Çərşənbə axşamı , Oktyabr 8 2024
azfa

30 avqust Türkiyənin Zəfər bayramıdır

GADTB: 30 avqust Türkiyə tarixinin ən önəmli günlərindən biri – Zəfər bayramıdır. 1922-ci il avqustun 30-da Türkiyə ordusu Mustafa Kamal paşanın komandanlığı altında Qurtuluş savaşının taleyini həll edəcək zəfər qazanaraq ölkənin cənub-qərbini yunan işğalından azad edib.

Türkiyəni 30 avqust zəfərinə və Cümhuriyyətə aparan yol çox çətin və mürəkkəb olub. 1920-ci ilin avqustunda 1-ci Dünya müharibəsində ağır məğlubiyyətə düçar olan Osmanlı Türkiyəsi Paris yaxınlığındakı Sevr şəhərində müttəfiq Qərb dövlətləri (Britaniya, Fransa, ABŞ) tərəfindən masaya qoyulan təslimçi sazişə imza atmalı olmuşdu. Həmin sazişə görə, Osmanlı imperatorluğu 1914-cü ilə qədər olan ərazilərinin dörddə üçünü, o cümlədən indiki Türkiyənin böyük bir hissəsini itirirdi…

Mustafa Kamal paşanın rəhbərliyi ilə Qurtuluş savaşına qalxan Türkiyə xalqı İstanbuldakı Sultan hakimiyyətinin imzaladığı təslimçi sazişi etirazla qarşıladı, Ankarada toplanan Türkiyə Böyük Millət Məclisi onu təsdiqləməkdən imtina etdi. Türk millətinin və Türkiyə dövlətçiliyinin var olduğunu dünyaya və Qərb müttəfiqlərinə qəbul etdirmək üçün isə hər şeydən öncə hərb meydanında zəfər lazım idi.

1921-ci ildə qalibiyyətlə başa çatan Sakarya savaşı türk ordusunun bu əzmini nümayiş etdirmişdi. 1922-ci ilin avqustundakı “Böyük Taarruz” (“Böyük Hücum”) zəfərinin təməli də Sakarya savaşında qoyulmuşdu.

1922-ci il avqustun 26-da sübh tezdən türk qoşunları baş komandan Mustafa Kamal paşanın əmri ilə düşmən üzərinə hücuma keçdi. İki gün içində yunan ordusunun beş diviziyası darmadağın edildi. 30 avqustda artıq yunan qoşunları müdafiə qabiliyyətini itirmişdi. Əskişəhər və Afyonu tamamilə nəzarətə götürən türk hərbi birlikləri yunan qoşunlarını bütün cəbhə boyunca qovaraq sentyabrın 6-7-də Balıkəsir və Aydını azad etdi, sentyabrın 9-da isə yunanların müdafiə xəttini yararaq İzmirə daxil oldu.

İki həftə içində türk ordusu 100 km enində cəbhə boyunca 500-600 km irəliləmiş, yunan qoşunlarının qalıqları Aralıq dənizinə çataraq gəmilərlə bölgəni tərk etməyə başlamışdılar. Bu zəfər naminə 13 min türk əsgəri canını fəda etmişdi…

30 avqust zəfəri türk xalqının və Türkiyənin tarixində yeni bir səhifə açdı. Bu zəfər sayəsində Sevr sazişi tarixin zibilliyinə atıldı. İrəlidə bütün vətən torpağında suverenliyi bərqərar etmək missiyası dururdu. Bir il sonra, 1923-cü il oktyabrın 29-da Mustafa Kamal paşa Türkiyə Cümhuriyyətini elan etdi…

Həmçinin yoxlayın

Dünən Təbrizdə Traxturun yarışında azərbaycanlı tərəfdarlar həbs edilbilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi dünən Təbrizdə Traxturun yarışında azərbaycanlı …

Ermənistanın Araz çayını çirkləndirdiyinə görə, Güney Azərbaycanda xərçəngə yoluxma halları artıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistanın Araz çayını çirkləndirdiyinə görə, Güney Azərbaycanda xərçəngə …