
GADTB: “The Wall Street Journal” qəzetinin yeni hesabatı göstərir ki, İranın Cənub-Şərqi Asiya sularında yerləşən tankerlərdəki neft ehtiyatları, son aylarda Tehranın xarici valyuta gəlirlərini təmin edən əsas mənbələrdən biri olsa da, demək olar ki, tükənib.
“The Wall Street Journal” qəzeti oktyabrın 22-də, cümə axşamı, enerji yüklərinin izlənməsi ilə məşğul olan “Kpler” şirkətinin analitiklərinə istinadən yazıb ki, İranın Cənub-Şərqi Asiya sularında üzən neft ehtiyatları oktyabrın ortalarınadək tamamilə tükənib. Fevral ayında müharibə başlayarkən təxminən 135 milyon barel həcmində qiymətləndirilən bu ehtiyatlar Tehrana ABŞ-ın dəniz blokadasına baxmayaraq, Çinə neft satışını davam etdirmək imkanı verirdi.
Qəzetin yazdığına görə, İran ötən illər ərzində xam nefti Malayziya və Sinqapur yaxınlığındakı sulara daşıyan, “kölgə donanması” adlandırılan tankerlər şəbəkəsi yaradıb. Həmin ərazilərdə neft yükləri bir gəmidən digərinə ötürülürdü ki, neftin İran mənşəli olduğunu müəyyənləşdirmək çətinləşsin. Daha sonra neft İranın ən böyük alıcısı olan Çinin neft emalı zavodlarına çatdırılırdı.
“Kpler”in məlumatlarına əsasən, ABŞ apreldə ilk dəniz blokadasını tətbiq etdikdən sonra İran üzən ehtiyatlardakı neftin satışını davam etdirib. İyunun ortalarında sülh danışıqları çərçivəsində blokadanın müvəqqəti ləğv edilməsindən sonra Tehran ehtiyatlarını yenidən artırıb. Lakin iyulun ortalarında blokada bərpa edildikdən sonra ehtiyatların azalması sürətlənib.
Bir vaxtlar təxminən 90 milyon barelə çatan bu ehtiyatlar oktyabrın 5-dək bir milyon bareldən də aşağı düşüb. “Kpler”in qiymətləndirməsinə görə, bundan sonra ehtiyatlar tamamilə tükənib.
Bununla belə, izləmə şirkətlərinin qiymətləndirmələri eyni deyil. “Vortexa” şirkəti oktyabrın 9-da Sinqapur yaxınlığındakı sularda İran neftinin həcmini təxminən 6 milyon barel hesablayıb. Bu fərq göstərir ki, xüsusilə tankerlərin hərəkət marşrutlarının gizlədilməsi üsullarına görə, üzən neft ehtiyatlarının dəqiq həcmini müəyyənləşdirmək hələ də çətindir.
Əsas neft ixrac terminallarının fəaliyyəti dayanıb
“Bloomberg”in oktyabrın 19-da yayımladığı hesabat İranın neft ixracına təzyiqin digər tərəflərini də üzə çıxarıb. Media qurumu gəmilərin izlənməsi məlumatlarını və Avropa İttifaqının peyk görüntülərini təhlil edərək bildirib ki, avqustun sonlarından etibarən Xark adasındakı əsas terminallara xam neft yükləmək üçün heç bir tanker yan almayıb.
“Bloomberg”, “Kpler” və “Vortexa”nın məlumatlarına görə, iyul ayında gündəlik bir milyon barelə yaxın olan İranın xam neft ixracı avqustun sonlarından etibarən faktiki olaraq dayanıb. Peyk görüntülərində Cask terminalında da tankerlərə neft yüklənməsinə dair əlamətlər görünmür.
Bununla belə, “Reuters” agentliyinin oktyabrın 16-da yaydığı eksklüziv hesabat göstərib ki, ABŞ-ın dəniz blokadası İranın bütün neft məhsulları ixracını dayandıra bilməyib.
“Reuters” dəniz təhlükəsizliyi üzrə mənbələrə və gəmilərin izlənməsi məlumatlarına istinadən yazıb ki, iyulun ortalarından etibarən İrana məxsus mayeləşdirilmiş qaz daşıyan ən azı səkkiz tanker Oman körfəzindən çıxmağa nail olub. Bu yüklərin ümumi həcmi təxminən 4,1 milyon barel qiymətləndirilir.
“Reuters”in mənbələrinin bildirdiyinə görə, bəzi yüklər Oman sahilləri yaxınlığında neftin bir gəmidən digərinə ötürülməsi yolu ilə daşınıb. Bununla belə, bu ixracın həcmi İranın xam neft ixracı ilə müqayisədə çox məhduddur.
Xarici valyuta gəlirlərinin azalması və İran iqtisadiyyatına təzyiq
ABŞ ordusunun Mərkəzi Komandanlığı — CENTCOM bildirib ki, dəniz blokadası indiyədək İranın ən azı 25 milyard dollar neft gəlirini əlçatmaz edib. Bu rəqəm ABŞ ordusunun qiymətləndirməsidir və onun müstəqil təsdiqi təqdim olunmayıb.
“Kpler” şirkətinin xam neft üzrə təhlil direktoru Hümayun Fələkşahi “The Wall Street Journal” qəzetinə bildirib ki, neft gəlirləri İran dövlətinin gəlirlərinin təxminən 30–40 faizini təşkil edir və ölkənin əsas xarici valyuta mənbəyidir.
Qəzetin yazdığına görə, İranın milli valyutası iyulun əvvəlindən bəri dollar qarşısında təxminən üçdəbir dəyər itirib, inflyasiya təzyiqi isə artıb. Analitiklər həmçinin bildirirlər ki, neftin quru yolu ilə qonşu ölkələrə daşınması dəniz yolu ilə ixrac edilən həcmi əvəz edə bilməz.
Bununla belə, İran rəsmiləri fərqli qiymətləndirmə təqdim edirlər. İran Mərkəzi Bankının sədri Əbdülnasir Hemməti ötən həftə ölkə iqtisadiyyatının təzyiqlərə müqavimət göstərdiyini vurğulayıb və iqtisadiyyatın çökməsi ilə bağlı iddiaları rədd edib.
“The Wall Street Journal” yazır ki, Vaşinqton iqtisadi təzyiqlərin Tehranın nüvə sazişini qəbul etməsinə və ya danışıqlarda güzəştlərə getməsinə səbəb olacağına ümid edir. Lakin ekspertlər xəbərdarlıq edirlər ki, neft gəlirlərinin kəskin azalması İran hakimiyyətinin siyasətində mütləq və dərhal dəyişiklik baş verəcəyi demək deyil.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi