Cümə axşamı , Aprel 18 2024
azfa

Türküstan şəhidi – Əfqanıstan türklərinin milli ideoloqu Azad bəy Kərimoğlu

GADTB: Ata tərəfdən Özbək türkü, ana tərəfindən Xokand xanlarından Dudayar xanın nəvəsi Azad bəy Kərimoğlu tarixi-siyasi səbəblər üzündən Pakistanda anadan olmuş, orta təhsilini orada başa vurduqdan sonra Pakistan Lahor Universitetinin hüquq fakultəsini bitirib vəkil kimi fəaliyyətə başlamışdır. Atası Varis Kərimi Özbəkistanda anadan olmuş, Moskva Tibb İnstitutunu bitirdikdən sonra II Dünya müharıbəsi dövründə cəbhəyə göndərilmiş, almanlara əsir düşmüş, Türküstan Diviziyası legionerlərindən biri kimi Türküstan Milli Birlik Komitəsinin ən fəal üzvlərindən olmuşdur. Almaniyanın məğlubiyyətindən sonra əvvəl müttəfiq qüvvələrin komandanlığına təslim olan doktor Varis Kərimi Amerikanın onu ruslara təslim edəcəyini duyub əsirlikdən qaçmış, macəralı yolçuluqlardan sonra İtaliya, Misir və Ərəbistandan keçərək Pakistana gəlmiş və Azad Bəy də 1948-ci ildə burada dünyaya gəlmişdi.

