
GADTB: ABŞ Dövlət Departamenti “Behjoul Pars” adlı şirkət və Bəhruz Dəraxşəndə, Mehdi Fərşçi, Sara Neməti və Mehdi Nili Əhmədabadi adlı dörd nəfər barədə məlumat əldə etmək məqsədilə maliyyə mükafatı proqramına başladığını açıqlayıb.
ABŞ Dövlət Departamentinin farsdilli sözçüsü Elizabet Stikni bildirib ki, adı çəkilən şəxslər “Behjoul Pars” adlı iri kommersiya şəbəkəsinin nümayəndələridir. Onun sözlərinə görə, bu şəbəkə beynəlxalq və ABŞ sanksiyalarına baxmayaraq, ABŞ tərəfindən xarici terror təşkilatı kimi tanınan SEPAH üçün həssas avadanlıq və materialların alınması və təmin edilməsində iştirak edir.
Sözçü qeyd edib ki, bu şəxslər barədə faydalı məlumat təqdim edənlər 15 milyon ABŞ dollarınadək mükafat və zəruri hallarda başqa ölkəyə köçürülmə (relokasiya) imkanından yararlana bilərlər.
ABŞ Dövlət Departamenti bir daha vurğulayıb ki, SEPAH-ın maliyyə şəbəkələrinin pozulmasına kömək edən məlumatlara görə 15 milyon dollara qədər mükafat nəzərdə tutulur.
Bildirilib ki, xüsusilə SEPAH-ın dünyadakı fəaliyyətinin maliyyələşdirilməsi, o cümlədən kriptovalyuta hesabları, örtük şirkətləri və çirkli pulların yuyulması mexanizmləri ilə bağlı məlumatlar ABŞ-ı maraqlandırır.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi