Cümə axşamı , Mart 28 2024
azfa

Vilayət Quliyev: Əhməd Ağaoğlu haqqında

GADTB: 1939-cu ilin may ayında İstanbulda türk dünyasının böyük fikir adamı Əhməd Ağaoğlu (1869-1939) vəfat etdi.

Bolşevik işğalı altındakı tarixi vətəni Azərbaycanda səssiz-soraqsız ötüşən bu ağır itkinin türk cəmiyyətində oyandırdığı təəssürat heyrətamiz idi. Bəlkə də Atatürkün ölümündən sonra ilk dəfə Türkiyədə bir şəxsin dünyadan köçməsinə bu qədər mühüm diqqət yetirilirdi. Qəzetlər aylarla müəlliflərin sanki əvvəlcədən razılığa gəliblərmiş kimi bir səslə Ustad adlandırdıqları Əhməd bəyin ölümündən, bu ölümün çağdaş Türkiyənin, türk dünyasının mədəni və ictimai həyatında yaratdığı boşluqdan, böyük şəxsiyyətindən və zəngin yaradıcılıq irsindən söz açan məqalələr çap edirdilər.

Özünü tərəddüdsüz Azərbaycan türkü sayan, M.Məmmədzadənin də yazdığı kimi, “həyatının sonuna qədər hətta ləhcəsini də dəyişməyən” Əhməd Ağaoğlunun ölümünə Türkiyə və Avropada yaşayan həmvətənləri – azərbaycanlı siyasi mühacirlər də laqeyd qalmamışdılar. Məşhur “Azərbaycan Yurd Bilgisi” jurnalının naşiri, İstanbul universitetinin müəllimi, türkoloq Əhməd Cəfəroğlu, yazıçı və publisist, Müsavat partiyasının mühacirətdəki tanınmış nümayəndələrindən biri Mirzəbala Məmmədzadə türk mətbuatı səhifələrində böyük həmvətənləri ilə bağlı xatirə və düşüncələrini paylaşmış, vida sözlərini dilə gətirmişdilər.

Azərbaycan siyasi mühacirətinin lideri, həmin dövrdə Polşada yaşayan Məhəmməd Əmin Rəsulzadə də “türk dünyasının məşhur mütəfəkkirlərindən və mühərrirlərindən biri” adlandırdığı Əhməd Ağaoğlu haqqında, onun Azərbaycan və türk dünyasının ictimai-siyasi, mədəni həyatındakı mühüm yeri və rolu, mübarizələrlə dolu ömür yolu barədə fikirlərini İstanbulda nəşr olunan “Xalq” qəzetinin səhifələrində paylaşmağı özünə borc bilmişdi.

İstər haqq dünyasına qovuşan Ə.Ağaoğlunu, istərsə də mərhumun işıqlı xatirəsi qarşısında son borcunu yerinə yetirən həmvətənlərini fikir həyatı və tale baxımından biri-birinə bağlayan cəhətlər vardı. Hamısı Azərbaycan türkü, əqidə və söz adamı idilər. Hamısı dərdi, ələmi sevincindən çox olan mühacir ömrü yaşayırdı. Lakin ən mühüm cəhət bu deyildi. Ən mühüm olanı hamısının həyatı bu və ya digər dərəcədə vətənlərini qısa ömürlü, fəqət şanlı, qürurverici tarixi ilə – Cümhuriyyət dönəmi ilə bağlılığında idi.

Məhəmməd Əmin Rəsulzadənin kimliyi və Azərbaycanın milli müstəqillik tarixindəki rolu hər kəsə bəllidir. 1909-cu ildən İstanbulda yaşayan və çağdaş türk cəmiyyətində böyük nüfuz qazanan Əhməd Ağaoğluna gəldikdə isə o, yurdun çətin sınaq anında 5-ci Qafqaz İslam ordusunun komandanı Nuru paşanın siyasi müşaviri kimi vətənə dönmüşdü. Burada Azərbaycan Parlamentinə üzv seçilmiş, hələ müvəqqəti paytaxt Gəncədə ikən yeni qəzet təsis etmiş, hökumətin bir sıra mühüm tapşırıqlarını yerinə yetirmişdi. İngilislərin fitnəkarlığı sayəsində Parisə gedib çıxa bilməsə də, Parlament və hökumət tərəfindən Versal sülh konfransına göndərilən Azərbaycan nümayəndə heyətinin tərkibinə daxil edilmişdi. Gələcəyin məşhur türkoloqu Əhməd Cəfəroğlu 20 yaşlı gənc ikən kiçik topçu zabit kimi birləşmiş Azərbaycan-türk hərbi qüvvələrinin tərkibində Bakının erməni-bolşevik işğalından azad olunması uğrunda vuruşmuşdu. 21 yaşlı Mirzəbala Məmmədzadə isə 1918-1920-ci illərdə rəsmi hökumət qəzeti “Azərbaycan”ın müxbiri, Müsavatın Bakı komitəsinin üzvü və Parlamentin stenoqrafçısı olmuşdu.

Başqa sözlə desək, dünyadan köçən Əhməd bəy onlar üçün yalnız həmvətən, yaxud çağdaş Türkiyənin tanınmış ictimai xadimi deyildi. İlk növbədə mənsub olduqları xalqın milli müstəqillik mübarizəsində önəmli rol oynamış görkəmli şəxsiyyət, əqidə və mübarizə yoldaşı idi. Həm mərhumu, həm də onun xatirəsi qarşısında son borcunu ödəyənləri Cümhuriyyət amalı birləşdirirdi.

Təbii ki, gənc həmkarları ilə müqayisədə Məhəmməd Əmin Rəsulzadə Əhməd bəyi daha yaxından tanıyırdı. 1900-cu illərin əvvəllərindən başlayaraq həyatını və mübarizəsini yaxından izləmək imkanına malik olmuşdu. Ona görə də həcmcə kiçik bir yazıda Əhməd Ağaoğlunun fəaliyyətinin əsas istiqamətlərini-onun islam birliyindən türk milliyyətçiliyinə qədər keçdiyi yolu, lakonik şəkildə, lakin dolğunluqla işıqlandıra bilmişdi. Xarakterindəki mübarizə əzminə, qətiyyət və dönməzliyə isə ayrıca diqqət yetirmişdi. Bunu vida məqaləsindəki aşağıdakı sətirlərdən də aydın görmək mümkündür: “Onunla əməkdaşlıq edən, daim necə qəhrəmanlıqla çalışıb-vuruşmasına şahid olan bir adam kimi tam əminliklə deyə bilərəm ki, o dövrdə, o odlu-alovlu illərdə (Birinci rus inqilabı və Stolıpin irticası nəzərdə tutulur – V.Q.) heç kəs Ağaoğlu Əhməd kimi milli hərəkat və milli dava cəbhəsinin ön atəş xəttində olmamışdı”.

Məhəmməd Əmin Rəsulzadə Türkiyədə siyasi mühacir kimi yaşadığı dövrdə Əhməd bəy türk siyasi elitasında və iqtidar dairələrində önəmli mövqelər tuturdu – biri-birinin ardınca Mətbuati-ümumi müdiri, Türkiyə Böyük Millət Məclisinin üzvü, yarı-rəsmi “Hakimiyyəti-milliyə” qəzetinin baş redaktoru, Ankara Hüquq Məktəbinin professoru, Atatürkün istəyi ilə yaradılmış Sərbəst Cümhuriyyət partiyasının ikinci adamı olmuşdu. Aydın məsələdir ki, rəsmi statusu ona mühacir soydaşları ilə yaxınlaşmağa, fikir və mülahizələrini istinasız bölüşməyə imkan verməmişdi. Lakin qarşılıqlı hörmət və ehtiram həmişə qorunmuşdu. Əks-təqdirdə M.Ə.Rəsulzadə Ustad adlandırdığı Əhməd bəyin ölümünə kədər və yanğısını bildirməyi Varşavadan özünə borc saymazdı.

Məqalənin dərc edildiyi mətbu orqan da ayrıca diqqəti çəkir. Məhəmməd Əmin vida yazısı Azərbaycana və onun istiqlal davasına xüsusi rəğbəti ilə seçilən türk publisisti və ictimai xadim Mühitdin Birgənin (1885-1959) əsasını qoyduğu “Xalq” qəzetində çap olunmuşdu. M.Ə.Rəsulzadə bu qəzet və onun qurucusu ilə 1920-ci illərin ortalarından əməkdaşlıq edirdi. İstanbuldan Ə.Topçubaşova göndərdiyi 23 fevral 1926-cı il tarixli məktubda Birgəni tanıdaraq yazırdı: “Mühitdin təcrübəli türk jurnalistidir. Uzun müddət İttihad və Tərəqqinin mətbu orqanı sayılan “Tənin” qəzetinin, sonra isə Ankarada “Hakimiyyəti-milliyə”nin redaktoru olub, “Cümhuriyyət”də fəal iştirak edib, “Məslək” adlı nüfuzlu həftəlik təsis edib, indi isə Türkiyənin ən yaxşı qəzetlərindən biri hesab olunan və mənim də yazılarımın çıxdığı “Xalq” qəzetini yaradıb. Keçmiş deputatdır. Sağlam ağıl sahibidir. Azərbaycana bələddir və ölkəmizi sevir. Bolşeviklərin vaxtında iki il Bakı universitetinin professoru olub. Çekistlər mənzilində axtarış aparandan sonra Bakını tərk edib. Amma orada özü haqqında yaxşı xatirələr qoyub”.

Yeri gəlmişkən, Mirzəbala Məmmədzadənin daha çox nekroloq xarakteri daşıyan “Ağaoğlu Əhməd bəy” adlı geniş məqaləsi də “Xalq” qəzetinin 1939-cu il may nömrələrindən birində özünə yer almışdı.

Azərbaycanlı müəlliflərin Əhməd bəyə həsr olunmuş məqalələri hər şeydən əvvəl milli istiqlal məfkurəsinin yaşarılığını, bu məfkurənin birləşdirdiyi insanların biri-birinə dərin inanc və ehtiramının ifadəsi idi.

 

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın