Cümə axşamı , Aprel 30 2026
azfa

Əbülfəz Elçibəyin doğum günüdür

GADTB: Bu gün Azərbaycan Respublikasının sabiq prezidenti, Azərbaycan Xalq Cəbhəsinin (AXC) sədri, Milli Azadlıq Hərəkatının liderlərindən mərhum siyasətçi Əbülfəz Elçibəyin anadan olmasından 86 il ötür.

Elçibəy 1938-ci ildə Ordubad rayonunun Kələki kəndində dünyaya göz açıb.

Orta təhsilə Unuskənd məktəbində başlayıb, Ordubad şəhərindəki 1 saylı orta məktəbdən məzun olub. 1957-1962-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsində ali təhsil alıb. Misirdə tərcüməçi fəaliyyətindən sonra 1965-1968-ci illərdə aspirantura pilləsində təhsilini davam etdirib.

1969-cu ildə tarix elmləri namizədi dərəcəsi alıb və 1975-ci ilədək müəllim kimi universitetdə fəaliyyət göstərib. 1975-ci ildə dissident kimi antisovet təbliğatı və millətçilik ittihamı ilə həbs edilib. 1976-cı ildən Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda çalışıb.

Gənclik illərindən fərqli siyasi baxışları ilə seçilən Elçibəy müxtəlif dərnəklərin yaradılmasında və işində fəal iştirak edib. XX əsrin 80-ci illərinin ikinci yarısından başlanan proseslərdə aktiv rol alıb, ümumxalq mitinqlərində, xalq hərəkatında insanların rəğbətini qazanıb, liderə çevrilib. 1989-cu ildə proseslərin əsas hərəkətverici qüvvəsi kimi çıxış edən Azərbaycan Xalq Cəbhəsi (AXC) təsis olunub və o, təşkilatın sədri seçilib.

1992-ci ilin 7 iyun tarixində keçirilən seçkilərdə Azərbaycan Respublikasının Prezidenti seçilib. 1992-1993-cü illərdə hakimiyyətdə olduqdan sonra 1993-cü ilin iyun qiyamı şəraitində doğulduğu Kələki kəndinə gedib. 1997-ci ilə qədər burada yaşayıb. Həmin il Bakıya geri dönən Elçibəy Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri kimi müxalifətdə siyasi fəaliyyətini davam etdirib. O, Bütöv Azərbaycan Birliyini (BAB) yaradıb.

2000-ci ilin 22 avqust tarixində 62 yaşında Türkiyənin Ankara şəhərində müalicə aldığı xəstəxanada vəfat edib. Fəxri Xiyabanda dəfn olunub. Allah rəhmət eləsin!

Həmçinin yoxlayın

Qrossi: Yüksək zənginləşdirilmiş uranın əsas hissəsi İsfahan nüvə kompleksində saxlanılır

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi bildirib ki, İranın yüksək zənginləşdirilmiş uran …

Güney Azərbaycanın tanınmış hüquqşünası və jurnalisti İsa Nəzəri vəfat edib

GADTB: Güney Azərbaycanın tanınmış hüquqşünası, jurnalisti və “Nəvid Azərbaycan” həftəlik jurnalının baş redaktoru İsa Nəzəri …