Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Əli Babayının ailəsi onun taleyi ilə bağlı məlumat verilməsini və azadlığa buraxılmasını tələb edir

GADTB: Azərbaycanlı siyasi fəal Əli Babayinin həyat yoldaşı İlham Cavanşir şəxsi Instagram səhifəsində paylaşdığı açıqlamada, həyat yoldaşının həbsindən təxminən bir ay keçməsinə baxmayaraq onun vəziyyəti barədə heç bir məlumat ala bilmədiklərini bildirib və onun azadlığa buraxılmasını tələb edib.

Əli Babayı 24 dey tarixində Təbriz şəhərində İran İslam Respublikasının təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Həbs olunduğu vaxtdan etibarən onun saxlanıldığı yer, irəli sürülən mümkün ittihamlar və ya hüquqi statusu ilə bağlı rəsmi məlumat açıqlanmayıb.

İlham Cavanşir paylaşımında yazır:

“Əli artıq bir aydır ki, tam xəbərsizlik şəraitindədir. Nə bir zəng, nə də vəziyyəti ilə bağlı hər hansı bir məlumat var.”

O, həmçinin həyat yoldaşının əvvəlki həbslərinə toxunaraq bildirib ki, Əli Babayı iki il əvvəl də 100 gün müddətində təkadamlıq kamerada saxlanılıb və həmin dövr onun sözlərinə görə “ağır psixoloji və ruhi aşınma” ilə müşayiət olunub.

Cavanşirin bildirdiyinə görə, Babayi girov qarşılığında azadlığa buraxıldıqdan sonra uzun müddət həmin həbs dövrünün psixoloji və fiziki nəticələri ilə mübarizə aparmalı olub. O, hazırkı vəziyyətlə bağlı qeyd edir ki, həyat yoldaşı bu dəfə də “aydın irəli sürülmüş ittiham və sübut olunmuş cinayət olmadan” əvvəlki dövrlərə bənzər şəraitdə saxlanılır.

Siyasi fəalın həyat yoldaşı Əli Babayının şəxsiyyətinə toxunaraq onu “məsuliyyətli və vicdanlı” bir insan kimi xarakterizə edir, onun cəmiyyətə, eləcə də “haqq, ədalət və insan ləyaqəti” ilə bağlı məsələlərə həssas yanaşdığını vurğulayır. O əlavə edib ki, əvvəlki həbsin yaratdığı psixoloji təzyiqlərin izləri bu gün də onların ailə həyatında hiss olunur.

Açıqlamasının sonunda İlham Cavanşir həyat yoldaşının azadlığa buraxılmasını tələb edərək yazır:

“Əli cinayətkar deyil ki, bu şəkildə səssizlik və xəbərsizlik içində saxlanılsın… Bir həyat yoldaşı olaraq, narahatlıq və sevgidən doğan bir səslə onun azadlığını tələb edirəm.”

Həmçinin yoxlayın

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …

Almaniya: İran ciddi danışıqlara başlamalı və Hörmüz boğazını heç bir məhdudiyyət qoymadan açmalıdır

GADTB: Almaniya hökuməti bildirib ki, ölkənin federal kansleri Fridrix Merts Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin …