
GADTB: SEPAH-a bağlı “Tasnim” xəbər agentliyi Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində şagirdlərin geyim qaydaları ilə bağlı qərarı tənqid edərək bunu hicablı qızların təhsil hüququnun məhdudlaşdırılması kimi təqdim edib.
Agentliyin “Azərbaycanda hicab qadağası: məktəblilər bağlı qapılar arxasında ağlayırlar” başlıqlı cəfəng materialında məktəbli forması ilə bağlı tələblərin tətbiqi nəticəsində hicablı şagirdlərin məktəblərə buraxılmadığı, onların təhsil müəssisələrini göz yaşları içində tərk etməyə məcbur qaldığı iddia olunur.
Xəbər portalının yaydığı məqalədə Azərbaycan hökumətinin məktəbli geyimi ilə bağlı qaydaları dünyəvilik prinsipi adı altında dini azadlıqların məhdudlaşdırılması kimi qiymətləndirilib. Agentlik bu yanaşmanı tənqid edərək, Azərbaycanda dini azadlıqların sistematik şəkildə pozulduğunu irəli sürüb.
Agentlik, habelə, qərarda milli və ənənəvi geyimlərin məktəbdaxili tədbirlər zamanı istifadəsinə icazə verilməsini ikili standart kimi təqdim edir. Bununla belə, milli geyimlərin mədəni tədbirlərdə istifadəsi ilə gündəlik məktəbli formasına dair tələblərin fərqli qaydalarla tənzimlənməsi özlüyündə dini ayrı-seçkiliyin mövcudluğunu sübut etmir.
İndi burada vacib bir sual yaranır: dini azadlıqları müdafiə etdiyini iddia edən İran mediası bu prinsiplərə yalnız Azərbaycandan danışarkənmi istinad edir? Öz ölkəsində yaşayan müxtəlif etnik və dini icmaların, o cümlədən ana dili və mədəni hüquqlarının müdafiəsi məsələlərində eyni ardıcıllığı nümayiş etdirirmi? Bu sualın cavabı konkret faktlarla, eyni meyarların bütün hallara tətbiqi ilə verilməlidir. Azərbaycanın mövqeyindən cavab aydındır: ölkənin daxili məsələlərini tənqid etmək çirkli əməllərini bəhanələrə yerləşdirən İran mediasının haqqı deyil, eyni zamanda, tənqid faktlara əsaslanmalı, birtərəfli siyasi kampaniyaya çevrilməməlidir. “Tasnim”ə xatırlatmaq lazımdır ki, dini azadlıqlar siyasi rəqibi ittiham etmək üçün seçilən mövzu deyil, hər kəsə eyni ölçü ilə yanaşılmasını tələb edən prinsipdir. Bu prinsip Azərbaycan üçün də, İran üçün də eyni dərəcədə keçərlidir. /Azad İran
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi