Bazar ertəsi , Sentyabr 28 2026
azfa

Azərbaycan Yallı rəqsi YUNESKO-nun Təcili Qorunma Siyahısına daxil edilib

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” YUNESKO-nun Təcili Qorunma Siyahısına daxil edilib.

Azərbaycan Respublikasının Mədəniyyət və Xarici İşlər Nazirlikləri birgə bəyanat yayıb. Bəyanatda bildirilib ki, bu barədə 2018-ci ilin 26 noyabr – 1 dekabr tarixlərində Mavriki Respublikasının paytaxtı Port Luis şəhərində YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 13-cü sessiyasında qərar qəbul edilib:

“Sözügedən nominasiya sənədi Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəliyinin birgə əməkdaşlığı ilə təqdim edilib. Namizədlik sənədinin məhz Naxçıvan adı ilə təqdim edilməsində əsas məqsəd ölkəmizin qədim və tarixi regionu olan Naxçıvanda yaşayan əhalinin ənənəvi mədəniyyətinə və xalq yaradıcılığına dünya miqyasında işıq salmaq və tanıtmaq, eyni zamanda bu ənənələri YUNESKO səviyyəsində qorumaqdır.

Ermənistanın Azərbaycanın digər mədəni irs namizədləri ilə bağlı olduğu kimi, “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” nominasiyasına qarşı təxribat xarakterli cəhdlərinin də qarşısı alınıb, Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanları tərəfindən sessiyadan öncə müvafiq iş aparılıb və ölkəmizin nümayəndə heyəti tərəfindən sessiya zamanı Ermənistan tərəfinə layiqli cavab verilib.

YUNESKO ilə əməkdaşlığın inkişafında və mədəni irsimizin qorunması və dünya miqyasında təbliğində müstəsna rolu olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın dəstəyi ilə “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” ilə yanaşı, hazırda kamança hazırlanması və ifaçılıq sənəti, dolma hazırlama və paylaşma ənənəsi, Azərbaycan muğam ifaçılığı, lavaş bişirmə və paylaşma ənənəsi, Lahıc misgərlik sənəti, aşıq sənəti, Novruz bayramı, xalça sənəti, tar ifaçılığı, kəlağayı sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısında, həmçinin Çovqan– ənənəvi Qarabağ atüstü oyunu isə UNESCO-nun təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısında yer alır”.

 

Həmçinin yoxlayın

Son aylarda Hörmüz boğazından 1 milyarddan çox barrel neft keçib

GADTB: ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) sentyabrın 28-də, bazar ertəsi, “X” sosial şəbəkəsində bildirib …

Sayın Sara xanım Azərsunun Türk Akademisiyənlər Birliyinin beynəlxalq konfransında çıxış edib

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) İnsan Haqları Departamentinin sədri sayın Sara xanım Azərsun …

Bir cavab yazın