Cümə , Aprel 19 2024
azfa

XIII-XIV əsrlər Azərbaycan mədəniyyətinin ingilisdilli tarixşünasliqda əksinə dair

GADTB: Moğol işğalları və Elxanilər dövlətinin tarixini tədqiq edən qərb tarixçiləri əksər hallarda öz əsərlərində siyasi, sosial – iqtisadi məsələlərlə bərabər mədəniyyət məsələlərinə də toxunmuşlar. İngilisdilli tarixşünaslığın vermiş olduğu məlumatları təhlil etdikdə belə qənaətə gəlmək olar ki, qərb tarixçıləri, eləcə də ingilisdilli tarixçilər Azərbaycan tarixçiləri kimi Elxanilər dövrü Azərbaycan mədəniyyətinə ya bir səhifə həcmində yer ayırmış, ya hər hansı bir tədqiqat bütövlükdə mədəniyyətin ayrıca bir hissəsinə həsr olunmuş, ya da ki, XIII – XV əsr mədəniyyətinin bir parçası kimi tədqiq etmişlər. Həm XIII-XIV əsr Azərbaycan mədəniyyətini, həm də Elxanilər dövrü Azərbaycan mədəniyyətini kompleks şəkildə tədqiq edən hər hansı bir tarixi əsərə isə nə Azərbaycan tarixşünaslığında, nə də ki, ingilisdilli tarixşünaslıqda rast gəlinir.

Onu da qeyd etmək lazımdır ki, ingilisdilli əsərlərdə bir çox məsələlərin təsvirinin izaha ehtiyacı vardır. Bu qəbildən olan əsərlərdə bəzi məsələlər isə ümumiyyətlə qeyri-obyektiv formada əks olunmuşdur. Ona görə də, həmin məsələlərdən bir necəsi haqqında məlumat vermək Azərbaycan tarixşünaslığı üçün vacib olduğu qədər də aktualdır. Çünki, aşağıda adı çəkiləcək bu məsələlərin bəzilərinə sadəcə XIII-XIV əsr mədəniyyət tarixində rast gəlinmir, eləcə də XV-XVIII əsr mədəni və siyasi məsələlərin əks olunduğu, tədqiqatlarda, Avropa səyyahlarının səyahətnamələrində də rast gəlinir.

Elxanilər dövrü Azərbaycan mədəniyyətinin bir çox sahələri ingilisdilli tarixşünaslıqda müxtəlif formada əks olunmuşdur. Məsələn təhsil sistemi [17] və Azərbaycan ədəbiyyatı [4] bu tip tədqiqatlarda zəif əks olunduğu halda, miniatür, memarlıq [7; 11], elmin müxtəlif sahələri və musiqi [17; 18] daha geniş tədqiq olunmuşdur. Ədəbiyyatın və təhsilin ingilisdilli tarixşünaslıqda zəif tədqiq olunmasının əsas səbəbi ilkin qaynaqlarda bu məsələ ilə bağlı materialların az olmasıdır. Elm sahələrinin özü də ingilisdilli tarixşünaslıqda fərqli formada əks olunmaqdadır [17]. Texniki elmlər, təbabət, tarix, coğrafiya elmləri ingilisdilli tarixşünaslıqda daha geniş tədqiq olunduğu halda Azərbaycan mədəniyyət tarixi üçün əhəmiyyətli olan fəlsəfə və fiqh elmləri demək olar ki, tədqiqat obyektinə çevrilməmişdir. Bunun isə əsas səbəbi ondan ibarətdir ki, fəlsəfə və fiqh alimlərinin əsərləri Avropada digər alimlərin əsərləri kimi məşhur deyildir. Memarlığın ingilisdilli tarixşünaslıqda əksində də bir sıra ziddiyyətlər ardır. Azərbaycanın şimal abidələri haqqında az məlumat verən Avropa alimləri daha çox cənubi Azərbaycandakı abidələr haqqında məlumat verirlər [7; 11]. Bunun da əsas səbəbi Azərbaycanın şimal torpaqlarının SSRİ tərkibində olması və qapalı rejim çərçivəsində tədqiqat aparmanın qeyri – mümkünlüyü ilə bağlılığı ilə əlaqədardır.

İngilisdilli tarixşünaslıqda qeyri – obyektiv formada əks olunan və tariximin üçün vacib hesab olunan məsələlərdən biri də Azərbaycana məxsus olan mədəniyyət abidələrinin, ictimai xadimlərin və alimlərin fars və ya ərəb mədəniyyətinin bir parçası kimi tədqiq olunmasıdır.

Marağa rəsədxanasının virtual restobrasiyası. Rəsədxananın kompüter qrafikası ilə hazırlanan

modeli www.whettonandgrosch.co.uk saytı tərəfindən Eastwood Cook Ltd şirkəti

Nəsirəddin Tusi, Səfiəddin Urməvi, Əhvədi Marağayi və bir çox Azərbaycan mütəfəkkirləri həm ingilisdilli tarixçilər, həm də Rusiya və Türkiyə tarixçiləri tərəfindən “İran” və ya “Persiya” mənşəli kimi təqdim olunmaqdadır. “İran” və “Persiya” anlayışlarından birincisi (İran) 1935-ci ildən etibarən [2, 1], digəri isə (Persiya) m. ö. II minilliyin sonu – I minilliyin əvvəllərindən – ari tayfalarının Parsamuş ərazisində məskunlaşdığı dövrdən etibarən işlənmişdir. Əhəməni imperiyası ilə Qədim Yunanıstan arasında baş verən müharibədən sonra fars (Persiya) anlayışı sadəcə bir toplumu deyil bütün imperiyanı əhatə edərək coğrafi məna kəsb etdi və yunan tarixi-coğrafi ədəbiyyatında ərazini ifadə edən bir coğrafi termin kimi işlənməyə başladı [1, 51-52]. Məşhur ingilis alimi D. Morqan İran tarixinin orta əsrlər dövrünün tədqiqinə həsr olunmuş “Orta Əsrlər İranı” adlı kitabında bildirir ki, “Persiya” kəlməsi indiki İran ərazisini əhatə etmir. Onun fikirlərinə görə kitabda işlədilən “Persiya” anlayışı indiki Türkiyə respublikasının qərb hissəsini, keçmiş Sovetlər birliyinin bir cənub hissəsini, Əfqanıstanı və indiki İranı əhatə edir [2, 1-2].

İngilisdilli tarixşünaslıqda Azərbaycan mədəniyyət nümunələrinin və tarixi şəxsiyyətlərin “iranlı” və ya “fars” adlandırılmasının həm subyektiv, həm də obyektiv səbəbləri var. İngilisdilli tarixşünaslıqda işlədilən “Persiya” (Fars) məfhumu iki kontekstdə əks olunmuşdur: linqvistik və ərazi kontekstində. Məsələn. M. P. Saykes tərəfindən hazırlanan “İran tarixi” kitabında məsələyə dilçilik kontekstindən yanaşılır və digər mütəfəkkirlər ilə birlikdə Mövlana Cəlaləddin Rumi və Nizami Gəncəvi kimi şairlər türk olmalarına baxmayaraq fars şairi kimi göstərilir [3, 225-226]. Halbuki hər iki şair də dövrün tələbatlarına uyğun formada fars dilində yazsalar da onların fars şairi olmadığı dünyanın bir çox elm adamları tərəfindən qəbul edilir [4, 577]. Digər bir əhəmiyyətli məsələ budur ki, Avropada elm dili latın dili olduğu kimi, Yaxın və Orta Şərqdə və Azərbaycanda o dövrün elm dili ərəb idi və Nəsirəddin Tusi başda olmaqla istər Azərbaycan, istərsə də digər İslam ölkələrində fəaliyyət göstərən alimlər də əsərlərinin çoxunu bu dildə yazmışdılar [1, 52-53]. Məsələyə dilçilik kontekstindən yanaşsa belə bir nəticəyə gəlmək olar ki, istənilən bir mütəfəkkirin və ya alimin, yaxud şairin hər hansı dildə yazması onun etnik kimliyinin göstəricisi deyil.

  1. A. Boylun redaktorluğu ilə Kembric universiteti nəşriyyatında nəşr olunan “Kembric İran tarixi” çoxcildlik kitabında isə məsələyə ərazi kontekstindən yanaşılır ki, bu da Avropalı elm adamlarının aldıqları antik coğrafi məlumatlar ilə formalaşan təfəkkürə söykənir [4, 577]. İstər XI-XIV əsrləri tədqiq edən alimlər. Istərsə də XV – XVIII əsri tədqiq edən alimlər və orta əsrlər boyu Azərbaycana səyahət edən səyyahlar yanlışlığa yol verərək, əksər hallarda Dərbənddən İran körfəzinə qədər torpaqları “Persiya” (fars) adlandırırlar [5; 6; 7] Moğol və İran tarixinə dair qiymətli tədqiqatların müəllifi olan D. Morqan da mövcud fikri təsdiqləməkdədir ki, ingilisdilli tarixçilər tərəfindən istifadə olunan “Persiya” anlayışı antik yunan tarixi ədəbiyyatlarında Əhəməni dövlətini ifadə etmək üçün istifadə olunan latın mənşəli “La Persia” coğrafi adından meydana gəlmişdir [2, 1]. Eyni zamanda onu da vurğulamaq yerinə düşər ki, “Kembric İran tarixi” kitabının ədəbiyyat və şeirə aid olan hissəsində ayrıca bir formada – Azərbaycan məktəbi başlığına rast gəlinir. Kitabın eyni hissəsində ayrıca, Nizami Gəncəvinin Azərbaycan şairi olduğu da vurğulanmaqdadır [4, 568-584].

Azərbaycan mədəniyyətının İran və ya fars mədəniyyəti kimi göstərilməsi məsələsinə Carlz Storinin üç hissəli, on cildli “İran ədəbiyyatı: bio-biblioqrafik tədqiqat” (“Persian literature: a bio-bibliographical survey”) əsərində də eyni mövqedən yanaşılmışdır. Əsər bütövlükdə İran ədəbiyyatının tədqiqinə həsr olunsa da birinci hissəsinin dördüncü kitabında Azərbaycan Persiyanın bir hissəsi kimi göstərilir. Eyni əsərin birinci hissəsinin beşıncı cildi isə “Hindistan tarixi” adlanır. [8]. Tarixi şəraitdən dolayı Azərbaycanın Persiyanın bir hissəsi kimi təqdim olunması ilk baxışdan normal görsənsə də Hindistanın Persiyanın bir hissəsi kimi göstərilməsi tarixilik baxımdan doğru hesab etmək bir o qədər də inandırıcı görsənmir. Onu da vurğulamaq yerinə düşər ki, kitabın qələmə alındığı tarix XX əsrə təsadüf edir. XX əsrdə isə Hindistan Persiyanın bir hissəsi deyildi.

Orta əsrlər tarixinə dair ilkin farsdilli və ərəbdilli qaynaqlarına baxdığımızda Avropa və digər ədəbiyyatlarda “Persiya” adlanan sözün “Əcəm” (“عجم”) formasında istifadə edildiyini də görə bilərik. İngilisdilli ədəbiyyatlarda tərcümələr zamanı orijinalda “Əcəm” kimi işlədilən söz “Persiya” və ya “İran” olaraq tərcümə edilmişdir. Elə isə, “Əcəm” sözü nə anlama ifadə edir? Azərbaycan dilinin izahlı lüğətində göstərilir ki, “Əcəm” sözü ərəb dilində fars və türk xalqlarını adlandırmaq üçün istifadə edilirdi. Ayrıca bu sözün “xarici” və “ərəb dilini anlamayan” mənaları da vardır [10, 57].XV – XVI əsrlərdə isə bu söz yalnız İranı ifadə etmək üçün istifadə edilirdi.

İstər Rusiya, istərsə də Türkiyə və Avropa tarixşünaslığında mədəniyyət terminlərinin və bir sıra xüsusi isimlərin yazılmasında yanlışlığa yol verilir.

Fars dilinin qrammatikasının əsas anlayışlarından biri olan izafət birləşmələri Azərbaycan ədəbi dilində mövcud olan yanaşma əlaqəsinə uyğun gəlir və bu qrammatik qayda tələffüzdə “e” səsi ilə ifadə olunur. Farscada əksər hallarda izafəti göstərmək üçün xüsusi işarədən istifadə olunmur. Lakin, farsdilli bir terminin türk, ingilis və ya rus dilinə transliterasiya etdirildiyi zaman çox vaxt izafət nəzərə alınmır, ya “i” hərfi ilə, ya da ki “e” hərfi ilə sözə bitişik formada yazılır. Məsələn: Rəb-e Rəşidi birləşməsi əksər hallarda Türkiyə, Rusiya və Avropa tarixşünaslığında ya Rəbe Rəşidi, ya da Rəb-i Rəşidi, ya da ki Rəbi Rəşidi kimi göstərilir [11; 12; 13]. Halbuki, mətnin transliterasiyası hazırlanan zaman izafəti əsas sözə defislə birləşdirmək (Şəmb-e Qazan, Rəb-e Rəşidi kimi) daha doğrudur. Bunun əsas səbəbi izafəti sözün əsas tərəfindən fərqləndirməkdir. Görkəmli alimimiz S. Onullahı də izafəti yuxarıda vurğulandığı kimi – sözə defislə birləşdirərək öz tədqiqatlarına daxil etmişdir [14].

Rəb-e Rəşidi kompleksinin qalıqları. Foto müəllif tərəfindən

14-17 avqust 2016-cı il tarixində İran İslam respublikasının

Təbriz şəhərində olarkən çəkilmişdir

Həm Azərbaycan tarixşünaslığında, həm də ingilisdilli və rusdilli tarixşünaslıqda bir sıra hallarda ərəb dilində işlədilən və müəyyənlik bildirən “əl” (“ال”) artiklını aid olduğu sözə deyil, birləşmənin ikinci sözünə əlavə edirlər. Misal üçün “Camü üt-Təvarix” (“جامع التواریخ”) əsərinin adını ya “Camü-üt Təvarix” kimi, ya da “Camü-üt-təvarix” kimi göstərməyi üstün hesab edirlər. Halbuki, “əl” artiklı “Camü” sözünün deyil, “Təvarix” sözünün müəyyən olduğunu göstərir və orijinal ərəbcədə və ya farsca da “Təvarix” sözünə qoşulur. Məhz ona görə də bu artiklın aid olduğu sözə defislə birləşdirilməsi məqsədə uyğundur. Bir çox hallarda ingilisdilli tarixşünaslıqda ərəb dilində olan şəmsi və qəməri hərflərin “əl” (“ال”) artiklı ilə işlədilməsi qaydası kobudcasına pozulur. Bilindiyi kimi ərəb dilində şəmsi və qəməri hərflər mövcuddur və bu hərflər ilə başlayan sözlərə “əl” (“ال”) artiklı əlavə edildikdə artiklın ikinci hərfi şəmsi hərifə uyğun olaraq dəyişir. “Təvarix” sözündəki “Tə” (“ت”) hərfi də şəmsi hərifdir və bu sözə “əl” (“ال”) artiklı əlavə olunarsa ərəb dilinin qanuna uyğunluqlarına əsasən “Ləm” (“ل”) hərifi “Tə” (“ت”) hərifinə çevrilməlidir. Lakin, ingilisdilli tarixşünaslıqda bu qayda nəzərə alınmamış və “Ləm” (“ل”) hərifi olduğu kimi saxlanılmışdır. Yəni “Camü üt-Təvarix” birləşməsi “Camü əl-Təvarix” kimi göstərilmişdir ki, bu da doğru deyildir [15; 16].

Azərbaycan tarixi və mədəniyyətinin əks olunduğu ingilisdilli tarixşünaslıq haqqında bir məqaləyə sığması mümkün olmayan və ayrıca tədqiqata cəlb olunması vacib olan bir çox məsələlər də mövcuddur. Bir sıra məsələlərin qeyri – obyektiv formada əks olunmasına baxmayaraq ingilisdilli tarixşünaslıqda Azərbaycan mədəniyyət tarixində indiyə qədər araşdırılmamış, lakin xalqımız üçün əhəmiyyətli sayıla biləcək bir sıra məsələlərə diqqət ayırıb tədqiqata cəlb etmişlər.

ƏDƏBİYYAT:

  1. Bayramlı Z. Şabiyev B. Azərbaycan Səfəvi dövləti (XVI-XVIII əsrlər). Bakı: “Elm və təhsil” nəşriyyatı, 2017, 360 s.
  2. Morgan D. O. Medieval Persia (1040 – 1797). New York: Longman Inc., 1988, 197 p.
  3. A history of Persia. In two volumes, volume II / Edited by P. M. Sykes. London: Macmillan and co, limited St. Martin`s Street, 1915, 565 p.
  4. The Cambridge History of Iran. Volume 5. The Seljuk and Mongol periods / Edited J. A. Boyle. Cambridge: Cambridge University Press, 1968, 709 p.
  5. The Book of Sir Marco Polo /Translated and edited, with the notes by H. Yule. In two volumes. Vol. 1. London, John Murray, Albemarle Street, 1903, 463 p.
  6. The Journey of William of Rubruck to the Eastern Parts of the World with the Two Accounts of the Journey of John of Pain de Carpine. London: The Hakluyt Society, 1900, 304 p.
  7. Wilber D. N. The architecture of Islamic Iran: The Il-Khānid period. New Jersey: Princeton University Press, 1969, 208 p.
  8. Storey C. A. Persian literature: a bio-bibliographical survey. Volume 1. Part 1. Sec. I: Qurʾānic Literature. London: Luzac and Co., 1927, p. 1–60; Sec. II: History, fasc. 1. A. General History. B. The Prophets and Early Islam, London: Luzac and Co., 1935, p. 61–236; Fasc. 2. C-L. Special Histories of Persia, Central Asia and the remaining parts of the world except India. London: Luzac and Co., 1936, p. 237–432; Fasc. 3 History of India. London: Luzac and Co., 1939, p. 433–780; Part. 2. Biography. Additions and corrections. Indexes. London: Luzac and Co., 1953, p. 781–1444.
  9. Ali Arslan, Osmanlilar ‘da coğrafi terim olarak “acem” kelimesinin mânâsi ve Osmanli-Türkistan bağlantisindaki önemi (XV – XVIII. yüzyillar) / Osmanlı Tarihi Araştırma ve Uygulama Merkezi dergisi. Sayı 8. Ankara: 1997, s. 83 – 87
  10. Azərbaycan Dilinin İzahlı Lüğəti. Dörd cilddə. II cild. Bakı: “Şərq-Qərb”, 2006, 792 s.
  11. Blair S. S. Ilkhanid architecture and society: an analysis of the endowment deed of the Rabʿ-i Rashīdī // The journal of Persian Studies, 1984, v.22, p. 67-90
  12. The Tarikh-I Guzida or Selected History of Hamdullah Mustawfi-I Qazwini / English translation and annotation by E.G. Browne. London: LusacandCo., 1910, 556 p.
  13. Абру Х. Зайл-и джами ат-таварих-и Рашиди Критический текст, перевод с персидского, введение, комментарий и указатели: Э.Р. Талышханова. Баку: «Нафта Пресс», 2007, 322 с
  14. Onullahi S.M., Həsənov A. Q. Rəb-e Rəşidi və onun tarixi əhəmiyyəti // Azərbaycan Dövlət Universiteti. Elmi əsərlər. Şərqşünaslıq seriyası, 1971, c.1, s. 55-61
  15. Blair S. S. Writing and illustrating history: Rashīd al-Dīn’s Jāmiʿ al-tavārīkh // Theoretical approaches to the transmission and edition of Oriental manuscripts. Proceedings of a symposium held in Istanbul, March 28-30, 2001, p. 57-65
  16. Echi O. Binomial coefficients and Nasir al-Din al-Tusi // Scientific Research and Essay, 2006, v. 1, p. 28 -32
  17. Hossein N. S. Science and civilization in Islam. Chicago: ABC International Group, Inc., 2001, 384 p.
  18. Farmer H. G. A History of Arabian music. London: Luzac and Co., 1929, 264 p.

Bayram Quliyev .

Tarix üzrə fəlsəfə doktoru

Həmçinin yoxlayın

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır Bu barədə …

Molla rejimi daha iki azərbaycanlı fəalı prokurorluğa çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycan Milli Hərəkatının fəallarından …

Bir cavab yazın