Şənbə , Aprel 25 2026
azfa

Cənubi Azərbaycan və İran şəhərlərində İran rejiminin mövqelərinə geniş hava hücumları davam edir

GADTB: Gecə və bu gün səhər saatlarında Cənubi Azərbaycanın və İranın bir çox şəhərlərində İran rejiminin müxtəlif mövqeləri hədəfə alınıb.

Gecə saatlarında Təbrizin müxtəlif bölgələrində ümumilikdə 12 partlayış səsi eşidilib. Yayılan məlumatlara görə, 10 partlayış şəhərin cənub-şərqində, 2 partlayış isə qərb hissəsində qeydə alınıb.

Qərbi Azərbaycan vilayətində Fövqəladə Halların İdarəetməsi üzrə baş direktor Hamid Səffari bildirib ki, Urmiya hava limanı və digər bəzi nöqtələr, o cümlədən Xoy şəhəri raket hücumlarına məruz qalıb. Bundan başqa Qəzvin, Həmədan və Kərəc şəhərlərinin də hədəf alındığı bildirilir.

İrandakı rəsmi və media mənbələrinin yaydığı məlumatlara əsasən, 17 və 18 fərvərdin tarixlərində (bazar ertəsi və çərşənbə axşamı) Tehran, İsfahan, Əhvaz, Xürrəmşəhr, Yəzd və Məşhəd də daxil olmaqla bir neçə şəhər hava və raket hücumlarına məruz qalıb.

Tehranda da bir neçə güclü partlayış səsinin eşidildiyi bildirilib. Eyni zamanda İsrail ordusu özünün Telegram kanalında yayımladığı məlumatda genişmiqyaslı hücum nəticəsində Tehrandakı üç hava limanının — Mehrabad, Bəhram və Azmayiş hava limanlarının hədəf alındığını, onlarla təyyarə və helikopterin, həmçinin hərbi infrastrukturun məhv edildiyini iddia edib.

İsfahan vilayətində xəbər mənbələri Kaşan hava limanına hücum edildiyini, həmçinin Nəcəfabadda və vilayətin digər bölgələrində, o cümlədən Məhyar ətrafında döyüş təyyarələrinin uçuşu və partlayış səslərinin eşidildiyini bildiriblər. İran ordusunun ictimaiyyətlə əlaqələr xidməti isə düşmən hava vasitələrinə qarşı əməliyyat zamanı Məhyar bölgəsində quru qoşunlarının 4 zabitinin öldüyünü açıqlayıb.

Xuzistan vilayətində Əhvazda üç partlayışın baş verdiyi, Xürrəmşəhrdə isə iki gəmiqayırma şirkətinə hava hücumu edildiyi bildirilib. Vilayət rəhbərliyinin təhlükəsizlik üzrə müavini hücum nəticəsində şəhər üzərində geniş tüstü buludunun yarandığını, lakin hələlik insan tələfatı barədə məlumat olmadığını deyib.

Hörmüzqan vilayətində rəsmilər Qəşm adası və Cask bölgəsində mülki limanlara edilən hücum nəticəsində 2 nəfərin öldüyünü, bir neçə nəfərin yaralandığını açıqlayıblar. Həmçinin Caskda bir balıqçı qayığının hədəfə alındığı bildirilib.

Tehran vilayətində Baharistan şəhərinin rəhbəri səhər saatlarında Qala-Mir qəsəbəsinə edilən hücum nəticəsində 15 nəfərin öldüyünü açıqlayıb.

Yəzd vilayətində isə vilayət rəhbərliyinin müavini şəhərdən kənarda yerləşən bir nöqtənin hava hücumuna məruz qaldığını, lakin insan tələfatı barədə məlumat olmadığını bildirib.

Qum şəhərində vilayət rəsmiləri 9 yaşayış binasının tam dağıldığını, onlarla digər binanın zədələndiyini və artıq xilasetmə işlərinə başlanıldığını açıqlayıblar.

Eyni zamanda Məşhəddə hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti və partlayış səsləri, Təbrizin şimalında isə döyüş təyyarələrinin uçuşu və partlayış səslərinin eşidildiyi barədə məlumatlar yayılıb.

Həmçinin yoxlayın

Təbrizdə silahlı şəxs öldürüldü

GADTB: Aprelin 23-də Təbrizdə atəş açan silahlı şəxsi polis qüvvələri öldürüb. Bu barədə yerli media …

İran–ABŞ danışıqlarının yenidən başlanması ehtimal edilir

GADTB: “Reuters” agentliyi üç pakistanlı mənbəyə istinadən İran və ABŞ arasında sülh danışıqlarının yaxın zamanda …