Xocalı faciəsinin ildönümündə Paşinyanın Tehrana səfərinə etiraz edənlərə həbs, şallaq və cərimə hökmü çıxarıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Xocalı faciəsinin ildönümündə işğalçı Ermənistanın başnaziri Paşinyanın Tehrana səfəri və Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı təxribat törətmələrinə etiraz edən azərbaycanlı fəallar Yusif Sələhşur və Davud Mahmudiyə həbs, şallaq və cərimə hökmü çıxardı.

Qərar 2019-cu il mayın 14-də işğalçı fars rejimin Təbrizdə yerləşən 2 saylı məhkəməsinin 112-ci şöbəsi tərəfindən çıxarılıb. Rejimin əlaltısı və sifarişi əsasında qərar çıxaran hakim Məhəmmədəli Piri fəalların haqq əməllərinə görə onların hər birini 2 il həbs, 74 şallaq zərbəsi və birlikdə bir adamın tam diyəsinin mində ikisi cəriməsinə məhkum edib.

Fəalların şikayətçisi rejimin Polis İdarəsinın bir polis işçisidir. Rejim azərbaycanlı fəalları Azərbaycan Respublikasının ərazi bütövlüyünə qəsdə etiraza görə şərləyərək, onları “ümumi asayişi pozmaq və dövlət məmurları ilə qarşıdurma yaratmaq”da ittiham edib.

Qərarın diyə ilə bağlı hissəsi qətidir. Lakin həbs və şallaq qərarına apelyasiya məhkəməsinə etiraz etmək mümkündür.

Qeyd edək ki, Xocalı soyqırımının 27-ci ildönümündə işğalçı Ermənistanın baş naziri Nikol Paşinyan Tehrana səfər edərək, Tehranda “Ararat” klubunda erməni icması ilə görüşüb. Görüşdə “Qarabağ Ermənistanındır, vəssalam” plakatı qaldırılıb. İranın Azərbaycanın ərazi bütövlüyünə qarşı plakatın qaldırılmasına imkan yaratması Güney Azərbaycanda əhalinin kəskin etirazına səbəb olmuşdur.

Azərbaycan türkləri 2019-cu il martın 1-də Təbrizin Səhənd stadionunda Traxturla Sepahan komandası arasında yarışda Nikol Paşinyanın Tehrana səfəri və ermənilərin Dağlıq Qarabağla bağlı qaldırdığı plakata etiraz edib, “Qarabağ bizimdir, bizim olacaq” kimi şüarlar səsləndirdilər. Oyun bitdikdən sonra rejimin təhlükəsizlik qüvvələri Traxtur tərəfdarlarına qarşı hücuma keçib, onlardan bir neçəsini döyərək həbs etmişlər. Yusif Sələhşur isə bundan bir gün sonra öz iş yerində rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanmışdır. Yaxalanan fəallar, o cümlədən stadiona Azərbaycan bayrağı ilə gedən azərbaycanlı gənc rejim tərəfindən vəhşicəsinə işgəncə edilmişdi.

Həmçinin yoxlayın

Zərşuran kəndində əhali etiraza qalxıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Qərbi Azərbaycan əyalətinin Zərşuran kəndində azərbaycanlı əhali martın …

İran Araz çayının radiasiya ilə çirklənməsini inkar edir

GADTB: “Arsheh Online” saytı xəbər verir ki, Araz çayı çirklənib və Ərdəbil əyalətin xərçəng xəstəliyinə …

Bir cavab yazın