Cümə axşamı , Avqust 6 2026
azfa

ABŞ-ın İran rejiminin hərbi hədəflərinə hücumları beş saat davam edib

GADTB: İyulun 14-nə keçən gecə ABŞ ordusunun yeni hücum dalğasının başlaması ilə eyni vaxtda İranın cənubunda İran İslam Respublikası rejiminə məxsus hərbi mövqelərə və obyektlərə zərbələr endirilməsi, eləcə də bir sıra bölgələrdə partlayışların baş verməsi barədə məlumatlar yayılıb.

Xuzistan vilayətinin Omidiyyə rayonunda bəzi məntəqələrə hücum edildiyi rəsmi şəkildə təsdiqlənib. Hadisə nəticəsində azı dörd nəfərin yaralandığı bildirilib.

İranın daxili KİV-ləri həmçinin Bəndər-Abbas, Kiş adası, Kənərək, Çabahar və Kəngan şəhərlərində partlayış səslərinin eşidildiyini xəbər veriblər. Bununla belə, bəzi bölgələrdə hədəflərin dəqiq yeri və vurulan obyektlərin xarakteri hələlik açıqlanmayıb.

Bundan başqa, Cəm, Buşehr və Səravan bölgələrində də rejimə məxsus mövqelərə qarşı partlayışlar və ya hücumların baş verdiyi barədə məlumatlar yayılıb.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran İslam Respublikasının hərbi hədəflərinə qarşı həyata keçirilən yeni hücum dalğasının başa çatdığını açıqlayıb.

CENTCOM-un X sosial şəbəkəsində yayımladığı bəyanatda bildirilir ki, ABŞ ordusu İrana qarşı son hücum dalğasını ABŞ-ın şərq sahili vaxtı ilə saat 22:15-də başa çatdırıb.

Bəyanata əsasən, “beş saat davam edən əməliyyat zamanı ABŞ qüvvələri Buşehr, Çabahar, Cask, Kənərək, Əbu Musa və Bəndər-Abbas daxil olmaqla İranın müxtəlif bölgələrində yerləşən hərbi hədəflərə uğurla zərbələr endirib. Məqsəd İranın ticarət gəmilərinə hücum imkanlarını daha da zəiflətmək olub.”

CENTCOM əlavə edib ki, əməliyyat zamanı “sahil müdafiə sistemlərinə, raket və pilotsuz uçuş aparatları obyektlərinə, eləcə də İranın dənizdəki hərbi imkanlarına qarşı yüksək dəqiqlikli sursatlardan istifadə edilib.”

Bəyanatda həmçinin qeyd olunub ki, hazırda Yaxın Şərq regionunda ABŞ-ın 50 mindən çox hərbi qulluqçusu yerləşdirilib və vurğulanıb: “ABŞ qüvvələri ayıq-sayıqdır, yüksək döyüş qabiliyyətinə malikdir və istənilən əməliyyata hazırdır.”

Həmçinin yoxlayın

Hörmüz boğazının yenidən açılması ilə bağlı razılaşma layihəsinin Müctəba Xamenei tərəfindən təsdiqlənəcəyi iddia edilir

GADTB: Associated Press agentliyi bildirib ki, Hörmüz boğazının yenidən açılması ilə bağlı razılaşma layihəsi yekunlaşdırılıb …

Vens: İran daxilindəki fikir ayrılıqları Tehranla danışıqları çətinləşdirir

GADTB: ABŞ-ın vitse-prezidenti Cey Di Vens bildirib ki, İranla razılaşmanın əldə olunması istiqamətində aparılan danışıqlar …