Türkologiyanın Fərhadı – professor Fərhad Ramazan oğlu Zeynalov (22 iyun 1929-16 oktyabr 1984)

GADTB: Mən yaxşı müəllimlərimi həmışə yaxşı xatırlayıram.Yaxşı xatırladığım müəllimlərimdən biri də Azərbaycan Dövlət Universitetində bizə türkologiyanın əsaslarını öyrədən  filologiya elmləri doktoru Fərhad Zeynalov idi. Biz II kursda oxuyanda-1968-ci ildə Fərhad Zeynalova professor adı verdilər.  O vaxtlar ali məktəblərdə professorlar az idi:bəlkə də onları barmaqla saymaq olardı.

Fərhad Zeynalov SSRİ  və dünya miqyasında tanınan professorlardan idi. Hər dəfə xarici ölkələrdən elmi məzuniyyətlərdən,  konfrans  və simpoziumlardan qayıdanda  bizə maraqlı elmi mülahizələrini söyləyir, fikirlərini bizimlə bölüşərdi. Bəlkə də həmin mülahizələr  çoxları üçün qaranlıq idi, amma Fərhad müəllim elə ürəklə danışırdı ki, hamının diqqəti ona yönəlirdi.

Bir dəfə xarıci səfərlərin birindən qayıdandan sonra Fərhad müəllim sevinc və qürurla Nizaminin Azərbaycan dilində yazdığı şeirlərinin izinə düşdüyündən söz açdı. Fərhad müəllim tələbələrin suallarına cavab verməyə hazır  idi, lakin heç kəs sual verməyə cəsarət etmədi. Deyəsən, yöndəmsiz danışan elə mən oldum. Nizaminin türkcə şeirlərinin  orijinalı ilə maraqlandım.Fərhad müəllim şübhələrə son qoymaq üçün çoxlu misallar çəkdi, müqayisələr apardı və təbii ki, tapdığı və ya izinə düşdüyü arxiv materiallarını bizə göstərə bilmədi.Bəlkə də həmin materialları  ilk dəfə geniş elmi yığıncaqların dinləyicilərinə təqdim etmək istəyirdi.(Sonralar məlum oldu ki, bu Nizami o Nizami deyilmiş).Hər halda biz,  professorla debata hazırlaşmağa maraqlı idik.

Fərhad Zeynalov ilin ən uzun və ən işıqlı günündə-22 iyun 1929-cü ildə Ordubadda dünyaya göz açmışdır. 18 yaşında Ordubad Mədəniyyət Evinə direktor təyin olunmuşdur.Bir ildən sonra Azərbaycan Dövlət Universitetinin  filologiya fakültəsinə daxil olmuş, 1953-56-cı illərdə Moskvada aspirantura təhsili almış, gənc  dilçi alim kimi Bakıya qayıtmışdır.  Artıq  1966-cı ildə Fərhad Zeynalov filologiya elmləri doktoru idi. Onu türk dünyasının dilçiləri də, ədəbiyyatşünasları da tanıyırdılar.

  1. Zeynalov siyasi əngəllərə sinə gərərək, Azərbaycanda türkologiya məktəbi yaratmışdır. O,elmi qabiliyyətinə və  elm üçün zəruri olan inandırıcı düşüncə tərzinə güvəndiyi  gənc alim və aspirantları kafedranın işinə cəlb edə bilmişdi.

F.Zeynalov əməkdaşları auditoriyalardan özü arayıb axtarırdı.  Fərhad müəllim bu məqsədlə kurs işlərinə daha çox  üstünlük verirdi.  Bəzən tələbələr onun tələbkarlığından ehtiyat edərək, kurs işlərini  səriştəli yazmaqdan ehtiyat edirdilər; birdən onlar elmi məsələlərə daha ciddi, daha tələbkar olan Fərhad müəllimin  diplomantlarının siyahısına  düşərlər.

Səhv etmirəmsə, “Abbas Səhhətin yaradıcılığında  köməkçi nitq hissələrinə aid sözlərin üslubi xüsusiyyətləri” mövzusunda kurs işi yazırdım. Filologiya fakültəsində məndən bir kurs yuxarıda oxuyan  gürcüstanlı Mədinəyev Ələddin kurs işimi oxuyanda dəhşətə gəldi:”Ayə, bu nədir yazmısan.Sən kimsən ki, 8 dəfə Fərhad Zeynalovun dediklərinə etiraz edirsən, hər dəfə də mötərizədə fikrin sənə aid olduğunu inisialınla-  “N.N” ilə  göstərirsən”.Doğrusu, sonralar Ələddinin etirazını başa düşdüm: mən Fərhad müəllimlə  nahaq yerə mübahısə edirəmmiş, Fərhad müəllim düz deyirmiş.

…Kurs işləri yoxlanılıb qurtarmışdı.Hamı narahatlıqla Fərhad müəllimin rəyini gözləyirdi. Fərhad müəllim dəftərlərin içindən 3-4-nü seçərək auditoriyaya diqqətlə nəzər saldı.  Elə bildim məni axtarır ki,  yazdığıma görə mənim dərsimi versin. İlk dəfə Lerikli  Bayraməli Aslanovu soruşdu. O  ayağa qalxdı.Fərhad müəllim onu təriflədi, kurs işinə elmi yanaşmasını  xüsusilə vurğuladı. Sonra Cəlilabadlı Dilavər Əliyevin adını çəkdi.Onu da təriflədi. Bir az sükutdan sonra auditoriyaya xeyli göz gəzdirib, mənim adımı çəkdi. Ayağa durdum.  Fərhad müəllim əlindəki dəftərlə məni hədələyirmiş kimi “hamıdan yaxşı sən yazmısan,-dedi, diplom işini məndən götürərsən”.

Fərhad müəllimin  mənə  verdiyi diplom işinin mövzusu belə idi: “Müasir türk dillərində  rus dili və rus dili vasitəsilə başqa dillərdən alınmış sözlərdən əmələ gələn fellər”.

Fərhad müəllim evindən  mənə diplom işini yazmağa gərəkli olan  qalın-qalın kitablar gətirdi. Bunlardan ən maraqlısı qazax dilçisi  V.İsenqaliyevanın “Тюркские глаголы  с основами, заимствованными из русского языка. Алма-Ата ,1966” kitabı  idi. Mən diplom işində əsasən bu kitaba istinad etməli idim. Maraqlıdır ki, Fərhad müəllim qazax dilçisindən fərqli olaraq, mövzunu təkcə rus dili ilə yox, Avropa dilləri ilə  də əlaqələndirib təsdiq etdirmişdi. Mən 10-dan artıq türkdilli xalqların elmi və bədii əsərlərini varaqladım, mövzuya aid çoxlu nümunəlr tapdım.Diplom işi üçün lazım olan materialları arayıb axtarmaq məqsədilə Moskva və Leninqradın (indiki Sankt-Peterburq) arxiv və kitabxanalarında işlədim.Müdafiə  uğurla keçdi:  məni – filologiya fakültəsinin qiyabiçi tələbəsini-leytenant Şmidt adına neft maşınqayırma zavodunun tokarını Azərbaycan SSR  Elmlər Akademiyasının Nəsimi adına Dilçılik İnstitunun aspiranturasına oxumağa göndərdilər. İmtahan verıb qəbul olundum. Doğrudur, institutun direktoru, atamın məktəb yoldaşı əyani fakültədə boşluqda qalanlardan birini  qiyabi şöbəyə-mənim yerimə  qəbul etmək istədi. lakin  insanlara qiymət verməyi bacaran dövlət adamları direktora da, akademiyanın rəhbərliyinə də  qaydaları başa saldılar.İnstitutun rəhbərliyi  sərt mövqeyini başqa şəkildə bildirdi; mən ərəb əlifbalı “Ziya” və “Ziyayi-Qafqasiyyə”qəzetlərinin (1879-1884) dilini tədqiq etməli idim.  Sağ olsunlar, akademiya mənə hər şeydən əvvək əski əlifbalı yazıları oxumağı öyrətdi.

