Şənbə , Yanvar 16 2021
azfa

1862-ci ildə İstanbula gələn xoylu kitabçı xoylu Hacı Həsən Əfəndi

GADTB: Türkiyənin ilk kitabçılarından olan Hacı Qasım Əfəndi Uzun Həsənin soyundandır, 1841-ci ildə Azərbaycanın Xoy şəhərində doğulub. Atası bəzzaziyəçi Hacı Həsən Əfəndi, anası Mələk xanımdır.

1862-ci ildə Osmanlıda Tənzimat dövründə 21 yaşında ikən İstanbula gələn Qasım Əfəndi 1883-cü ildə burada ailə həyatı qurub, beş övladı olub: Naşir Naci Qasım, Tələt xanım, kitabçı M.Hüseyn Tutya, Dr. Mehmed Əli Derman və əczaçı Mehmed Tahir.

Mədrəsə təhsili alan Hacı Qasım türk, ərəb, fars dillərini bilib. İstanbula gəldikdən 3-4 ay sonra Bəyaziddə Hakkaklar çarşısında 10 nömrəli dükanı kirayələyərək fəaliyyətə başlayıb. Eləcə də Tunuslu Ömər Əfəndinin 8 nömrəli dükanını da bir lirə müqabilində kirayələyib və orada da kitab işi ilə məşğul olub.

1862-ci ildən 1926-cı ilə qədər qurduğu kitabxananı işlədən Hacı Qasım Osmanlı dövlətində tanınmış kitabçılarından olub. 1926-cı ildə kitabxanasını ikinci oğlu M.Hüseyn Tutyaya təhvil verib. 8 aprel 1932-ci ildə vəfat edib.

Osmanlıda kitab bazarı

Osmanlı dövründə türk dilində çıxan ilk qəzet Sultan II Mahmudun əmri ilə 1 noyabr 1831-ci ildə birinci sayı çap olunan “Takvimi-Vekayi”dir. 1840-cı ildə əvvəlcə müstəqil olan, sonra isə dövlətin himayəsinə keçən “Ceride-i Havadis” qəzeti işıq üzü görüb. 21 oktyabr 1860-cı ildə “Tercümani-Ahval”, 27 iyun 1862-ci ildə isə “Tasviri-Efkar” qəzetləri fəaliyyətə başlayıb.

Hacı Qasım Osmanlıya gəldikdən sonra artıq bir sıra qəzet vardı. O, çıxan qəzetləri və dövlət mətbəəsinin çap etdiyi kitabları alıb mağazasında satıb. Cümhuriyyətin ilk illərində Qurani-Kərimi də nəşr edib.

Kitab və qəzetçilik daim senzuraya məruz qaldığından Hacı Qasım Məşrutiyyəti və Milli Mücadiləni dəstəkləyib, oğlu Naci Qasım Atatürk haqqında “Türkün altın kitabı – Qazinin həyatı” əsərini nəşr edib.

Babialinin ilk müsəlman kitabçılarından sayılan Hacı Qasım Əfəndi Türkiyədə indiyədək fəaliyyətini davam etdirən “Maarif Kitabxanası”, “Türk Nəşriyyat Yurdu”, “Saatlı Maarif Təqvimi”, “ Yeni Şərq Maarif Kitabxanası” kimi müxtəlif firmaların qurucusu olub.

Hacı Qasımdan sonra kitab mağazasını və “Yeni Şərq Maarif Kitabxanasını” oğlu Hüseyn Tutya davam etdirib. Digər oğlu Naci Qasım “Maarif Kitabxanası”nın rəhbəri olub. Hər iki qardaş o dövrün önəmli nəşr işi olan təqvim işi ilə məşğul olublar.

Naci Qasım Açıkel 1963, Hüseyn Tutya isə 1974-cü ildə vəfat ediblər. İstanbulun Üsküdar rayonundakı Seyid Əhməd dərəsində (İranlılar məzarlığı kimi tanınır) dəfn ediliblər.

Hacı Qasımın digər oğlu Mehmed Əli uroloq olub. “Zöhrəvi xəstəliklər” adlı əsər yazıb. 1982-ci ildə vəfat edib.

Hacı Qasımın digər oğlu Tahir də əczaçı olub.

Qızı Talat xanım Türkiyədə indi də çap olunan məşhur “Ece Ajandaları”nın və “Afitap” mağazasının sahibi Mehmed Əli Kağıtçı ilə evlənib.

Hacı Qasım və onun xatirələri ilə bağlı 1962-ci ildə İstanbulda “Baha” mətbəəsində Naşid Baylav tərəfindən bir kitabça nəşr olunub. “1862-1962. İlk Türk kitabçılarından Hacı Qasım Əfəndi” adlanan bu kitabça Hacı Qasımın İstanbula gəlməsinin 100-cü ildönümü ilə bağlıdır. Bu kitabça 1995-ci ildə “Müteferrika” dərgisində də çap olunub.

İcazəsiz Quran çapı

Qasım Əfəndi Qurani-Kərimi Osmanlı dövründə icazəsiz çap edib müxtəlif şəkildə insanlara satan şəxslərdən olub. Xatirəsini bu şəkildə bölüşüb:

“Sultan Əzizin dövrüdür. Mətbuat idarəsi Qurani-Kərimin çap edildiyini xəbər alıb. Hakkaklar çarşısına axtarmaq üçün 3 nəfərlik heyət gəldi… Mənim dükanımın içəri tərəfi var idi ki, Qurani-Kərimləri kamilən oradakı rəflərə yığmışdım. Axtarış edən məmurlar kitabxananın çölünə baxdılar, Qurani-Kərimə bənzər bir şey görmədilər. Məmurların biri içəri boylandı, başının və bədəninin yarısını içəri saldı. Mən bu əsnada çox qorxmuşdum… Çünki Qurani-Kərimlər müsadirə edilsəydi, 1200 ədəd Quran 1500 sarı lirə demək idi. O zamanki pulla ilə xeyli vəsait idi. Bu, mənim iflas olmağım demək idi. Müsadirə etsəydilər, artıq məhv olmuş olacaqdım. Rəngim ağappaq olmuşdu, səsim çıxmırdı. Hələ də anlamıram. Cənabi-Haqqın bir lütfü idimi ki, bəlkə məmurun gözünə bir pərdə çəkildi, ona görə heç nə görmədi, yaxud həqiqətən, gözəl qəlbli bir insan idi ki, halıma ürəyi yandı, geri dönərək yoldaşlarına “Yox, yox!. İçəridə Qurani-Kərimə bənzər bir şey görmədim” dedi”.

Axirət evini bölüşmək

Hacı Qasım adını ilk dəfə iki məşhur ailənin (Hacı Baba Gəncəli və Hüseynqulu xan Xoyski) nəvəsi Kərim Mehmedzadədən eşitmişdim. Azərbaycan Cümhuriyyətinin Qacar dövlətindəki səfiri, Türkiyədə mühacir həyatı yaşamış Adil xan Ziyadxanın məzarının yerini soruşanda Seyid Əhməd dərəsində Hacı Qasım ailəsi qəbiristanlığına getməyimi söyləmişdi. Görünür, Ziyadxan ailəsinin Qacarlarla yaxınlığı, Tehranda səfir olması onu xoylu Hacı Qasım ailəsi ilə dostlaşdırıb, nəticədə Ziyadxanın ailə üzvlərinin bəziləri onların məzar yerində dəfn ediliblər. Seyid Əhməd məzarlığında olarkən Adil xanın qəbrini təsbit edə bilməsək də, aşağıdakı ailə üzvlərinin artıq yazıları oxunmaz şəkildə olan məzar daşlarını gördüm:

Reyhanat Bakıxan Ziyadxan (1889-1969)

Səlma Bakıxan (1966-1969)

Sarabəyim xanım (1868-1938)

Kərim bəy Adil xanın məzarının da o civarda olduğunu söylədi…

Müəllif: Dilqəm Əhməd

Həmçinin yoxlayın

İranın edam etmək istədiyi azərbaycanlı siyasi məhbusun anası oğlu barədə müsahibə verdi -Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin edama məhkum etdiyi azərbaycanlı alim və …

Təzyiqlərə son qoyulmasa azərbaycanlı fəal quru aclıq aksiyası keçirəcəyini bildirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Ərdəbildə həbsdəa saxladığı Yusif Kari …