Sovetlərin 1979-cu ildə Əfqanıstanı işğalı nəticəsində Pakistana sığınan mühacir türklər arasında idoloji iş aparan Azad bəy əvvəl ruslara qarşı savaşan tacik əsilli Rəbbaniyə kömək edərək “Cəmiyyəti-İslami” adlı təşkilatın qurulmasında fəal iştirak edir. Lakin Rəbbani Azad Bəyin Türküstan və Əfqanıstan türklərinin gələcəyinə aid fikir və fəaliyyətlərini görüb onu təşkilatdan kənarlaşdırır. Vəziyyətin belə olduğunu görən Azad Bəy daha əvvəllər həbsxanalarda yatmış Əfqanıstan türklərindən olan Mövləvi Tahir Müttəhar və Kərim Mahmudla birgə “Quzey Əfqanıstan vilayətləri İttihadi-İslami” adlı Türk partiyasını yaradırlar. Azad Bəyin nüfuzu sayəsində qısa zamanda partiya Əfqanıstan türkləri arasında böyük əks-səda yaradır.Əfqanıstan türklərinin öz milli mənliyinin dərkində əvəzsiz xidmətlərini görən türk düşmənləri və hətta Pakistan başda olmaqla millətlərarası siyasi dairələr belə mərkəzləri Peşavərdə olan bütün partiyaları rəsmi olaraq tanıdıqları halda yalnız Azad Bəyin rəhbərlik etdiyi Türk Partiyasını tanımamış, onları millətlərarası təşkilatların yardımından məhrum etmişdilər. Lakin Azad Bəyin Quzey Əfqanıstandakı gücü və nüfuzundan istifadə etmək üçün “Cəmiyyəti-İslami” yetkililəri bu partiyanı Cəmiyyəti-İslaminin bir qolu qəbul etmiş, yalnız bundan sonra bu partiya az da olsa beynəlxalq yardımlardan yararlanmışdır. Azad Bəy öz payına düşən silah-sursatı Hacı Xaluddin, Mənan Məhdum və Nəbi Can kimi Türk dəstə komandirlərinin kanalı ilə Qunduz, Şibirqan, Meymənə və Məzari-Şərifdə olan Türk biliklərinə çatdırmağa müvəffəq olmuşdu. Bundan təşvişə düşən Cəmiyyəti-İslami partiyasının bir qoluna rəhbərlik edən Rəbbani bu yardımları kəsmiş, Azad bəyi gözdən salmaq üçün bütün vasitələrə əl atmış və buna qismən də olsa nail olmuşdur. Vəziyyətin gərginləşdiyini və Türk birliklərinin yardımdan məhrum olduqlarını görən Azad Bəy yardım və dəstək almaq məqsədi ilə Türkiyə başda olmaqla bir sıra ölkələrə səyahət etmiş və müəyyən yardım və dəstək aldıqdan sonra yenidən ölkəsinə qayıtmışdır. Azad Bəyin bu səyahətdən uğurla qayıtdığını görən və öz türklüklərini dərk edən və Moskvayönümlü Nəcibullah hökumətindən narazı olan bir çox mücahidlər də Azad bəyə qoşulmuş, Azad Bəy onları Quzey Əfqanıstanda türk birliklərinə rəhbərlik edən Özbək əsilli genral Rəşid Dostumun yanına göndərmiş, onun daha da güclənməsinə nail olmuşdur. Azad Bəyin siyasi-ideoloji fəaliyyətində sosial bir dayaq olan general Rəşid Dostumun gündən-günə güclənməsi Nəcibullah rejimini və ətrafındakı Puştu məmurlarını narahat etməyə başlamış, onu Türkiyə və Özbəkistanla əlaqə yaratmaqda və Əfqanıstanı parçalayıb türkmən, qırğız və özbəklərdən ibarət bir müstəqil Türk dövləti qurmaqda suçlayaraq ittiham etmişdilər. Halbuki bu ideya genral Rəşid Dostumun deyil, Azad bəyin ideyası idi. Çünki Dostum Azad Bəy kimi yeni bir türk dövləti qurmaq deyil, Əfqanıstanın bütünlüyünü qoruyaraq qurulan və qurulacaq hökumətlərdə türklərin də təmsil haqqı olmasını tələb edirdi. General Dostumun bu tələbi Özbəkistan prezidenti İslam Kərimovu da təmin etdiyindən və Kərimov üçün təhlükə təşkil edən Böyük Türküstan ideyasından yan keçdiyindən Kərimov Dostumun bütün gücünü itirib Əfqanıstanı tərk edənə qədər onu dəstəkləməsi də bunu təsdiq edir. Əslində Nəcibullahı qorxudan Azad bəy sayəsində türkmənlərin rəhbəri, Quzey Əfqanıstanda bir Güney Türküstan dövləti qurmağa çalışan, Selenqa tunelini dağıdan Aşur Pəhləvanın Rəşid Dostuma qoşulması və ən başlıcası Azad Bəy tərəfindən Əfqanıstan türkləri arasında bir əlaqə yaratması idi. Bu əlaqənin nəticəsi idi ki, genral Rəşid Dostum Türk mücahid qüvvələri ilə Kabilə daxil olmuş, Nəcbullah hökumətini devirmiş, özünün “Cünbüşi –Milli İslami” partiyasını yaratmış, fəaliyyətinin zirvəsinə yüksəlmişdi. Türküstan birliyinin yaranması üçün real zəmin yarandığını görən mövcud hökumət, bütün Puştu, Tacik mücahid fraksiyaları və beynəlxalq siyasi təşkilatlar Rəşid Dostumun yaratdığı “Cünbüşi-Milli İslami Partiyası”nı rəsmi olaraq tanımadıqlarından onunla görüşlərdən belə imtina etmişlər. Vəziyyətin belə olduğunu görən Azad Bəy təcili fəaliyyətə başlayaraq general Dostumla əlaqə yaratmaq üçün Məzari-Şərifə gəlib siyasi-ideoloji fəaliyyətini davam etdirir. Qısa bir müddətə Məzari-Şərifi tərk edərək Peşavərə getməsindən istifadə edən düşmənləri onun Məzari-Şərifə dönüşünü tamamilə qapamışdılar. Belə bir vəziyyətdə o gələcək planlarını həyata keçirmək üçün onu çox sevən, şiə olduqları üçün Pakistan, Türk olduqları üçünsə İran tərəfindən dışlanan Hazaraların içinə gedərək türk birliyi ideyasını yaymağa başlayır. Azad bəydən sonra o günə qədər Əfqanıstan və bölgə siyasətində yox fərz edilən Hazaralar siyasi arenaya çıxmış, türk birliyindən qorxuya düşən İran təşəbbüsü ələ alaraq Hazaralara sahib çıxmağa başlamışdır.

Belə bir vəziyyətdə Əfqanıstanı kommunist istilasından təmizləyən mücahid fraksiyalar arasında stol davası başlamış, Əfqanıstanın hər bölgəsi bir komandirin nəzarəti altına düşmüş, paytaxt Kabil üç il içərisində yerlə yeksan edilmiş, xüsusilə puştuların sıx yaşadığı güney bölgələrində terror və anarxiya hakim olmuşdur. Dünənin müqəddəs savaşçıları artıq yol kəsən quldurlara çevrilmişdi. Xalq üç il ərzində artıq bu dünənki qurtarıcıların, bugünkü quldurların hücumlarından necə qurtulacaqlarını düşünürdülər. Belə bir vəziyyətdə Pakistan konvoyu da quldurlar tərəfindən yağmalandı. Bunu duyan Pakistan əsilli Sultan Əmirin mədrəsə tələbələrindən yüz nəfər silahlanaraq əvvəllər qəhrəman mücahid kimi tanınan, indisə quldurluqla məşğul olan “Gucci Mücahidin” təşkilatının üzərinə yürümüş, həm konvoyu, həm də pakistanlıları qurtarmışdılar. Qələbədən ruhlanan mədrəsə tələbələri (Əfqanıstan mədrəsə tələbələrinə “Talib” deyilir – A.M.) geri qayıdaraq Qəndəharı ələ keçirdilər. 29 oktyabr 1994-cü ildə Qəndəharı ələ keçirən mədrəsə tələbələri “Taliban” adı ilə siyasi gündəmə daxil oldu. Lideri ruslara qarşı savaşda bir gözünü itirən Məhəmməd Ömər Puştu tayfa adət-ənənələrinə bağlı bir din xocasıdır. Dövlət başçısı Rəbbani ilə Hikmətyar arasında gedən iqtidar savaşından cana doyan xalq Talibanı dəstəkləməyə məcbur oldu. Pakistan və Səudiyyə Ərəbistanın hər yönlü dəstəyi ilə Taliban qüvvələri bir-birinin ardınca Kabili, Heratı ələ kçirərək geniş çaplı bir etnik təmizləmə kampaniyasına başladılar. Belə bir vəziyyətdə Rəşid Dostum da başqa mücahidlər kimi Əfqanıstanı tərk etməyə məcbur oldu. Meydanda tək qalan Azad bəy yenə də ümidini itirməyib öz Türküstan davasını davam etdirdi. Lakin Əfqanıstan türklərinin varlığını dünya siyasi gündəmində tanıdan, Əfqanıstan türklərini vahid ideya ətrafında birləşdirməyə səy göstərən Quzey Əfqanıstanda bir türk dövləti yaratmağa və ən başlıcası vitsegeneralsimuş Ənvər Paşanın yarımçıq qalmış Böyük Türküstan idealını həyata keçirməyə çalışan Azad Bəyin fəaliyyətindən təşvişə düşən, onu ciddi bir təhlükə olaraq qəbul edən Taliban qüvvələri, Rusiya, İran, Pakistan və Özbəkistan hökumətləri onu məhv etmək üçün xüsusi planlar hazırlamış və sonda İran molla rejiminin hazırladığı terror aktı nəticəsində 1997-ci ildə yardımçısı Xalidi və mühafizəçisi Zeynəddinlə birlikdə qurşuna düzülərək öldürüldü. Həyatını vətən millət yolunda mübarizəyə həsr edən, Vahid Türküstan uğrunda şəhid olan, ömrünün son anlarına qədər Əfqanıstanda türklük davasına öndərlik edən Azad Bəy Əfqanıstan türklərinin qəlbində əbədi yaşayacaqdır.

Azad Bəyin bütün ümidi Əfqanıstan türk gəncliyi idi. Azad Bəyin əkdiyi toxumlar bu gün qol-qanad açmaqdadır. Artıq Əfqanıstan türk gəncliyi anlayır ki, onun Vətəni bügünkü Əfqanıstan, Pakistan və Hindistanda islam dininin yayılmasında xüsusi əməyi olan Sultan Mahmud Qəznəvi, “Bir dünyaya bir dövlət kifayətdir. Bu dünya iki dövlətə dar gəlir. Bu dünyanın idarə edəcək dövlət də mənim (Əmir Teymurun – A.M) dövlətim olacaq!”-deyən böyük cahangir Əmir Teymur, İslam dininin Hindistan yarımadasına qədər yayılmasında böyük əməyi olan, türklüyə yeni bir səhifə açan, bu gün belə mədəni dünyanı özünə heyran qoyan Tac-Mahalı tikdirən Cahanşah, məzarı indi də Əfqanıstanın paytaxtı Kabildə ziyarətgah olan Babur, Herat şəhərini paytaxt seçərək bu şəhəri Türk tarixində sayılı mədəniyyət mərkəzlərindən biri edən Sultan Hüseyn Baykara kimi babalarımızdan bizlərə qalan bir mirasdır. Bu mirasa sahib çıxmaqsa Əfqanıstan türk gəncliyinin görəvidir. Bu məqsədlə Əfqanıstan türk gəncliyi 12 fevral 2000-ci ildə “Əfqanıstan Gənclər Birliyi” adlı siyasi təşkilat yaratmışlar.

Əfqanıstan türk gəncliyinə bu haqlı davalarında başarılar diləyir, Güney Türküstanın müstəqilliyi uğrunda şəhid olan Azad Bəy və onun yaxın silahdaşları olan Aşur Pəhlivana, Xalidiyə, Zeynəddinə və adlarını bilmədiyimiz bütün mücahidlərə Ulu tanrıdan rəhmətlər, diləyirik.

Ruhları şad olsun!

Aydın Mədətoğlu QASIMLI

Filologiya üzrə fəlsəfə doktoru , dosent

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta SEPAH terror təşkilatı ilə bağlı Avstralıyanın xarici işlər naziri Penny Vonga məktubla müraciət edib-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk …

Rus sülhməramlıların Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə qərar qəbul edilib

GADTB: 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş …

Bir cavab yazın