
GADTB: Cümə axşamı günü iyunun 26 Təbrizdə bir qrup Azərbaycan sənətçisi Güney Azərbaycandan olan sənətçi və siyasi məhbus Mürtəza Pərvinə azadlıq tələb ediblər. Onlar bu məqsədlə azərbaycanlı sənətçinin qraffitini çəkərək sənətçinin Böyük Tehran zindanındakı həbsi və saxlanma şəraitinə etiraz ediblər.
Azərbaycan rəssamları Təbrizin mərkəzindəki divarlardan birinə Mürtəza Pərvinin şəklini çəkib və “Sənətçinin yeri həbsxana deyil” şüarını yazıblar.
Qeyd edək ki, daha öncə Evin zindanında həbsdə saxlanılan Mürtəza Pərvin həbsxananın köçürülməsi qərarı verildikdən sonra Böyük Tehran həbsxanasına göndərilib. Bu zaman ona şəxsi əşyalarını özü ilə götürməyə imkan verilməyib.
Mürtəza Pərvin 2024-ci il fevralın 17-də ETTELAAT qüvvələri tərəfindən həbs edilərək Evin həbsxanasına köçürülüb. 2024-cü il may ayının sonlarında o, hakim Əbulqasim Sələvatinin sədrliyi ilə keçirilən Tehran İnqilab Məhkəməsində “ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə toplaşmaq və sövdələşmə” və “rəhbərliyi təhqir etmək” kimi ittihamlarla mühakimə olundu və 6 il həbs cəzasına məhkum edildi.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi