
GADTB: Azərbaycanlı ailə 6 aylıq hüquqi mübarizədən sonra Culfa şəhərində rejimin Qeydiyyat İdarəsindən öz övladlarına Alaz adına doğum haqqında şəhadətnamə ala biliblər.
Bu isə Culfa Sülh Məhkəməsinin qərarı ilə mümkün olub. Məhkəmənin qərarında vurğulanıb ki, icma mədəniyyətinə uyğun olaraq ad seçmək hər bir vətəndaşın hüququdur.
Azərbaycanlı körpənin babası Qulu Əbdilzadə Balamın Adı kampaniyasına bu barədə deyib: “Nəvəm 2025-ci ilin 16 aprel tarixində anadan olub və biz türk dilində “od alovu” mənasını verən “Alaz” adını seçdik. Ancaq qeydiyyat idarəsi rəsmiləri bu adın ad seçim sistemində olmadığını bəhanə edərək doğum haqqında şəhadətnamə verməkdən imtina etdilər. Biz idarənin qərarından məhkəməyə şikayət etdik, bundan sonra Culfa Baş Məhkəməsinin 2-ci şöbəsi 21 may tarixində bizim xeyrimizə qərar versə də qeydiyyat idarəsi məhkəmənin qərarına etiraz edərək doğum haqqında şəhadətnamənin verilməsini 5 ay gecikdirdi. Qeydiyyat idarəsinin apelyasiya şikayəti Təbriz Apelyasiya Məhkəməsi tərəfindən rədd edildikdən sonra, Culfa Sülh Məhkəməsi 8 oktyabrda qeydiyyat idarəsinə Alaz adına doğum haqqında şəhadətnamə verməyi əmr etdi.”
Qeyd edək ki, İranda mövcud qaydalara görə, doğum haqqında şəhadətnaməsi olmayan uşaqlar bir sıra imtiyazlardan, o cümlədən, peyvənd, süd tozu payından yararlana bilmirlər. Nəticədə ailələr bütün bu xərcləri öz ciblərindən qarşılamaq məcburiyyətində qalırlar. Bu da indiki sosial şəraitdə ailələri olduqca böyük çətinliklərə salır. Bundan başqa, bir çox hallarda xəstəxanalar da sənədi olmayan uşaqları qəbul etməkdən imtina edirlər. Beləliklə rejim bu məhdudlaşdırıcı təzyiq vasitələrindən istifadə edərək ana-ataları uşaqlarına türk olmayan adlar seçməyə yönləndirməyə çalışır.
İrqçi fars-molla rejimi Azərbaycan türklərinə öz övladlarına öz dillərində ad qoymağı qadağan etməklə, bu millətin milli kimliyiniu məhv etməyi qarşıya məqsəd qoyub.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi