Bazar , Dekabr 22 2024
azfa

Əkrəm Rəhimli: 1918-ci il soyqırımın Cənub qolu

GADTB: Xalqımız bir əsrdir ki, bədxah ermənilərin vaxtaşırı hücumuna, qətl-qarətinə məruz qalır, olmazın əzab-əziyyətlə üzləşməli olur. Qonşuların torpağını qəsb etmək hesabına ərazisini genişləndirmək, “Dənizdən-dənizə Böyük Ermənistan” yaratmaq xülyası ilə yaşayan çürük məfkurəli bu xəstə millət, onun beyinləri “əzəmətli Ermənistan” xülyası ilə zəhərlənmiş başçıları həmişə türkün mərhəmətindən yararlanıb sonra ona arxadan zərbə vurmaqdan nəinki çəkinməmiş, bunu özlərinə daimi xislət etmişlər. Bu xislət ermənilərin təfəkküründə elə yer almışdır ki, XXI əsrdə bəşəriyyətin yüksək sivilizasiyaya doğru irəlilədiyi bir vaxtda da bu şovinist, zəhərli düşüncə onların qafasını tərk etmir. Üstəlik, əsası omayan iddialarını “soyqırım” adı altında vaxtaşırı gündəmə gətirib, beynəlxalq arenada müxtəlif formalarda hay-küy qoparmaq üçün dəridən çıxır, hər cür alçaq və fitnəkarlığa əl atırlar. Böhtan və əsassız yalanlarla dolu olan cızma-qaralarını dünya ictimaiyyətinə, dövlətlərə və beynəlxalq təşkilatlara sırımaqla, onlarda çaşqınlıq yaradıb “zavallı” ermənilərin türklərin “soyqırımına” məruz qaldığını “əsaslandırmağa” çalışırlar. Bu il uydurma “soyqırım”ın 100 illiyi münasibəti ilə Ermənistanda və xaricdə düzəldiləcək “soyqırım” şüvəninə ciddi hazırlalı getdiyi bir şəraitdə təkzibolunmaz tarixi həqiqətləri ortaya gətirmək, ermənilərin məkirli iddialarına tarixi həqiqətlərə əsaslanıb sənədlər və hadisələrin canlı şahidlərinin etirafları ilə tutarlı cavablar vermək hər bir tədqiqatçının vicdanı, vəzifəsi və vətəndaşlıq borcudur.

Doğrudur, bu sahədə Türkiyə və Azərbaycan alimlərinin, tarixçilərinin, etnoqrafların zəhməti az olmamışdır. Lakin deməliyik ki, bu sahədə Azərbaycan tarixinin Güney qolu üzrə xeyli boşluqlar vardır. Bu boşluq oradakı rejimlərin şovinist və ermənipərəst mövqelərinin nəticəsində yaranmışdır. Sevindirici haldır ki, yaradılan maneələrə baxmayaraq, son illərdə bu boşluğun doldurulması sahəsində Arazın o tayında da tərpəniş hiss olunur. Azərbaycanın Güneyində ermənilərə qoşulan cilovların (assoruların) türklərə qarşı 1918-ci ilin fevral-iyul aylarında törətdikləri qırğın, talan və zorakılıqlar haqda ayrı-ayrı güneyli müəlliflərin kitablarında, dövri mətbuatdakı yazılarında, olayların canlı şahidi olmuş yaşlı nəslin xatirələrində insanı dəhşətə gətirən faktlarla üzləşirik.

Bir çox yazılarında millətimizin milli kimliyinə və dilinə qarşı qeyri-elmi və əsassız mövqe tutan Seyid Əhməd Kəsrəvi özünün “Azərbaycanın on səkkiz illik tarixi” kitabının üçüncü bölümündə Güney Azərbaycanın qərb bölgəsində (Urmiya, Salmas, Xoy, Maku, Sulduz, Qoşaçay, Şərəfxana və s.) 1918-ci ildə ermənilərin törətdikləri soyqırıma xüsusi yer vermişdir. Erməni qatilləri tərəfindən törədilmiş qanlı olaylar haqqında bir sıra tarixi həqiqətləri ortaya çıxarmaqda Kəsrəvi önəmli iş görmüşdür.

Ə.Kəsrəvi ilə yanaşı, l918-ci ildə Arazın o tayında ermənilərin xristian assorularla birləşib xristian dövlətlərin və onlara məxsus müxtəlif məramlı təşkilatların törətdikləri geniş miqyaslı qırğının, qanlı olayların şahidi olmuş Rəhmətulla xan Mötəməd-Əlvüzəri “Urmiya aləmi yandıran müharibədə”, Əli Dehqanın “Zərdüşt peyğəmbərin yurdu Urmiya”, Ə.Kaviyanpurun “Urmiya tarixi”, Abdulla Baharinin “Hadisələrin canlı şahidi” (xatirələr), Həbib Behzadın “Ermənilərin qərbi Sulduzda törətdikləri qırğın” kitablarında Güney Azərbaycandakı türklərə qarşı erməni-assoru birləşmələrinin törətdikləri soyqırım haqda yetərincə təkzibolunmaz faktlar, sənədlər və məlumatlar vardır. Bu mövzuya dair Güneyin müasir tarixçilərindən, mənim unudulmaz dostum, mərhum doktor Səməd Sərdariniyanın üç kitabı: “İrəvan müsəlman sakinli vilayət olmuşdur”, “Ärazın hər iki sahilində müsəlmanların soyqırımı” (kitabların tərcüməsi Şərqşünaslıq İnstitutu tərəfindən çap edilmişdir), “Qarabağ tarixin gedişində”, Seyidağa Onullahinin  “Erməni millətçiləri və İran”, doktor Tohid Məlikzadə Dilməqaninin bir sıra kitabları ilə yanaşı, Türkiyədəki arxiv sənədləri əsasında yazılmış və faktlarla zəngin olan “Birinci Dünya müharibəsində Azərbaycana qarşı erməni-cilovluq birləşməsi” kitabının tərcüməsi də Şərqşünaslıq İnstitutu tərəfindən çap edilmişdir. Bununla birlikdə “Varlıq”, “Dilmanc” dərgilərinin və Güneydəki türkdilli mətbuatın səhifələrində ayrı-ayrı azərbaycanlı müəlliflərinin (Ismayıl Hadi, Böyük Rəsuloğlu, Camal Ayrımlı, Həsən Raşidi və b.) çap etdirdikləri məqalələri 1918-ci ildə ermənilərin Azərbaycnn türklərinə qarşı törətdikləri soyqırımı öyrənmək və ictimaiyyətə təqdim etmək baxımından önəmli addım kimi qiymətləndirilməlidir.

Adları yuxarıda çəkilən müəlliflərin əsər və yazılarından öyrənirik ki, 1918-ci ildə baş vermiş soyqırımın miqyası quzeyli-güneyli Azərbaycanın geniş bir ərazisini ehatə etmişdi.

Güney Azərbaycandakı türklərə qarşı ermənilərin törətdikləri soyqırım Türkiyədən zaman-zaman köçüb gəlmiş xristian assorulurın (Türkiyənin cilovlar bölgəsindən gəldikləri üçün “cilovlar” adlanır) köməkliyi ilə həyata keçirilmişdi.

Güney Azərbaycanın qərb bölgəsində böyüklü-kiçikli 12 şəhər yerləşir. Bu şəhərlər cənubdan Başçöl (Sərdəşt), şimaldan Maku arasındadır. O ərazidə 1000-dən çox kənd və yaşayış məntəqəsi vardır. Bölgənin türklərdən ibarət olan iri şəhərləri Urmiya, Xoy, Salmas, Maku, Qoşaçay, Sulduzdur. XIX əsrin əvvəllərinə qədər (1828-ci il Türkmənçay bağlaşmasınadək) bu bölgədə yaşayan az miqdar xristian icmasında ermənilər çəmi bir neçə ailədən ibarət olsa da, sonrakı illərdə onların İrandan Quzey Azərbaycana köçü zamanı bir çox erməni ailəsi Cənubi Azərbaycanın səfalı və münbit torpağı olan bölgəsində yerləşmişdir. XX əsrin əvvəllərində bu bölgədə onların sayı tədricən artaraq, 30 min nəfərə çatmışdı. 1918-ci ildə türklərə qarşı  “xristian müharibəsi” elan etmiş ermənilərə qoşulan gəlmə assoruların sayı isə Əhməd Kəsrəvinin yazdığına görə, 12 min ailədən çox olmamışdı.

Beləliklə, 1918-ci il soyqırımı ərəfəsində Cənubi Azərbaycanın qərb bölgəsindəki erməni və assoruların uşaqlı-böyüklü sayı yüz min nəfərdən çox olmamışdı. Halbuki həmin dövrdə təkcə Urmiyada və onun ətrafında yaşayan türklərin sayı 150 min nəfərdən çox imiş. Ürəklərində insansevərlik hissləri yaşadan yerli əhali istər ermənilərə, istərsə assorulara rəhm edib, öz ərazisində onlara sığınacaq verməklə, insani münasibət göstərmişlər. Gəlmələrə həmişə hörmət etməyi həm milli-əxlaqi və həm də dini vəzifə kimi dəyərləndirən türklər Azərbaycanın qərb bölgəsinə pənah gətirib burada özünə sığınacaq tapmış ermənilər və assorulara bacardıqları qədər yardım göstərmişlər. Lakin onlar az zaman kəsiyində türkün səxavətinə qarşı özlərinin rəzil və xəyanətkar simalarını göstərməkdən çəkinməmişlər. Xarici xristian qüvvələrin fitvası və köməkliyi ilə təpədən-dırnağa qədər silahlanmış erməni-assoru birləşmələri torpağın sahibi olan insanları öz ata-baba ocağından qovub, orada xristian erməni dövləti yaratmaq və sonra isə onu xəyalı “Böyük Ermənistan”ın bir parçası etmək fikrinə düşürlər.

Birinci Dünya müharibəsinin son illərində bolşeviklərin köməyi və daşnaksütunçuların fitvası ilə Cənubi Qafqazdakı ermənilər “Dənizdən-dənizə, böyük Ermənistan” yaratmaq fikrini ortaya atdılar. Bu xülya əslində XIX əsrin sonunda daşnak qafasına yol almış olsa da, onun reallaşması 1917-ci ilin fevralında Rusiyada çarizmin yıxılması və sonra həmin ilin oktyabrında bolşevik üsul-idarəsinin qurulması ilə mümkün olmuşdur. Bu isə əvvəl qonşuların ərazisinə sahib olmaq iddiası ilə başlanmışdı. Ermənilərə və assorulara hər cəhətdən köməklik edib onlara istiqamət verən Rusiya və qərb dövlətləri Azərbaycan türklərinə qarşı soyqırım əməliyyatını Arazın hər iki sahilində eyni vaxtda aparılmasını məsləhət görmüşlər. Azərbaycanın quzeyində bu fitnəkarlıq Şaumyan-Mikoyan bolşevik dəstəsi və onların çevrəsindəki dasnaklar vasitəsi ilə icra edilmişdirsə, güneydə bu missiyanı Rusiya-fransa-İngiltərə və ABŞ diplomatik dairələri və bu bölgədəki dini, mədəni, iqtisadi fəaliyyətlə məşğul olan xristian missioner təşkilatları icra temişlər. Ermənilərin bölgədəki dini və hərbi rəhbəri Petros, assoruların siyasi-dini başçısı Bunyamin Marşimon hələ 1917-ci ilin dekabr ayında Tiflisdəki rus canişininin qəbulunda olmuş və ondan hərtərəfli köməklik vədini aldıqdan sonra Salmas və Urmiyaya dönmüşlər. Türkiyə arxivlərində saxlanılan sənədlərin birində göstərilir ki, Urmiyadakı rus konsulu Nikitinin məsləhəti ilə bölgədəki xarici xristian elçilərinin bir çoxunun və onların buradakı missioner təsisatlarının və cəmiyyətlərin bilavasitə hərbi və maddi yardımı ilə 6 erməni-assoru batalyonu yaradılmışdır ki, onların ixtiyarına 4 səhra topu, 300 nəfər silahlı süvari atlı dəstə, bir birləşmiş rota, bir ədəd çöl teleqrafı verilmişdi. Xristian ordusunun siyasi və dini başçısı Bunyamin Marsimon, baş komandan isə erməni Ağa Petros təyin edilmişdi. S. Sərdarnıya xristian ordusuna kürdlərin başçısı İsmayıl Simitqonun da öz silahlı dəstəsi ılə qoşulduğunu yazır. Türklərdən azad olunacaq ərazidən kürdlərə də bir pay veriləcəyini I.Simitqoya vəd vermiş B.Marşimon və xristian ordusunun başçısı Petros həqiqətdə Simitqonu aldadıb soyqırımda onun da silahlılarından yararlanmaq istəyirdilər. Qarşı tərəfin vədinin yalan olduğunu başa düşən I.Simitqo “məsləhətləşmək” adı ilə Marşimonu Salmasın Xüsrövabad kəndindəki iqamətgahına dəvət edir. İ. Simitqo öz otağında B.Marşimonu qətlə yetirir və onu müşayət edən 140 nəfərlik atlı dəstəsini atəşə tutdurur. Bununla da, kürdlər eməni-assoru hərbi blokundan çıxırlar.

Cilovların siyasi-dini rəhbəri B.Marşimonun ölümü vəziyyəti dəyişməmişdi. Güney Azərbaycanın qərb bölgəsində aborigen türklərə qarşı gəlmə erməni-cilov hərbi birləşmələrinin hücumu 1918-ci ilin fevralından başlayıb, həmin ilin iyulunadək fasiləsiz davam etmişdir. Ilk soyqırım əməliyyatı şəhərlərin ətrafındakı kəndlərdən və yaşayış məntəqələrinden başlanmışdı. 1918-ci ilin martınadek onlarla kənddə kütləvi qırğın olmuş, erməni-assoru cəlladlarının əli ilə minlərlə insan qətlə yetirilmiş, evlər, dükanlar, hətta məsciddəki əşyalar, mal-heyvan talan edilmiş və evlərə od vurulmuşdu.

Erməni cəlladlarının Arazın o tayından gələn təlimatçıların və bölgədəki xarici təsisatların, diplomatların, kommunist Rusiyasına qayıtmaqdan imtina etmiş hərbçilərinin köməyi ilə kütləvi hücum planı gizli hazırlandığından əhali baş verəcək fəlakətdən tam xəbərsiz olmuşdur. Digər tərəfdən qarşı tərəfə cavab vermək üçünyerli əhalinin ixtiyarında heç quş tüfəngi də yox idi. Hərbi təlim cəhətdən də qarşı tərəf çox-çox güclü olmuşdur. Belə bir şəraitdə 1918-ci il martın hələ ilk günlərində Urmiyada, Salmasda başlanan qırğınlarda 10 min nəfərdən çox insan, qadın, qoca, uşaq, din və elm xadimləri qətlə yetirilmişdi. Novruz bayyramı ərəfəsində evlərə soxulmuş erməni-cilov bandaları tərəfindən qadınların ziynət əşyalarını qarət etmiş, əhalini evlərindən zorla çıxarıb şəhərdəki karvansaralara doldurmuşlar. Kişilərin doldurulduğu karvansaraya od vurulub, insanlar diri gözlü yandırılmışdı. Qadınların, qız uşaqlarının ismətinə təcavüz edilmişdi. Bu cinayətləri törədənlər içərisində Ermənistandan İrəvan-Naxçıvan-Culfa yolu ilə gəlmiş quldur dəstələrinin başçıları Artuş, Yeqor, Hamparsun, Arşaq adlı qatillər öz qəddarlıqları ilə daha artıq fərqlənmişlər. Mənbələrdə Urmiyanın təkcə “Köhnə şəhər” adlanan məhləsində 110 insanın vəhşicəsinə qətlə yetirildiyi yazılır. Əhməd Kəsrəvi öz əsərində bu faciəni belə təsvir edir: “Qadınları bir, kişiləri başqa karvansaraya doldurmuşlar. İnsanlar aclıqdan, susuzluqdan və qorxudan taqətsiz hala düşmüşlər. Onların var-yoxu talan edilmiş, komalarına od vurulmuşdu. Bir neçə hamilə qadın uşaq salmışdı. Ağır vəziyyətdə olan bu zərif məxluqlara da rəhm edilməmişdi”.

Güney Azərbaycanın Qərb bölgəsində erməni-assoru xristian birləşmələrinin Urmiyada dinc müsəlman türk əhalisinə qarşı çox qəddarlıqla nəticələnən basqını 1918-ci ilin Novruz bayramına iki gün qalmış, axır çərşənbə axşamı olmuşdur. Urmiya şəhərinin idarə olunmasını ələ keçirən ermənilər “məsləhət şurasında” Vaçik Stepanyan adlı qatili baş komandan, Petrosu isə jandarm rəisi təyin etdikdən sonra Novruz bayramı ərəfəsində “qara çərşənbə əməliyyatı” başlanmışdı. Ermənilər yaxşı bilirdilər ki, azərbaycanlı türklər ilin axır çərşənbəsini hərə öz evində qeyd edir. Buna görə “baş komandan” Vaçikin belə bir əmri Urmiya əhalisinə çatdırılmışdı ki, “48 saat ərzində kim silahını könüllü təhvil verməsə o, axır çərşənbə axşamı evindəcə güllələnəcək. Silah axtarmaq adı ilə evlərə soxulan erməni-cilov bandaları müxtəlif bəhanələrlə kişiləri evindəcə güllələyib, qiymətli əşyaları talan edib aparmışlar. Axır çərşənbədə qətlə yetirilən insanların və talana məruz  qalmış evlərin sayı minlərlə olmuşdur. Həmin qanlı olay Urimiyadakı soyqırım tarixinə “Qara çərşənbə” kimi daxil olmuşdu. Həmin dövrdə Urmiyadakı qanlı olayların şahidi olmuş və sonra bu olayları əks etdirmiş müəlliflərin yazılarına istinad etsək, 1918-ci ilin mart ayında olan ilk hücumlarda Urmiyada və onun ətrafındakı yaşayış məntəqələrində erməni-assoru cəlladlarının əli ilə qətlə yetirilmiş insanların sayı minlərcə olmuşdur. Salmas, Xoy, Sulduz və digər məntəqələrdəki qətllərə nisbətən Urmiyada faciənin miqyası daha geniş və sayı çox olmuşdur. Urmiyadakı “əməliyyatlarının” uğurla keçməsindən məmnun qalmış cəlladlar Salmas və Xoy şəhərlərinə doğru irəliləməyə və buradakı şəhər, rayon və kəndləri ələ keçirməyə və bununla da, bölgəni türklərdən tam təmizləməyə can atmışlar.

Salmasdakı soyqırımla bağlı olaylara tarixçi alim Tohid Məlikzadə Dilməqaninin “Qərb bölgəsi I Dünya müharibəsindən sonra” kitabında bir çox inkar və təkzib olunmaz sənədlər və faktlar verilmişdir. Müəllif, rusların və avropalı missionerlərin kütləvi qırğın zamanı qatillərə necə kömək etdiklərini arxiv sənədləri əsasında açıb göstərir. 1918-ci il aprelin 20-də xristian erməni-assoru qoşunu tərəfindən Salmas şəhəri və onun mərkəzi sayılan Dilməqan işğal edilmiş, yüzlərlə ev yandırılmış, dükanlar talan edilmiş, minlərlə uşaq, qadın, qoca qətlə yetirilmişdi. Qatillərin əlindən canını xilas etmək üçün əhali qaçaraq dağa-daşa üz tutmalı olmuşdur. Salmasdakı “qələbə”dən sonra qatillər Xoy və Makuya tərəf yollanmışlar. Urmiyada və Salmasdakı “qələbə” xəbəri Ermənistandakı daşnaklara çatar-çatmaz, onlar türklərə qarşı amansızlıqda ad çıxarmış Andronikin başçılığı altında 10 minlik erməni Naxçıvan-Culfa-Mərənd yolu ilə Xoya doğru yollanmışlar. Andronikin dəstəsi qərb kölgəsinin türklərdən tam təmizlənəcəyinə o qədər arxayın idilər ki, 10 minlik erməninin 8 min nəfəri ailələrini də özləri ilə aparmışlar ki, “fəth” olunmuş ərazidə onları öz yurd-yuvasını tərk etmək məcburiyyətində qalmış türklərin evlərində yerləşdirmək fikrində idilər. Andronikin silahlı dəstəsinin köməyi ilə Xoya hücum çəkmiş qatillər əvvəl hər cəhətdən qeyri-bərabər olan döyüşdə uğur qazansalar da, Xoy ağsaqqalar şurasının məsləhəti ilə müdafiə dəstələrinin yaradılması, şəhərdəki qala darvazalarının bağlanması şəhəri ələ keçirməsinə mane olmuşdu. Xoyun müdafiəsi və xüsusən, bu işdə Xoylu qadınların şəhərin müdafiəçilərinə köməkliyi bu olaylardakı qanlı səhifələrin qəhrəmanlıq dastanıdır. Bu dastan neçə-neçə romanın, filimin, dram əsərinin, aşıq söhbətlərinin mövzusu ola bilər və olmalıydı.

Salmasın və Xoyun düşmən əsarətinə tam düşəcək xəbərini eşidən Türkiyədən gələn nicat ordusu Urmiyadan erməni-assoru quldur dəstələrini pərən-pərən saldıqdan sonra 1918-ci ilin iyun ayının əvvəlində Salmas və Xoyun köməyinə gəldilər.  Onlar düşmənlə döyüşdə qurbanlar versə də, son hesabda Xoy və Salmasdan erməni-assoru cəllad və qarətçi dəstələrini qovmağa müvəffəq oldular. Bu böyük xilaskarlığa görə qərb bölgəsinin soyqırıma məruz qalmış əhalisi qardaş Türkiyənin xilaskar ordusunun qardaşlıq köməyini həmişə minnətdarlıqla yad edirlər.

Məğlubiyyətə uğramış və əlləri hər yerdən üzülən Andronikin quldur dəstəsi Arazın bu biri sahilinə qaçmaq məcburiyyətində qalır. Erməni-assorulardan ibarət başqa bir dəstə Urmiya gölündəki rus qayıqlarına doluşub, Şərəfxanaya (Təbrizin yaxınlığında) yollanmaq istərkən gölün şor sularına qərq edilir. Beləliklə, 1918-ci ilin fevralında başlanan soyqırım iyunun sonunda başa çatsa da yerlərdə qarşıdurmalar davam etmişdir. Güneydəki tarixi faciədən bəhs edən kitablarda, məqalə, xatirə, memuar və arxiv sənədlərində 150 min soydaşımızın qətlə yetirildiyi, yüzlərlə evin, karvansara, məscid və ziyarətgahın yandırıldığı, 300-dən çox kəndin və yaşayış məntəqəsinin yerlə-yeksan edildiyi, bölgənin ruhani ağsaqqallarının, qadınların (hətta hamilə qadınların), uşaqların qəddarcasına qətlə yetirildiyi qeyd olunur. İranın orta məktəb dərsliklərində bu bölgədə 63000 nəfərin qətlə yetirildiyi yazılsa da, erməni-assoruların törətdikləri soyqırımdan və öldürülənlərin milli kimliyindən ad belə çəkilmir.

Məmləkətdə ermənilərin xristian assorularla birgə at oynatdığını, günahsız insanların qanının axıdıldığı və “Böyük Ermənistan” yaratmaq xülyası ilə məmləkətin şimal-qərb bölgəsində “xristian dövləti” yaratmaq xəyalına düşənlərin törətdikləri qanlı olaylar o zamankı mərkəzi dövləti, saraydakı çinovnikləri az da olsa, narahat etməmişdi. Milli kimliyini itirmiş Əhməd şah vaxtaşırı Avropa şəhərlərinə səfər etməyi millətin harayına çatmaqdan, ölkənin ruslarla ingilislər arasında bölünməsinə qarşı durmaqdan üstün tutmuşdu. Əgər mərkəzi dövlət şimal-qərb bölgəsindəki erməni-assoru birliyinin özbaşınalığına və qəddar əməllərinə vaxtında yetərincə cavab verib, onları yerində oturtsaydı, yəqin ki, biz indi o zaman baş vermiş qanlı olaylara şahid olmazdıq.

Keçən yüzilliyin əvvəllərində ölkənin şimal-qərb bölgəsində xristianların müsəlman türklərə qarşı törətdikləri kütləvi qırğınlar indiki zamanda da nə islami dövlətin, nə də onun dini-elmi təsisatlarının yadına düşmür. Xalqımızın başına gətirilmiş bu böyük faciə yenə üstü örtülü saxlanılır. Əgər yada düşüb, gündəmə gətirilsəydi yəqin ki, bu ermənilərin saldıqları vay-şüvənə tutarlı cavablardan biri olardı.

Ermənilər o zaman Qərbi Azərbaycan şəhərlərində törətdikləri soyqırımı xristian dövlətlərinin nümayəndələrinin hər tərəfli (maddi, mənəvi, hərbi və s.) yardımları ilə həyata keçirməyə müvəffəq olmuşlar. Rusiyada kommunist rəhbərliyinin cəzasından yaxa qurtarmaq üçün Qərbi Azərbaycanda qalmış “ağ qvardiyaçılar” (sənədlərdə onların sayı 800 ilə 1000 nəfər arasında göstərilir), bəzi Qərb dövlətlərinin Urmiya və Salmasdakı konsulluqları, mədəniyyət mərkəzləri, xüsusən qərbyönlü missionerlərinin erməni quldurlarına göstərdikləri hərtərəfli yardım, təşkilatçılıq və istiqamətləndirmək yönlü köməklikləri olmasaydı soydaşlarımız miqyası geniş və nəticələri bir belə ağır olmazdı.

* * *

Söz ardı olaraq deməliyik ki, ermənilər XX əsrin sonunda Azərbaycanın quzeyindəki soydaşlarımıza qarşı özlərinin cinayətkar əməllərini təkrarlamaqdan çəkinməmişlər. Nökəri olduqları ağalarının gücünə söykənən daşnaqlar bu dəfə öz cinayətlərini Dağlıq Qarabağı “özəlləşdirmək” sınağından keçirdilər. Bu məqsədlə onlar əvvəl Ermənistandakı türkləri misli görünməmiş qəddarlıqla doğma yurd-yuvalarından, ata-baba torpaqlarından zorla qovdular. Erməni tarixçisi A.Lalayan öz yazısında sevincək halda bildirdi ki, “… torpağımızı (?) türklərdən tam təmizləyə bildik”. Ermənilər türksüz ermənistan ideyasını 1905-ci ildə Bakıda və ətraf bölgələrdə soyqırıma əl atsalar da bunu ancaq 1918-ci ilin mart-aprel aylarında həyata keçirmişlər. Onların bu cinayətkar əməlləri Urmiya, Salmas, Xoy, Sulduz və başqa bölgələrimizdəki türklərə qarşı edilmiş soyqırımla bir vaxtda həyata keçirilmişdi. Başqa sözlə o taylı-bu taylı Azərbaycanda 1918-ci ildə həyata keçirilmiş soyqırımın vahid planı xarici qüvvələrin köməyi ilə bir müstəvi üzərində hazırlanaraq icra edilmişdi.

Biz erməni tarixçilərinin yazılarına istinad etsək XX əsrin əvvəllərində təkcə İrəvan quberniyasında 1301-dən çox kənd olub, bunun da 959-da azərbaycan türkləri yaşayıb. Burada yaşayanların 352 min (əslində 376 min) azərbaycan türklərindən ibarət olmuşdur. Indi dünyanı “soyqırımın” 100 illiyi şüvəni ilə bezdirmiş ermənilərdən soruşmaq lazımdır – hazırda bu 959 kənddə kimlər yaşayır? Cavabı bu olacaq: türkün qənimi ermənilər! Qarabağda ermənilərin törətdikləri qanlı olaylara aid təkzib0olunmaz çoxsaylı misalları vardı. Biz o misalları təkrarlamayıb təkcə yaşadığımız əsrin əvvəlinədək Dağlıq Qarabağda erməni vandalizminə aid rəsmi statistikada verilmiş rəqəmlərlə nəzər salaq: Qarabağda Azərbaycan ərazisinin 17 000 kv.km (20 faizi) işğal olunmuş, 18 000 soydaşımız qətlə yetirilmiş, 50 000 nəfər əlil olmuşdur. Təkcə 2000-ci ilədək Qarabağdakı qanlı olaylarla bağlı erməni işğalçıları 6 000-ə yaxın kənd təsərrüfatı və sənaye obyektini, 102 000 yaşayış evini, 4 366 sosial-mədəni obyekti, 7 000 ictimai binanı, 693 orta məktəbi, 855 məktəbəqədər müəssisəsini, 10 məscidi, 160 körpünü, 368 klubu, 927 kitabxananı, 85 musiqi məktəbini, 464 muzey və tarixi abidəni və 6 dövlət teatrının yerlə-yeksan etmişlər. 800 km. dəmir yolu və avtomobil yolları, 15 min km. elektrik və qaz xətti, 2 300 km-lik regional əhəmiyyətli su kommunikasiya sistemi dağıdılmış, işğal olunmuş torpaqlarda 31 məscidin, 9 tarixi sarayın, 1 mln.hektar kənd təsərrüfatı sahəsinin, 250 paleolontoloji-geoloji abidənin erməni qatilləri tərəfindən ələ keçirilmişdi. Azərbaycan Dövlət Komissiyasının 2000-ci ildə təqdim etdiyi statistik hesabatdan götürülmüş bu məlumatları və son 15 ildə erməni işğalçılarının tapdağı altında olan ərazilərimizdəki talan və qəsbkarlıqdan, təmasdakı kəndlərimizi atəşə tutub yandırılmasından, günahsız qanların tökülməsindən məgər dünya və İrəvanda keçiriləcək “soyqırım-100” şousuna gəlməyə tələsən dövlətlərin başçıları xəbərsizdilər? Niyə bu cinayətkar, gözü onun-bunun torpağını qəsb etmək xülyası ilə yaşayanlar cilovlanmırlar? Axı bunu insanlıq, haqq, ədalət, ən başlıcası sivilizasiyalı əsrimiz  tələb edir!

 

Əkrəm Rəhimli (Bije)

AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, i.e.üzrə fəlsəfə doktoru

Həmçinin yoxlayın

İran İsrailin Avropada hədəflərinə hücumda uşaqları işə cəlb edir

GADTB: Blombergin yaydığı məlumata görə, İran İsrailin Avropada hədəflərinə hücumda uşaqları işə cəlb edir. Belə …

Pezeşkian dəyərsizləşmiş rialı dəyişir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Pezeşkian İranda puldan 4 sıfırın silinməsi və rialın …

Bir cavab yazın