Fərhad müəllim mövzunun adını eşidəndə bir az pərt oldu  O  bəlkə də məni universitetdə saxlaya bilmədiyinə təəssüf edirdi.

Fərhad müəlimin dilçılık görüşləri mənim  dilçilik məsələlərinə ciddi yanaşma meyarımdır. Onun  “Müasir türk dillərində köməkçi nitq hissələri”(1971), “Türk dillərinin müqayisəli qrammatikası”(1975),”Qədim türk yazılı abidələri”(1980),”Türkologiyanın əsasları”(1981) adlı  monoqrafiya və dərslikləri, dünyanın nüfuzlu elmi jurnallarında çap olunmuş onlarla elmi məqaləsi dilçilik elmimizin uğurlarındandır.

Fərhad Zeynalov və  Samət Əlizadənin  birlikdə  nəşrə  hazırladıqları  “Kitabi-Dədə Qorqud”  kitabı dünya türkoloqlarının mükəmməl nəşr kimi müraciət etdikləri xalq eposlarından biridir.   .

Fərhad Zeynalovu dünya türkoloqlarına yaxından  tanıdan ilk əsəri 1957-ci ildə Bakıda nəşr olunan “Türk dillərində nitq hissələrinin  ənənəvi bölgüsü”  monoqrafiyasıdır. Bu gün bu əsərin yenidən nəşr edilməsinə böyük ehtiyac vardır. Elmi qrammatikamızın və  ona əsaslanmalı olan orta məktəb dərsliklərinin  yazılmasında  bu monoqrafiya əsaslı istinad nöqtəsi kimi qiymətləndirilməlidir. Biz  bu gün sözlərin nitq hissələrinə ayrılmasında hansı prinsipdən istifadə etməkdə çətinlik çəkirik.  “Yaxşı” sözü işlənmə məqamına    görə həm sifət, həm zərf, həm də modal söz kimi  izah edilir. Halbuki bir çox dilçilərin fikrinə görə  bir söz ancaq bir nitq hissəsinə aid olmalıdır.

Fərhad Zeynalvun ad günündə dillçıliyimizin problemləri haqqında bu gün gur səslə danışa bilərik.   Belə məqamda gur səslə danışmağı  bizə Fərhad Zeynalov öyrətmişdir.Mən yazdığım məqalələrdən birinin adını diçiliyimizin Axilles dabanı” adlandırmıdım.Mən burada orfoepik qaydalarımızdakı boşluqlardan söz açmışdım. Sonradan məlum oldu ki, dilçiliyimizdə bir yox,bir neçə   Axilles dabanımız vardır.

Mən burada bir çox məsələlərdən danışmaq istərdim.  2012-ci ildə   Avropa Azərbaycan Məktəbinin  Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri kimi  Azərbaycan  Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu ilə işgüzar əlaqələr yaratmağa cəhd etdim.İnstitutun ovaxtkı  direktorunu  və bir neçə elmi əməkdaşını məktəbə dəvət etdik. Geniş fikir mübadiləsi apardıq.Tədbirdə məktəbin ixtisas müəllimləri də, yuxarı sinif şagirdləri də fəal iştirak etdilər. Elmi, elmi-pedaqoji sahədə birgə müəyyən işlər görmək müəyyənləşdirildi.Sonralar institut rəhbərliyinin   dəyişdirilməsi bu əməkdaşlığı bir az səngidi. Şagirdlərimizin ciddi hazırlaşmalarına baxmayaraq, Dilçilik İnstitutu ilə birgə Mirzə Kazım bəyin 1839-cu ildə nəşr edilən  “Türk-tatar dillərinin qrammatikası( Грамматика турецко-татарского языка”) kitabının 175 illik təntənəsini keçirmək tədbirimiz də baş tutmadı.

Yeri gəlmişkən bir məsələni xüsusilə vurğulamaq istəyirəm. AMEA-nın müvafiq institutları  orta məktəb şagirdləri üçün hazırlanan dərsliklərə nəzarət edə bilmir.

Bu gün elmi qrammatikada  hələ tam müəyyənləşməyən fikirlər orta məktəb dərsliklərinə yol tapır.Bu gün  dərsliklərdə adlıq cümlə yersiz qalıb.Vasitəli və vasitəsiz nitqə aid  məsələlərin izahında müəyyən sürüşkənlik var. Sintaktik əlaqələr məsələsi  orta məktəb dərsliklərində yaxşı izah olunmayıb. III növ təyini söz birləşmələrinin arasına daxil olan sözün izahında ikilik var. “Mənim Şamaxıda evim var”, “Mənim beş kitabım var” tipli cümlələrinin sintaktik təhlili  orta məktəb dərsliklərində  hələ də aydın izahını tapmayıb.

Azərbaycan dilində durğu işarələrindən  istifadə qaydalarına aid  elmi mənbə olmadığına görə hələ də yazımızda müəyyən dolaşıqlıqlar özünü göstərir.  Opfoqrqfiya qaydalarına müzakirələrində orta məktəb müəllimləri seyrçi mövqe tuturlar.Orfoqrfya lüğətimizin geniş oxucu kütləsinə təqdimi  ləngiyir. Mürəkkəb adların yazılışında problemlərimiz hələ də həll olunmayıb. Bu gün yazıda buraxılan səhvə görə heç kəs heç kəsdən üzr istəmir.

Opta məktəblərin X və XI siniflər üçün yazılmış Azərbaycan dili  dərsliklərinin yeni nəşrinə diqqətlə yanaşılmalıdır.Bu dərsliklər vaxtilə  TQDK-nın seminarlarında  həftələrlə müzakirə edilmişdir.  Lakin  vaxt məhdudluğu ucbatından çox vaxt  müzakirələrdə qaldırılmış məsələlər unudulur, dərsliklərin yeni nəşrlərində  əsaslı düzəlişlər edilmir.

X sinfin Azərbaycan dili dərsliyində türk dillərinin ailə şəcərəsi nöqsanlı şəkildə təqdim olunmuşdur.

Burada dilimizin adı Konstitusiyamızdakı adından fərqlidir.

Türk dillərinin ailə şəcərəsindəki inkişaf  yönü düzgün göstərilməmişdir.

Portret oçerklərində bir sıra yanlışlıqlar vardır. Bu, ən çox Mahmud Kaşğari  portret oçerkinə aiddir.

Bu gün orta məktəblərdə dili qrammatikadan bir növ təcrid edərək öyrətmək məsləhət görülür.Halbuki,dünyada dil öyrətmə prosesində qrammatikadan imtina etmək bağışlanılmaz səhv sayılır.

Bəlkə də, aşağı siniflərdə qrammatikasız dərs keçmək olar.Amma  dilçiliyin orta məktəb proqramına daxil edilmiş bölmələri, o cümlədən dilin morfoloji və sintaktik quruluşu  şagirdlərə  oyunlarla yox, mütləq elmi əsaslarla  öyrənildilməlidir.

Yazının növlərinə aid materiallar yayğındır. Yazı növlərinə aid izahlarda fikir müxtəlifliyi  vardır.  Elmi fikir müxtəlifliyi dərslik üşün bağıçlanılmaz səhvdir.

Bu gün dünyanın elmi məclislərindən  Fərhad Zeynalov kimi dilçilərimizin səsi, çox təəssüf ki, nadir hallarda eşidilir. Halbuki  dilçilik elmimizin səsi çoxlarını yuxudan oyatmalıdır.

Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının əməkdar müəllimi.

 Bakı.

22.06.2018.

Həmçinin yoxlayın

On yeddi yaşlı yeniyetmə Vahid Əsğərinin qeyri-müəyyən vəziyyətdə həbsi davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Səhənd şəhərində yaşayan 17 yaşlı məktəbli Vahid Əsğəri …

Qadınlar molla rejimin hicab zorakılığına qarşı dirənməyə davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, molla rejimi yenidən qadınlara məcburi hicaba görə vəhşilik …

Bir cavab yazın